manera.az
manera.az

MART FACİƏSİ - Günahkarlar hələ də cəzalanmayıb... | MANERA.AZ

MART FACİƏSİ - Günahkarlar hələ də cəzalanmayıb... | MANERA.AZ
1918-ci il 31 mart. Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törədiblər.

Soyqırımı nəticəsində təkcə Bakıda 12 min azərbaycanlı qətlə yetirilib. Aprel və may aylarında ermənilər Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlını xüsusi qəddarlıqla öldürüblər.

Hazırda 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.


Martın 30-da Versii.com internet nəşrində hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü Arif Cəmil oğlu Quliyevin azərbaycanlıların soyqırımından bəhs edən “Azərbaycanda mart faciəsindən bir əsr keçir, günahkarlar isə hələ də cəzalanmayıb” sərlövhəli məqaləsi dərc olunub.


Məqaləni təqdim edirik.

Hər il martın 31-də Azərbaycanlıların Soyqırımı Günü Azərbaycanda dövlət səviyyəsində qeyd edilir. Bu, son 100 ildə Azərbaycanda baş vermiş qanlı hadisələrin qurbanlarının xatirə günüdür. 1918-ci il martın 30-31-də Bakı kommunasının başçıları şovinist ermənilərlə birlikdə müsəlman əhaliyə qarşı tarixdə görünməmiş qırğın törətmişdilər.

Birinci Dünya müharibəsi Rusiya imperiyasındakı sosial-iqtisadi, siyasi və milli problemləri son həddə çatdırmışdı. 1917-ci ilin fevralında çar hakimiyyətinin nisbətən sürətlə və ağrısız devrilməsi Rusiya cəmiyyətinin praktiki olaraq bütün sahələrində böhranlı vəziyyətin dərinliyi ilə izah edilir. Cənubi Qafqazda fevral inqilabından sonra yaranmış siyasi şəraitin ən səciyyəvi xüsusiyyəti bu regionda fəaliyyət göstərən üç (gürcü, azərbaycanlı və erməni) milli hərəkatın məqsəd və niyyətlərinin eyni olmaması idi. Bu baxımdan Azərbaycan və erməni milli hərəkatları arasında xüsusilə ciddi fərqlər müşahidə olunurdu. İş burasındadır ki, erməni milli hərəkatına faktiki rəhbərlik edən “Daşnaksütyun” partiyası regionda gələcək erməni muxtariyyətinin hipotetik məkanını müəyyən edərkən Azərbaycanın və Gürcüstanın geniş tarixi torpaqlarını da həmin muxtariyyətin tərkibinə daxil edirdi.

Lakin Azərbaycan və erməni siyasi qüvvələri arasında fərqlər təkcə bununla məhdudlaşmırdı. Məsələn, “Daşnaksütyun” başda olmaqla erməni partiyaları Azərbaycan milli qüvvələrindən fərqli olaraq Müvəqqəti Hökumətin müharibəni qələbəyə qədər davam etdirmək üçün israrlı səylərini qətiyyətlə dəstəkləyirdi.

Müharibə və sülh məsələsində ermənilərlə azərbaycanlıların bu cür diametral əks mövqe tutması iki xalqın qarşılıqlı münasibətlərində qarşıdurma meyillərinin güclənməsinə şərait yaratmış əsas amillərdən biri oldu.

Erməni terrorizmi Azərbaycanın və Türkiyənin tarixində qara kabus kimi qanlı iz qoyub. Deyə bilərik ki, XX əsr türklərə, türk dilində danışan hər kəsə münasibətdə ermənilərin hədsiz nifrəti və görünməmiş vəhşilikləri ilə yadda qalıb. Erməni millətçilərin Azərbaycan xalqına qarşı soyqırımı və təcavüz siyasətinin tarixi artıq iki yüz ilə çatıb. Bu qanlı siyasətin məqsədi azərbaycanlıları onların tarixi torpaqlarından qovmaq, “azad edilmiş” ərazidə erməni tarixçi və ideoloqların xəstə təxəyyülünün məhsulu olan “böyük Ermənistan” dövləti yaratmaqdır.

Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev erməni millətçilərinin hərəkətlərinə hərtərəfli siyasi-hüquqi qiymət verən Fərman imzaladı. Bu sənəd azərbaycanlıların bugünkü və gələcək nəsillərinin milli yaddaşının qorunub saxlanması üçün bir növ zəruri proqramdır. Azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətini ifşa edən bu tarixi Fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”.

Ötən illər ərzində Azərbaycan dövləti soyqırımı və etnik təmizləmələr haqqında həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq üçün böyük işlər görüb. Fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulub, soyqırımı və terror siyasəti öz əksini tapıb. Rusiya imperiyası Cənubi Qafqazda öz mövqeyini möhkəmlətmək istəyirdi, Ermənistan isə əzəli Azərbaycan torpaqlarını ələ keçirmək və orada “böyük Ermənistan” qurmaq arzusunda idi.

Hələ 1721-ci ildə - Qafqaza yürüş və Azərbaycanın Xəzəryanı ərazilərinin, o cümlədən Bakının işğalı zamanı yerli əhalinin ciddi müqaviməti ilə üzləşən I Pyotr öz məqsədlərinə nail olmaq üçün ermənilərdən istifadə edirdi. O, ermənilərin Bakıda və Dərbənddə yerləşdirilməsi barədə göstəriş verdi. II Yekaterina bu siyasəti davam etdirərək 1768-ci ildə ermənilərin imperiya tərəfindən müdafiə olunması barədə fərman imzaladı. 1802-ci ildə isə imperator I Aleksandr Qafqaz canişini knyaz Pavel Sisyanova konkret təlimat vermişdi: “Azərbaycan xanlıqlarını işğal etmək üçün nəyin bahasına olursa-olsun, ermənilərdən istifadə etmək lazımdır”.

Azərbaycan torpaqlarının işğal tarixi bu dövrdən başlanır. Azərbaycanın iki hissəyə bölünməsi ilə nəticələnmiş Gülüstan və Türkmənçay müqavilələri ermənilərin Azərbaycan torpaqlarında məskunlaşması prosesini sürətləndirdi. Türkmənçay müqaviləsi imzalanandan dərhal sonra, 1828-ci il martın 21-də imperator I Nikolayın fərmanına əsasən İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “erməni vilayəti” yaradıldı. Faktiki olaraq, bu sənədlə Azərbaycan ərazisində gələcək Ermənistanın yaradılmasının təməli qoyuldu. Statistik məlumatlara görə, həmin dövrdə İrəvan şəhərində 7 mindən çox azərbaycanlı və təxminən 2,5 min erməni yaşayırdı. Türkmənçay müqaviləsi imzalanandan sonra daha 40 min erməni İrandan İrəvana, Qarabağa və Naxçıvana köçürüldü. 1829-cu və 1878-ci illərin rus-türk müharibələrindən sonra da ermənilərin həmin ərazilərdə məskunlaşdırılması davam etdirildi. Türkiyədən 85 min erməni Azərbaycan torpaqlarına köçürüldü. Bütün bu proseslər azərbaycanlı əhalinin zorla qovulması və qətlə yetirilməsi ilə müşayiət olunurdu.

Bolşeviklər daşnakları öz tərəfinə çəkmək üçün aldadıcı yem kimi V.İ.Lenin və İ.V.Stalin tərəfindən imzalanmış 1917-ci il 29 dekabr tarixli “Türkiyə Ermənistanı haqqında dekret” adlı sənəddən də istifadə edirdilər. Bu dekret rus qoşunları tərəfindən müvəqqəti işğal edilmiş Türkiyə ərazisində erməni muxtariyyəti yaradılmasını nəzərdə tuturdu. Üstəlik, bolşevik rəhbərlər ehtiyatlı tərpənərək bu dekretin həyata keçirilməsini Bakı bolşeviklərinin rəhbəri S.Şaumyana həvalə etdilər. Ona tapşırılmışdı ki, “məzlum erməni xalqının əsrlər boyu gözlədiyi milli ideyanın həyata keçirilməsi üçün” erməni təşkilatlarına hər vəsaitə ilə kömək göstərilsin.

XIX əsrin ikinci yarısında azərbaycanlılara qarşı soyqırımı planlı xarakter aldı. Bu sərsəm ideyanın ideoloqları Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində “böyük Ermənistan” yaratmaq niyyətinə düşərək “Qınçak” (1887-ci il, Cenevrə), “Daşnaksütyun” (1890-cı il, Tiflis), “Erməni vətənpərvərlər ittifaqı” (1895-ci il, Nyu-York) kimi terror təşkilatları yaradırlar. Bu təşkilatların proqramlarında azərbaycanlılara qarşı terror aktları törətmək barədə göstərişlər var. 1905-1907-ci illərin rus inqilabı terrorçular üçün “geniş imkanlar” yaratdı. Ermənilər qarışıqlıqdan istifadə edərək Bakıda, Şuşada, Zəngəzur qəzasında, Qarabağda kütləvi qırğınlar törətdilər, Azərbaycanın 75 yaşayış məntəqəsini yerlə-yeksan etdilər.

1905-1907-ci illər inqilabından sonra azərbaycanlılara qarşı deportasiya və soyqırımı prosesi gizli surətdə davam etdirildi. O dövrün statistik məlumatları da bu faktı təsdiqləyir. 1916-cı ildə dərc edilmiş məlumatlara görə, İrəvan quberniyasının əhalisi 40 dəfə artaraq 570 min nəfərə çatmışdı. Eyni vaxtda quberniyanın azərbaycanlı əhalisinin sayı 4,6 dəfə azalmışdı. Deportasiyalara və sıxışdırmalara baxmayaraq, İrəvan quberniyasında 247 min azərbaycanlı yaşayırdı. Bu, quberniyanın bütün sakinlərinin ümumi sayının 45 faizini təşkil edirdi.

1914-cü ildə başlanmış Birinci Dünya müharibəsi və bunun ardınca 1917-ci il inqilabı Azərbaycana qarşı iddiaları təzələmək üçün əlverişli şərait yaratdı. 1915-ci ilin əvvəlində Türkiyənin şimal-şərq əyalətlərinin erməni əhalisi Osmanlı dövlətinə qarşı təhrikçiliyə başladı, türkləri kütləvi şəkildə qırdı və deportasiya etdi. Erməni hərbi dəstələri ilə birlikdə xeyli erməni Türkiyə ərazisindən İrəvan quberniyasına, Zəngəzura və Qarabağa köçdü. Rus ordusuna arxalanan ermənilər əvvəlcə Naxçıvanda və İrəvanda, sonra isə Qarabağda və Azərbaycanın digər regionlarında dinc sakinlərə divan tutdular.

Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında imzalanmış Ərzurum sazişinə uyğun olaraq, rus qoşunları Qafqaz cəbhəsindəki mövqelərini tərk etdilər və onların yerini erməni silahlı dəstələri tutdu. Ermənilər yaranmış hərc-mərclikdən istifadə edərək azərbaycanlılara qarşı terroru genişləndirdilər. 1918-ci ilin mart ayına qədər İrəvan quberniyasında 199 Azərbaycan kəndi qarət edilib yandırılmışdı. Bu ərazilərdə yaşayan 135 min azərbaycanlının bir qismi qırıldı, qalanları isə Türkiyə qoşunlarının nəzarətində olan regionlarında gizlənməyə məcbur oldular.

Dinc əhalinin qırılmasına 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz məsələləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. Qafqazın sovetləşdirilməsi siyasətinin həyata keçirilməsi və rus qoşunlarının işğalı altında olan ərazilərdə “böyük Ermənistan” yaradılması üçün Şaumyana fövqəladə səlahiyyətlər verilmişdi. Birinci Dünya müharibəsinin gedişində baş vermiş dəyişikliklər ermənilərin planları üçün olduqca münasib idi. Lakin 1918-ci ilin martında Brest-Litovsk sülh sazişi bağlanandan sonra rus ordusu Qars, Ərdəhan və Batumini tərk etdi, bu regionlar Türkiyənin tabeliyinə keçdi. Türkiyə hökuməti bu vilayətlərin azad olunmasını tələb etdi. İrandan və Türkiyədən qayıtmış rus və erməni qoşunlarının bir qismi Bakıda yerləşdirildi. Şaumyan bu silahlı dəstələrdən azərbaycanlılara qarşı istifadə etməyi qərara aldı. Həmin dövrdə Bakıda az sayda müsəlmanlardan ibarət könüllü hərbi qulluqçu vardı. Yaranmış vəziyyət Şaumyanın öz planlarını həyata keçirməsi üçün yaxşı fürsət oldu. İndi qan tökülməsi üçün bir bəhanə lazım idi. Nəhayət, Şaumyan bu faktdan istifadə etdi ki, müsəlman hərbi qulluqçular Lənkərandakı könüllülərə silah göndərməyi qərara alıblar. O, Azərbaycanın cənubundakı bu şəhərə silah və sursat göndərilməsinə mane olmağı əmr etdi. Atışma başlandı, ölənlər və yaralananlar oldu. Şaumyan bundan istifadə edərək rusları və erməniləri azərbaycanlılara qarşı qızışdırdı və Bakıda müsəlman əhalinin tarixdə görünməmiş qırğını başlandı.

Martın 30-da səhər erməni-bolşevik dəstələri şəhəri hərbi gəmilərdən atəşə tutdular. Artilleriya atəşindən sonra silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq, onları amansızcasına qətlə yetirməyə başladılar. Martın 31-dən aprelin 1-nə keçən gecə azərbaycanlı əhaliyə qarşı qırğın kütləvi xarakter aldı. Üç gün ərzində Bakıda 17 min nəfər öldürüldü. Şaumyanın erməni-bolşevik dəstələri Bakı sakinlərinə 400 milyon rubl həcmində maddi ziyan vurdular. Bundan əlavə, müsəlmanların ziyarətgahlarının çoxu dağıdıldı. Ağır toplardan Təzəpir məscidinə atəş açan daşnaklar və bolşeviklər Bakının möhtəşəm memarlıq abidələrindən biri olan “İsmailiyyə” binasını yandırdılar. Martın 30-dan aprelin 2-dək təşkil edilmiş qanlı qırğın nəticəsində ermənilər Şamaxıda 8027 azərbaycanlını (o cümlədən 2560 qadını və 1277 uşağı) öldürdülər, 53 müsəlman kəndini tamamilə yandırdılar. Azğınlaşmış daşnaklar Quba qəzasında 162 kəndi məhv etdilər, 16 mindən çox dinc sakini qətlə yetirdilər. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürüldü. Dağlıq Qarabağda 160 Azərbaycan yaşayış məntəqəsi yerlə-yeksan edildi, Şuşada qırğın törədildi. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirdilər. 10 mindən çox insan doğma yurdundan qovuldu. Ermənilər təkcə Bakıda 30 minə yaxın sakini xüsusi amansızlıqla öldürdülər.

Şamaxıda 58 kənd dağıdıldı, 7 min dinc sakin (1653 qadın və 965 uşaq) məhv edildi. Ermənilər Quba ərazisində 122, Yuxarı Qarabağda 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kəndi yerlə-yeksan etdilər, yaş və cinsə məhəl qoymadan minlərlə adam öldürüldü. İrəvan quberniyasının azərbaycanlı əhalisinin çoxsaylı müraciətlərindən birində (müraciət “Əməkçi” qəzetinin 1919-cu il 2 noyabr tarixli 231-ci nömrəsində dərc olunmuşdu) göstərilir ki, qısa müddətdə Azərbaycanın bu tarixi şəhərində və onun ətraf yerlərində 88 kənd dağıdılıb, 1920 adam yandırılıb. Sovet ideologiyasının hakim olduğu 70 il ərzində mart hadisələri istorioqrafiyada “vətəndaş müharibəsi”, “əksinqilabi qiyam” kimi təqdim edilib, əslində isə xalqımıza qarşı bolşevik-daşnak qüvvələrinin növbəti soyqırımı olub. Qırğının təşkilatçısı S.Şaumyan 1918-ci il aprelin 13-də RSFSR XKS-ə göndərdiyi teleqramda yazırdı: “Biz piyada dəstəmizə hücumdan bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bu gün bizim 6 minlik silahlı qüvvəmiz var. Daşnakların 3-4 min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımıza keçdi. Məhz onların iştirakı vətəndaş müharibəsinə millətlərarası qırğın xarakteri verdi. Lakin bunun qarşısını almaq mümkün olmadı. Biz bilərəkdən buna yol verdik. Əgər azərbaycanlılar qalib gəlsəydilər, Bakı Azərbaycanın paytaxtı elan olunacaqdı”.

Göründüyü kimi, azərbaycanlılara qarşı açıq soyqırımı həyata keçirilib. Ermənilər Azərbaycanı, o cümlədən Bakını votçinaya çevirmək niyyətində idilər. Azərbaycan xalqına uzun illər öz tarixinin faciəvi səhifələri haqqında məlumat verilməyib. Saxta sovet ideoloji göstərişləri və saxtalaşdırılmış tarix həmin illərin hadisələrini tamam başqa şəkildə təqdim edib. Dəhşətli soyqırımı qurbanlarının dəfn olunduğu qəbiristanlığın üstünə beton tökülərək, orada Kirova abidə ucaldıldı, ətrafında park salındı. Bu mənada 18 il əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış Fərman təkcə tarixi ədalətin bərpa olunması baxımından deyil, həm də xalqımızı öz kökünə, mənəvi-əxlaqi dəyərlərinə qaytarmaq, torpağa, Vətənə bağlılıq baxımından mühüm sənəddir.

Bolşevik-daşnak dəstələri tərəfindən həyata keçirilmiş mart qətliamına ilk obyektiv siyasi qiyməti vermək cəhdi 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini bəyan etdikdən sonra olub. Bu məqsədlə 1918-ci il iyunun 15-də Azərbaycan hökuməti “Avropa müharibəsi başlanandan bəri bütün Zaqafqaziya hüdudlarında müsəlmanlar üzərində törədilən zorakılığın araşdırılması üçün” Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etdi.

Fövqəladə Təhqiqat Komissiyası azərbaycanlılara qarşı bütün zorakılıq hallarının və onun 1918-ci il mart hadisələrinin gedişində həyata keçirilməsi vəziyyətinin qeydə alınması istiqamətində böyük işlər görüb. Komissiyanın topladığı materiallar əsasında mart hadisəsinin təqsirkarlarına qarşı onlarla cinayət işi açılıb.

Təəssüf ki, Azərbaycanın bolşevik qoşunları tərəfindən işğal edilməsinə gətirib çıxaran və respublikanın dövlət müstəqilliyinə son qoyan 1920-ci ilin aprel hadisələri komissiyanın bu işi başa çatdırmasına imkan vermədi. Azərbaycanda hakimiyyəti ələ keçirən bolşeviklər nəinki komissiyanın fəaliyyətini dayandırdılar, həm də mart faciəsi dərslərinin Azərbaycan xalqının tarixi yaddaşından silinməsi üçün əllərindən gələni əsirgəmədilər.

Azərbaycan tarixçiləri yalnız SSRİ-nin dağılmasından sonra 1918-ci ilin qanlı mart hadisələrinin səbəblərinin, xarakterinin və nəticələrinin obyektiv tədqiqinə başlamaq imkanı qazanıblar.

Tarixi şəraitə görə iki əsr ərzində baş vermiş hadisələrə obyektiv qiymət vermək mümkün olmayıb. Son illər Azərbaycan Respublikası bu istiqamətdə öz fəaliyyətini gücləndirib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı bu işi daha mükəmməl və ardıcıl həyata keçirməyə imkan yaradır. Bu sənəd çox illər əvvəl baş vermiş hadisələr haqqında həqiqəti açıqlayır və xalqın tarixi yaddaşını təzələyir. Azərbaycan Prezidenti İlham Əliyev 1918-ci ilin mart hadisələrinin növbəti ildönümü ilə əlaqədar xalqa müraciətində vurğulayıb: “Azərbaycan hökuməti və vətəndaşları, xaricdə yaşayan soydaşlarımız qarşısında bu gün bir-biri ilə sıx bağlı olan iki mühüm vəzifə durur: ərazilərimizin işğaldan azad olunmasına, məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılmasına nail olmaq və azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, hiyləgər erməni təbliğatının saxta tezislərini ifşa etmək. Bu vəzifələrin həlli üçün biz işğalçı Ermənistana qarşı siyasi, hüquqi, iqtisadi, ideoloji təzyiq vasitələrindən istifadə etməli, bütün daxili və xarici imkanlardan bəhrələnməliyik. Ermənistan iqtisadi və hərbi potensial baxımından bizimlə rəqabət aparmaq gücündə deyildir”.

Bu baxımdan Azərbaycan və Türkiyə diaspor təşkilatları rəhbərlərinin Forumu aktual məna daşıyır. Həmin tədbirin yekunları gələcəkdə erməni lobbisinin qarşısında güclü sərhədlər qoymağın və qəti təbliğat hücumuna keçməyin mümkün olacağına ümid etməyə əsas verir.

Azərbaycan rəhbərliyinin siyasi iradəsi, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti nəticəsində azərbaycanlılar qarşıya qoyulan məqsədə, o cümlədən ərazi bütövlüyü və suverenliyin bərpasına, əsrlər boyu əsl soyqırımını həyata keçirənləri, insanlar və xalqlar arasında nifrət və düşmənçiliyi təbliğ edənləri ifşa etməyə nail olacaqlar.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930