"İçimizdəki ümiddir qalanları qoruyan" - MÜSAHİBƏ

Tarix:18-12-2017, 13:03 Baxış Sayı:1423

"İçimizdəki ümiddir qalanları qoruyan" - MÜSAHİBƏ
Müsahibimiz ADPU-nun Filologiya fakültəsinin «Azərbaycan dili və onun tədrisi metodikası» kafedrasının müəllimi, bütün tələbələrin dostu, dəyərli alim,şair Adil Həsən oğlu Balıyevdir.

- Adil müəllim, bu günlərdə yubiley yaşınızı qeyd edirsiz. Ötən 60 ili necə analiz edərsiz?

- Desəm ki, hazırda mən altmışı yox, altmış məni analiz edir, daha dəqiq cavab olar. İndi olmuşlar barədə hesabat tələb etmə və olacaqlar barədə şans tanıma haqqına sahib odur. Əslində 50 yaşdan sonra “səmavi komissiya” toplanmalı, bü dünyada etdiyimiz əməllərə xeyirxahlıq- bədxahlıq, haqlılıq-haqsızlıq şkalasında baxaraq bizlərə 5-10 il yaşam haqqı tanımalıdır. Yəni insana rahat yaşam haqqı da, dəyər də sağlığında verilməlidir. Geriyə boylananda son 10 ili 50 yaşa qədər edə bildiklərimin mükafatı kimi qəbul edirəm. Bundan sonra o mükafatın artıb-azalması mənim əməllərimə və “səmavi komissiyanın” insafına bağlı. Qaldı ki, “yubiley yaşı” dediyiniz ikinci növ təyini söz birləşməsinə, onun birinci tərəfi özüm olduğumdan nəsə deyə bilərəm, amma ikinic tərəfə cavabdeh uca Tanrıdır. Hələ ki, verdiklərindən peşiman deyiləm, şükür etməyi bacarıram. Bir şeirimdə dediyim kimi:

Tanrı qıydığından xırıd edirəm,
Ömür yonqarlanır, rəndəsi mənəm.
Sonu ona varan bir yol gedirəm,
Tanrının sevimli bəndəsi mənəm.


Hərdən mənə elə gəlir ki, 50-də, 60-da məlum rəqəmdən sonra gələn sıfır bir boşluqdur, insan bacardıqca o boşluğu doldurmalı, simvolik məchulluğu tamamlamalıdır. Ona görə də mən 60 illik yubileyi qeyd etmirəm, inşallah sıfırı məchulluqdan azad edib, 65 illiyimi Tanrının dəstəyi ilə qeyd edəcəm.

- Artıq 60 yaşınız var. Bir az əvvələ qayıdaq... Gənclik, uşaqlıq, məktəb illərinizi necə xatırlayırsız? Bu illər Sizə nəyi qazandırdı, nəyi əlinizdən aldı?

- Əvvələ qayıtmağı elə rahat deyirsən ki, Şəhla xanım, sanki, sürücüdən xahiş edirsən ki, qayıt, o yol kənarında duran qocanı götürək. Bir az əvvələ xatirələrimiz, mistik düşüncələrimiz qayıda bilər, amma özümüzün qayıtmağımız müşkül. Mistik qayıdışda isə bütün əzablara rəğmən məni böyüdüb, istəklərinin çin olmasını görməyən anamı, ağlım kəsəndən məni həyatın burulğanına buraxmayıb qolumdan yapışan atamı, hər dəfə məktəbli çantamı itirəndə kürəyimdə gizilti yaradan zoğal çubuğunun izlərini görürəm. Babalı, nənəli bəxtəvər uşaq olmamışam. Biz az şirindilli olmağım da şokolad olmadığından mənə qənd yedirdən ana babamın “səxavətliliyindən” gəlir. Onun da ölümünü dumanlı xatırlayıram. O, dünyasını dəyişəndə, anam çeşmə başında səhəng tini ilə başımı dağıdanda (məni görməsin deyə arxada gizlənmişdim) bapbalaca, saf bir uşaq idim. İndiki uşaqlar, maşallah, 3 yaşdan bəri olanları xatırlaya bilirlər. Biz kənd uşaqları isə 6-7 yaşdan o yana olanları demək olar ki, xatırlamırıq.

Anamın əlimdən tutub məktəbə apardığı gün, ilk müəllimlərimin (Surxay, Zöhrə) göstərdiyi nəvaziş, başıma çəkilən sığal, dartılmaqdan qızaran qulaqlar yaxşı yadımdadır. Tanıyanlar bilir ki, pis oxumamışam, amma şuluqluq və səhlənkarlığa görə hərdən danlanmağım, qulaqburmalar olurdu. Məktəb şagird komsomol komitəsinin katibi, yığma voleybol komandasının kapitanı titullarım olub. Dəyrəli, vicdanlı, qayğıkeş müəllimlərimin sayəsində orta məktəbi əla, universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Orta məktəbdən başlayaraq rayonun “Kənd həyatı” qəzetində, respublika mətbuatında imzam görünüb. Normal bir ailə sahibiyəm. Dərs dediyim universitetdə bacardığım qədər tələbə sevgisini qazanmağa çalışıram və azacıq da nail olmuşam. Bunlar hamısı qazandıqlarımdır. İtirdiklərim daha çox və ağrılı. Anamı, doğuldum yurdu, atamı, yaxın dostlarımı, uşaqlıq, gənclik xatirələrimi itirmişəm. “Ölüm haqdır” düşünüb, yaxınlarımın itkisinə bir az dözümlü yanaşsam da, yurd itkisi ilə heç cür barışa bilmirəm. Tozuna bulaşdığın küçələrdə dığaların gəzdiyini, oxuduğun məktəbin dəhlizlərində Aşotların qaçışdığını düşünəndə, bir zamanlar həsrətlə İrana baxdığın yurda indi İrandan boylandığını biləndə, 25 ilə yaxın bir müddətdə təcavüz ucbatından doğma ananın məzarını belə ziyarət edə bilməyəndə hansı vəziyyətdə ola bilərsən? “Yurd” deyə-deyə doğmalarımız dünyasın dəyişsə də, içimizdəki ümiddir qalanları qoruyan. İnanıram ki, itirdiklərimizi qaytara biləcəyimiz gün heç də uzaq da deyildir. Məşhur bir şeirdə deyildiyi kimi: Getməsək də, varmasaq da, bu yol bizim yolumuzdur”.

- Bu gün taleyinizdən razısınızmı?

- Bütün itirdiklərimə rəğmən şəxsi taleyimdən narazılığım yox, ancaq millətin. yurdun taleyindən nigaran heç yana getmək istəmirəm. Tale Tanrı əli ilə doldurulmuş sevgi, ünsiyyət, doğmalıq badəsidir. Onu əlində elə saxlamalısan ki, yanından ötən bir naşının əli dəymədən son damlaya qədər içib, Tanrıya şükür edə biləsən.
"İçimizdəki ümiddir qalanları qoruyan" - MÜSAHİBƏ
- Deyirlər, əgər gələcəkdə peşman olmaq istəmirsənsə, yoldaşını, işini, dostunu doğru seç. Bu baxımdan maraqlıdır, Adil Həsənoğlu hansısa seçimində peşman olubmu?

- Böyük mənada seçmə hüququ Tanrıya məxsus. Bəzən onun izn verdiyi sərhədlərdə biz də seçim edə bilirik. Valideynlərlə, yaxın qohumlarla bağlı seçim hüququmuz yasaq, onları bizə bağlayan bağlar, genetik kod Tanrıya aid. Səhvləri olsa, peşimançılıq versə belə onlardan “qopmaq” elə də asan olmur. Desəm ki, dostlarımın hamısını, həyat yoldaşımı, ixtisas və işimi ancaq özüm seçmişəm, yanlışlıq olar. Yoldaşımla bağlı seçimdən başqa, bütün seçimlərdə “imdad” edən olub. Dost seçiminə həyat və sınaqlar, peşə seçiminə müəllimlərim və atam yardım edib. 25 illik bir ailə həyatımsa onu təsdiqləyir ki, “suya sal iç” olmasam da yoldaşım da məni seçib. Tam səmimi deyim ki, seçimlərlə bağlı zərəcə peşimançılığım yox.

-Valideyn və ailə deyəndə ağlınıza və xatirinizə nələr gəlir?

- Valideyn və ailə deyəndə ilk ağlıma gələn o ki, valideyn haqqı Tanrı haqqı, onu pozmaq, ona haramçılıq qatmaq olmaz. Cənnət anaların ayağı altda və ataların səbr kasasındadır (bir az da pul kassasında). Ailə yoxdan var yaradan, zərrəni ümmüna çevirən gücdür. Atanın qürurlu və övladın başıuca gəzməyinin əsas qarantı anadır.
"İçimizdəki ümiddir qalanları qoruyan" - MÜSAHİBƏ
-Bir az da ədəbiyyat haqda danışaq... Bildiyimiz kimi, şeirlər də yazırsız. Şeir sizin üçün nəyi ifadə edir?

- Tam səmimi deyim ki, özümü heç vaxt şair kimi görməmişəm, böyük ehtimalla heç görməyəcəm də. Şeir sətənətində elə xaqanlar əyləşib ki, bizm o həndəvərdə dolanmağa belə talantımız çatmaz. Bunula demək istəmirəm ki, Füzulidən, Caviddən, Ramiz Rövşəndən sonra kimsə şeir yazmaq həvəsindən vaz keçsin. Bəlkə hələ böyük şeir, böyük ədəbiyyat qabaqdadır. Sadəcə mən öz istedadımın çəkisindən çıxış edərək belə yanaşıram. Maşallah, Ramiz Qusarçaylı, Aqşin Yenisey, Fərqanə, Nuranə Nur və s. kimi onlarla söz çələngin götürmə haqqına sahib yeni nəsil yetişir. Şeir mənim üçün daxildə gizlənmiş hansısa müsbət enerjini xaricə transfer etmək imkanıdır, funksional tarazlığın təminidir. Çalışıram ki, pisə nifrətimi, yaxşıya sevgimi onunla çatdırım. Bəzən yazdığım şeirlərdə o qədər yerində olmayan söz, fikir görürəm ki, deyirəm, ilahi, niyə qoymadın bu bulağın gözü daha aydın görünsün, bu bulağın suyu daha saf və içməli olsun? Şeirin mənim üçün birinci ifadə etdiyi məna sözün namusunu qorumaqdır, onu ləkələnməyə qoymamaqdır. Mənim düşüncəmə görə şeir şeir bilicilərindən çox, xalqın malı olmalıdır, xalqa nəsə verməlidir.

-Ədəbiyyata sevgi necə yarandı sizdə?

- Anam yun diddə-didə mənə kiçik nağıllar söyləyər, bunun vasitəsilə həm özünə köməkçi tapar, həm də məni ağıllandırardı. Uşaqlıqdan kitaba, bədii ədəbiyyata marağım güclü olub. Təsəvvür edin, 5-ci sinifdə Məryəm müəllimə “Dekameron” kitabını əlimdən alır və “yaşımdan və başımdan yekəliyə görə” anam məni kötəklə “mükafatlandırır”. Ədəbiyyata böyük sevgini isə məndə ədəbiyyat müəllimim İbrahim Hacıyev yaradıb. Rəhmətliyin səsi, diksiyası, danışıq tonu və əsərə, müəllifə məhrəm münasibəti indi də yadımdadır.

-Şeir yazarkən hansı nüanslara daha çox diqqət edirsiz?

- Şeirdə bir nüans həmişə diqqət mərkəzində olmalıdır: O, mənəvi qida süfrəsinə qoyulana qədər sənin şəxsi məhsulundur, süfrəyə qoyuldusa, oxucuların, xalqındır. Çalış zövqləri, min illiklər arxasından süzülüb gələn əxlaqi dəyərləri zədələmə, elə etmə ki, “Şairəm söyləyir, yerindən duran, adamın üzündə həya gərəkdir” yazsınlar.

- Necə düşünürsüz, Sizcə, müasir poeziyamızda hansı problemlər var?

- Cəmiyyətin hansı problemləri varsa, şeirin də problemləri ona düz mütənasibdir. Yarınma, məşhurlaşma xəstəliyi, ailə ədəbiyatı, şeir sayəsində sözün qürurunu yox, öz mənafeyini qorumaq istəyi və s. və ilaxır. Bir də qorxulu bir tendensiya da şeirdə “anlaşılmazlıqlar yaratmaqla” oxucunu “keçmişdə qalmış” kimi göstərmək istəyidir.

- Bəs postmodern ədəbiyyata münasibətiniz necədir?

- Ədəbi əsəri uzunömürlü edən həyat gerçəkliklərinə peşəkar dərzi əlindən çıxmış ölçülü-biçili don geyindirməkdir. Mahiyyət o libasa yaxşı hopacaqsa, daxildə olan da uzun müddət yeni, modern görünəcək. Postmodernizm ,əslində, qərb düşüncə və yaşam tərzinin məhsuludur. Mənə görə müasir ədəbiyyat gəlinin yüz il öncə faytonla, indi isə limuzinlə gəlməsini deyil, monolit, təməlində sevgi duran ailənin yaşam tərzini bədii təxəyyülün elementinə çevirməlidir.

- Yaradıcı insanlar mütləq azad olmalıdır deyirlər. Bəs Siz necə düşünürsüz?

-Azadlıq özü nisbi anlayıdır. Kimi üçün “Azadlıq” metro stansiyası, kimi üçün müstəqillik davasında xalq qərargahı olan “Azadlıq” meydanı, kimi üçün də iş fasiləsində oturub qarnını doyurduğu “Azadlıq” kafesidir. Yaradıcı sözü olan evdə mütilik, yarınma “kirayədə” belə qala bilməz. Bütün zamanlarda dövlət aparatı məngənə rolunu oynayıb, ona görə də yaradıcı adam o məngənəyə düşəndə, azadlığa “əlvida” deyir. Mənim üçün azadlıq bilirsiniz nədir? Siz Şəhla xanımın əli, yumruğu istənilən trayektoriyada hərəkət etsin, amma yumruq mənim burnuma toxunmamalıdır. O sərhəddə sənin və yumruğunun azadlığı bitir. Yaradıcı adam da öz sərhədlərini az da olsa tanımalıdır.

- Adil müəllim, 60 illik yubileyinizi necə keçirəcəksiz?

- 6-nın yanındakı sıfırı mənalandırandan sonra 65 illik yubileyimi Tanrının köməyi ilə keçirəcəm. Bu günsə dostlardan, məni sevənlərdən, tələbə yoldaşlarımdan və tələbələrimdən təbriklər gözləyəcəm.

- Biz də sizi Manera.az olaraq təbrik edirik,yeni yaradıcılıq uğurları diləyirik.

- Qiymətli vaxtınızı mənə ayrıdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm!



Yubilyarın şeirlərini oxuculara təqdim edirik:


MƏNƏM

Tanrı qıydıqların xırıd edirəm,
Ömür yonqarlanır, rəndəsi, mənəm.
Sonu ona varan bir yol gedirəm,
Tanrının sevimli bəndəsi, mənəm.

Qəlbimdə İsanın, Musanın yeri,
Mənim gözlərimdə Məhəmməd diri.
Günah daşıyıram özümdən iri,
Adəmin, Həvvanın nəvəsi, mənəm.

“Tövrat”da gözə nur, qəlbə çırağam,
“İncil”də düz sözəm, haqqa yarağam,
“Quran”da göylərdən səsəm, sorağam,
Dinlərin birinci səhifəsi, mənəm.

Məndən öncə gedən, çatıb mənzilə,
Məndən sonralar da gələn var hələ,
Qocalıb torpağa yem olsam belə,
Göylərin yaşamaq həvəsi, mənəm!

KİŞİLƏR

Dostum Hüseynin fotomuza "Yaxşı kişilər" qeydinə cavab

Nə özünü aldat, nə də ki, bizi,
Çoxdan azalıbdı yaxşı kişilər.
Ocaqda qovrulub, odda bişməyib,
Üfürsən sınacaq saxsı kişilər.

Solamı burulsun, sağa bilməyib,
Bir quru səhraya yağa bilməyib.
Atın üzəngisin yığa bilməyib,
Düzülüb yollara taksi kişilər.

Buxarı papaq da qoymayır indi,
Muğamı, yallını duymayır indi.
"İran təranəsi" oynayır indi
Göbəklə bitirir rəqsi kişilər.

KƏNDİR

Nə sən sevilənsən, nə də mən sevən,
Boynuma sarılma, sarılma, kəndir,
Görsən ki, diriyəm, boğa bilmədin,
Bəxtinə darılma, darılma, kəndir!

Həyat yollarında yorulsam bir vaxt,
Dərddə için-için qovrulsam bir vaxt,
Ən "hərif" müştərin mən olsam bir vaxt,
Sən Alllah qırılma, qırılma, kəndir.

Ünvansız bir ünvan duracaq olsa
Bir kəlmə min qəlbi qıracaq olsa,.
Bu dava bizləri yoracaq olsa,
1Sən özün yorulma, yorulma, kəndir.

QORX

("Heç kimdən, heç nədən qorxmuram" deyənə)

Adam bir az qorxaq olar,
Boz ədalı yerişdən, qorx.
Üzdə yalan bir qəhqəhə,
Dalda donan gülüşdən, qorx.

Halalıq dadı olmuyan,
Mələk qanadı olmuyan,
Allahın adı olmuyan,
Hər əməldən, hər işdən, qorx.

Sevməz səni, özün öyən,
Sözdən qaçan, əhdi əyən
Canavara gəl-gəl deyən,
İştahaçan örüşdən,qorx.

Adilin var məsləhəti,
Sonu əvvəl demə qəti.
Gələcək Tanrı qisməti,
Qorxanda da keçmişdən,qorx.


Şəhla ASLAN
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ