Nəsiminin farsca divanından 12 qəzəl

Tarix:6-07-2019, 22:20 Baxış Sayı:159

Nəsiminin farsca divanından 12 qəzəl
Manera.az Nəsiminin farsca divanından 12 qəzəli təqdim edir:

1.

Yarəb, bizim o fitnəkar sevgilimizə nə oldu
Ki, bizim yüz yerə parçalamış qəlbimizi (yenidən) hicran ilə incitdi?

Ey xuda, bizim səyyarə kimi (dövr edən) o şahımızı
özünün uca xoşbəxtliyində nöqsan və zavaldan qoru.

Onun ayrılığının əli əzab qılıncı ilə bizim qan ud)durul(an
qəmgin ("xəste”) qəlbimizi hər an parçalayır.

Bizim zalım taleyimizin sonunu gətirməsi üçün ilahi lütfün yoluna bir ümidimiz var.
Onun könül qulağına bizim sərgərdan və avara könlümüzün halını kim gizlicə çatdırar?

[Həqiqət aləmində mənim baxışım ona tərəf olduğundan
mən görənəm ("nazir”), o, bizim nəzərimizə görünəndir ("mənzur”)].

Bu dövrdə yar üzünün vüsalından başqa,
Nəsimi, bizim biçarə könlümüzə kim çarə edər?

2.

Sübh üfüqdən üzünü göstərdi, camı dövrəyə gətir,
Bu sərxoş rindin başından qəm xəyalını ("xəyal-e qəm”) apar.

Ey xəlvətə çəkilən sufi, rindlərdən bir (şərab) qədəhi götür,
Nə vaxtadək başının qazanında xam xəyallar ("malxuliya-ye xam”) bişirəcəksən?

Günlərini ("əyyam”) puç etmə, bu günü fürsət bil,
Dövranın ədalətsizliyini gör, vaxtla ("əyyam”) ədalətli davran.

Ey zərgər fələk! Mənim torpağımı qızıla döndər ki, (o) bir cam olsun,
Bəlkə dodağım o şirin al dodaqdan ("ləl-e şirin”) kamını ala.

Cahanda bu gün adım oruclu və mömin oldu,
Sabah, yarəb, məhşərə xəcalətdən bu adı necə aparacağam?

Nə vaxtadək öz əməlindən danışacaqsan? (Halbuki) bütxana ağuşundadır,
Ey daim səcdə edən və abid olan, lakin (sənin bu səcdə və ibadətin) bütlərə (doğrudur).

Ey şəm, əgər bir gecə onun məclisində səba yelini tapsan,
Könlünü əldən vermiş aşiqdən könül çalan o sevgiliyə bu ismarışı söylə

Ki, ey saçının gecəsindən mənim gündüzüm qara, bəxtim pərişan olan,
Sənin sübhə bənzər üzünlə bir gecə axşamı necə gündüzə döndərə bilərəm?

Ey sabaha güvənən, məni huri (nin yanına) dəvət etmə, ona görə ki, mən
Gümüşbədənli sevgilini bu gün (bu dünyada) əldə etmişəm.

Ey yolkəsən saç və xalı can və könül quşunun ovçusu olan,
Bəh-bəh, bu dəni və o tələni yaxşı gətirmisən.

O "əlif” kimi qədd olmadan qəmdən qəddim bir "lam” oldu,
Haçan o "əlif” ilə bu "lam”ı bir gecə bir-birinə dolaşmış necə görəcəyəm?...

Əzəl günündə Nəsiminin torpağı şərabla yoğuruldu,
Ey ayüzlü saqi, o al (hərfən: atəş) rəngli suyu gətir.

[Uşaqlar bu sərxoş qocanın dalınca düşsünlər
deyə könül cavanlarla şərab içməyimi arzulayır].
(Qeyd. Sədinin qəzəlindən təzmin olan sonuncu beyt bəzi nüsxələrdə yer alır).

3.

Sənin gözün məni xəlvət guşəsindən meyxanaya çəkir,
Sənin zəncir kimi zülfün məni divanə edir.

Şərab, cam və qədəhdən əlimizi çəkmiş idik, lakin
Sənin dodağın yenə məni şəraba doğru çəkib aparır.

Sənin şərab rəngli dodağının eşqi ilə əgər torpaq olsam,
Mənim meyxanaya olan rəğbətim zərrəcə azalmaz.

Sənin xalının dənəsini gördüyüm [o] gün dedim:
Sənin zülfünün tələsi bu dənə ilə məni ovlayacaqdır.

Üzünü məndən gizləmə, ey üzünün eşqi şəm kimi
bir şöləsi ilə məni pərvanə kimi yüz dəfə yandıran.

[Əgər məni darağın başı kimi yüz parça etsən də,
sənin qara saçının ucunun sevdasını tərk etmərəm].

Ey zahid, mənə gözəl ("şahid”) və şərabdan tövbə etdirmə,
çünki mənim sənin kimi əfsanə (dinləməyə) qabil bir qulağım yoxdur.

Bütün ömür boyu mənəm, meyxana və rindlərin söhbətidir,
Ey Xacə, xəlvət küncü bizim mənzilimiz deyil.

Zəmanə mənim cismimin tilsimini qırsa da, hələ
Mənim pərişan könlümdə sənin eşqinin xəzinəsi var.

Dünyada qiblə və mehrabdan nişanə olduqca
Mənim canımın qibləsi cananın üzündən başqası olmayacaq.

Onun qapısının torpağı bizim başımıza şahanə tac olduqca
Nəsimi kimi tac və üzük qaşının sahibiyəm.

4.

Məna əhlinə sənin vüsalın olmadan behişt və huri haramdır,
Ona görə sənin vüsalın təcəllanı istəyənlərin məqsədidir.

Əgər Tuba (ağacının) kölgəsi sənin qamət(in)ə görə qiyamət qopararsa,
Cənnət əhli Tubanı (sənin qamətinin) kölgə(si)nin altında oturdarlar.

Sənin camalın əgər cənnətdə hər an cilvələnib görünməzsə,
Arifin qəlbinin yanğısı cənnətin ən uca qatına gedib çıxar.

Dünyanın qəmi və dinin qayğısı arifin könlünə sığmaz,
Çünki din və dünyanın həvəsi eşq sevdası olmayan başda olur.

Sənin üzünü görmə xəyalının qonaq olduğu o məkanda
Dünya və axirət qəminin sığışacağı bir yer yoxdur.

Onun üzünün şəminin nurundan İsada bir nur var idi,
Buna görə İsaya bir məbud olaraq sitayiş etdilər.

Maninin xəyalında yaratdığı o surət sənin üzün deyil,
Bu düşüncədə (olan) Mani surətin rəsmini necə çəkər?

Sənin üzünün və zülfünün odundan ("nar”) "min lədün” elminə keçməsi məqsədilə
Musaya oddan "Mən əziz Allaham” cavabı gəldi.

Eşitmişəm ki, Leylinin üzü Məcnunu divanə edir,
Bu nə gözəllikdir ki, təaləllah, Leylini divanə edir.

Cahanın sultanları, yəni sənin küçənin başında (duran) qullardır,
(Onlar) Kəsranın taxt-tacına nəzər salmazlar.

Həq-Təalanın fəzlinin nəzəri Nəsiminin üzərində olduğu üçün iddiaçının zülmü,
düşmənin əzab və tənəsinə (dözmək) asandır.

5.

Tövhid aləmində nə alçaqlıq, nə yüksəklik?
Həqiqət yolunda nə müsəlman, nə kafir ("tərsa”)?

Bizim surət aləmində söz "biz”dən və "mən”dən getdiyi halda,
Məna mülkündə "mən” və "biz” söhbəti olmur.

Təcəlla zatının parıltısı olan yerdə şəkil və surətin ad və əlaməti tapıla bilməz.

Günəşin nurunun aydın göründüyü [o] anda cahanın zərrələrini
tamamilə rəqs halında görə bilərsən. (hərfən: rəqsdə tapa bilərsən)

Sənin üzündə zat olduqca çoxluq şəklində görünürsə,
Orada (bir-birinə) bağlandığı an (bu kəsrət) vəhdət olur.

Sənin sonun əvvəl oldu, sənin əvvəlin son oldu,
Çünki dairədə baş və ayaqdan bir əlamət yoxdur.

Sən özünü tanı və Allahı tanıyan ol,
Ey Xacə, sənə müəmmanın sirri aydın olar

Və əgər sən özünə yol tap (ıb özünü tanıya) bilmirsənsə,
Ey, bəs, sabah sənə barmağını dişləmək qalacaq.

Əzəl məclisində bu camdan birlikdə şərab içənlər "ələst”in sərxoşu olan kimsələrdir.

Nəsimi bəyan etdiyi bu (yol) Haqqın yoludur,
"Və Allah şahiddir və Allah şahid olaraq yetər”.

6.

Bu aşiqlərin hüzurudur, salam olsun!
Ariflərinin söhbətidir, salam olsun!

Yar bizimlə mənəvi səmadadır,
Əgər nəzər salsan, aşkar (görünər), salam olsun!

Eşq səmasında yenə rəqs edirik,
Bu mənaların bəyanıdır, salam olsun!

Sərxoş olanların ağası bizim seçilmişlərimizin seçilmişidir
(Qayğıdan) azad olanların məclisidir, salam olsun!

Harada bir zövq varsa, de (ki), oraya qədəm bas,
Seyidin canı oradadır, salam olsun!

7.

Ey eşqindən fələk kimi bizim başımızı döndərən,
Sənin eşq sevdan bizim qəlbimizə qəm atəşi saldı.

Həmişə Sənə dost olmuşuq və (bu gün) də eləyik,
Nə qədər ki, sənin nişanən var, bizdə onun təsiri olacaqdır.

Hər gecə bizim "Ya Rəb” (nidamız) və (hər) səhər
duamızdan mələkut (aləmində) nə fəryad və (nə) nalə olduğunu dinlə.

Biz sənin eşqinlə ona görə diriyik ki, sənin günəşə bənzər üzün
bizdən bir zərrə əsər-əlamət qoymadı.

Bizim gözümüzün torpağından tapdıqları hər bir zərrə
sənin üzünün surətinin aynasından başqa bir şey deyil.

Bizim varlığımızda (atəşdə) yanmamış quru və yaş (heç nə) yoxdur,
Ey eşq sevdasının atəşi bizim quru və yaşımızda olan.

Sənin ayağının (altında gedən) axar su kimi alçaqda olduğumuzdan
Sənin sərvə bənzər boyunun kölgəsində bizim başımız ucalıb.

Sənin gözəllik məmləkətinin hədd və kənarı olmadığından
Sənin üzünün eşqinə görə bizim yolçuluğumuz necə başa çatar?

Ey onun üzünü aya bənzədən, məgər sən xudanın surətindən
və bizim ay(üzlü)müzün simasındən xəcalət çəkmirsən?

Sənin üzündən başqa bizim gözümüzün (önünə) kimin surəti gələr?
Ey gözümüz üzünün surət aynasına baxan.

Ey qanlı yaşlar axıdan göz, bizim keçdiyimiz yolda
tufan olmamışdan öncə kirpiklərdən sel axıt.

Ey can, əgər Fəzli-xudanın qədəminin torpağı olsan,
Nəsimi kimi bizim qızıl və gümüşümüzü götürüb apara bilərsən.

8.

Əgər siz gözünüzün önündə olanın hamısını bilsəniz,
Gecə-gündüz gözünüzün yolundan qan saçırsınız.

Könül gözünüzü açın və yaxşı baxın,
Ömür keçir, necə dünyanın zindanında qala bilirsiniz?

Elə ki, dünyanın ardınca gedirsən, din əldən gedir
Və dünyanın verdiyi faydanın ardınca (gedərək) siz ziyan içindəsiniz.

Qarşınızda əcəb uzaq və uzun bir yol vardır,
Bu yolda yaxşı çalışıb, siz (özünüzü) göstərin.

Elə bir insan yoxdur ki, bu yolda qarşısında bir qapı olmasın,
Əgər tərəddüd ("güman”) içindəsinizsə, məzarlara nəzər salın.

Əgər qəzavü qədərin yayından sənə əcəl oxu dəyərsə,
Həmin ox üçün, həqiqətən, siz hamınız nişangahdasınız.

Ey Nəsimi, sənin kimi bir günəş dünyaya gəldi,
Siz hamınız o gizli nurun zərrələrisiniz.

9.

Ey saqi, sənin yaqut rəngli dodaqlarının eşqindən canımız cuşa gəldi,
Bizim Xızırımızsan, bizim dirilik suyumuzdan şərab gətir.

Sənin yaqut rəngli dodağınla əzəl günündə canü könüldən əhd-peyman bağladıq,
Sənin yaqut rəngli dodağının şərabı və bizim əhdimiz əbədiyyətədəkdir.

Bizim dərmansız dərdimizin çarəsi sənin vüsalından başqa bir şey deyil,
Ey vüsalı dərmansız dərdimin təbibi olan.

Aşiqlərə iki aləmdə öz cananının canı olan sənsən,
Ey könül, səndən ayrı bir can necə bizim cananımız olar?

Bizim rizvanımızın cənnət bağçası sənin küçənin torpağından başqa bir yer deyil,
Bundan başqa bir cənnət bağçası hanı? Ey bizim rizvanımızın cənnət bağçası.

Yəqubun gözü sənin ay kimi üzünün qəmindən kor oldu ("şod sefid”),
Ey bizim Yusifi-Kənanımız, quyunun dibindən çıx.

Sənin saç və üzün gül və reyhanımız olduğu
müddətcə gül və reyhana nəzər salmaq istəmirəm.

Sonunda biz(im qəlbimizdəki eşq atəşinin) tüstüsü bacadan çıxacaqdır,
Bizim yanan atəşimiz necə belə gizli qalar?

Əgər Nuh kimi gəmin vardırsa, dağ və səhranı başdan-başa bizim tufanımız tutarsa
belə, qərq olmayacaqsan.

Zərgər çox iri və dəyərli mirvarinin ("dürri-yetim”) qiymətini yaxşı bilir,
Ey bizim dəryamızın gövhəri, sən də öz dəyərini bil.

Sənin saçın və üzünün surəsi olaraq, Həqdən "Nur” və "Düxan” (surələri) gəldi,
Ey bizim şənimizə Allahdan endirilmiş bir surə olan.

Əzəl günündən sənin üzünün kitabını Həqqə görə oxuyuruq,
Ey danışan söz, bizim Quranımızın ayəti budur.

Ömür sənin saçının eşq sevdasında keçdi və (bu) yol sona yetmədi
Ah bizim bu uzaq sövdamızın və sonu görünməyən yolun (əlindən).

Sənin eşq havanda Nəsimi çərxi-fələk kimi dolana-dolana sona yetdi,
Ey bizim didərgin canımız saçının zindanında əsir olan.

10.

Nə qədər ki, bizim canımızda sənin Tuba qəddinin eşqi vardır,
Bizim şanımızda "Tuba ləhum” ayəti nazil olmuşdur.

Nə qədər ki, bizim qiblə və imanımız olmuşdur,
var və olacaq, aşiqin qiblə və imanı dost üzündən başqası deyil.

Əzəl günündə səninlə məhəbbət əhdi bağladığımız üçün
Bizim əhdimiz sənin gözəlliyin kimi ədəbiyyətədək qalacaqdır.

Bu din və könül – bizim bu pərişan hallı könlümüz
və sərgərdan canımız yenidən sənin zülfünün ucuna getmək istəyir.

Al rəngli göz yaşı şahid olaraq gəldi, üzün sarılığı dəlil oldu,
Bizim halımızı sübut və dəlilimizə görə müqayisə edərək (dəyərləndir).

Yuxu ona görə bizim gözümüzə xoş görünmür ki,
Sənin xəyalının sultanın qoşunu gecə və gündüz bizim qonağımızdır.

Əgər sənin üzünün vüsalı lütf edərək, bir gecə bizim qonağımız olarsa,
Bizin hüznlü komamız cənnət və cənnət bağı olar.

Bizim özəl dərdimizin halını, ey könül, təbibə söyləmə,
Çünki ara həkimi bizim dərmanımızı tapa bilməz.

Ulduzların şahı olan (günəş) əgər qul kimi öz yerində olarsa,
Bizim sultanımızın üzünün önündə belinə (qulluq) kəməri bağlar.

Onun zülfünün qoxusu Nəsimiyə hər an xitab edir
Ki, ey ruhbəsləyən səhər yeli ("nəsim”), bizimkisən, bizimkisən.

11.

Ey ruh bağışlayan üzü Cəm(şid)in dünyanı göstərən camı olan,
Alilərin ("kibriya”) zat və sifatı sənin üzündə aşkara çıxdı.

Sənin camalının xəttinin gözəlliyi Haqqın zatının eyni olduğu üçün
Həqqin zatı sənin camalında aşkara çıxdı və üzünü göstərdi.

Allahın ərşi onun üzü olduğu üçün Qədr gecəsində
otuz iki nitq onda istivadan təkbətək üzünü göstərdi.

Ey cavan, qiyamət günü sənin bədrlənmiş aya bənzər üzündən göründü,
Ayı (iki yerə) böldüyün üçün sənin saçının ucu iki dənə oldu.

[Otuz iki xətt bayram günü sənin üzündə göründüyü üçün
Otuz iki nitq ruh bağışlayan üzün o xəttindən aşkara çıxdı].

[Sənin üzünə mələk kimi səcdə edən kimsəni, həqiqətən,
Qiyamət günü sənin üzünün cənnəti cəzadan xilas edər].

Sənin üzünə ona görə səcdə edirəm ki, (o) mənim qibləmdir,
Namaz vaxtı (qəlb) yanğımı və arzumu dilə gətirirəm.

Namazda sənin üzünün "Fatihə”sini oxuduğum üçün
Mənim ibadətim qəbul oldu, Həqdən görüş nəsibim oldu.

[Sənin üzündən başqasına səcdə etmək Allahın yanında qəbul olmaz,
Ona görə mənim səcdəm sənin üzündən qeyrisinə deyil].

Allah sənin üzünün kitabının oxucusudur, çünki özü yazdı,
"Şəfa” surəsini oxuyanda öz gözəlliyinin şəhidi oldu.

Hər kəsin vücudu (həm) şahidin özü oldu, həm də özünün şəhidi oldu,
Elə ki, öz zatını bildi, haqqın zatı ilə görüş nəsibi oldu.

Onun zatı həmişə otuz ikinin gözəlliyinin aşiqi olur,
Həmişə və hər zaman özündə özünün axtarışında olur.

Həmişə oyaq Allahın zatı indi tamamilə aşkara çıxdı,
Müftəilün, məfailün, ta lə təla və ta lə la.

Qədim bəxşişlər sahibinin fəzli, qadın və kişinin yaradılışının xaliqi
Allaha görə həmişə öz surətindən xəbərdar idi.

Fəzlin üzünə səcdə et, çünki lütf ilə əzəl günündə
Fəzl öz fəzlindən sənin can və bədəni yoğurdu, ey Nəsimi.

[Baxmayaraq ki, Nəsimi o gözəlin yolunda torpaq oldu, amma
Könül əhli (onu) gözlərinə sürmə kimi çəkirlər].

12.

Ey üzü gözəllikdə dünyanı göstərən ayna olan
Və ey boyu gözəllikdə Tuba kimi yüz bitkidən daha yaxşı olan.

Mənim canımın sənin gözəl üzünün arzusu ilə özünü fəda etməsi üçün
Ey ay üzlü (gözəl), öz aşiqlərinə aradabir üzünü göstər.

Sənin üzün xalqın məqsədi, aşiqlərin də Kəbəsidir,
Onun üçün hər bir aləmdə sənin aşiqin olan təkcə biz deyilik.

Canlar canı, şübhəsiz, sənin zülfünün ucunda gəldiyi üçün
Əgər sən hər an üzünü göstərməzsən, bizdən yüz can gedər.

Ey saqi, könül alan yarın sərxoş gözünün xatirinə
Qalx və o rahatlıq verən şərabı qədəhin gözünə tök.

Qalx və qədəh gəmisini şərab ümmanına sal ki,
Bizim kimi bu dənizdə hikmətə bələd olasan.

Şəraba hörmət et, çünki (onu) Beytül-həramdan gətirdilər
Ki, onu içərək qəzavü qədərin sirlərinə vaqif olasan.

Onun acılığını həqiqət bil, çünki "doğru söz acıdır” demişlər,
Onun rəng və qoxusunu boş sanma, çünki o (cür sanma), uyğun olmaz.

(Ey) zahid, ixlas və doğruluqla şərab içmək
Yalan və riya ilə zöhdlə məşğul olmaqdan daha yaxşıdır.

Nəsiminin ömrü dilbərlərin eşqində sərf olundu, (lakin)
Öz ömrü boyu heç birindən əsla vəfa görmür.

Fars dilindən tərcümə edən:
Səadət Şıxıyeva
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ