Həm Adəm, həm İncəyurdsan - Rəfail İncəyurdun şeirləri

Tarix:4-07-2019, 12:00 Baxış Sayı:169

Həm Adəm, həm İncəyurdsan - Rəfail İncəyurdun şeirləri
Manera.az tanınmış şair Rəfail İncəyurdun 65 illiyi münasibəti ilə şeirlərini təqdim edir:

ŞEİRLƏ

Şairlik alnıma yazılan yazı,
Çölümə ad verir içim şeirlə.
Gəldim ki, dünyanın qıl körpüsündən,
Ömrün o tayına köçüm şeirlə.

Nəğməli dilim var dillər içində,
Bir qönçə bəslədim güllər içində.
Nəyim var deyirlər ellər içində,
Qazancım şeirlə, suçum şeirlə.

Həyatda öz yeri varsa hamının,
Hər kəs yanındadı arzu-kamının.
"5"-ləri yanında iş adamının,
Hələ ki, sıxılmır "3"-üm şeirlə.

Demirəm hər şeir Tanrıdan diqtə,
Bəzən ölən həvəs dirilir dərdlə.
Hələ qoyulmayıb sonuncu nöqtə,
Hələ ki, yol gedir köçüm şeirlə.

Hələ sönməyibsə yurdun közləri,
Hələ yol çəkirsə ana gözləri.
Gedirəm, könlümdə bitən sözləri
Becərim eşq ilə, biçim şeirlə.

MƏNİM OL

Hansı bəxtəvərin səadətisən,
Mənim ol, ay gözəl, mənim ol, mənim.
Ruhumu göynədən boş xəyallara,
Qənim ol, ay gözəl, qənim ol, mənim.

Onsuz da şairi dil çəkir dara,
Xataya göz çəkir, söz salır tora,
Könlümün simsarı işığa, nura,
Dönüm ol, ay gözəl, dönüm ol, mənim.

De, kimdi bu halı mənimtək görən?
De, kimdi ilahi eşq əhli-ərən?
Bağrımın başına dönüb göyərən,
Dənim ol, ay gözəl, dənim ol, mənim.

Adəmi-Həvvadan qalan eşq ulu,
Bir olan sevdanın mindi kam yolu,
Qibləm, səcdəgahım, itaət dolu,
Dinim ol, ay gözəl, dinim ol, mənim.

Köhnə İncəyurdam, dağlarım çənli,
Yarı xəzanlıdı, yarı süsənli,
Dara çəksələr də bircə yol sənli,
Günüm ol, ay gözəl, günüm ol, mənim.

ETİRAF

Hərəmiz bir kəndin sözü şəhərə,
Gətirdik doğrunu-düzü şəhərə,
Duru bulaq kimi üzü şəhərə,
Hələ enişiydi – gur axdıq bir az.

Genişlik gətirdik qəlbi darlara,
Güc verdik havalı havadarlara,
Arxa bildiyimiz boz divarlara,
Dəyəndə “bıy” deyib, duruxduq bir az.

Yaddaşa sığınan guşə dərində,
Qarışdı ürəyə, huşa dərində,
Dünyanın al-əlvan guşələrində,
Əylənib axırda darıxdıq bir az.

Qüssə daşıyırdı şeir qatarı,
De kimin ağrısı addadı anrı?
Ümidlə döyürdük yad qapıları,
Ayrı üz görəndə karıxdıq bir az.

Mükəmməl adamın işi ayrıdı,
Kök-köməci, dili-dişi ayrıdı,
Beş yüzün uzağı beşi ayrıdı,
Düzə düz deyəndə qoruxduq bir az.

…Hələ çatmamışıq axır yerinə,
Ömrün saf yerinə, paxır yerinə,
Baxır zamanına, baxır yerinə,
Qoruya biləndə qorunduq bir az.

YOLA ÇIX, OĞUL

"Allah"- deyib sabah-sabah
Yola çıx, oğul, yola çıx.
Müxənnəti sağda görsən,
Sola çıx, oğul, sola çıx.

Qoru yurdun qoçağını,
Tərk etməsin qucağını.
Çıxsan, ata ocağını
Qala çıx, oğul, qala çıx.

Çıx könüllər ölkəsinə,
Uyma tale "bəlkə"sinə.
Enmə namərd kölgəsinə,
Belə çıx, oğul, belə çıx.

Getmə zamanın oynuna,
Batarsan, girmə qoynuna.
Qollarını Haqq boynuna
Dola çıx, oğul, dola çıx.

Həm Adəm, həm İncəyurdsan,
Ruhdan ruha yoldu insan.
İçimdə susan Boz Qurdsan,
Ula çıx, oğul, ula çıx.

AY CANIM

Görəndə ki, kef eləmir doğru söz,
Oğulsansa, di gəl düz ol, di gəl döz.
Sinəmdəki ürək deyil, közdü-köz-
Külünə bax, qəsd izi var canımda.

Payız getdi, ömrün qışı qarlanır,
Düzgah olan gündən-günə korlanır.
Tay-tuşları axtaran göz torlanır-
Ayrılığın tüstüsü var canımda.

Hər gedənlə həyat eşqi yuxalır,
Yazıq ürək qüssələrdən ox alır.
Əvəzində xatirələr çoxalır-
Həm lalı, həm səsdisi var canımda.

...O ki, sadiq əsiriyəm ələmin-
Süvari qəm, qul boynuma hələ min.
Bu səmt ilə yedəklənən qələmin
“SOS” haraylı “Bəsdi!”si var canımda.

ANAMI VER, ANAMI...

Dönməz yoldu, Rəbbim, o yol, vermisən,
Sevdasına canımı qul vermisən.
Dərdini çox, qəhrini bol vermisən,-
Anamı ver, anamı ver, anamı.

Özün göstər bir möcüzə, bir ovsun,
Tamarzı ruh həm boşalsın, həm dolsun.
Verdiyinə dönə-dönə həmd olsun
Anamı ver, anamı ver, anamı.

Şum yeridi içim, qazıx-qazıxdı,
San ki, könlüm köhnə yurddu- Azıxdı.
Dözə bilmir onsuz atam, yazıxdı,
Anamı ver, anamı ver, anamı.

Ya gül eylə yaz vaxtı bir bitimlik,
Ya Qu eylə o başdan bir ötümlük…
Yaman olur ahıl yaşda yetimlik,-
Anamı ver, anamı ver, anamı.

Sən özün sal İncəyurdu yada, ki:
Bir səyyaham bu kimsəsiz adakı.
Dərgahında yerimi ver, ya da ki,
Anamı ver, anamı ver, anamı.

A DÜNYA, ƏLLƏRİM UZANA QALIB

Gəl, keçək zamanın “en” kəsiyindən,
Görək damarından axan qan nədi?
Bəzəkli “bəh-bəh”lər səltənətindən
Ərşə bülənd olan ah-fəğan nədi?
Gözlər könüllərə leysan döşəyir,
Buludlar qaralır ruh qarğışından.
Məhəbbət titrəyir, həvəs üşüyür,
Qurtula bilmirik ömrün qışından-
Elə hey deyirik: “yaza nə qalıb?”
A dünya, əllərim uzana qalıb.

İstədim arada nəşədən yazım,
Gördüm ki, qüssələr özünə dartır.
Istədim ucalsın şirin avazım,
Gördüm ki, səsimin nisgili artır.
Göylərin hikkəsi enir aşağı,
Daha qabağını kəsmir mələklər.
Atdım səhralara arvad-uşağı,
Gördüm misralanır qara küləklər-
Günahsız gözlərə tozanaq qalıb,
A dünya, əllərim uzana qalıb.

...Pərən-pərən saldın evdən-eşikdən
Körpə fidanları, ağbirçəkləri.
Indi qışqırıram, varmı eşidən
Ulu həqiqəti və gerçəkləri?
Ömür çox qısadı, ötür karvanım,
Olub-keçənlərin dərki bəladı.
Meydanım hardadı? Hanı gümanım?
Sonuncu inamın tərki,- bəladı-
O hansı ölçüyə, mizana qalıb?
A dünya, əllərim uzana qalıb.

Bu yanda Sarı ev, o yanda Ağ ev
Amanat evləri yıxır bir yandan.
İndi bir bəyaz div, bir qırmızı div
Cırtdan ölkələri tıxır bir yandan.
Dünyaya dədəlik edənlərə bax:
Şeytanlar aşkara baş-başa verir.
Mütləq həqiqətin sahibi Allah
Hələki əcayib tamaşa verir.
Son səhnə sonuncu azana qalıb,
A dünya, əllərim uzana qalıb.

Kimsə bizləyirmi hələ, görəsən,
Dustaq xəyalların daş qəfəsini?
Kimsə gözləyirmi hələ, görəsən,
Ərzin doqquzuncu möcüzəsini?
Allahın “zavallı”, “fağır” milləti
Yenilməz qəhrəman olub gedirsə,
Mənəm qarşılayan ilk qiyaməti,
Qəbrimi əlimdən alıb gedirsə,-
Itik yuxularım yozana qalıb,
A dünya, əllərim uzana qalıb.

Həyat dərinliyə baş vuranların
O dərya təkində üzünə gülmür.
Doğruya dor olan qəhrəmanların
Üzünə güləcək özgə bir ömür.
Neynəyim? İçimdə bu qədər möhnət
Hər toyda-mağarda süzürəm mən də.
Elə süzə-süzə, sevgili millət,
Hər şeydən əlimi üzürəm mən də-
Bizimki Dərgaha,.. yazana qalıb,
A dünya, əllərim uzana qalıb...

NƏ ÜÇÜN YAŞAYIRAM?

Hamı göstərir gücünü,
Hamı daşıyır köçünü.
Doğru sözün beş-üçünü
bölmək üçün yaşayıram.

Yaşamaq zülüm bəladı,
Bəladı, amma əladı.
Canım ruhuma qaladı-
Almaq üçün yaşayıram.

Ay ürəyim, girmə qına,
Ya döz sevmə, ya sev- qana...
Bax, bu dərdi qana-qana
gülmək üçün yaşayıram.

...Zaman dən-dən bitib məndə,
Məndəki MƏN itib məndə.
Ay sevənlər, gedib mən də
Gəlmək üçün yaşayıram.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ