manera.az
manera.az

"Kədər gətirən təbəssüm" - Ayzek Azimovdan Tərcümə | MANERA.AZ

"Kədər gətirən təbəssüm" - Ayzek Azimovdan Tərcümə | MANERA.AZ
AYZEK AZİMOV

"KƏDƏR GƏTİRƏN TƏBƏSSÜM"



Bir dəfə pivə içərkən dostum Corcdan soruşdum (pivəni o içirdi, mənsə limonadla kifayətlənmişdim):
- Sizin balaca cininiz necədi?
Corc əmin edirdi ki, onun iki santimetr boyu olan cini var və onu istədiyi zaman yanına çağıra bilir. Ona bunları uydurduğunu dəfələrlə desəm də, heç vaxt boynuna almırdı. Ümumiyyətlə, buna heç kəs müvəffəq ola bilmirdi. Tərs kimi elə dediyini deyiridi.
Corc gözlərimi dəlib keçən baxışlarla uzun-uzun mənə baxdı. Və söylədi:
Hə, mən axı sizə onun barəsində danışmışdım. Ümidvaram ki, bu haqda heç kimə deməmisiniz.
- Bir kəlmə də deməmişəm. Məncə elə təkcə özümün sizi dəli hesab etməyim yetərlidir. Kiminsə mənimlə həmfikir olmağı heç də vacib deyil.
(Məndən başqa təxminən altı nəfərə də bu cin haqqında danışmışdı. Ona görə də mən tərəfdən məxfiliyin qorunmasına ehtiyac yox idi.)
Corc bəyan etdi:
- Siz anlamadığınız, başa düşmədiyiniz heç nəyə inanmırsız. Yaxşı ki mən sizin kimi deyiləm. İstəməzdim bu cür olum. Siz heç bir kiloqram plutonium qiymətində olan o qədər çox şeyi anlamaq iqtidarında deyilsiz ki... Əgər mənim cinim onu necə "balaca cin" adlandırdığınızı eşitsə, sizdən geriyə qalan plutonium atomundan da balaca olacaq.
Siz onun əsl adını öyrənə bildinizmi? - etdiyi təhditdən zərrə qədər də narahat olmadan soruşdum.
- Xeyr, öyrənə bilmədim! İnsan nitqi onu ifadə etməyə qadir deyil. Mənə izah etdiklərindən belə başa düşdüm ki, adının tərcüməsi təxminən bu cürdür: "Mən güclüyəm! Ümid və çarəsizlik gətirən şahlar şahıyam". Corc fikirli-fikirli boş pivə fincanın içinə baxaraq, "əlbəttə bu yalandır" - söylədi. - Cinim öz evində miskin adamdır. Ona görə bu cür həvəslə mənə burada kömək edir. Bizim dünyada geridə qalmış texnologiyası ilə özünü göstərə bilər.
- Son dəfə nə vaxt gözə görünüb?
- Əslində elə bu yaxınlarda, - Corc insana xas olmayan tərzdə dərindən nəfəs dərərək mavi gözləri ilə mənə baxdı. Onun ağarmış seyrək bığları ötüb keçmiş emosiya burulğanından sonra yavaş-yavaş aşağı endi.
Bu hadisə Rozi O'Donnellə başladı (Corc belə dedi). O, mənim qardaşım qızının rəfiqəsi idi. Özünə görə yaraşıqlı bir xanımdır. Mənim kimi parlaq mavi gözləri, uzun, gözəl şabalıdı saçları, çilli balaca burnu, ququşu kimi dimdik boynu, gözəl bədən quruluşu vardı.
Mənimçün əlbəttə ki, bütün bunlar ancaq estetik maraq kəsb edirdi. Çünki uzun illər öncədən nəfsimə hakim olmağı öyrənmiş, qadınlarla əyləncəyə yalnız özləri təkid etsələr qoşulurdum. Və bu cür əyləncələr bir-iki gündən çox çəkmirdi.
Bundan başqa Rozi bu yaxınlarda ərə getmişdi. Və öz irland ərini həddindən çox sevirdi. Əri iri, möhkəm əzələli, bir az da tünd xasiyyətli, özündən tez çıxan bir adam idi. Gənc olsaydım şübhəsiz ki, onunla baş edərdim. Lakin gəncik illərim çoxdan arxada qalıb. Bütün bunlardan dolayı həvəssiz də olsa, Rozinin mənə özünün tay-tuşu, rəfiqəsi kimi sirrlərini danışmasına bir təhər dözürdüm.
Bildiyiniz kimi mən buna görə qızı günahlandırmıram. Xislətimdəki ləyaqət və Roma imperatoru kimi zahiri görünüşümlə gənc xanımların diqqətini özümə cəlb edirəm. Buna baxmayaraq onun çox dərinə getməsinə imkan vermirdim. Həmişə diqqət edirdim ki, Roziylə aramda müəyyən qədər məsafə olsun. Düzü tünd xasiyyətli Kevin O'Donnelin qulağına müxtəlif cür bəzədilmiş şayələrin çatmasını istəmirdim.
- Ah Corc, - Rozi əllərini havada oynadaraq söylədi. - Kaş ki Kevinimin necə gözəl insan olduğunu biləydiz. Məni necə əzizlədiyini, necə könlümü aldığını danışım?
- Məncə lazım deyil. Düzü daha dərin söhbətlərdən qaçmaq istəyirdim.
Rozi buna diqqət etmədi.
- O, bax belə burnunu büzüşdürür, gözlərini bax belə tez-tez qırpır və bununla yanaşı elə gözəl gülür ki, dünyada ona baxıb əhval-ruhiyyəsi yüksəlməyən heç bir nəfər də tapılmaz. Onun təbəssümü günəşin şəfəqi kimidir. Kaş ki o belə gülən zaman fotosunu çəkməyə müvəffəq olaydım. Mən cəhd göstərsəm də, heç cür həmin anı dəqiq tuta bilməmişəm.
Mən dedim:
- Əzizim, bəs naturanı niyə bəyənmirsiz?
- Bilirsiz... - bir az əzilib büzüldü, yanaqları qızardı və sözünə davam etdi: - Axı o həmişə belə deyil. Onun aeroportdakı işi çox ağır olduğundan bəzən evə yorğun gəlir. Belə olduğu hallarda qaşqabağını tökərək deyinir. Bax əgər məndə onun fotosu olsaydı, bu bir az mənə təsəlli olardı. Yox, çox təsəlli olardı, - dedi və gözlərində donub qalan göz yaşları parıldadı.
Boynuma almalıyam ki, həmin an Azazel (guya adının tərcüməsi olan bir sürü söz yığınını deməməyin dərdindən mən onu belə adlandırdım) və onun Roziyçün nələr edə biləcəyi haqqında danışmaq keçdi.
Lakin mən başqalarının sirrlərini saxlamaq mövzusunda son dərəcə ehtiyatlıyam. Cinim barədə məlumatı hardan aldığınızısa heç cür anlaya bilmirəm.
Bundan başqa sərt, realist insan olduğum üçün bu cür impulsları yatırmaq mənim üçün çox asandır.
Qeyd etməliyəm ki, qəlbimi nə qədər möhkəm saxlasam da, onun da gözəl, cazibədar gənc xanımlar üçün əlçatan olan zəif nöqtələri var təbii ki. Lakin onlar çox ləyaqətli, hətta deyərdim ki, valideyn hisslərinə yaxın hisslərdir. Mən Azazel haqqında heç nə demədən də, bu işdən boyun qaçıra bilərdim... Yox, etibar etmədiyimə görə yox, mən psixiki pozğunluğu olmayan istənilən normal insanı inandıra bilərəm.
Mən Azazelə işi təqdim edəndə, o heç də heyrətlənmədi. Əksinə, dedi:
- Sən nəsə abstrakt bir şey etməyi təklif edirsən.
- Heç də belə deyil, - dedim. - Mən sadə bir foto çəkməyi xahiş edirəm. Sənin boynuna düşən ancaq bunu maddiləşdirməkdir.
- Vəssalam? Bəs əgər bu iş belə asan və sadədirsə, niyə özün etmirsən? Mən düşünürəm ki, sənin kütlənin ekvivalentliliyindən və enerjisindən yaxşı başın çıxır.
- Bircə dənə foto istəyirəm.
- Və fotoda heç də özün təsvir edə bilmədiyin tərzdə üz ifadəsi olsun istəyirsən.
- Təbii ki, axı o heç vaxt mənə yoldaşına baxdığı tərzdə baxmayıb. Ona görə də üz ifadəsini sənə təsvir edə bilmirəm. Amma mən sənin gücünə inanıram.
Mən bilirdim ki, bir qaşıq əlavə yağ sıyığa artıqlıq eləməz.
- O, sirsifətini sallayıb dodaqaltı mızıldandı:
- Fotonu sən çəkməli olacaqsan.
- Mən üzündə həmin o ifadə olan anı tuta bilməyəcəm... - dedim.
- Buna ehtiyac olmayaq, - sözümü kəsdi. - Bu artıq mənim işimdi. Üzərində abstraksiya yaratmaq üçün maddi obyekt əldə etmək lazımdır. Başqa sözlə desək, bacardığın kimi çək. Ən pis foto da işə yarıyar. Və əlbəttə ki, yalnız bircə dənə. Bundan əlavə heç nə edə bilmərəm. Dünyanın sən cinsdən olan heç bir nümayəndəsindən ötrü mən öz şüuraltımın əzələlərini cırıb dağıdan deyiləm.
Hə, düzdür, o çox vaxt sərt olur. Düşünürəm ki, bununla o öz yerini, öz rolunu nəzərimizə çatdırır və ondan xahiş etdiyimiz hər bir arzunu yerinə yetirməyə borclu olmadığını qeyd edir.
O'Donnellərlə bazar günü, onlar Massaçusetsdən geri dönərkən görüşdük. Düzü mən özüm onları gözətləyirdim. Bayırlıq geyimlərində şəkil çəkməyimə icazə verdilər. Xanım O'Donnel bundan fərəhlənsə də, yoldaşı çox da şad olmadı. Ardınca Kevinin portret şəklini çəkdim. Rozi təsvir etdiyi kimi onu güldürə və ya heç olmasa dodağına təbəssüm gətizdirə bilməzdim. Mən heç fotonu düzgün çəkib çəkmədiyimi bilmirdim. Axı mən heç də dahi fotorəssamlar siyasında deyiləm.
Sonra mən fotoqrafiyanın ustası olan dostumgilə dəydim. O, hər iki şəkli çıxartdı və on doqquzun iyirmi səkkizə ölçüsündə böyütdü.
Əlində çox işi olduğuna görə o, bütün bunları dodaqaltı deyinə-deyinə etsə də, mən özümü eşitməməzliyə qoydum. Onun bu axmaqlığının mənim əlləşib-vuruşduğum bu vacib işin yanında nə dəyəri, nə qiyməti var axı? Məni təəccübləndirənsə bu qədər insanın sadə bir şeyi başa düşməməsidir.
Lakin portret hazır olan kimi onun əhvalı dəyişdi. Gözünü fotodan çəkmədən dedi:
- Bircə demə ki, bu cür yüksək keyfiyyətli fotonu sən çəkmisən.
- Niyə də olmasın? - dedim və əlimi fotonu götürmək üçün uzatdım. Lakin özünü görməməzliyə qoydu.
- Sənə axı fotonun daha bir neçə surəti lazımdır.
- Yox, lazım deyil, çiyninin üstündən baxmağa cəhd göstərək dedim. Foto çox dəqiq və qeyri-adi gözəllikdə, rəng hormoniyasında alınmışdı. Şəkildə Kevin O'Donnel elə gözəl gülümsəyirdi ki, heç soruşsan foto çəkilən vaxt elə gülümsədiyini yadına sala bilməzdi. O, çox yaraşıqlı və mehriban görünürdü. Bütün bunlar mənim heç vecimə də deyildi. Yəqin bu şəkildə qeyri-adi nəsə bir şey görmək üçün ya gərək qadın olasan, ya da dostum kimi fotoqraf .
- Onda heç olmasa özüm üçün bir dənə çıxarım.
- Yox, - dedim və əlindən fotonu çəkib aldım. Əvvəlcədən biləyindən tutdum ki, birdən ağlına fotonu dartışdırmaq gələr. - Neqativi də ver, zəhmət olmasa. O uzaqdan çəkilmiş şəkilisə özündə saxlaya bilərsən.
- Eləsi mənə lazım deyil, - dişlərini qıcıyaraq cavab verdi. Gedəndə xeyli məyyus olduğunu da gizlətmədi.
Portreti çərçivəyə saldım, rəfə qoydum, geri çəkildim ki, kənardan ona tamaşa edim. Foto sanki ətrafına işıq saçırdı. Azazel işini yaxşı görmüşdü.
Maraqlıdır, görəsən Rozi buna necə reaskiya verəcək, düşündüm. Ona zəng vurdum. Onlara gəlmək istədiyimi bildirdim. Sən demə o, mağazaya getməliymiş. Amma mən bir saatdan sonra gələ bilsəydim...
Mən elə də etdim. Bir saatdan sonra onlara təşrif buyurdum. Kağıza bükülmüş foto-hədiyyəmi bir kəlmə də danışmadan ona təqdim etdim.
- İlahi! - deyib, bağlamanın lentini açmağa başladı. Bu nədir belə, bəlkə hansısa bayram münasibətilədir?
Elə bu an fotonu əlinə aldı. Səsi tutuldu, ürəyi tez-tez döyünməyə başladı. Gözlərini iri-iri açıb şəkilə zilləndi. Və nəhayət ki, pıçıldadı:
- İlahi!
Üzünü mənə tərəf çevirdi:
- Bu, bazar günü çəkdiyiniz fotodur?
Mən başımı tərpətdim.
- Necə də dəqiq həmin anı tutmağı bacarmısız. Mən onu məhz bu cür sevirəm. Allah xətrinə, icazə verin bu foto mənim olsun.
- Mən onu sizin üçün gətirmişəm.
O, boynuma bərk sarılaraq dodağımdan öpdü. Mənim kimi sentimentallıqdan uzaq bir adamın bu xoşuna gəlməməli idi. Həm də ki bığlarımı silməli oldum. Lakin onun həmin an öz hisslərinə hakim ola bilməməsi bağışlanılan idi.
Bu hadisədən sonra hardasa bir həftə görüşmədik. Sonra bir gün onu ət dükanının yanında gördüm. Çantasını evə qədər aparmağı təklif etməsəydim bu mən tərəfdən nəzakətsizlik olardı. Əslində məni maraqlandıran onun yenidən boynuma sarılıb öpmək istəyib istəməməsi idi. Və mən öz-özlüyümdə qərar verdim ki, bu cür gözəl bir xanıma yox demək kobudluqdur. Lakin o, başını aşağı salıb nəzərlərini yerdəm çəkmirdi.
- Fotonuz nə vəziyyətdədir? - şəklin korlanmağından qorxaraq, ehtiyatla soruşdum.
Rozi gülümsədi:
- Çox gözəl! Mən onu maqnitafonun üstünə bir az çəpəki qoymuşam ki, masanın arxasında oturduğum yerdən onu rahatca görə bilim. O mənə qıyğacı baxır. Düz sözümdü. Elə bil ki foto canlıdır. Rəfiqələrim də fotodan gözlərini çəkə bilmirlər. Çox bəyənirlər. Onlar qonaq gələndə fotonu gizlədirəm. Mənə elə gəlir onu oğurlamaq istəyirlər.
- Birdən "Onu" (ərini) oğurlamaq istəyərlər haa - zarafatyana dedim.
Rozi yenə də həmin gərgin susqunluğa çəkildi. Sonra birdən başını yellətdi:
- Düşünmürəm.
Mən məsələyə başqa tərəfdən yanaşmağa cəhd göstərdim:
- Bəs Kevinin necə, foto xoşuma gəlirmi?
- O, bu barədə bir kəlmə də demədi. Bilirsinizmi, yoldaşım çox da diqqətcil deyil. Heç bəlkə də fotonu görməyib.
- Bəs niyə fotonu ona gösətərib birbaşa soruşmursuz?
O, təxminən yarım kvartal boyu susdu. Mənsə əlimdə ağır çanta yanınca sürünürdüm. Yol boyu ağlımda ancaq bir şey vardı. Görəsən yenə məni öpmək istəyəcəkmi.
Rozi qəflətən dedi:
- Sözün düzü indi onun işi elə gərgindi ki, bu haqqda danışmağa heç imkan olmayıb. O, evə çox gec gəlir və biz demək olar ki, söhbət etməyə imkan tapmırıq. Bilirsiz də kişilərin xasiyyətini.
Rozi gülümsəməyə çalışsa da, bacarmadı.
Evə çatdıq. Çantasını ona qaytardım. Birdən pıçıltıyla dedi:
- Hər necə olsa da, fotoya görə çox sağ olun, çox minnətdaram!
Getdi. Öpmək istəmədi, mənsə düşüncələrimə elə dalmışdım ki, bunun fərqinə evimə çathaçatda vardım. İndi geriyə dönüb ona təsəlli verməyin heç bir mənası yox idi.
Təxminən daha on gün də keçdi. Səhər çağı o mənə zəng vuraraq, səhər yeməyinə dəvət etdi. Mən bir az ehtiyatla soruşdum ki, bəs birdən qonşuların görsə nə deyər?
- Boş şeydi. Siz axı yaşlı bir adamsız. Nə deyəcəklər ki... Yəni mən demək istəyirdim ki, bu cür yaşlı bir dostumla... yox ağıllarına heç nə gəlməz... Bilirsiz, sizin məsləhətinizə ehtiyacım var.
Mənə elə gəldi ki, o göz yaşlarını saxlaya bilmədi. Centlimen hər zaman öz centlimenliyində qalmalıdır və mən lanç vaxtı artıq onun evində idim. O, süfrəyə vetçina və pendirli buterbrodlar, nazik dilimlənmiş alma piroqu düzmüşdü. Foto maqnitafonun üstündə, elə özü dediyi kimi dayanırdı. Biz bir-birimizə əl uzadıb salamlaşdıq. Məni öpmək üçün heç bir cəhd göstərmədi. Onun ümumi görünüşü məni narahat etdi. Çox yorğun və bədbəxt görünürdü. Masanın kənarında əyləşdim. Rozinin dillənəcəyini gözləyərək süfrədə olan buterbrodların yarısını yedim. Lakin o ağzını açıb bir kəlmə də danışmadı. Axırı məcbur olub niyə bu halda olduğunu soruşdum.
Buna səbəbkar Kevindir?
Mən səhv etmədiyimi yüz faiz bilirdim.
O, başını tərpədib göz yaşlarına qərq oldu. Mən onu əllərini sığallayırdım. Lakin bunun yetərli olmadığına əmindim. Yavaş-yavaş çiyinlərini sığallamağa başladım. Və nəhayət ki, Rozi danışdı:
- Onun işsiz qalacağından qorxuram.
- Bu nədir danışırsan? Niyə axı?
- Başa düşürsüz, o elə kobud olub ki... Çox güman işdə də bu cürdür. Allah bilir axırıncı dəfə məni nə vaxt öpüb, heç xoş sözlər də daha demir. O, həmişə hamıyla dalaşır, mübahisə edir. Nə olduğunu, nə baş verdiyini mənə demir, soruşanda dəliyə dönür. Dünən Kevinlə aeroportda bir yerdə işləyən dostu bizə gəlmişdi. Deyir ki, işdə çox qaşqabaqlı, əsəbi gəzir. Üz-gözündən bədbəxtlik yağır. Və bunu müdiriyyət də çoxdan sezib. Onu işdən qovacaqlarına əminəm. Mən neyləyim axı?
Sonuncu görüşümüzdə təxminən belə bir şeyin olacağını duymuşdum. Rədd olsun Azazel, ona həqiqəti açmaq qərarına gələrək dedim:
- Rozi! O foto...
- Bəli, mən bilirəm, - fotonu götürüb sinəsinə sıxaraq dedi, - mənə çətinliyi aşmağa güc verir. Bu əsl Kevindir və nə olursa olsun, o hər zaman mənimlə qalacaq.
Ona deyəcəklərimin ağır olduğunu başa düşsəm də, artıq susa bilməzdim. Mənim başqa çıxış yolum yox idi. Məsələni izah etməyə çalışdım:
- Rozi, siz məni anlamadız. Düçar olduğunuz bədbəxliklər fotodən gəlir. Mən buna əminəm. Həyatsevərlik, sevgi, sevinc hardansa fotoya köçürülməli idi. Ona görə də bütün bunlar Kevinin özündən alınaraq fotoya həkk edilib. Başa düşürsüz?
Rozi ağlamağını kəsdi.
- Siz nə danışırsız? Foto linzayla yığılmış işıq, plyonkada emulsiya və başqa onu üzə çıxarmaq üçün istifadə olunan başqa şeylərdir. Vəssalam.
- Adi foto siz deyən kimidir, bəli.
Mən Azazelin imkanlarının məhdudiyyətini bilirdim. Sehrli fotonu heç nədən yaratmaq onun gücündə deyildi. Roziya elmi əsaslarla sevinc hissinin kağıza necə köçürüldüyünü izah edə bilməzdim.
- Belə deyək də. Nə qədər ki, bu şəkil burada dayanıb, Kevinin üzü gülməyəcək, gərgin və əsəbi olacaq.
- Bu foto burda olacaq, - Rozi fotonu yerinə qoyaraq qətiyyətlə söylədi, - bu cür gözəl bir foto haqqında niyə belə qorxunc şeylər danışdığınızı anlaya bilmirəm. Yaxşısı budur sizə bir qəhvə dəmləyim.
Rozi mətbəxə keçdi. Onun necə dərin bir kədərə batdığını görürdüm. Və mən mümkün olan yeganə addımı atdım. Bu fotonu onsuz da mən çəkmişəm. Azazel vasitəsilə olsa da, fotonun bütün sehrli xüsusiyyətlərinin məsuliyyəti mənim üzərimdə idi.
Çərçivəni götürdüm, ehmalca arxalığını açdım, fotonu çıxartdım. Əvvəl iki, sonra dörd, daha sonra səkkiz, on altı yerə bölüb cibimə soxdum. İşimi bitirən kimi telefon zəng çaldı. Rozi dəstəyi qaldırmaq üçün qonaq otağına yüyürdü. Arxalığı bağladım və çərçivəni yerinə qoydum. Çərçivə ağ və bomboş idi. Həmin andaca Rozinin şad- xürrəm səsini eşitdim.
- Kevin! Bu ki çox gözəldir! Mən çox şadam! Bəs niyə sən məndən bunu gizlədirdin? Bir də heç vaxt belə eləmə!
O, otağa böyük sevinc hissiylə qayıtdı.
- Bilirsiz bu Kevin neyləyib? Böyrəyində daş var idi deyə həkimə gedirdi. Buna görə çox narahat idi, fikir edirdi yazıq. Ağrıları dözülməz cəhənnəm ağrıları kimiydi. Bəlkə də əməliyyat edilməli olacaqdı. Mənisə narahat etməmək üçün bir kəlmə də demirdi. Gör necə axmaqdır. Belə kədərli, bədbəxt olduğuna görə həddindən artıq narahat idim. Onun ağlına gəlmirdi ki, axı bu cür məchulluq içində mən daha da çox nigaran qalır, fikir edirdim. Ciddi sözümdü, kişiləri gərək hər zaman nəzarət altında saxlayasan.
- Bəs indi sizin sevinməyinizin səbəbi nədir?
- Daş düşüb. İndicə onu xəbər vermək üçün zəng vurmuşdu. Səsi elə xoşbəxt, elə şad gəlirdi ki. Sanki köhnə Kevin yenidən qayıtdı. O, indi bax bu fotodakı kimidir...
Rozi üzünü fotoya tərəf çevirdi və çığırdı:
- Foto hanı?
Evə getmək üçün ayağa qalxmışdım. Qapıya çathaçatda dedim:
- Mən onu məhv etdim. Daş da ona görə düşdü.
- Məhv etdiz? Siz neylədiz?
Mən artıq qapının dalında idim. Ondan təşəkkür eşitmək fikrimdən keçmirdi. Liftin gəlişini gözləmədən surətlə pilləkanlarla aşağı düşməyə başladım. İki mərtəbə enmişdim ki, onun ağladığını eşitdim.
Evdə fotonun doğranmış hissələrini cibimdən çıxarıb yandırdım. O vaxtdan bəri Rozini görməmişəm. Eşitdiyimə görə Kevin nəcib və arvadını sevən bir kişiyə dönüb. Və onlar çox xoşbəxtdirlər. Rozidən yeddi səhifəlik xırda xəttlə yazılmış, qarışıq fikirlərlə dolu və demək olar ki, tamamilə mənasız cəmi bircə məktub aldım. Məktubdan bir bunu başa düşdüm ki, Kevinin əhval-ruhiyyəsinin pis olmağı böyrəyindəki daşla əlaqədarmış. Daşın yaranmasının və düşməsinin fotonun çəkilməsi və məhv olması ilə üst-üstə düşməsi sadə bir təsadüfdür.
Hə, bir də məktubda məni öldürməklə bağlı tamamilə dəlisov təhdidlər vardı. Yazdığı sözlərin çoxunun mənasını anlamadığına əminəm.
Bütün bunlardan belə başa düşdüm ki, Rozi bir daha məni öpmək üçün boynuma sarılmağa cəhd göstərməyəcək. Və necə qəribə səslənsə də, bu məni xeyli kədərləndirirdi.

"Kədər gətirən təbəssüm" - Ayzek Azimovdan Tərcümə | MANERA.AZ
Rus dilindən tərcümə edən: Xanım AYDIN

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031