"Yeni dövrdə Türkiyə-Azərbaycan əlaqələrində bütün sədlər aradan qalxacaq"

Tarix:4-07-2018, 08:32 Baxış Sayı:170

"Yeni dövrdə Türkiyə-Azərbaycan əlaqələrində bütün sədlər aradan qalxacaq"

"Türkiyədə keçirilən 24 iyun seçkiləri Rəcəb Təyyib Ərdoğanın dünya səviyyəli lider olduğunu təsdiqləyib".

Bu sözləri Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və tanıtma müşaviri, politoloq İrfan Çiftçi deyib.

O bildirib ki, başda Azərbaycan prezidenti İlham Əliyev olmaqla, dünyanın 100-dən artıq dövlət lideri Rəcəb Təyyib Ərdoğanı seçkilərdə qələbəsi münasibətilə təbrik edib, müxtəlif ölkələrdə bu seçki qalibiyyəti bayram tədbirləri ilə qeyd olunub.

İ.Çiftçi qeyd edib ki, Rəcəb Təyyib Ərdoğanın qələbəsi Türkiyə dövlətinin beynəlxaq miqyasda həyata keçirdiyi siyasətə, dünyada baş verən haqsızlıqlara qarşı mübarizəsinə verilən dəstəkdir.

Parlamentar sistemdən prezident idarə üsuluna keçidi dəyərləndirən politoloq qeyd edib ki, Türkiyədə hakimiyyət sistemində bu qədər köklü dəyişiklik ilk dəfə baş verir: "Türkiyə demokratiyası növbəti sınaqdan da uğurla çıxıb. Daxildə aparılan dəyərləndirmələr onu deməyə əsas verir ki, Türkiyədəki seçkilərdə hər kəs, o cümlədən, bütün siyasi partiyalar qazanıb. Yəni Ədalət və İnkişaf Partiyası ilə Millliyyətçi Hərəkat Partiyasının formalaşdırdığı milliyyətçi mühafizəkar ittifaq iqtidara keçib, Cümhuriyyət Xalq Partiyası Mühərrəm İncə kimi bir lider əldə edib və 30 il aradan sonra ilk dəfə seçkilərdə 30 faizin üstündə nəticəyə sahib olub.

Bundan başqa, Xalqların Demokratik Partiyası kürd milliyyətçiliyindən əl çəkərək, terrorizmlə siyasəti bir-birinə qarışdıran PKK ilə aralarına məsafə qoyaraq müxalifətdə özünə daha tutumlu yer edə bilib. Bu partiya kifayət qədər səs toplaya bilməsə də, daha demokratik solçu fəaliyyətə keçid etməklə seçkilərdə qazanan tərəflərdən biri olub. Eyni zamanda, budəfəki seçkilərdə orta təbəqə Meral Akşenər kimi siyasətçi, İyi Partiya kimi siyasi təşkilat qazanıb".

İ.Çiftçi bildirib ki, ümumilikdə 60 milyondan çox seçicinin iştirak etdiyi, partiyaların ittifaqlar şəklində qatıldığı, yeni formatda keçirilən seçkilər ictimai-siyasi sabitlik şəraitində baş tutub: "FETO ilə mübarizə ilə bağlı tətbiq olunan fövqəladə hal, Suriya və İraqda Türkiyə ordusunun terrorla mübarizə çərçivəsində həyata keçirdiyi hərbi əməliyyatlar dövründə müəyyən Qərb dairələrin iqtisadi təzyiq alətlərini də işə salmasına, xüsusilə dolların kursunun qaldırılmasına baxmayaraq, seçki prosesini sabitlik şəraitində, ölkə vətəndaşlarının müstəqil iradəsinə uyğun şəkildə keçirmək mümkün olub. Ona görə də bütün dünya Türkiyədəki seçkiləri təqdir edir, yüksək dəyərləndirir".

O qeyd edib ki, sürətlə qloballaşan müasir dünyanın tələblərinə uyğunlaşmaq, daxili və xarici siyasətə yeni məzmun gətirmək üçün Türkiyənin sistem dəyişikliyinə getməsi vacib idi: "Hazırda Rəcəb Təyyib Ərdoğanın qarşısında duran vacib məsələlərdən biri bu dəyişikliyi sürətli şəkildə reallaşdırmaqdır".

Türkiyə Böyük Millət Məclisində qurulacaq koalisiya hökuməti ilə bağlı məsələyə də toxunan, "Cümhur" İttifaqının özünü nə qədər doğruldacağına dair fikirlərini bildirən İ.Çiftçi qeyd edib ki, hələ 2016-cı ilin iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonra bu ittifaq formalaşmağa başlayıb: "FETO bu xain planı həyata keçirməyə çalışarkən Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalıdan 1-ci Ordu komandiri, general Ümid Dündara qədər milliyyətçi həssaslığı ilə seçilən nüfuzlu isimlər cəmiyyəti ətrafına toplayaraq dövlətə dəstək veriblər. Yəni bu ittifaq suni şəkildə yox, küçələrdə, meydanlarda xalqın qanla, mübarizə ilə formalaşdırdığı birlikdir. Ona görə də "Cümhur" İttifaqının parlamentdə koalisiya formalaşdırması təbii prosesdir".

Politoloq bildirib ki, hazırkı dövrdə Milliyyətçi Hərəkat Partiyasının türk milliyyətçiliyi həssaslığı və Ədalət və İnkişaf Partiyasının yürütdüyü prüalizm xətti ilə Türkiyə daha dinamik siyasi fəaliyyət ortaya qoyacaq.

Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyinə toxunan İ.Çiftçi hesab edir ki, iki ölkə arasında əlaqələrin tempini daha da yüksəltməyə ehtiyac var: "Sözsüz ki, ölkə liderləri arasında münasibətlər ən yüksək səviyyədədir. Bəlkə də Rəcəb Təyyib Ərdoğanla İlham Əliyev arasında olan bu böyük dostluq əlaqələri Türkiyə və Azərbaycan tarixində bir daha təkrarlanmayacaq. Ümid edirəm ki, bu fikrimdə yanılıram. Prezidentlərimiz bir-birini daha dərindən başa düşür. Arzu edirəm ki, Türkiyə və Azərbaycan arasında bu cür yaxınlıq, xoş münasibətlər bütün sahələrdə, dövlət və özəl qurumlar və onların rəhbərləri arasında müşahidə olunsun. Onlar iki ölkə arasında münasibətlərdə ən kiçik boşluğu belə doldurmalıdırlar. Bu mənada, təhsil qurumları arasında əlaqələrin daha da inkişaf etməsi, ticari əlaqələrin, mal-məhsul mübadiləsinin daha rahat şəkildə həyata keçirilməsi zəruridir. Məsələn, prezidentlər arasında Gömrük razılaşması olsa da, iki ilə yaxındır ki, bu, aşağı instansiyalara gəlib çıxmayıb. Yəni müvafiq alt qurumlar bu istiqamətdə daha ciddi, daha dərindən fəaliyyət göstərməlidirlər.

Bundan başqa, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr ucuzluqdan çıxmalı, daha böyük layihələr, müştərək fəaliyyətlər ortaya qoyulmalıdır. Bu mənada, düşünürəm ki, yeni dövrdə Türkiyə-Azərbaycan əlaqələrində bütün sədlər aradan qalxacaq, əməkdaşlığın hər sahədə daha da dərinləşməsi istiqamətində peşəkar çalışmalar həyata keçiriləcək". /525-ci qəzet

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ