manera.az
manera.az

Bir sətirəm sirr dolu - Nurafizdən Yeni Şeirlər

Bir sətirəm sirr dolu - Nurafizdən Yeni Şeirlər
...Nurafizin şeirləri mövzusundan, poetik tapıntısından, obrazlılığından əvvəl havasından, nəfəsindən tanınır. O şeirlər formaca mövcud olanlardan fərqlənməsə də ab-havasına görə ancaq ona məxsusdu – bəlkə də buna görə Söz anlayanın ruhunu tərpədir...
Nurafiz o şeirləri hamıdan əvvəl özünə və Tanrısına pıçıldayanda ədəbi formalar, terminlər barədə fikirləşmir, xoşbəxtlikdən çox vaxt qısır düşüncəni birtəhər işə keçirməyə, oxucunun gözünə kül üfürməyə hesablanmış bu çür əməllərdən də xəbəri yoxdu.
Yeganə istəyi SÖZÜN çiyinlərinə yük kimi düşən ağırlığından qurtulmaq, ötəri də olsa, yüngülləşmək olur...
Sonra bu məşşəqqət yenidən başlanır – daha bir şeir doğulur...
Həyatı da elə beləcə keçir...
Amma yaxşı ki yazmaya bilmir...
Yoxsa bu cür bənzərsiz şeirlər yaranmazdı..
Nəriman ƏBDÜLRƏHMANLI


BELƏCƏ BƏXTİMİN GÜNORTA VAXTI

Beləcə, bəxtimin günorta vaxtı
Yenə yanaqlarım nəm işğalında.
Axşamım ağ şama ləlik düşübdü,
Qismətim gün döyür işıq halında.

Canımın ağrısı dadamal quzu,
Təliyə bilmirəm özgə sağmala.
Ərkim də çatmayır ayrılıqlara,
Deyəm ki, peşkəşdi, dağıt, yağmala.

Yarası qan verir qaysaq yerindən,
Çəməndə boy verən laləsı təzə.
Oxunan nəğmənin havası köhnə,
Lap Nuhdan qalmadı, naləsi təzə.

BAŞMI GÜNAHKARDI...

Yuxusuz gecələr gözüm qanadı,
Yalvardım, ləlidim, sözüm qanadı.
Yüyürdüm, yıxıldım, dizim qanadı,
Daşmı günahkardı? Daşda günah yox.

Özünə dönməsə öz suyu arxın,
Pərləri paslanar dincələn çarxın.
İyirmi ötübdü, səhvi nə qırxın?
Yaşmı günahkardı? Yaşda günah yox.

Gözlədim, hər ilim, ayım an oldu,
Geri qayıtmadın, bağrım qan oldu.
Ürək eşqə düşdü, baş qurban oldu,
Başmı günahkardı? Başda günah yox.

ÖZÜMƏ

Bə deyirdin daha göynən getmərəm,
İndən belə yığışacam özümə.
Noolsunki, Yerə-Göyə sığmıram,
Özüm olub sığışacam özümə.

Qayıdacam haqq yoluna ürəknən,
Sınmayacam yalan sözün dalında.
Qoy çəkməsin imtahana çörəknən,-
Xəcalətim ,- oxutmasın valında.

Bircə tikə pendir -çörək bəsimdi,
Heç eynimə deyil daha bu dünya.
Min yatırım qazansan da, bəs indi,
Görmədinmi dəymir “ah”a bu dünya?!

EH... ŞƏHƏR DEDİYİN QURU NAĞILMIŞ...

Ayağım altına qoyub ömrümü,
Gözlərim yol çəkə bir səs uzunu.
Gecənin dizini yerə gətirib
Bir misram əridə qəmin buzunu.

İçimin havası göynən əlləşə,
Ayağım altında yer ləlik düşə.
Bir dodaq tutumu mahnım oxuna,
Qalanı... qalanı min bölük düşə.

Yenə süfrə aça xatirələrim,
Gözümə, könlümə sıxam doyunca.
Yellər öpüb gedə gülüşlərimi,
Xəyalım at çapa çöllər boyunca.

Sükuta dil verə zurnanın səsi,-
Yenə meydan aça İmir ,,Cəngiyə’’.
Əsnəyə-əsnəyə qalan qapılar
Bir əl hənirinə sığa, səngiyə.

Eh... şəhər dediyin quru nağılmış,
Adamı özündə salıb azıdar.
Bəlkə də özümü gətirəmmədim,
Adımı oxşayın Qarayazıda.

YAĞIŞ İSLANIRDI GÖZ YAŞI ALTDA...

Arada bir ömür boyu hasar var,
Fikirlər yayaqdı, güman didərgin.
Düşüb yedəyinə bir lal istəyin,
Ərinməz-ərinməz yol yorur ərkim.

Umduğum yerlərə gələn payıznan
Ovuda bilmirəm ağrılarımı.
Arzumun bir ömür uzaqlığında
Kor nisgil oxudur könül tarımı.

Səsimdən bir azca anrı tərəfdə
Yelləncək yelləyir Göy nəm buludda.
Kimsə ağlayırdı dərdə söykənib,
Yağış islanırdı göz yaşı altda.

DAHA DOST SÖZÜNDƏN YAMAN QORXURAM

Çıxıb ürəyimin üstünə hərdən,
Yayındım nə qədər xatadan, şərdən.
Alnıma iz düşdü xatirələrdən,
Yol saldı saçımda duman, qorxuram.

Cavabım sirr qaldı neçə sualda,
Əliylə danışdı dözməyib lal da.
Piyadə yol gedir daha xəyal da,
Ərp tutub dildə ah, aman, qorxuram.

Könül şah olamaz, lələm, əmrnən,
Qorxunun gözündən keçdim ömürnən.
Yaman doğmalaşdım daşnan, dəmirnən,
Daha dost sözündən yaman qorxuram.

ÇÖLDƏ DADDIM DARIXMAĞIN DADINI...

Hər gün evdən çıxıb işə gedirəm,
Yola salır qapım məni ah kimi.
Bir səs gəlir yenə qonşu eyvandan:
-Salam qonşu, lap kefdəsən şah kimi.

Biləmmirəm, bunun nəyi kefdi ki,-
Hər addımda bir imtahan, bir sınaq.
Zalım oğlu gör nəyimə darılır,
Hardan gəlir bu qısqanclıq, bu qınaq.

Bir az obyekt-ofis yolu vaxt alır,
Yol çəkəndə gözüm, sükut təntiyır.
Fikir boyu getdiyimi saymıram,
Qayıdanda səbrim çəkir tətiyi.

Arada bir zəng eləyir Nəriman,-
Qağa, vaxt tap, bir yol bizə dəyməyə.
Ürək deyil, hər gün min yol döyəsən,
Üzüm gəlmir hər gün qapı döyməyə.

Ürəyimdə boş yer yoxdu susmağa,
Hara yazım bu boşluğun adını.
Evdə nəvəm şərik çıxır ,,vaxtıma",
Çöldə daddım darıxmağın dadını.

QOCA XALİDƏ
Namizəd Xalidoğluna öz havasında

Nərimanla yola vardıq Qax yönü,
Tələsirdik... yan addadıq Şəkidən.
Hardan gəldi, bərk sürürdüm maşını,
Yoldan-izdən, lap hərdən də səkidən.

Yaşımızın bu çağında görənlər
Əl sambayıb arxmızca söyürdü.
Uça-uça gedirdik, boz sərçələr
Budaq üstə gözlərini döyürdü.

Şəkidəki dostlarımız bilmədi,
Haqları var dost payına küsməyə.
Yaxşı olar, vərdiş etmə heç vədə
Yalan, saxta hər nə varsa - pis nəyə.

Yol uzanır, vaxta baxmır radarlar,
Sürət həddi amanımı yoxlayır.
Qağam tez-tez saatına baxanda,
Elə bil ki, tutub vaxtı saxlayır.

Dönüb baxır, - Çox uzaq döy, ay qağa,
Bəlkə bir az tələsməyi saxlayaq.
Bir şair var, Qoca Xalid, Dəhnədə,
Ayaqüstü gedib onu yoxlayaq.

Hə, deyirəm... Tez-tələsik zəng vurur,
Yarı yoldan qayıdırıq Dəhnəyə.
Darmacalda sən bizdəki eşqə bax!,
Çəkir bizi istək adlı səhnəyə.

Kənd həyəti, agaclar da güllənib,
Daş-divarlar doluxsunub, fagırdı.
Qoca Xalid – duruşundan şairlik,
Üst-başından müəllimlik yağırdı.

Yer kürəsi ayağından asılıb,
Qoymayır ki qanad açıb uçmağa.
Mən maşını saxlamamış, salamsız
Tez tələsir darvazanı açmağa.

Elə bildim yüz yol burda olmuşam,
Şəxsən məni tanımırdı hələ ki.
Basmarlayıb basdı bizi bağrına,
Biz maşından yerə düşdük elə ki.

Bayram gəlir, Novruza az qalırdı...
Yendi bizi, inadımız səngidi.
Qoca Xalid heç vecinə almadı,
Ayaqüstü görüşümüz ləngidi.

Heyrətini yeddi yerə pay edib,
Gileyləndi: - Dost yığırsa sorağım;
Süfrə dolu dost sevinci olsa da,
İçilmədi bircə şüşə arağım.

Elə bil ki, kəndimizdə idim mən,
Doğma yurdda kef çəkirdim, - Təhlədə.
Daha Qaxa geciksək də, nədənsə
Tələsmirdik gec çıxsaq da Dəhnədən.


***
Sükan arxasında
Qoca Xalidin tərcüməsində
Vladimir Vısotskinin şeirini oxuyurdum ki,
yol polisi saxladı...


Vısotski yazmasaydı bu şeiri,
Qoca Xalid eləməzdi tərcümə.
Rul dalında mən də onu oxuyub,
Düşməz idim bu qəzaya-pərçimə.

Ağlım olub, pozmasaydım qaydanı,
Keçməsəydim yolda sürət həddini;
Öz başıma iş açmazdım, yenə də
Seyid kimi çağırmazdım cəddimi.

Yol polisi biləndə ki şairəm,
Sənədimi ehmallıca qatladı.
İradını gözlərindən oxudum,
Gülə-gülə baş bulayıb, addadı.

Maşın mənim, günah mənim, ta gecdi...
Daş götürüb tulamazla, at Aya;
Şeirlərim köməyimə çatsa da,
Şairliyim saldı məni xataya.

QOCA XALİD, SƏSİN GƏLMİR NƏ VAXTDI...

Qoca Xalid, səsin gəlmir nə vaxtdı,
Yolun düşmür heç şəhərə, deyəsən.
Hə... çoxdaki xatirələr sərvaxtdı,
Ovudammır qəlbimizi niyəsə.

Bilirik ki, kənddə yaya gəzirsən,
Mat edirsən, yenə günün şah gəlir.
Tanrı haqqı, baxma gülür üzümüz,
Neynəsək də arxasınca ah gəlir.

Bu şəhərin dadı bizə düşmədi,
Açammadıq yaşamağın kodunu.
Sıxıb bizi, dərdimizi böyütdü,
Çox yazsaq da böyük hərflə adını.

Nərimana söz vermişdin,-gələcəm,-
Səbrimizi qul salıbsan, eh, nəyə...
Gələmmirsən, təki canın sağ olsun!
Bir də gördün azıb gəldik Dəhnəyə

DƏRD TANIYIR ADAMINI

Xatirələr yağım olub,
Döyür yaddaşın damını.
Taykeş düşüb ağrılarım,
Qoşa yandırır şamını.

Oxunmurmuş hər yazılan,
Köhnə imiş tər yazılan.
Axşamına şər yazılan,
Bilənməzmiş dad-tamın.

Ay NURAFİZ, bu ad-sanda,
Bir aldanış varmış sonda.
Eh... özünə yad olsan da,
Dərd tanıyır adamını.

YADINDAN ÇIXIB GEDİRƏM

Sinəm dolu nəğmə mehi,
Ovudammır üzdə şehi.
Dödağımı öpən ,”eh”in
Dadından çıxıb gedirəm.

Sönüb közdən külə kimi,
Yorulmuşam kölə kimi.
Qul könlümün, gəl, həkimi,
Badından çıxıb gedirəm.

Baltalar sevməz sapını,
Gəlib əlimə tapınır.
Daha bağlama qapını,
Yadından çıxıb gedirəm.

ELƏ SUS Kİ…

Uzandıqca yol gülür,
Son ümid olur ləlim.
Ayrılığın telində,-
Havada qalır əlim.

Səsim geri qayıdır,
Dilim-dodağım qançır.
Sükut elə səs salır,
Fikrin yuxusu qaçır.

Gəl, susaq bir azcana,
Hə.., könül, olan işdi.
Elə sus ki... kiminsə,
Bəlkə yadına düşdün.

YERİM YOXMUŞ YADINDA

Təzə oda qurmuşam
Köhnə günahlarımdan.
Bacası qurum tutub
Çəkdiyim ahlarımdan.

Bircə zəngə qıymadın,
Yerim yoxmuş yadında.
Hər gün qapı döyürəm,-
Ayrılıqlar adında.

Xatirələr dağınıq,
Ömrü harda gizləyim.
Barı, ölsəm, zəng elə,
Çıxıb çöldə gözləyim.

MƏN QANIMLA DANIŞDIM…

Bir payızlıq nağılnan
Qonaq gəldin ömrümə.
Haqdan kefli fikirlə
Qınaq gəldin ömrümə.

Bir sətirəm sirr dolu,
Üzüm yoxdu yanında.
Mən qanımla danışdım,
Sənsə susdun anında.

Yalanımla yanıldım,-
Bağışlana bu asi.
Gec olanda öpülmür
Hər dodağın duası.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031