Oxunub : 647 | Tarix : 31-03-2016, 12:33 | Bölmə: Gundem / foto

Xalq Artistinin doğum günüdür VİDEO  | MANERA.AZ
MANERA.AZ xəbər verir ki, bu gün 80 yaşını qeyd etdiyimiz istedadlı bəstəkar, Xalq Artisti, cazmen, pianoçu Rafiq Babayev Bakıda musiqiçi ailəsində dünyaya göz açıb, musiqi təhsilinin bütün pillələrində uğur qazanmağı bacarıb.

Caz musiqisinə böyük həvəsi, improvizasiya etmə bacarığı, ailədən gələn musiqiçi istedadı, sanki bu gəncin gələcək həyat yolunu müəyyən edirdi. Musiqi məktəbinin buraxılış imtahanında klassik musiqidən əlavə amerikalı caz pianist Bill Evansın kompozisiyasını da ifa edən Rafiq Babayev bu addımı ilə görkəmli bəstəkar Fikrət Əmirovun rəğbətini qazanır və caz dünyasına ilk addımlarını atmış olur.

Təhsilini başa vurduqdan sonra özünün caz-instrumental qrupunu yaradan Rafiq Babayev SSRİ turnesinə çıxır, bir sıra caz festivallarının laureatı olur.

1965-ci ildə o, özünün rəhbərlik etdiyi instrumental caz kvartetinin və Teymur Mirzəyevin Bakı vokal kvintetinin birləşməsi nəticəsində yaranmış “Qaya” caz vokal instrumental ansamblının musiqi rəhbəri təyin edilir.

Rafiq Babayev 1978-ci ildə Azərbaycan SSR-in Əməkdar Artisti, 1993-cü ildə isə müstəqil Azərbaycanın Xalq Artisti adlarına layiq görülür. Milli musiqini cazla sintez edərək ona yeni nəfəs verən istedadlı bəstəkar 20-dən çox bədii və sənədli ekran əsərinə, həmçinin cizgi filminə musiqi bəstələyib.

1993-cü ildə çəkilmiş “Təhminə və Zaur” filminin saundtreki olan “Əlvida” kompozisiyası daha sonra bir sıra müğənnilər tərəfindən oxunsa da, Rafiq Babayevin ifasında təkrarolunmazdı.

19 mart 1994-cü ildə Bakı metrosunda törədilmiş terror nəticəsində ölənlərin arasında Rafiq Babayevin də adı var. Ömründə ilk və son dəfə yer altına enən dahi sənətkar həyata elə oradaca əlvida dedi.

Bu gün Rafiq Babayevin əziz xatirəsi hər bir azərbaycanlının düşüncələrində yaşayır.



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər