Yatdıqca bu qəflətdə yenə xar olacaqsan - Cəlil Məmmədquluzadə / ŞEİRLƏR

Tarix:6-06-2019, 12:17 Baxış Sayı:193

Yatdıqca bu qəflətdə yenə xar olacaqsan - Cəlil Məmmədquluzadə / ŞEİRLƏR
Manera.az böyük yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə şeirlərini təqdim edir:


Lisan bəlası

Ey dil, dəxi dinmə və sükut et, səni tari,
Lal ol və danışma.
Sal başını aşağə və heç baxma yuxarı,
Mal ol və danışma.

Gər qeyriləri cəmdəkinə vursala, dinmə,
Gər başın əgib peysərinə dursalar, dinmə,
Pamal edə düşmən səni səbr et, bala, dinmə,
Ya zülm edə, ya boynuna kəndir sala, dinmə
Ya ruzunu cəbr ilə əlindən ala, dinmə,
Ey dil, dəxi dinmə və sükut et, səni tari,
Lal ol və danışma.
Sal başını aşağə və heç baxma yuxarı,
Mal ol və danışma.

Hər bir-iki gün dur ayağa, boşla dükanı,
Get bir yavuq həmmamə, uzan, bağla hənanı,
Yum gözlərini, dinmə və həm gözlə əzanı,
Gər eyləmiş olsan gecə bir tövr xətası,
Get, gir suya, ta əxz edərsən rahəti-canı,
Ey dil, dəxi dinmə və sükut et, səni tari,
Lal ol və danışma.
Sal başını aşağə və heç baxma yuxarı,
Mal ol və danışma.

Qoy qonşuların alsın ələ cümlə silahı,
Salsın səni dəvayə əgər xah nəxahı,
Sən dinmə və tərpəşmə, qəbul etmə günahı,
Lənət elə qəlbində, ürəkdən götür ahı,
Bizlər nəçiyik, qoy özü hökm etsin ilahı.
Ey dil, dəxi dinmə və sükut et, səni tari,
Lal ol və danışma.
Sal başını aşağə və heç baxma yuxarı,
Mal ol və danışma.

Gər cümlə təvayif sənə əfsus edə, etsin,
Axırda hökumət özünü rus edə, etsin,
Həm mollaların rus əlinə bus edə, bilsin,
İslam cahanda dəxi məyus edə, etsin,
Ey dil, dəxi dinmə və sükut et, səni tari,
Lal ol və danışma.
Sal başını aşağə və heç baxma yuxarı,
Mal ol və danışma.

Olacaqsan

“Mən eylə bilirdim ki, mənə yar olacaqsan,
Aləmdə mənə yari-vəfadar olacaqsan!”
Mən eylə xəyal etmiş idim ah, bəradər!
İranda olan qəmlərə qəmxar olacaqsan!

Dərdi-dilimi anlamayıb, zərrəcə axır,
Məndən nə bilim kim belə bizar olacaqsan!
Biçarə vətən tarü qaranlıqda qalanda,
Əğyarə gedib şəmi-şəbi-tar olacaqsan!

Söz verməz idim mən sənə, ey dusti-dilazar,
Bilsəydim əgər boylə dilazar olacaqsan!
Sərməsti-meyü mütrübü tiryaksən indi,
Bir vaxt ayılıb axiri huşyar olacaqsan!

Məğrursən indi, xəbərin yoxdur özündən,
Əldən vətənin getsə xəbərdar olacaqsan!
Xar elədi qəflət səni əğyar yanında,
Yatdıqca bu qəflətdə yenə xar olacaqsan!

Oyanmadım

Dərədə yatmış idim, oyatdılar, oyanmadım,
Burnuma tikanları uzatdılar, oyanmadım,
Bomba parta-partnan, top atdılar, oyanmadım,
Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım.
Müxtəsər, hər bir əməl çıxartdılar, oyanmadım.

Şəhrimizdə cəm olub cavanlar naz ilen gəlib,
Qumarbaz, uşaqbazlar matuşkabaz ilən gəlib,
Mar, meymun oynadan söhbətü saz ilən gəlib,
Mütribi-xoşlehcəler pək xoşavaz ilən gəlib,
Müxtəsər, hər bir əmel çıxartdılar oyanmadım.

Qarışdı aralıqlar, qopdu məhşər qiyaməti,
Müsəlmanlar bir-birin qırdı unudub qeyrəti,
Hər gələn alim olub çapdı, taladı milləti,
Mən yuxuda ol zaman çəkirdim rahət ləzzəti,
Bumuma tikanlan uzatdılar, oyanmadım.

Gördülər, yuxlamışam, hər kəs sınadı gücünü,
Atlı atın üstümə, qurbağa saldı qıçını,
Hoppanıb Araz bu tay yığıb dəranin bicini,
Hiyləbazlar tutdular bütün Qafqazın içini,
Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım.

Biz fəqira axın rahm eyləyib biganələr,
Açdılar mədrasələr, klub, qiraətxanələr,
Yazdılar kitab, qəzet, xərc etdilər xəzanələr,
“Molla Nəsrəddin” dedi hər həftə bir əfsanələr,
Müxtəsər, hər bir əməl çıxartdılar, oyanmadım.

Xoş ol zaman ki, xalq yatıb bizəban idi

Xoş ol zaman kı, yar mənə həmzəban idi,
Bəzmim cəmali-yar ilə rəşki-cinan idi,
Sultan idim ki, hər yana hökmüm rəvan idi,
Dövlət qulam idi mənə, bəxtim cəvan idi,
Cani-həzinə həmdəmü arami-can idi;
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Xurşidgun şərablə dolmuşdu camımız,
Ol mah ilə keçirdi bizim sübhü şamımız,
Dövri-fələkdə hasil olurdu məramımız,
Xaki-dərindən özgə yox idi məqamımız,
Bülbüllərə o sahəti-qüds aşiyan idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Hicrin əgərçi görmüş idim mübtəlalərin,
Dildən-dilə eşitmiş idim macəralərin,
Bunca təsəvvür eyləməz idim bəlalərin,
Can çəkmiş idi möhnəti-hicran cəfalardan,
Xəlvətsərayi-vəsldə dil kamran idi;
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Könlüm o mahdən açılırdı kərəm görüb,
Mehrin ziyadə, cövrü cəfasını kəm görüb.
Ol gül mənə açıldığını dəmbədəm görüb,
Bəzmi-visalda özünü möhtərəm görüb,
Rəşk ilə qönçə tək dili-bədxah qan idi;
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Ol gül mənimlə həmdəm idi hər bahardə,
Gəh daməni-çəməndə, gəhi laləzardə,
Bülbül təki işim yox idi ahü zardə,
Seyyid ki məskən etmiş idi kuyi-yardə,
Ezaz ilə bir Adəmi-cənnətməkan idi;
Dəmlər o dəmlər idi, zamam ol zaman idi.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ