AMEA-dan Afaq Məsuda: “Azərbaycan dilini bilmir, dilçi alimlərə irad tutur” MANERA.AZ

Tarix:24-09-2016, 15:00 Baxış Sayı:790

AMEA-dan Afaq Məsuda: “Azərbaycan dilini bilmir, dilçi alimlərə irad tutur”  MANERA.AZ

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsudun “Orfoqrafiya lüğəti”ni Azərbaycan dilindən tam xəbərsiz insanlar hazırlayıb” (BURADA) iradına AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri İsmayıl Məmmədli aqressiv reaksiya verib.

MANERA.AZ-ın məlumatına görə, İsmayıl Məmmədli bildirib ki, Azərbaycan dilinin “Orfoqrafiya lüğəti”ni hazırlayan alimlər ölkədə və xaricdə tanınmış akademiklərdir. Necə ola bilər ki, akademiklər Azərbaycan dilindən xəbərsiz olub: “O xanım dilçiləri tanımır. Ola bilər ki, özü Azərbaycan dilini bilmir, amma dilçi alimlərə irad tutur. O heç babası Əli Vəliyevin kitablarını oxumayıb”.

İ.Məmmədli bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Dövlət Dil Komissiyasının, Elmi Şuranın, Şərq-Qərb nəşriyyatının xeyir-duası ilə nəşr edilib. Lüğətin bütün tərtibçiləri də Azərbaycan dilinin qrammatikasından xəbəri olan elmlər doktorları, professorlardır. Ağamusa Axundov, Nəriman Seyidəliyev, Aydın Ələkbərov, Nadir Məmmədli, İsmayıl Məmmədli, yoxsa Bəhruz Abdullayev Azərbaycan dilindən xəbərsizdir?”.

İ.Məmmədli lüğətdə bəzi sözlərin səhv verilməsinə də aydınlıq gətirib: “Bu lüğəti hazırlayanlar illərdir lüğətçiliklə məşğul olur. Mən özüm 40 ildən çoxdur lüğətçiliklə məşğulam. Necə ola bilər ki, mənim qrammatikadan xəbərim olmasın? O jurnalistdir, dildən, lüğətdən xəbəri yoxdur. Lüğətin hazırlanması elə prosesdir ki, orada səhvlər ola bilər. Ağamusa Axundov 2004-cü ilin lüğətini hazırlayanda 9 sözü verməyi unutmuşdu. Əliheydər Orucovun hazırladığı 1975-ci il nəşrində “stəkan” sözü yox idi. Sözlər yaddan çıxa bilər. Lüğət daim təkmilləşir. Əvvəlki lüğətdə iki cür yazılan – yorğun və yorluq, kəsəkəs və kəsakəs kimi sözlər var idi. Bu səhvi 2013-cü il nəşrində aradan qaldırmışıq. Hər nəşrdə lüğət bir az da təkmilləşir. Səhvlər tədricən düzəlir. Lüğət kollektiv işdir, İsmayıl Məmmədlinin əsəri deyil. Ola bilər ki, korrektədə müəyyən dəyişiklik edilə bilər”.

İ.Məmmədli A.Məsudun lüğətdəki bəzi sözlərin süni şəkildə təşkil etdiyi, dili “söz ehtiyatımızı artıraq” devizi altında minlərlə əcaib, qondarma sözlərlə doldurulması barədə fikirlərinin əsassız olduğunu deyib: “Onun fikrinə görə, ehtiyac yoxdur, mənə görə ehtiyac var. Əgər sözlər dildə varsa, işlədilirsə, onu lüğətə salmalıyıq. Ehtiyac olmazsa, o sözü işlədərlər?”.

Qeyd edək ki, A.Məsud Tərcümə Mərkəzi tərəfindən lüğət hazırlandığını bildirib. Bu da dildən istifadə edənlərin sözü yazarkən hansı lüğətə əsaslanacağı ilə bağlı sual yaradır. İ.Məmmədov bildirdi ki, lüğət hazırlamaq Dilçilik İnstitutu Lüğətçilik şöbəsinin işidir:

“Bizim institut rəhbərliyi tərəfindən Tərcümə Mərkəzinə bu barədə məlumat verilib. Lüğətin hazırlanması bizə tapşırılıb. Bu məsələdə onların kommersiya marağı var. Görünür, Tərcümə Mərkəzini bu maraq dilləndirir. Qiyməti 28 manat olan 25 min tirajla nəşr edilən kitabın satışından yaxşı gəlir götürə bilərlər”.

A.Məsudun yeni “Orfoqrafiya lüğəti”nə 700-dən çox ötən əsrin 50-60-cı illəri və sonrakı dövr ədəbiyyatlarına istinad olunan təmiz Azərbaycan sözlərinin daxil ediləcəyi ilə bağlı fikrinə də rəy bildirən İ.Məmmədli deyib ki, “Orfoqrafiya lüğəti” Dilçilik İnstitutunun əmlakıdır və Dilçilik İnstitutu onu özü hazırlayır, indiyə kimi də belə olub: “Söz əlavə etmək istəyirlərsə, təklif kimi bizə göndərsinlər, biz də nəzərə alarıq”. / Hurriyyet.org

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ