manera.az
manera.az

Yüz tələbədən biri - HİLAL MÜNŞİ | MANERA.AZ

Yüz tələbədən biri - HİLAL MÜNŞİ | MANERA.AZ
manera.az
MANERA.AZ Dilqəm Əhmədin yazısının təqdim edir:

Azərbaycan Cümhuriyyəti parlamentinin 1 sentyabr 1919-cu ildə keçirilmiş 70-ci iclasında gündəliyə çıxarılan üçüncü məsələ belə idi: Əcnəbi məmləkətlərə yüz nəfər tələblərin hökumət tərəfindən göndərilməsi haqqında qanun layihəsi.

Yekunda belə bir qərar səsə qoyuldu və qəbul edildi: “Hökumət stependiyasından istifadə edən tələbələr təhsillərini bitirdikdən sonra, hökumətin göstərdiyi yerlərdə dörd sənə müddətində qulluq etməyə məcburdurlar”.

Beləliklə, yeni yaranan Cümhuriyyət təhsilli gənclərin gənc dövlət üçün mühüm olduğunu nəzərə alaraq onları dövlət hesabına Avropa ölkələrinə yola salır.

Yüz tələbəni seçmək üçün Xalq Maarifi Nazirliyi yanında münsiflər heyəti yaradılır, sədr M.Ə.Rəsulzadə olur. Heyətə Qarabəy Qarabəyov, Əhməd Pepinov, Mehdi Hacınski, Abdulla Əfəndizadə daxil olur.

Seçilən tələbələrdən biri sonralar Avropada qalaraq rus işğalı, bolşevizmlə mübarizə aparan Hilal Nəzərəlibəyov Münşi olur.
Yüz tələbədən biri - HİLAL MÜNŞİ | MANERA.AZ

H.Münşi 1902-ci ildə Şuşada anadan olub. 1918-ci ildə Şuşa realnı məktəbini bitirib.

1919-cu ildə o, dağ-mədən mühəndisliyi üzrə təhsil almaq üçün Berlin universitetinə tələbə seçilir.

Tələbələr 1920-ci il yanvar ayının 14-də hökumət nümayəndələrinin, xeyriyyəçilərin, din xadimlərinin, valideynlərinin xeyir-duası ilə yola salınırlar. Lakin bir il sonra Azərbaycan Cümhuriyyətinin işğalına görə, artıq tələbələrə pul göndərən olmur, nəticədə ağır duruma düşürlər.

Nəhayət, yeni hökumətin rəhbəri N.Nərimanovun işə müdaxiləsi nəticəsində həmin tələbələr yada salınır, Bəhram Axundov bu iş üzrə görəvləndirilir.

Bu müddətdə isə tələbələrdən səfil duruma, həbsxanaya düşən də, ağır şərtlər altında işləyənlər də olur.

Yeni hökumətin tələbələrə münasibəti isə birmənalı olmur. Ona görə də bəzi tələbələr bu hökumətlə barışmayıb oxuduqları yerdə qalaraq mühacir həyatı sürürlər. Hilal Münşi də geri qayıtmayaraq Almaniyada qalır və “Azərbaycan İstiqlal Komitəsi”nin sədri olur.

II Dünya müharibəsi dönəmində Münşi Rəsulzadənin yanında olur. Berlində Milli Azərbaycan Komitəsini yaradırlar. Məqsədləri Azərbaycanın haqlarını qorumaq, Vətənin xilası və istiqlalı üçün mübarizə aparmaq idi. Bundan öncə isə Münşi Rəsulzadənin nəşr etdiyi “Kurtuluş” jurnalının redaktoru kimi fəaliyyət göstərmişdi.

Daim Rəsulzadənin yanında olan Münşi məqalələrində ona qarşı olan ittihamlara da cavab verir.

“Azərbaycan Cümhuriyyəti” kitabı

1930-cu ildə Hilal Münşi Berlində “Azərbaycan Cümhuriyyəti. Tarixi, siyasi təsvir” adlı kitab nəşr etdirir.

Bu kitab Azərbaycanın ən qədim tarixindən başlamış Cümhuriyyətin işğalına qədər, həmçinin Sovet dönəmində ölkənin bolşeviklər tərəfindən necə talanmasından bəhs edir.

Kitabda Sovet rejiminin Azərbaycanda yaratdığı vəhşi sistemin mahiyyəti qeyd edilir. Məsələn, Allahsızlar Cəmiyyətinin yenilik adı ilə dini dəyərləri necə tapdalaması haqqında yazılır:

“… rus komsomolları tez-tez donuzlarla məscidlərə girirdilər ki, ibadəti pozsunlar, dua edən qadınları və kişiləri, hətta ruhaniləri döysünlər… Autodafe təşkil olunması zamanı alçaqcasına yüzlərlə yüksək dəyərli incəsənət işləri, dini dəyəri olan ikonlara, müsəlmanların dua kitabları yoldaşların əlində məhv edilirdi”.

H.Münşi Sovet rejiminin qarşılarına məqsəd qoyduğu savadlandırma hərəkatını da gülüşlə qarşılayırdı. Çünki ölkədə təhsil yalnız bolşevik firqəsinin maraqlarına uyğun olduğu üçün bu işin başqa məqsədlərə xidmət etdiyi aşkar idi: “Əgər nəzərə alsaq ki, savadsızların xalq təhsili idarəsi bir zamanlar daşyonan Dadaş Bünyadzadə tərəfindən idarə edilirdi, onda Azərbaycan Sovet Respublikasındakı ümumi orta məktəbin vəziyyətini təsvir etmək olar”.

Münşi Sovet hökumətinin üzvlərinin həm siyasi, həm də əxlaqi böhranla qarşılaşdığını yazır. Məsələn, yeni hökumətin üzvlərindən Səməd Ağamalıoğlunun işdən uzaqlaşdırılmasının əsl səbəbini yazır: “… məcbur oldular ki, yoldaş Ağamalıoğlunu rəsmi olaraq siyasi uğursuzluğa görə, həqiqətdə isə 1929-cu ildə həyat yoldaşının ölümündən dərhal sonra 70 yaşında ikən hələ 18 yaşı olan katibəsini məcburən özünə arvad etməsinə görə işdən uzaqlaşdırsınlar”.

indexH.Münşinin məqalələri arasında iki böyük azərbaycanlının vəfatı ilə bağlı kədərli yazı var. Onlardan biri Əlimərdan bəy Topçubaşovun ölümü ilə bağlıdır. “Böyük azərbaycanlı” adlı məqaləsində Münşi yazır ki, o, 72 yaşının 50-dən çoxunu Azərbaycan uğrunda sərf edib: “Qaspıralı ordusunun komandirlərindən, xüsusilə, İsmayıl Mirzə kimi mühitinə sığmayan, talantı, enerji və hünəriylə Xəzər sahillərindən tutmuş Sibirə qədər yayılan türkçülük arasında qibtə ediləcək bir nüfuz və hörmətə malik olan və bütün varlığını Rusiya məhkumu 30 milyonluq türk kütləsinə vəqf edən bu mücahidi itirdik… Əlimərdan bəy əbədiyyətə qovuşdu. O, bu gün müvəqqəti səmalarda yerləşən Azərbaycan Panteonuna çatmışdır, orada istiqlal və hürriyyət pərisi ilə birlikdədir”.

Üzeyir bəyin ölümü ilə bağlı Ceyhun Hacıbəyliyə yazdığı məktubda isə, Sovetin milli mədəniyyəti yox etdiyi bir məqamda Üzeyir bəyin bütün çətinliklərə baxmayaraq Azərbaycan musiqisini inkişaf etdirməsini təqdirəlayiq hal hesab edir, onunla iftixar etdiklərini bildirir.

Hitlerdən sitat

Münşi Almaniyada fəaliyyət göstərdiyinə görə, bu ölkədə baş verən hadisələri də yaxından izləyir, məqalələrində mühüm hadisələri qeyd edir. Məsələn, “Almaniyada təntənə” adlı yazısında Adolf Hitlerin Nürnberq konqresində bolşevizmlə bağlı fikirlərindən sitatlar gətirir: “Adolf Hitlerin fikrinə görə, “bolşevizm bəşəriyyətin ən dəhşətli xəstəliyidir, bu xəstəlik bütün dünyanı, xüsusilə də, Avropanı təhdid edir”.

Eyni yazısında Münşi Mussolininin Almaniyaya səfərini mətbuatın fironlar dönəminə bənzətdiyini bildirir: “Duçe də Fürer kimi açıq aydın şəkildə nə İspaniyada, nə də Avropanın başqa bir yerində bolşevizmin özünə yer tutmasına imkan verməyəcəklərini bəyan etdilər”.

Şübhəsiz ki, Cümhuriyyətin göndərdiyi yüz tələbədən biri, Almaniyada istiqlal mübarizəsi aparan bir şəxslə, bu gün dünya ədəbiyyatında öz yerini tutmuş Məhəmməd Əsəd bəyin görüşü tarix və ədəbiyyatımız üçün çox maraqlı faktdır. Hilal Münşinin Əsəd bəyin “Şərqdə neft və qan” əsərini tənqid etməsi, bununla bağlı kampaniya aparması, məqalələr yazması tədqiqatçıların diqqətini çəkib. Bu kampaniyanı donosbazlıq kimi qeyd edənlər də, əksinə Azərbaycanın, Qafqazın, Şərqin üzərinə atılan böhtanlara qarşı cavab kimi qiymətləndirənlər də var.

Hilal Münşi Rəsulzadənin redaktoru olduğu “Odlu Yurd” jurnalının 1930-cu il mart sayında ““Şərqdə neft və qan” ünvanlı əsərin müəllifi kimdir?” adlı məqalə yazıb. Məqalədən məlum olur ki, 1921-ci ildə Münşi Berlində “Eden” adlı hoteldə qalarkən sonralar Əsəd bəy kimi tanınan Leo Nussimbaum və atası Abraham onun yanına gəlirlər: “Bu ziyarətdə məqsəd, atanın 14 yaşlı oğluna mənim vasitəmlə Azərbaycan hökumətindən təhsil üçün pul təmin etmək idi”.

Lakin Hilal Münşi Abrahamın verdiyi qəribə cavablara görə onlara inanmır. Belə ki, Abraham gah özünü Rusiya yəhudisi kimi göstərir, gah da Gürcüstan pasportuna sahib olduğunu deyir. Kiyevdə yəhudi qətliamından sonra Bakıya gəldiyini, burada yaşadığını, ona görə də azərbaycanlı sayıldığını bildirir.

Lakin söhbət zamanı Abrahamın Gürcüstan təbəəsi olduğu aşkara çıxır, ona görə də əvvəlcə gürcü mühacirətinə müraciət etdiyini, lakin oradan mənfi cavab aldığına görə bu dəfə bəxtini Azərbaycan mühacirətində sınamağa qərar verdiyi məlum olur.

Hətta Abraham Münşiyə əgər lazımdırsa, oğlunun azərbaycanlı olması İslamı qəbul edə biləcəyini də deyir.

Bu durum Münşini daha da şübhələndirir və o, açıq şəkildə Azərbaycan hökumətinə müraciətdən vaz keçmələrini bildirir.

1930-cu ildə Hilal Münşi ilə Leo Nussimbaum yenidən qarşılaşırlar: “… Berlinin Fazanen küçəsindəki Aleksandr fon Humbolt cəmiyyətində rastladım. Artıq Leo böyümüş, daha sağlam vücuda malik idi. Məni görən kimi gülərüzlə yanıma gəldi və dərhal ötən 9 ildəki tərcümeyi-halından danışmağa başladı. Berlin universitetindəki təhsilinin yaxşı nəticə vermədiyindən şikayətləndi, lakin bununla yanaşı maddi vəziyyətinin yaxşılaşdığını, müxtəlif alman qəzetlərində kiçik hekayələr, romanlar yazdığını başdan-sona qədər danışdı”.

Leo Münşiyə Əsəd bəy imzasını götürdüyünü, almanların bu imzaya daha diqqətli yanaşacağını deyir. Hətta universitetdə türkiyyat şöbəsinə müraciət etdiyini, lakin türk dilini yaxşı bilmədiyi üçün davam etdirə bilmədiyini bildirir.

Daha sonra məqalədə Münşi “Şərqdə neft və qan” əsərinin təhlilinə keçir, Əsəd bəyin burada həm öz həyatı ilə bağlı yalan məlumatlar verdiyini, həm də Azərbaycanın, Qafqazın, Şərqin tarixini təhrif etdiyini yazır. Hətta Almaniyada nicat tapan Leonun əsərində alman ordusunun Qafqazda qətliam törətməsini qeyd etməsini Münşi ikiüzlülük adlandırır, əsərində müxtəlif xalqlar haqqında deyilən məlumatların uydurma olduğunu yazır: “Heç bir vaxt Qafqaz Azərbaycanı “Əsəd bəy Nussimbaum” adlı vətəndaşa malik olmayıb. Bu şəxs əsərində Azərbaycan türk ləhcəsindən bəhs etdiyi halda, heç bir vaxt türkcə danışmayıb. Onun bildiyi yeganə dil əvvəl rusca, indi isə almancadır”.

Beləliklə, Münşi əsərdə özünü təhqir edilmiş hesab edən digər xalqların nümayəndələri ilə birgə etiraz yayımlayırlar.

Bəyanatda maraqlı məqamlar var:

“Biz bütün bəşəriyyətə elan edirik ki, “Əsəd bəy”in Şərqi təsvir etməkdə məqsədi şərqi avropalıların nəzərində təhqir etməkdir… Qətiyyətlə elan edirik ki, “Əsəd bəy”in bu təsviri həqiqətdən çox uzaqdır. Əsər böhtandır, məmləkətimizi, millətimizi təhqirdən başqa bir şey deyildir. Biz bu “bulvar pamflet”ini və onun naşirini şiddətlə protest edirik”.

Bəyanatda həmçinin əsərdə yer verilən, Alman Qafqaz Ordusunun 60 min nəfəri qətl etməsinə dair iddianın da yalan olduğu bildirilir.

Bəyanatı azərbaycanlılar adından Cavad bəy Vəziri, Hilal Münşi, Zahid Əfəndi, gürcülər adından Dr.Axmeteli (Gürcüstanın Almaniyadakı sabiq səfiri), iranlılar adından Abdul Şakir, Mirzə Həsən, Şeyx Seyf Azad, türküstanlılar adından Əhməd Naim, Səncər imzalayır.

Bu bəyanat Əsəd bəyin fəaliyyətinə müəyyən qədər təsir etsə də, onun Almaniyada, daha sonra isə bütün Avropa və Amerikada sayılıb-seçilən bir yazıçı olmasının qarşısını ala bilmir. Çünki faşizmin Avropanın qapısına dirəndiyi bir məqamda əsrarəngiz şərq avropalı oxucuların zövqünü oxşayırdı.

Bu baxımdan Hilal Münşinin fəaliyyəti, yazdığı kitab və məqalələr Azərbaycan mühacirətinin tarixini öyrənmək baxımından maraqlı, zəngin mənbə kimi diqqətçəkicidir. Onun Əsəd bəyə qarşı çıxması da elə bu mübarizənin fonunda diqqətə alınmalıdır. Amma istedadla yazılmış bir kitabda nə qədər təhriflər, yalanlar olsa da, onun tarixin sınağından çıxacağı şübhəsizdir. Necə ki, bu gün həm Münşinin, həm də Əsəd bəyin həmin kitabları dilimizə tərcümə edilib. Lakin nəinki Münşinin bu əsəri geniş kütləyə tanışdır, Münşinin kimliyini də ətraflı tanıyan yoxdur. Əsəd bəy isə nəinki bizdə, bütün dünyada hələ də oxunur, araşdırılır.

Həqiqət isə bizə görə Münşinin tərəfində idi.

Sonda onu qeyd edək ki, Abraham, oğlu Leonun Hilal Münşi ilə görüşü Nəriman Əbdülrəhmanlının “Qurban” roman-xronikasında da maraqlı dialoqlarla əks olunub.

Yüz tələbədən biri - HİLAL MÜNŞİ | MANERA.AZ
Yüz tələbədən biri - HİLAL MÜNŞİ | MANERA.AZ
Yüz tələbədən biri - HİLAL MÜNŞİ | MANERA.AZ
Yüz tələbədən biri - HİLAL MÜNŞİ | MANERA.AZ
Yüz tələbədən biri - HİLAL MÜNŞİ | MANERA.AZ

“Ədəbiyyat” qəzeti
24.10.2015
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930