manera.az
manera.az

Qarsa həsrət kənd- Qafar Çaxmaqlının xatirələri/ MANERA.AZ

Qarsa həsrət kənd- Qafar Çaxmaqlının xatirələri/ MANERA.AZ


Kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin “Mənim kəndim” layihəsinə davam edirik. Bu dəfə araşdırmaçı alim, Türkiyənin Ərciyəz Universitetinin ermənişünaslıq bölümünün rəhbəri Qafar Çaxmaqlı anadan olduğu Qərbi Azərbaycanın Amasiya rayonunun Çaxmaq kəndi və oradakı uşaqlıq illərindən danışıb.


Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir.


Uzun illər mətbuatda da çalışan, bir çox mətbu orqanların baş redaktoru olan Qafar Çaxmaqlı doöulduğu yerləri, o illəri belə xatırlayır...


Qarsa həsrət kənd

Mən Bakının 700 kilometr uzaqlığındakı ucqar dağ kəndində - Çaxmaqda dünyaya gəlmişəm. Kəndimiz 1988-də ermənilər tərəfindən işğal olunandan sonra özümə “Çaxmaqlı” təxəllüsünü götürdüm. Başqa bir məqsədim olmayıb, sırf kəndimizin adını yaşatmaq üçün bu addımı atmışam. Və bunun nə qədər doğru etdiyimi indi anlayıram.
Bizim kənd həmişə Qars vilayətinə aid olub. 1921-ci ildə “Qars”, daha sonra “Moskva” müqavilələri ilə Sovet hökumətinin tərkibinə keçib. Orada bir erməni dövləti qurulduğundan kəndimiz ana Vətəndən ayrı düşüb. Qars bizim üçün hər zaman bir həsrət simvolu olub. Böyüklərimiz anladardılar ki, bir vaxtlar bizimkilər hətta bazarlığa Qarsa gedərmiş... Nəyə görə ilk kitabımın adını “Qars adlı Vətən” qoymuşam, deyə bilmərəm. Amma babalarımız bu torpaqda qan töküblər. Oranı Vətən eləməyə çalışıblar. Bəlkə də, ən çox sevdiyim misralar çıldırlı Aşıq Şenliyin bu şeirindəki misralardı:

“Əhli-islam olan eşitsin, bilsin,
Can sağ ikən yurd verməniz düşmana.
İstər ki, Uruset nə var ki, gəlsin,
Can sağ ikən yurd verməniz düşmana”

Bayraqlı diyar

Biz bu Vətəni düşmənə vermədik, burada bir dövlət də qurduq. Bu da o dövlətin bayrağı…

Bəli, bəli, babalarımız 1919-cu ildə hətta Cənub-i Qərbi Qafqaz Cümhuriyyəti deyilən demokratik respublika qurublar. Bizim kənd də o respublikanın tərkibində idi. Öz bayrağımız da vardı. Bir daha baxın, bayrağımıza! Amma nə yazıq ki, bu Vətəni 1988-ci ildə itirdik, bəlkə də əbədi tərk eləmək zorunda qaldıq…

Vətəndən bir parça-qoşa məzar


İnsanın müqəddəs saydığı varlıqlar olmasa, onun üçün yaşamaq bir heçdir. Bu gün özümü ona görə xoşbəxt hesab edirəm ki, çox çalışqan, öz əməyi ilə çörəyini qazanan bir ailədə, bir kənddə dünyaya gəlmişəm. Mənim müqəddəslərim ATAM idi, ANAM idi. Onlar Bakıda dünyalarını dəyişdilər. İndi tək təsəllim odur ki, onların qəbrini ziyarət etmək imkanımız var. Amma kəndimiz yoxdu. Kəndçilərimizin hərəsi bir tərəfə düşüb. Kəndimizə hər yay tətilə gedə bilmirik. Kəndimizin qəbiristanlığı nə gündədi? - Bilmirik! Yoxdu, daha kəndimiz…

Şükür müəllimin göz yaşları

Bizim kənd böyük deyildi. Amma orada normal sosial təsislər mövcud idi: yaxşı məktəbi, klubu, kitabxanası-hər şeyi vardı. Kəndçilərimiz digər kəndlərdəki insanlara nisbətən yaxşı yaşayırdı. Müəllimlərimiz bizim müqəddəslərimiz olub. Onlardan biri Şükür müəllim idi. Onu müqəddəs insan sayırdım; oxumağımız üçün hər şey edirdi. Üstümdə çox böyük haqqı var, Allah rəhmət eləsin. 1988-ci ildə doğma torpaqlardan köç etməyə məcbur oldu. Onun harada olduğunu bilmirdim. 2005-ci ildə Milli Məclisə deputat seçilmək üçün namizədliyimi vermişdim. Gəncədəki klublardan birində görüş keçirilirdi. Mikrofonu əlimə almışdım ki, danışam, bir də gördüm, Şükür müəllim arxa sıralardan birində oturub. Əllərim, dizlərim əsdi. Sözümə başlamazdan əvvəl sevimli müəllimimə müraciət edərək, onu tribunaya çağırdım. Şükür müəllim artıq yaşlanmışdı, tribunaya ağır-ağır yaxınlaşdı. Gözləri yaşarmışdı. Bəli, o zaman ağladı Şükür müəllim... Mən onu anlayırdım. Oradakı insanların çoxu bilməzdi ki, Şükür müəllimi kövrəldən nədir. Bəzən, Vətən həsrətini sözlə ifadə etmək olmur. Onu xatırlamaq belə adama əzab verir.


60 yaşın uzaqlığındakı Vətən

Bu günün pəncərəsindən, 60 yaşın uzaqlığından uşaqlığıma boylananda gözümün önünə nədənsə, daha çox kədərli günlər gəlir. Ona görə ki, kəndimizi əbədi itirdiyimizdən orada keçirdiyimiz xoş günlərə belə qara kədər bürünür. Doğulduğum kənd Türkiyə sərhədində yerləşirdi. Hər gün pəncərələrimizdən Türkiyədən gələn hava ilə qidalanırdıq. Bu sözümü də yersiz ifadə saymayın. İnsana hər yerdə mənəvi qida lazımdır. Onu almasa, yaşaya bilməz. Biz ora ilə nəfəs aldığımıza görə ayaqda dura bilirdik. “Bir gün gələcəklər”, - deyirdik ,- gəlib, bizi incidənlərin cəzasını verəcəklər”. Sanki bədənimizin bir hissəsi orada qalmışdı... İnanın, bu həqiqətən də, belə idi. Ata nəslimizin demək olar, hamısı orada qalmışdı. Bizimkilər bir zamanlar orada yaşamışdılar. Sərhədin o tayında daha bir Çaxmağın olduğunu bilirdik. Amma burada kimlər yaşayır, bizimkilərdən kim var, kim yox, bizim kəndə bənzəri varmı, yoxmu- bunlardan xəbərsiz idik. Amma o tərəfin həsrətini çox çəkirdik.

Bizim İbiş...


Digər bir həsrətli kənd anamın kəndi idi- İbiş... Anamın anası - Bahar nənəm Türkiyədəki Köhnə İbiş dediyimiz kənddən bu kəndə ərə gəlmişdi. O vaxtlar sərhədlər açıq imiş. Türkiyə ilə SSRİ arasında sərhədlər çəkiləndə bu İbiş bu tərəfdə, o biri İbiş isə o tərəfdə qalmışdı. Qardaşı bacıdan ayırmışdı bu sərhəd. Demək, nənəmin qardaşları o tərəfdə qalmışdı, nənəmsə bu tərəfdə. Bir- birini görə bilmirsən, gedə bilmirsən, gələ bilmirsən – doğmalarını əbədiyyən əbədi itirirsən. İnsan üçün bundan böyük faciə varmı?!

Tikanlanmış faciə

Türkiyə ilə sərhəddəki tikanlı məftillərin içəri tərəfində bir “neytral zona” vardı- tikanlı məftillərlə çevrili idi, bizi oradan ayıran “ala ağaca”qədər -sərhəd boyu yerə basdırılan dirəklərə belə deyirdik- yəni, bir az içərilərə kəndimizin camaatını yalnız xüsusi “propusklarla” buraxırdılar. Oralar bizim kəndin kolxozuna aid olduğundan əkin- biçin vaxtı bizimkilər bu neytral deyilən zonaya işləməyə, daha çox ot biçməyə, yığıb gətirməyə gedirdilər. Bir də buraya yenə xüsusi “propuskla” kəndin mal-qoyununu otarmağa aparırdıq. Sərhəddə “soldat”lar ən yaxın yerə buraxmasalar da, bəzən, burada türkiyəliləri, yəni bizim o taydakı qohumları görürdük. Amma onları tanımırdıq. Daha bir faciə də bu idi. O tərəfə boylanmaq belə yasaq idi. Üzünü o tərəfə tutub qorxa–qorxa bəzi şeyləri soruşanlar olurdu. O gün kənddə elə bil bir bayram yaşanırdı. Hamı bir yerə toplanıb, o tərəfdən bizə fırladılan kəlmələri müzakirə edirdilər. Müzakirələr aylarla sürürdü. Türkiyədə ən yaxın adamları olan adamlar göz yaşı axıdırdılar. Çox böyük həsrət yaşanırdı bizim kəndimizdə .

Bir kəlmənin dadı

Kənddə Camal adlı bir kişi vardı, onun doğma qardaşı Cəlal o tərəfdə qalmışdı. Sərhədə gəlib adam soruşanın mütləq Cəlal olacağına inanırdı. Cəlaldan bəlkə də, ildə bir dəfə məktub gəlirdi. Bütün kənd yığılırdı onu oxumağa. Bəzən, bu xoşbəxtlik mənə nəsib olurdu. Məktubda yazılan sözləri bizim kəndin uşaqları əzbər bilirdilər. Xatirimdədir, ən çox xoşuma gələn söz “merhaba” idi. O taydakılar bizdən daha sərbəst idilər. Sərhəddə hətta soldatlara söyüş belə söyürdülər. Təbii ki, türkcə, amma sovet əsgərləri bunu anlamadıqlarından əhəmiyyət vermirdilər...

“Şiş dağının gədiyinə varanda...”

Tale elə gətirdi ki, 1999-cu ildə məni Türkiyəyə işə dəvət etdilər. Bütün ömrü boyu Türkiyə həsrəti çəkən adam üçün bunun nə demək olduğunu təsəvvür edə bilirsinizmi? Dərhal gözümün önünə kəndimiz, uşaqlığım gəldi. Bu dəfə sərhədin o biri tərəfindən kəndimizi görəcəkdim. Amma bu da mənə qismət olmadı. Qarsa səfərlərimizin birində İbişə, nənəmin doğulduğu köyə getdim. İlk duracağım yer qəbiristanlıq oldu. Doğmalarımızın məzar daşlarını çəkib gətirdim. Bir də bizim kəndin başının üstündəki Şiş dağın zirvəsini... Şiş dağın fotosunu qarslı araşdırmaçı dostum Vədat Akçaöz çəkdi. Ora bizim bölgə insanının ziyarətgahı idi. Yalnız bizim kəndin deyil, bütün rayonun and yeri idi. Çox adamlar and içəndə “Şişin ziyarəti haqqı” deyirdilər. İndi də bu alışqanlıq bizim kəndçilərin dilində qalıb. Bu şəkil kəndimizin ən əziz yadigarı kimi mənim üçün qiymətlidir.

Yüz ildən sonra tapılan ev

Qarsda başqa bir məkan- Kıraç kəndi mənim ata yurdumdur. Ulu babam Mehdinin qəbri bu kənddədir. Anam danışardı (ona da qaynanası danışmışdı), qaçaqaç vaxtı bizimkilər Qars şəhərindəki Qalaiçi məhəlləsində yaşayırlarmış. Ruslar Qarsı işğal edəndə burada bir erməni zülmü yaşanmağa başlayıb. Şəhərin əhalisi doğma evlərini tərk ediblər. Kıraç kəndində qohumları varmış, ora gediblər. Yalnız 1924-cü ildə Çaxmağa gəliblər. Qarsın Qalaiçi məhəlləsinə qohumlardan biri - Sultan Akbaba ilə getdik. 2000-ci ilin aprel ayı idi. Bizim ailənin yaşadığı evi də tapdıq. Mənə elə gəldi ki, mən bu evdə olmuşam. Bizimkilərin bu evi tərk etdikləri vaxtdan yüz ilə yaxın zaman keçməsinə baxmayaraq, bura mənə müqəddəs bir yuva təsiri bağışladı. Bu evdə yaşayan adam gəlişimizdən təəccüb içində qalmışdı. Xeyli söhbətdən sonra anladı ki, bizim başqa bir məqsədimiz yoxdu, yalnız yüz ilin ardından bir həsrəti aradan qaldırmaq üçün, için-için ağlamaq üçün gəlmişik... Ev yiyəsi zarafatla istəsəniz evimizi özümüzə bağışlayacağını da dedi... Türkiyədə çalışarkən qohumlardan bəzilərini tapdım. İstanbulda, İzmitdə, Qarsda onlarla bir araya gəldik. Çox hüznlü anlar yaşadıq...

Ümid sonda ölür

Belə ... Məndən uşaqlığımı anlatmağı istəmişdiniz. Özümü anlayandan bu itkiləri sıralamaqla məşğul olmuşam... O yerlərə bir də qayıtmaq ümidi ilə etmişəm bütün bunları. Hər şeydən əllərimi üzdüyüm vaxtlarım da olub. Amma çox adamın dilindən eşitmişəm ki, ümid ən sonda ölür...

Elmin Nuri
modern.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930