“Ürək daşı” Tovuzda təqdim olundu

Tarix:14-05-2019, 22:14 Baxış Sayı:102

“Ürək daşı” Tovuzda təqdim olundu
Tovuz rayonunun Qovlar şəhərində yerləşən “Tovuz Gənclər Evi”ndə şair-publisist Əkbər Qoşalının "Zirvəkitab" layihəsindən nəşr olunmuş şeirlər kitabı “Ürək daşı”nın təqdimat və imza günü keçirilib.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİB) və Tovuz Gənclər Evinin (TGE) təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan TGE direktoru Rauf Rüstəmov iştirakçıları salamlayaraq, rəhbəri olduğu qurumun fəaliyyəti, funksiyaları haqqında bilgi verib. O, bugünkü tədbirdə şeirə-sənətə vurğun oxucuların, şeir-sənət dostu müəllimlərin, tələbə-gənclərin, ədəbi yaradıcılığa meyl edən yuxarı sinif şagirdlərinin, habelə rəsmi şəxslərin iştirak etdiyini bildirib. Rauf Rüstəmov vurğulayıb ki, Gənclər və İdman Nazirliyinin, rayon İcra Hakimiyyətinin, Tovuz seçicilərini Milli Məclisdə təmsil edən Qənirə Paşayevanın ardıcıl dəstək və iştirakı ilə TGE-də belə tədbirlər davamlı olaraq keçirilir.

Q.Paşayeva poeziyanın, ümumən ədəbiyyatın cəmiyyətin, özəlliklə gənc nəslin bədii təfəkkürünün və zövqünün formalaşmasında özünə¬məxsus rol oynadığını qeyd edib. Sözünə davam edən Q.Paşayeva deyib: “Tovuz Gənclər Evində belə bir tədbirin keçirilməsi həm ədəbiyyata bəslənən duyğuların, söz sənətinə verilən xəlqi və dövləti dəstəyin ifadəsidir, həm də, biləvasitə müəllifin özünə, onun yaradıcılığına münasibətdir. Salonda tək bir boş yerin olmaması, iştirakçıların böyük çoxunun gənclərdən ibarət olması isə məncə daha xoşd və fərqləndiriləcək məqamdır. Çünki özü yeni nəsil yazarlarını təmsil edən müəllif, uzun müddət məhz gənclərlə işləyib, istedadlı gənclərin üzə çıxmasına, onların yaradıcılıq örnəklərinin respublika və ümumtürk miqyasında tanınmasına çalışıb.

Ümumən Əkbər Qoşalı imzası həm bir şair olaraq, həm də bir ictimai xadim olaraq daha çox türk dünyası ilə assosiasiya olunur. Bu da təsadüfi deyil – məhz onun təşəbbüsü ilə qurulan Dünya Gənc Türk Yazarlar Birliyinə (DGTYB) başçılıq etdiyi müddətdə də, bugün də, o qardaş ölkə və topluluqlarda tədbirlər təşkil edir, kitablar nəşr etdirir. Bu planda, Əkbər Qoşalının dəvəti iıə respublikamıza gələn qələm adamlarının, nüfuzlu ədiblərin öz ölkələrinə döndükdən sonra Azərbaycan həqiqətləri barədə yazdıqlarını qədirbilənliklə xatırlatmaq istərdim.

Bilirsiz, ədəbiyyat ideyalı olanda daha təsiredici, daha sirayətedici olur; ədəbiyyatçı öz mə-ram və məqsədini dəqiq biləndə onun qurduğu birlik də cəmiyyətdə, ictimai fikirdə mövqe sahibi olur.

Təsadüfi deyil ki, “Ürək daşı”nın Bakıda böyük təqdimat və imza günü keçirilərkən, “AzərKitab”ın bugünlərdə tərtib etdiyi “II Kitab Festival”ında imza günü təşkil olunarkən və hazırki tədbirdə oxucu marağı açıq-aydın görünür. Belə tədbirlərdə mötəbər insanların, ziyalıların iştirakı xüsusi hörmətə layiqdir. Şadam ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi, Tovuz rayon İcra Hakimiyyəti Başçısının müavini, Tovuz Təhsil şöbəsinin müdiri, Tovuz Gənclər və İdman İdarəsinin rəisi, “Zirvə” Tədris Mərkəzinin direktoru, “ZirvəKitab” layihəsinin rəhbəri və siz bütün dəyərli dostlar bu gün burdasız.

Əlbəttə, Əkbər Qoşalı yaradıcılığının məziyyətləri haqqında yazılıb, deyilib, bugünkü təqdimatda da bu barədə danışılacaq və sizin üçün imzalanacaq “Ürək daşı”ndan da bu barədə öyrənəcəksiz. Ümidvaram, şair öz yeni şeirlərini də sizlərlə bölüşəcək.

Bir daha hər birinizə dəvətimizi qəbul edib, bu tədbirə gəldiyiniz üçün təşəkkür edir, müəllifə isə yeni yaradıcılıq uğurları diləyirəm!”

Sonra Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Tovuz Təhsil şöbəsinin müdiri Validə Hüseynova, Aşağı Quşçu qəsəbəsində yaşayan el şairi Nazim Əhmədoğlu çıxış edib, ürək sözlərini bildirib. Çıxışçılar Əkbər Qoşalını bir yaradcı insan, vətənkeş ziyalı kimi xarakterizə edib, onun ədəbi yaradıcılığının ictimai fəaliyyəti ilə üzvi surətdə uzlaşdığını qeyd ediblər.

Ə.Qoşalı tədbir təşkilatçılarına, iştirakçılara könül dolusu təşəkkürünü yetirərək, belə tədbirlərin şərəfli olduğu qədər də, məsuliyyətli olduğunu deyib. O, öz yaradıcılıq yolu, ədəbiyyatın cəmiyyətin inkişafında yeri və rolu, “90-cılar” ədəbi nəslinin yaradıcılıq xüsusiyyətləri barədə fikirlərini bölüşüb, yeni şeirlərini oxuyub və oxucuların çoxsaylı suallarına cavab verib.

Tədbirin gedişində “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimov və “ZirvəKitab” layihəsinin rəhbəri, DGTYB Məclis başqanı İntiqam Yaşar tərəfindən Qənirə Paşayevaya, Gənclər Evinin direktoru Rauf Rüstəmova, Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirova, Tovuz rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə Bayramovaya, Tovuz Təhsil şöbəsinin müdiri Validə Hüseynovaya, Tovuz Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərova yeni nəsil ədəbiyyatının təbliği sahəsində xidmətlərinə görə “Fəxri Fərman” təqdim olunub.

Q.Paşayeva “Ürək daşı”ının müəllifi Əkbər Qoşalıya, həmçinin tədbirin təşkilində və gedişində fəallıq göstərən bir sıra şəxslərə hədiyyələr təqdim edib.

Sonda müəllif oxucular üçün “Ürək daşı” imzalayıb.

"Ürək daşı" şeirlər kitabının Sumqayıtda "Əli Kərim adına Poeziya Evi"ndə imza mərasiminin və Azərbaycan Yazıçılar Birliyində müzakirəsinin keçirilməsi nəzərdə tutulur./525.az/

MANERA.AZ təqdimatdan fotolar təqdim edir:

“Ürək daşı” Tovuzda təqdim olundu
“Ürək daşı” Tovuzda təqdim olundu
“Ürək daşı” Tovuzda təqdim olundu
“Ürək daşı” Tovuzda təqdim olundu
“Ürək daşı” Tovuzda təqdim olundu
“Ürək daşı” Tovuzda təqdim olundu

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ