Yazıçılar cəbhə bölgələrində » Manera.Az

Yazıçılar cəbhə bölgələrində

Tarix:6-08-2018, 13:55 Baxış Sayı:61

Yazıçılar cəbhə bölgələrində
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olan bir qrup yazıçı və şair cəbhə bölgəsinə səfər edib. Tədbir Azərbaycan Yazarlar Klubu İctimai Birliyinin “Canımız Qarabağ, yazımız Qarabağ -3” layihəsi çərçivəsində reallaşıb.

AYB-dən MANERA.AZ-a bildirib ki, səfər çərçivəsində ilk olaraq Beyləqan rayonunda məskunlaşmış xocavəndli qaçqınlarla görüş keçirilib.

Görüşdə AYB sədrinin layihələr üzrə müşaviri, Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-dramaturq Elçin Hüseynbəyli, AYB hərbi vətənpərvərlik bölməsinin rəhbəri, şair-bəstəkar Şahin Musaoğlu, Azərbaycan-Türkiyə Dostluq Cəmiyyətinin əlaqələndiricisi, şair İlqar Türkoğlu, yazıçı Aləm Kəngərli, AYB Beyləqan regional bölməsinin rəhbəri Asif Cəfərli, yerli şair və yazarlar iştirak ediblər.

Tədbiri Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Süleymanov açıb və sənət adamlarının məcburi köçkünlərlə görüşünün əlamətdar, yaddaqalan bir hadisə olduğunu bildirib.

Elçin Hüseynbəyli öz çıxışında layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında keçirilir, məcburi köçkünlərə, ordumuza dəstək və Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töhfə vermək məqsədi daşıyır.

Yazıçı onu da vurğulayıb ki, “Canımız Qarabağ, yazımız Qarabağ!” şüarı da təsadüfi seçilməyib. “Yazımız” deyəndə həm ordumuzun 2016-cı ilin aprel (Yaz) və 2018-ci ilin may (Şərurun Günnüt kəndinin azad edilməsi) zəfəri, həm də qələmlə, sözümüzlə düşmənə qarşı vuruşmaq nəzərdə tutulur. Yazıçı onu da xatırladıb ki, oxşar tədbir 3-cü ildir ki, keçirilir. Bundan əvvəl yazarlar digər cəbhə bölgələrində də olublar. Növbəti layihənin Naxçıvanın cəbhə bölgələrində, eləcə də ölkəmizin düşmənlə digər sərhəd bölgələrində keçirilməsi planlaşdırılır.

Bakıdan gələn qonaqlar yurd həsrəti çəkən soydaşlarının dərdinə şərik olduqlarını deyib və bu ruhda şeirlər səsləndiriblər.

Yazıçılar cəbhə bölgələrində

Həmin gün axşam yazarlar Beyləqan rayonundakı N saylı hərbi hissəyə gediblər. Zabit və əsgərlər qarşısında çıxış edən yazarlar Azərbaycan ordusunun getdikcə gücləndiyini və yaxın zamanlarda düşmən üzərində qələbə çalacağına inandıqlarını dilə gətiriblər.

Şair - bəstəkar Şahin Musaoğlu: “Mürəkkəb şəhid qanı qədər əzizdir və mən inanıram ki, həmin qanla və mürəkkəblə biz qələbəni bir yerdə qeyd edəcək və dastanlar yazacağıq!”– deyə əsgərləri qələbəyə səsləyib.

Sonra qələm adamları laçınlıların məskunlaşdığı “Taxta Körpü”də (Ağcabədi) olublar.

Yeni Azərbaycan Partiyası rayon təşkilatının akt salonunda keçirilən görüşü Laçın Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Cabir Əvəzzadə açıb. O qeyd edib ki, yazarların bu gəlişi onlara ruh verir və insanları qürurlandırır.

Layihə rəhbəri Elçin Hüseynbəyli dövlətimizin məcburi köçkünlərə qayğısından danışıb: “Yerindən-yurdundan məcburi qaçqın, köçkün düşmüş insanlara dövlət qayğısı artmaqdadır. Ancaq onlara nə cür gözəl şərait yaratsan da, gözləri öz doğma torpaqlarındadır. Bizim özgənin torpağında gözümüz yoxdur. Biz ədalət istəyirik. Ədalət isə torpaqlarımızın azadlığından keçir!”

Görüşlərdə Şahin Musaoğlunun bəstəsində artıq hitə çevrilmiş “Cənab leytenant”, “İgid əsgər möhkəm dayan” mahnıları səsləndirilib.

Tədbirin axırında yazarlar görüş iştirakçılarına Qarabağ döyüşçüləri və şəhidləri haqda mindən artıq kitab və disklər hədiyyə ediblər və xatirə şəkli çəkdiriblər.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ