manera.az
manera.az

“Puç olmuş arzular” - TƏRCÜMƏ

“Puç olmuş arzular” - TƏRCÜMƏ
MEHMET FATİH MÜLAYİM

“Puç olmuş arzular”

Hekayə


Tünlüyün arasından keçərək asta addımlarla qeydiyyat otağına yaxınlaşdı.
Qadın qəzet oxumaqla məşqul olan işçidən soruşdu. Qadın başını qaldırıb təəccüblə ona baxdı, az sonra üzünə şəfqət qondu. Tez-tez rastlaşdığı bu vəziyyətə artıq alışmışdı. Artıq əvvəlki kimi ürəyi sızlamırdı. Mərhəmət, təəccüb, təhqir, ikrah, şükür ifadə edən baxışlar daha onu narahat etmirdi. Çox keçmədən sualı bir daha təkrarladı və üçüncü mərtəbəyə üz tutdu.

Əri əməliyyatda idi.

Bir tanışının qəfil zəngi ilə dünənki qəzadan xəbər tutmuşdu. Əri sərxoş undandan yolun qarşı tərəfinə keçərkən sürətlə gələn maşını görməyibmiş. Onsuz da iki gün idi evə getmirdi. Nə işlərlə məşğul olduğunu, kimlərlə oturub-durduğunu heç kim bilmirdi. Tibb bacısı ciddi təhlükənin olmadığını, ancaq bədəninin bəzi yerlərində qırıqlar olduğunu dedi.

Zərifə bir az sakitləşdikdən sonra yenidən gözləmə otağına keçdi. Böyük pəncərənin yanındakı kresloda əyləşdi. Buraya nigaranlıq və təşviş içində gəlməyi, onun üçün göz yaşı tökməyi o qədər çox istəyərdi ki. Bütün bunlara səbəb olacaq tək şey sevgi deyilmi? Hansı qadın ərini sevməyi istəmız ki? Birlikdə paylaşılacaq bir ömrün sevgisiz mənası nədir axı? Bir qadının ürəyinin buz bağlamasına ərindən başqası səbəb ola bilməz.

Bayırda nəfəs kəsən külək vıyıldayırdı. Ambulansın ətrafındaki qaçaqaçdan bixəbər it isə, ayaqlarını qabağa uzadıb sanki küləkdən ləzzət alırdı. Zərifənin qulağında əks-səda verən səs isə küləyə aid deyildi. Bu, içində acı fəryad edən külək çoxdanın uğultusuydu.

Gəncliyinə qara ləkə yaxan o uğursuz günə qədər necə də xoşbəxt idi. Kənddə gözəl bir evləri, rahat həyatları var idi. Həyatı yenicə öyrənməyin həyəcanıyla hər doğan günə ümid bəsləyir, gələcəklə bağlı xəyallar qururdu. Çətinlikləri gözündə böyütmür, sıxıntıları ürəyinə salmırdı. Yaşıdlarının şikayətləndiyi həyət-baca və ev işlərini belə həvəslə görürdü. Yorulmazdı. Mətbəx, həyət və axır işləri qurtarmaq bilməyən anasının əvəzinə gecə-gündüz qardaşlarına baxır, onlardan bacılıq şəfqətini əsirgəmirdi. Son bir ildə həyata baxışı, anlayışı belə dəyişmişdi. Artıq uşaq deyildi. On dörd yaşına qədəm qoyduğu gündən bədənindəki dəyişiklikdən utanmağa başlamışdı. Heç görmədiyi yuxular görür, aynada uzun-uzun özünü seyr edirdi. Gözəlliyi dillərdə gəzirdi. Öz-özüylə tək qalıb xəyal qurmağı, ona yönələn dəyişik baxışları düşünməyi sevirdi. Həm də düşüncələrindən həya edirdi. Gözəlliyini tərifləyən sözlər eşidəndə yanaqları qızarırdı. Saçlarını açıb çiyinlərinə tökmək istəsə də anası icazə vermirdi. Gözünün nuru qızına nəzər dəyəcəyindəndən qorxurdu. Kəndin arvadları - «Ömərin qızı böyüyüb, yaman qəşəngləşib» -deyir, oğulları üçün gözaltı edirdilər. Zərifə ağbəniz, qara qaşlı, iri gözlü, uca boylu, üstəlik ağırbaşlı və ağıllı bir qız idi. Güldüyü zaman yanağında güllər açırdı, sədəf kimi dişləri görənləri heyran qoyurdu. Baxan bir daha çevrilib baxırdı. Zərifə ona qarşı hər baxışı hiss edir, hər gənc qız kimi gələcək üçün şirin xəyallar qururdu.

Hər şey küləkli bir qış günündə başladı. Anası beş və yeddi yaşlarındakı qardaşların bacılarına əmanət edib qonşuya keçmişdi. Zərifə bir azdan başına gələcəklərdən xəbərsiz bir şəkildə pəncərənin önündə otutub bayıra baxırdı. Yenə şirin xəyallarda idi. Sifətinə gözəl bir təbəssüm qonmuşdu. Həmişə olduğu kimi balaca qardaşları otaqdan-otağa qaçıb oynayırdılar. Zərifə - «Bu qədər tənbəllik olmaz, bəsdir daha!» deyə düşündü. Evi səliqə-səhmana salmaq üçün ayağa qalxdı. Hələ qablar da yuyulmalıydı. Əvvəlcə sobanı yoxladı. Sönməyinə az qalmış sobanı yenidən alovlandırmaq üçün vedrənin içinən bir-iki odun parçası götürüb közün üzərinə atdı. Iri şalını sobaya toxunmasın deyə başına sarımışdı. Qardaşı qaçaraq otağa girdi, ayağı büdrədi, sobanın yanında iş görən bacısının üstünə yıxıldı. Qolu sobanın üstündə qaynayan çaydana dəydi. Zərifə nə olduğunu anlamadan üzünün yandığını hiss etdi. Qaynar su bədəninin çox hissəsini yandırmışdı. Yıxıldığı yerdəcə qaldı. Küləyin uğultusu Zərifənin acı fəryadını uddu.

Üstünə tez düşülmədiyindən bədənindəki yanıq izləri dərin idi. Bir həftə sarıqlı vəziyyətdə xəstəxanada yatdı. Anası hər an başının üstündə idi. Qızının başına gələn bu hadisə onun ciyərini yandırmışdı. Dayanmadan ağlayırdı. Gözəl qızını nəzər kəsdiyini düşünür, pis gözlə baxanları qarğıyırdı. Zərifə ağzını açıb bir söz belə demirdi. Sarıqlı olmayan tək gözüylə günlərlə tavana baxdı. Bədənində və qəlbində dözülməz ağrılar vardı. Qabarıb sulanan yaralarının sarğısı tez-tez dəyişdirilirdi. Bədənindəki iyrənc qırmızı ləkələrə baxa bilmirdi. Sarğısı dəyişiləndə gözlərini bərk-bərk yumur, başını yana çeviridi. Sarğını dəyişən tibb bacısının üzündəki ifadə hər şeyi bəlli edirdi onsuz da.

Həkim gün keçdikcə yaxşılaşacağını, lakin plastik əməliyyat olunsa belə bəzi ləkələrin qalacağını dedi.

Qəzadan bir il keçməsinə baxmayaraq , Zərifənin üzünün güldüyünü heç kim görməmişdi. Bir zamanlar gözəlliyindən utanıb gizlənən qız, indi üzündəki ala-tala ləkələri heç kim görməsin deyə gizlənirdi. "Keçmiş olsun"a gələnlərin belə üzünə çıxmırdı. Hadisədən sonra aynaya baxdığı ilk an dəhşətə gəldi. Qarşılaşdığı mənzərə qarşısında əvvəlcə qışqırıb, sonra özündən getmişdi. Aman Allahım! Nə olmuşdu qızın üzünə. Üzünün sol tərəfi alnından çənəsinə qədər portağal qabığına bənzəyirdi. Mimikalarını istədiyi kimi hərəkət etdirə bilmirdi. Dərisi dartılmış, nağara kimi sərtdi. Tək üzündə deyil, əllərində və bədənində də bu yaralardan vardı. Həyatın bir qadına verə biləcəyi ən ağır cəza budur yəqinki. Zərifə bütün həyat eşqini itirmişdi, daha xəyal da qurmurdu. Heç kəslə ünsiyyətdə olmur, gündə bir dəfə yemək yeyir, hətta evdən çölə çıxmırdı. Ailəsində hamı onu güldürmək üçün dəridən-qabıqdan çıxsa da, faydası yoxdu. Nə yeni paltar, nə də görmədiyi yerləri gəzmək istəyirdi. Gəncliyini və gözəlliyini alıb aparan o qəzanı qəbul edə bilmirdi. Olanları qismət adlandırmırdı. Allah niyə belə bir şey yaşatmaq istəmişdi ona? İnsanların ona baxıb hallarına şükr etməkləri üçün vermişdi o cəzanı? O qəza niyə bir başqasının deyil, məhz onun başına gəlmişdi? Heç kimin ahını almamışdı axı...
Gözəlliyi dillərdə dastan olan Zərifə kənddəkilərin dilində gəzən ibrətamiz bir hekayənin baş qəhrəmanı olmuşdu. Oğullarına almaq üçün növbəyə dayanan qadınlar indi, «Vay-vay, yazıq qız» - deyib mövzunu bağlayırdılar.

Zərifə üçün artıq nə həyatın mənası qalmışdı, nə də gələcəyə aid bir ümid. Həyatdan küskün idi. Keçən on il ərzində yaşayan bir ölüydü sanki. Ev işləri görür, işləri bitdikdən sonra isə otağından çıxmırdı. Kimsə bir şey soruşsa, qısa cavab verir, sonra bir dəfəlik susurdu. Qızının vəziyyətindən nigaran olan ana, onu sevdiyi yerlərə aparsa da, heç bir dəyişikliyin olmadığını hiss edirdi.

Zərifə evlənib, uşaq sahibi olan yaşıdlarına həsədlə baxırdı. Bir toya gedib gəlini görəndə gözləri dolurdu. İçinin yandığı gözlərindən oxunurdu. Gəlinlik geyinmək onun da haqqı idi. Həyat o xoşbəxtliyi onun əlindən niyə almışdı? Körpə bir ürək bu qədər əzaba necə tab gətirə bilərdi? Zərifə gəlinliyi geyindiyi zaman ətrafındakılar ona həsəd aparacaqdı. Sevdiyi insanla ailə quracaq, uşaqlarını sevgiylə böyüdəcəkdi. Anasına, atasına nəvə sevinci yaşadacaqdı. Qızını görən hamı - «Gözəlliyini anasından alıb» - deyəcəkdi. Ancaq bütün bunlar bir xəyal olaraq qalmışdı. Fələyin gözü kor olsun, arzuları ürəyinə gömülmüşdü.

İllər keçsə də elçi niyyətiylə bir nəfər belə qapılarına gəlməmişdi. Halbuki o da artıq xəyalları bir kənara qoyub ata evində yaşlanıb öləcəyini düşünürdü.
Bir gün yaşlı bir qadın xeyirsiz nəvəsini evə bağlayacaq, ağıllı-başlı bir qız axtardığı üçün Zərifəni görməyə gəldi. Başı çox dərdlər çəkdiyi bəlli olan yaşlı qadın qızın qüsuruna baxmayıb, ağlını bəyənmişdi. Hətta sərxoş nəvəsi üçün qızın artıq olduğunu düşünürdü. Nəhayət, hamı razılığa gəldi və qısa müddət sonra toy oldu.
Özü xoşbəxt olmayan bir insan başqasını necə xoşbəxt edə bilərdi axı? Zərifənin yeni həyatda yeni addımlar atmaq istəyi ərinin sevgisiz ürəyində qarşılıq tapmırdı. Üstəlik ərinin alçaldıcı baxışları, kobud davranışları dözüləcək kimi deyildi. İki il sonra bir evdə yaşayan iki yad insana çevrilmişdilər artıq. Bir-birlərindən heç nə gözləmirdilər. Əri həftədə bir dəfə gəlirdi evə. Nəhayət dünən gecəki qəza baş verdi.

Tibb bacısının çiyninə toxunan əli Zərifəni xatirələrdən ayırdı və ürəyində qaysaqlanmış yarası sızıldadı. Qalxıb tibb bacısının göstərdiyi otağa tərəf yeridi.

“Puç olmuş arzular” - TƏRCÜMƏ
Türk dilindən uyğulaşdırdı: Çinarə Nüsrətli
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930