manera.az
manera.az

Moldovadakı diasporumuzun növbəti yığıncağı keçirilib

Moldovadakı diasporumuzun növbəti yığıncağı keçirilib
Dekabrın 13-də Moldova Respublikasının paytaxtı Kişineuda Moldova Azərbaycanlıları Konqresinin növbədənkənar ümumi seçki-hesabat yığıncağı oldu.

Manera.az xəbər verir ki, Kişineu Filarmoniyasında keçirilən və hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan yığıncaqda Konqres rəhbərliyi və üzvləri, Azərbaycanın Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov, Moldova prezidentinin milli azlıqlar üzrə müşaviri Sergey Mişin,Moldova Respublikası Etnik əlaqələr Agentliyinin baş direktoru Nikolae Raditse, Moldova ictimaiyyətinin tanınmış simaları iştirak edirdilər.

Moldovadakı nüfuzlu soydaşımız, “LUKoil Moldova”nın prezidenti Feyruz İsayevin sədrliyi ilə keçirilən yığıncaq öz işinə ilk əvvəl Moldova Azərbaycanlıları Konqresinə 15 ildən çox rəhbərlik edən, tanınmış iş adamı, hüquq elmləri doktoru Vüqar Novruzovun istefa müraciəti və qısa hesabatı ilə başladı.

Sonra Konqres üzvlərini və yığıncaq iştirakçılarını öz adından salamlayan Moldova prezidentinin milli azlıqlar üzrə müşaviri Sergey Mişin ölkə prezidenti İqor Dodonun salamlarını çatdırdı, bu günün həm də bütün Moldova üçün əlamətdar bir gün olduğunu dilə gətirdi: “Siz bizim üçün ilk növbədə Moldova vətəndaşlarısınız və bu gün siz öz fəlaiyyətinizin hesabatını verirsiniz. Cənab Novruzovun sadaladığı bütün işlər çox yaxşıdır. Bu düzgündür. Ümid edirik ki, Konqresin yeni rəhbərliyi də bu cürə işləyəcək, hətta ola bilsin, daha da irəliyə gedəcək... Konqresin sədri Vüqar Novruzovun fəaliyyəti bizim üçün çox əhəmiyyətli və nümunəvidir. Onun Moldovanın ali mükafatı –“Respublika” ordeni ilə təltif edilməsi təsadüfi deyil...”

Daha sonra Moldova Respublikası Etnik əlaqələr Agentliyinin baş direktoru Nikolae Raditse çıxış edərək bu günkü günün Moldovanın çoxrəngli etnik dünyası üçün vacib gün olduğunu qeyd elədi. Azərbaycanlıların çoxmillətli Moldovanın həyatındakı xüsusi yerindən, Moldova vətəndaşları kimi dəyərindən söz etdi. Həmçinin Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanova ölkələr arasındakı əlaqələrə xidmətlərinə görə minnətdarlıq elədi.
Sözünü sonunda Agentliyin baş direktoru Konqresin Moldova etnik azlıqlar arasında ən qabaqcıl yerlərdən birinə sahiblənmiş, Konqresin sədri Vüqar Novruzova “çoxillik uğurlu rəhbərliyə və fəaliyyətə görə”, eləcə də Konqresin digər fəalı Müharib Allahverdiyevə agentliyin fəxri diplomlarını təqdim etdi.

Bakı Beynəlxalq Multikuturalizm Mərkəzinin Moldova, Rumıniya, Ukrayna, Bolqarıstan və Macarıstan təmsilçiliyinin direktoru xanım Aureliya Qriqoriu da öz çıxışında Azərbaycan diasporunun və Konqresin bu illər ərzindəki çoxplanlı və səmərəli işindən danışdı. Bütün görülən işlərə görə sədr Vüqar Novruzova və onun komandasına minnətdarlıq elədi. Sözünün sonunda xanım Aureliya gerçəkləşdirdiyi onlarla layihə və xeyriyyə işlərinə görə təmsilçisi olduğu Beynəlxalq Multikulturalizm Mərkəzinin, eyni zamanda rəhbərlik etdiyi İctimai Palatanın, habelə “İnternational Inner Wheel” təşkilatının minnətdarlıq məktubları və fəxri fərmanlarını, “Mənim Azərbaycanım” beynəlxalq jurnalının “Hacı Zeynalabdin Tağıyev” Qızıl Ordenini Vüqar Novruzova təqdim etdi.
Moldovadakı diasporumuzun növbəti yığıncağı keçirilib
“LUKoil Moldova”nın prezidenti Feyruz İsayev söylənənləri yekunlaşdıraraq dedi: “Biz bilirik ki, 15 il ərzində Konqres tərəfindən böyük işlər görülüb. Və bu ilk növbədə Vüqar Novruzovun xidmətidir. Əlbəttə ki,eyni zamanda Şura üzvlərinin, Konqres üzvlərinin də. Bilirsiz ki, istəyir ictimai vəzifə olsun, istəyir hər hansı başqa vəzifə, insan vəzifədə ikən hamını razı sala bilmir. Nöqsanlar yaranır və bu da fikrimcə, normal haldır. Eyni zamanda, deməli gələcək, yeni komandaya yeni işlər üçün imkan yaranır...”

Feyruz İsayev konfrans iştirakçılarının diqqətinə çatdırdı ki, bu konfransda seçilən Şura və sədrin səlahiyyət müddətinin 3 ay olması təklif edilib: “Təklif belədir ki, yeni Şura və sədr aprel ayınadək Konqresi idarə edəcək. Biz belə bir fikrə gəldik ki, apreldə yenə növbədənkənar konfrans çağırıb, həm nizamnamədə dəyişiklik edək, həm də ən uyğun şəxsi yeni sədr seçək. İndi seçilən Şura və sədr təşkilatı 3 ay ərzində idarə edəcək və növbəti konfransa dair hazırlıqlı işlərini görəcək”.

Daha sonra Ramiz Ansarov, Coşğun Quliyev, Heybət Məcidov, Ruslan İsmayılov, Elçin Bayramov, Səfər Məmmədov, Rafiq Abdulrəhimov, Teymur Bayramov, Rəşad Abbasov, Sultan Əliyev və Zamir Qubadovdan ibarət Konqresin yeni Şura üzvləri, həmçininRamil Mustafayev,Orxan Qarakiyev və Ramil Rzayevdən ibarət Təftiş Komissiyası üzvləri seçildilər.

Heybət Məcidova aprel ayınadək Konqresə sədrlik eləmək həvalə edildi.

Tədbirdə geniş qapanış məruzəsi edən səfir Qüdsi Osmanov həm Konqresin fəaliyyətini sərf-nəzər etdi, görülən çoxsaylı işlər və nailiyyətlərlə yanaşı çatışmazlıqların olduğunu söylədi, həm də görülməli olan gələcək işlərdən danışdı və Konqresin qarşısında mühüm vəzifələrin olduğunu dilə gətirdi. Digər tərəfdən səfir Qüdsi Osmanov yeni dövr Azərbaycan tarixi, Azərbaycan dövlətçiliyinin formalaşması məsələləri, Ümummilli lider Heydər Əliyevin böyük fəaliyyəti, diaspor-dövlət əlaqələri, ölkə Prezidenti hörmətli cənab İlham Əliyevin diasporlar qarşısında qoyduğu vəzifələr və çoxsaylı başqa aktual məsələlərə, problemlərə diqqət çəkdi: “Hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq soydaşımızdır və onun arxasında Azərbaycan dövləti dayanır. Azərbaycan dövləti çalışır ki, sizin yaşadığınız ölkədə, yaratdığınız kiçik yurdda hüquqlarınız qorunsun, vəziyyətiniz yaxşı olsun. Azərbaycan Prezidenti cənab İlham Əliyev xarici ölkələrə səfirlər təyin edərkən, birinci tapşırığı bu olur ki, mənim soydaşlarımın hüququnu qoruyun. Onların şəraitinin yaxşılaşması, təşkilatlanması üçün səylər göstərin. Təşkilatlanma üçün isə normal fəaliyyət göstərən diaspor təşkilatınız olmasa, sizlər güc sahibi ola bilməzsiniz”.

Səfir Qüdsi Osmanov eyni zamanda onu da qeyd edib ki, bütün azərbaycanlılar səfirliyin nüfuzunun yüksəldilməsi üçün səy göstərməlidirlər:“Çünki bura sizin evinizdir və daim qapıları üzünüzə açıqdır, ora gedin gəlin, daim sıx əlaqəniz olsun. Sonda sizə uğurlar arzulayıram və əlimizdən nə kömək gələrsə onu edəcəyimizi bəyan edirəm”.

Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb 15 illik bir müddətdə Moldova Azərbaycanlıları Konqresinə rəhbərlik etmiş Vüqar Novruzovun çıxışını təqdim edirik.

Hörmətli Azərbaycanın Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi müəllim!

Hörmətli qonaqlar!

Əziz həmvətənlərimiz, qardaş və bacılarımız!
Sevimli balalarımız!
Xanımlar və cənablar!

Mən bu gün öz çıxışımı 2 hissəyə bölmək istəyirəm. Birinci hissə mənim müraciətimdən ibarətdir. 2-ci hissə isə hesabat xarakteri daşıyacaq. Çünki bilirsiniz bu növbədənkənar ümumi hesabat-seçki yığıncağıdır.

Müraciətdən başlayım:
Moldova Azərbaycanlıları Konqresinin hörmətli üzvləri!
15 ildən artıqdır ki, mən Konqresə rəhbərlik edirəm. Bu illər ərzində mənə Moldova kimi gözəl bir ölkədə öz həmvətənlərimi təmsil etmək kimi böyük şərəf qismət olub. Bu çox fəxri və eyni zamanda məsuliyyətli işdi. Xoşbətlikdən, həmişə yanımda Konqresin nizamnaməsində göstərilən vəzifələrdən irəli gələn vacib ideya və layihələri birgə müzakirə etdiyimiz, gerçəkləşdirdiyimiz dəyərli həmkar və həmfikirlərim olub.
Fürsətdən istifadə edib bu vacib, çoxillik fəaliyyətı həyata keçirməyimdə dəstək olan, bütün həmvətənlərimizə və Konqres üzvləri həmkarlarımıza, etnomədəni təşkilatlardan olan lider həmkarlarımıza, Moldova Respublikası Etnik əlaqələr Agentliyindən, Azərbaycan Respbulikası Diasporla iş üzrə Dövlət Komitəsindən olan həmkarlarımıza, öz töhfəsini əsirgəməyən dostlara, eyni zamanda bu illər ərzində yanımda olan ailə üzvlərimə təşəkkür edirəm.
Eyni zamanda bir faktı da qeyd etmək istəyirəm ki, bu vaxt ərzində biz Azərbaycanın Moldovadakı səfirliyi ilə, son illər isə Fövqəladə və səlahiyyətli səfir hörmətli Qüdsi Osmanovla məhsuldar əməkdaşlıq etmişik ki, buna görə də ayrıca minnətdarlıq edirəm.

Xüsusi minnətdarlıq hissi ilə qeyd edirəm ki, Konqresin fəaliyyəti həm Azərbaycan Respublikasının, həm Moldova Respublikasının ali rəhbərliyi, eləcə də hər iki ölkənin ayrı-ayrı hökumət strukturları, çoxsaylı yaradıcı və elmi təşkilatları, şəxsləri tərəfindən yüksək qiymətləndirilib. Həm Moldovada, həm Azərbaycanda bizim çoxlu dostlarımız var. Diasporumuzu sevirlər və ona hörmət edirlər.
Əziz dostlar!
Rəsmi şəkildə bildirirəm ki, mən 2019-cu il noyabr ayının 28-də keçirilən Moldova Azəarbaycanları Konqresinin Şurasının iclasında tutduğum vəzifədən istefa vermişəm və bu gün növbəti müddət üçün Moldova Azərbaycanlıları Konqresinin sədrliyinə öz namizədliyimi irəli sürməyəcəyəm.
İnanıram ki, həmkarlarım və həmvətənlərim məni düzgün anlayacaqlar,15 il az vaxt deyil.

Bütün düşündüklərimizi gerçəkləşdirə bilmədiyimiz üçün dərin təəssüf hissi keçirirəm. Amma, əminəm ki, bu gələcəkdə digər həmkarlarımıza öz yeni təşəbbüslərini və bacarıqlarını nümayiş eləmək üçün imkanlar verəcəkdir ki, növbəti komandaya bu mənada böyük uğur və davamlı nailiyyət arzulayıram.

Öz tərəfimdən söz verirəm ki, köməyim tələb olunan yerdə həmişə yanınızda olacağam.

Bir daha dəstəyiniz üçün təşəkkür edirəm.

İndi isə icazə verin Moldova Azərbaycanlılari Konrqesinin rəhbəri kimi, bacardıqca qısa şəkildə görülən işlər barədə hesabat verim. Bilirisiz ki, bir neçə il əvvəl Konrqes Moldovanın paytaxtı Kişineu şəhərində Azərbaycanın dahi oğlu, dünya ədəbiyyatının klassiki Nizami Gəncəviyə abidə ucaltdı. Bir qədər sonra isə Azərbaycanın Moldovadakı səfirliyi ilə birgə Komrat şəhərindəki Fəxri Xiyabanda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin və rumındilli dünyanın görkəmli nümayəndəsi, Moldova şairi Mixay Emineskunun abidələrini ucaltdıq. 7 il əvvəl Azərbaycan səfirliyi ilə birlikdə “Enternitate” Memorialında Azərbaycanın ərazi bütövlüyünaminə qurban getmiş igidlərin xatirəsinə “Şuşa”xiyabanını açdıq. 2016-cı ildə müstəqil Moldovanın tarixində ilk dəfə ölkələrimizin müstəqilliyinin 25 illiyinə həsr olunan “Dostluq tağı” abidəsini inşa etdik.

Bütün nəşr etdiyimiz kitablar haqqında danışmayacağam. Amma bəzilərini sadalamaq istərdim. Yalnız son iki il ərzində biz Azərbaycanın Moldovadakı, Moldovanın Azərbaycandakı səfirlikləri və hər iki ölkənin Yazıçılar ittifaqları ilə birgə 15-dən artıq kitabın, nəşrin ərsəyə gəlməsini təşkil etdik. Azərbaycanda “Moldova ədəbiyyatı” antologiyası, Moldovada “Azərbaycan ədəbiyyatı” antologiyası, eləcə də hər iki tərəfdən görkəmli ədiblər - Anar, Elçin, Çingiz Abdullayev, Səlim Babullaoğlu, Arkadi Suçevyanu, Leo Butnaru, İqor Volnitski və başqa ədiblərin əsərləri, ayrıca kitabları nəşr edildi. Azərbaycanda “Moldova ədəbiyyatı günləri”, Moldovada “Azərbaycan ədəbiyyatı günləri” keçirməyə, bu kitabları təqdim etməyə nail olduq. Lap bu günlərdə Moldovadakı Azərbaycan səfirliyi və hər iki ölkənin yazıçılar ittifaqları ilə birgə böyük Azərbaycan şairi Nəsiminin “Qəzəl və rübailəri”ni tərcümə, nəşr və təqdim elədik.

Ötən il yenə də səfriliyimizlə bərabər Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi üçün unudulmaz liderimizin dörd dildə aforizmlərini nəşr elədik və Milli Orqan zalında bu münasibətlə təşkil etdiyimiz konsertdəkitab təqdim olundu.

Səfirliyimizlə bərabər tanınmış israilli yazarlar, ata və oğul Amir və Ariye Qutun “Xocalı genosidi”nə həsr olunmuş, məzmunca qiymətli kitabını ingilis dilinə tərcümə elətdirib nəşr etdirdik.Qərar verdikki, qoy Azərbaycan səfirlikləri xətti ilə bizim bu sağalmaz dərdimiz olan Xocalı ilə bağlı həqiqətlər bütün dünyada yayılsın, bilinsin.

Bu illər ərzində biz hər il tariximizin 20 yanvar, Xocalaı genosidi və 31 mart kimi “qara günlərini” burda da qeyd etmişik.

Konqresin təsis etdiyi Nizami Gəncəvi adına mükafat və təqaüdlər hər il öz ünvanlarına çatdı. Biz Konqres olaraq hər il Etnik mədəni festivalda geniş proqramla diasporumuzun iştirakını, Novruz bayramının Moldovada təntənəli təşkilinihəyata keçirmişik və demək olar ki, Novruz bayramı bu illər ərzində Moldova mədəni həyatının tərkib hissəsinə çevrilib.

Konqresintəşəbbüsü və dəstəyi ilə hazırlanan Moldovanın milli musiqi aləti Naydaxalq artisti Konstantin Moskoviçin ifasından ibarət“Azərbaycan milli musiqi antologiyası” artıq xalqlarımızın mədənivizit kartına çevrilib. 2011-ci ildə Moldova Milli Elmlər Akademiyası ilə birgə Petru Kostinin unikal kolleksiyası Ginnesin rekordlar kitabına daxil edilməsinə müvəffəq olduq. Bu Moldovanın üçüncü belə sertifikatıdır. Yəni Azərbaycan diasporu təkcə diasporumuzun Moldova cəmiyyətinə inteqrasiyasına deyil, həm də ikinci vətənimiz olan Moldova qarşısında da borcumuzu verməklə onun imicinin dünyada möhkəmlənməsi naminə də bu illər ərzində çalışıb. Konqresin dəstəyi ilə ilk dəfə Moldova tarixində maestro George Mustyanın rəhbərliyi ilə Dmitri Kantemirin “musiqi şedevrləri” musiqi albomu hazırlandı.Yeri gəlmişkən, Dmitri Kantemir eyni zamanda türk milli musiqi notlaşmasının müəllifidir.

Bir ay əvvəl Moldovanın milli məhsulu olan və hamının sevimlisi “ Prune neqro ku nuç” Moldova tarixində ilk dəfə olaraq Konqresin təşəbbüsü və dəstəyi ilə “Moldova deserti” adıynan ticarət markası olaraq “təminatlı milli məhsul “ kimi qeydiyyata alınıb və Moldova dövlətinə hədiyyə edilib.

Konqres tərəfindən çoxsaylı konsertlər təşkil olunub. Bir neçəsini xatırladım. Böyük sənətkar Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş və Moldova ulduzlarının iştirakı ilə keçirilən konsertlər, Azərbaycanın Xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlovun Mariya Biyeşu adına beynəlxal festivaldaiştirakı, Azərbaycan əməkdar artisti, gözəl ifaçı Şirzad Fətəliyevin konserti. Hazırda Böyük Britaniyada yaşayan Gülnarə Raylyanu-Hacıyevanin solo konserti. Başqa çoxlu kosertlər də var.

İki il əvvəl istedadlı rəssam Sevil Qoryuk-Məmmədovanın müəllif sərgisini təşkil etdik.

Yaşayış yerlərini dəyişənə qədər iki peşəkar dil müəlliminin iştirakı ilə təşkil etdiyimiz ikisinifli “bazar günü məktəbi” bir neçə il ərzində öz uğurlu fəaliyyətini davam etdirib. Təhsil zamanı şagirdlərin evdən alınması və evə gətirilməsi də bizim tərəfimizdən təmin edilirdi. Müxtətlif universitetlərdə, həmçinin ULİM və Komrat Dövlət Universitetində Azərbaycan mədəniyyət mərkəzləri səfirliyimizlə birgə yaradıldı.

Hər il Konqres, diasporumuzun uşaqlarını Yeni il münasibətilə təbrik edərək, onlara hədiyyələr və əyləncəli proqramlar təşkil edib.

Həmvətənlərimiz,eləcə də müxtəlif qocalar evləri üçün İslam adətlərinə müvafiq şəkildə Qurban bayramı, həmçinin II Dünya Müharibəsinin veteranları üçün Qələbə bayramı və digər əlamətdar təqvim günlərinin keçirilməsini, eyni zamanda müxtəlif səviyyəli yardımların verilməsini təmin etmişik.

Konqresə ünvanlanan müxtəlif, çoxsaylı doğru və obyektiv olan müraciətlər nə hüquqi, nə maddi baxımdan heç vaxt cavabsız qalmayıb.

Əminəm, bəzilərinizdə belə bir sual yaranıb ki, bəs son illər ərzində nədən illik yığıncaqlar keçirilməyib ? Görünür həm də yuxarıda sadalanan işlər görülüb deyə hesab etmişik ki, bu işləri hamı görürvə bilir, bu işlər şəffaf və aydındır, hamı da olmasa əksəriyyət bu işlərdən xəbərdardır və onları qiymətləndirir. Digər tərəfdən biz hər il akkreditasiya olduğumuz Etnik Əlaqələr Bürosuna rəsmi hesabat vermişik, indi bu təşkilat, bildiyimiz kimi Etnik əlaqələr Agentliyi adlanır. Əlbəttə, bütün bunlar hansısa normativ sənədləri pozmaq üçün bəhanə vermir, odur ki, mən həm öz adımdan, həm də bütün komanda adından sizdən üzr istəyirəm.

Bir mühüm məqamı diqqətinizə çatdırmağı lazım bilirəm. Bu illər ərzində biz, Konqres olaraq nə Azərbaycanın, nə Moldovanın hər hansı dövlət və ya hökumət strukturundan, yaxud yerli özünü idarəetmə təşkilatından bir qəpik olsa belə vəsait almamışıq və buna ehtiyacda olmayıb. Bu səbəbdən bizim maliyyəçilərə, sponsorlara lazımı mərhələlərdə, gərək olan məbləğdə mənimlə bərabər könüllü şəkildə vəsait ayırdıqlarına görə dərin təşəkkür edirəm, sağ olsunlar.

Bu illər ərzində göstərdiyniz etimada görə sizin hər birinizə bir daha ürəkdən təşəkkür edirəm.

Yeni seçilən komandaya bayaq söylədiyim kimi uğurlar arzu edirəm. Və təkrar edirəm, Azərbaycanın Moldovadakı diaspor hərəkatının təməlində dayanan banilərindən başlayaraq bu günkü rəhbərliyin numayəndələrinə qədər kimsənin köməyi gərək olacaqsa, inanıram ki, heç kim köməyin əsirgəməyəcək, mən də həmçinin.

Diqqətiniz üçün cox sağ olun!../525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031