Tanınmış jurnalistdən ETİRAF - Sənə məktub yazıram. Yazıram ki... |MANERA.AZ

Tarix:26-11-2016, 11:10 Baxış Sayı:1004

Tanınmış jurnalistdən ETİRAF - Sənə məktub yazıram. Yazıram ki... |MANERA.AZ
Naməlum dosta məktub...

Əvvəla salam! Salamdan sonra özümün sağ-salamat olduğumu yazıram. Sən necəsən, Dostum? Bakıda havalar soyuyub, şaxtadır. Yaz görüm, sənin şəhərində hava necədir? Bəlkə də elə eyni şəhərdə yaşayırıq səninlə.

Mən sənə nə yazacağımı düşünəndə, bəlkə də indi "facebook"da oturub ya kiminsə şəklinin aşağısındakı "like" düyməsini sıxırsan, yaxud bəlkə də yuxuya gedib gələcəkdə qismətinə kimin çıxacağını görürsən.

"Son ilədək müəyyən sıxıntılarım vardı" yazmaq istəyərdim, amma "vardı" sözünün sonundakı "dı" şəkilçisini ixtisar etməyə məcburam.
Çünki...sıxıntıların "çünki"si olmur. Uzaqdan müşahidə edənlərə dərd-kədərdən uzaq, pozitiv biri kimi görünməyə çalışıram. Hərdən alınır, amma çox hallarda yox. Bilirəm ki, ya gözlərim, ya da hərəkətlərim məni "ələ verir". Çoxdan məni zahirən tərk etmiş, amma daxilimdə gizlənən uşaqlığımın buraxdığı izləri indi simamda olmasa da qəlbimin dərinliyində gizlədirəm (istəsəm də tərk etmir ki məni).

Demək olar ki hər kəs keçmişdə olub-bitənləri yaddaşımda saxladığım, tez-tez xatırladığım üçün məni məzəmmət edir. Mən bu sirri də ilk dəfə sənə açıram:

Uşaqlıq dövründə heç dostum olmayıb, bilirsənmi. Ancaq evimizdəki o "sehirli qutu" və həmin qutudan boylanan əmi, dayı və xalalarla dostluq etmişəm: uzaqdan-uzağa, onlar məni tanımadan. Mənim varlığımdan belə xəbərdar olmadan onları özümə sirdaş hesab eləmişəm. O dövrdən illər keçsə də, uşaqlıqdan mənə miras qalan bu xüsusiyyətimdən əl çəkə bilmirəm. İndi yaşımın bu çağında, uşaqlığımın "sehirli qutusundan" boylanan çoxsaylı gerçək dostlarım var.

Sənə bir etiraf da edim: Əgər doğrusunu bilmək istəsən, mənə televiziyanı da daxilimdəki boşluq və tənhalıq duyğuları sevdirib. Sən heç tənhalığın insanda sevgi yarada biləcəyini yəqin ağlına belə gətirməmisən.

Daha bir etirafım: Məktəb dövründə hər kəsin olduğu kimi əlbəttə ki, mənim də ürəyimcə olan qızlar olub. Amma onların sayı o qədər az idi ki, hər birinin adını indi də xatırlayıram. O zaman müxtəlif siniflərdə sevdiyimi sandığım o məktəbli qızların çoxunun adı belə yadımdadır...

Mən axı bütün bunları sənə niyə yazmalıyam ki? Bəlkə də elə yazsam yaxşıdır. Sən ki məni tanımırsan. Deməli, tənqid edə və ya yazdıqlarımı kiməsə danışa bilməyəcəksən. Hə, harada qalmışdıq? Sevgilərdə! Daha bir etirafımı oxu: Hər sevgimin bir mahnısı var idi. Yəni, dinləyib sevdiyim mahnıları zaman-zaman onlara aid edirdim, platonik sevgilərə...

Hə, hə...platonik. Çünki, sevdiyimi sandığım və ya sevdiyim qızların heç birinin bundan xəbəri olmayıb. İndi istəyirsən məni "qorxaq" adlandır, lap istəyirsən "cəsarətsiz" de. Amma belə olub, hər zaman gizli sevmişəm. Bu yaxınlarda da birinə aşiq olacaqdım. Amma deyəsən hər kəsin inandığı Allahın bu dəfə artıq mənə rəhmi gəldi.
Sevdiyimi sandığım o xanım tanışlığımız kimi elə qəfil də yoxa çıxdı. Desəm ki indi artıq onu düşünmürəm, yalan olar. Lakin, buna baxmayaraq, "qismət deyilmiş" prinsipini bəlkə də həyatımda ilk dəfə rəhbər tutub, bu məsələnin arxasınca getməyəcəm.

Nə bilim, bəlkə də mənim "qismət deyilmiş" donu geyindirdiyim o nəsnənin adı qürurdu, bilmirəm.

Yerdə qalan işlər isə hələlik yolunda gedir. İndi hər gün həvəslə getdiyim işim, geri döndüyümdə evimizdə məni eyni sevgiylə gözləyən bir ailəm var. Məncə, ən azı bunlara görə yaşamağa və irəli baxmağa dəyər.
Səndən cavab gözləyəcəm. Hələlik!

Fərid Azəri,
Bakı ş, 24 noyabr 2016-cı il...


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ