manera.az
manera.az

Rəşid Bərgüşadlı: "Yazı estetikası"

Rəşid Bərgüşadlı: "Yazı estetikası"
(Yazıçı Alpay Azərin “Gül kimi devlət” əsəri timsalında “yazı estetikası” mövzusunda naşı gəzişmələrim)

Nəsrdə daşa dirənən vaxtlarımda bir qayda olaraq yazımı dayandırıram, mövzuma dəxli olmayan tam fərqli mətnləri mütaliə edirəm, alınarsa, nə vaxtansa beynimin küncündə vızıldayan bir səsi susdurmaq, beynimi təmizləmək üçün həmin səsi başqa bir hekayə, esse, məqalə halına salıram. Bu dəfə Şoloxovun “Sakit Don” epopeyasını oxuyaraq “cəzalandırdım” özümü. Möhtəşəm əsərdir! Kim ki deyir, sovet dövründə mükəmməl romanlar yazılmayıb, uf demədən təpəsinə çırpardım “Sakit Don”u. İnqilablar, xalq hərəkatı, üsyanlar, kütləvi iğtişaşlar mövzusu silkələdi məni. Açığı, girişməyə qorxduğum mövzulardır. Bu, həm də 20 Yanvar günlərinə təsadüf edirdi. Və ağlımdan keçdi ki, görəsən bizlərdən 20 Yanvar hadisələrini pafosdan uzaq formada qələmə alan varmı? Və yaxud, həmin hadisələrin faciə, ya da qəhrəmanlıq tariximiz olduğunu hansı bədiiliklə işıqlandırmaq olar. Uyğun mətn axtarmaq üçün Google-də axtarış verdim. Və bir vaxtlar ədəbi müsabiqələrin birində hekayəmə münsiflik etmiş dostum Alpay Azərin bir hekayəsini tapdım. İstər-istəməz ədəbi cameədə kifayət qədər tanınan Alpayın yazı üslubunu bu hekayənin işığında araşdırmaq keçdi içimdən. Özü də mətnə yazı estetikası rakursundan baxmaq məqsədilə. Beləliklə, Alpay Azərin “Gül kimi devlət” hekayəsi ilə üz-üzəyik.

Müəllifin əksər hekayələrini və bir kitabını oxumuşam. Yadımda qalan odur ki, Alpay suyu üfürə-üfürə içən vasvası qələm sahibidir, hekayələri həddən ziyadə uzun qurur, özgüvəni zəifdir və hardasa, nasir kimi çox tənbəldir. Dostcasına qeydlərimi də göndərmişəm özünə ki, hər dolaşıq, haçalı sözün, fikrin açıqlamasını mötərizədə oxucu üçün izah etmək yaxşı vərdiş deyil. Ya oxucunun başa düşəcəyi sözü seçməlisən mətndə, ya da oxucu özü axtarmalıdır həmin sözün sinonimini, fikiraltı mənasını. Nə etməli, bəlkə də belə düzdür...

Mətnin, dediyim kimi, estetik yönünü incələyəcəyik. Yəni əsərin təbiət və həyatla uzlaşması və ya uzlaşmamasının əsaslandırılmasında müəllifin seçmiş olduğu “yalanın”, üslub, detal və vasitələrin gözəlliyi, səmimiliyi, inandırıcılığı, bədiiliyi... Bəlkə də terminin elmi əsaslandırmasını olduğu kimi düzgün vermədim, amma ədəbi mətnin estetik gözəlliyidir onu inandırıcı və yaddaqalan edən bədii ünsür. Anoloji paralel aparaq. Futbola tamaşa edirik. Hiss edirik ki, oyun “satılıb” və hakim rəzilliyə əl atır. Bax bu oyunun estetikasını pozur, oyunu oyunluqdan çıxarır, adamı hirsləndirir və azarkeş üçün udan-uduzanın kimliyi yaddan çıxır. Başlayırsan oyunu öz istəyinə görə quran pərdəarxası adamın və onun diktəsini icra edən hakimin qarasınca söyməyə. Yazı da təqribən belədir – yazar qələmlə nə cür davranıb, mətndə “hakim saxtakarlığı” varmı, ortada al-ver olubmu, qələm zorlanıb, yoxsa, yazarı qələmmi zorlayıb?..
Ya, Allah! Cümləbəcümlə başlayaq...

20 Yanvar hadisələrindən iki gün sonra rayon cavanları “Qorbaçov” yazılmış lövhəni asırlar küçə itinin boynundan. Yanından ötənlər tüpürür arıq, tənbəl itin üzünə. İt anlayır ki, bu tüpürmək nədirsə heç yaxşı şey deyil və uzaqlaşır adamlardan... Gözəl mənzərədir! Burda hiss edirsinizsə, müəllif oxucunu cəlb etmək üçün girişdə məhrəm və insani hissdən məharətlə tor qurur. Oxucu alçaldılmış itin halına, gələcək aqibətinə köklənir...

Sonra xəbər yayılır ki, Bakıda qırğın törədən rus qoşunlarının bir hissəsi elə bu rayona gəlir. Cavanlar düşünür ki, rus əsgərləri bu iti görsə, qabaqlarına keçəni gülləboran edəcək. İtin boğazındakı lövhəni açmaq üçün zavallı heyvanı salırlar qovarağa. İt də elə bilir ki, bu qədər adam yenə onun üzünə tüpürmək üçün dalına düşüb. Canını götürüb hara gəldi qaçır və gözdən itir. Elə buradaca – giriş hissədə – müəllif yazır, – “Onu son dəfə görənlərin dediyinə görə, boynunda lövhə İranla sərhəd kəndlərin birində hərlənirmiş, sərhədi keçdiyini deyənlər də varıydı. (Məftillərin qırıldığı, o taylı-bu taylı camaatın rahatca o tərəf-bu tərəfə keçdiyi vaxtlar idi)”... Baxın, oxucu necə kökdən düşür? – “Hə, demək itlik burda bir şey yoxmuş. Mətləb it deyil, itinki bura qədərmiş”... Üstəgəl, Alpayanə mötərizə izahatı isə gül vurur həmişəki kimi. Estetik baxımdan mənbədən çıxan bu “it şüası” sonsuzluqda itəcəksə və mövzunun bağlanmasında iştirak etməyəcəksə, kulminasiyada təkrar görünməyəcəksə, demək “xalastoy patron” kimi boşuna atılmış “güllədir”. Səbrlə gerisini oxuyaq...

Lövhənin tapılıb açılması, ya da itin öldürülməsi məqsədilə axtarış davam edir, amma “cəbhəçilər” və el ağsaqqalları işğalçı ordunun onlara nə edəcəyini müzakirə edir, - “Qisas alaq, yoxsa qarşısına gül-çiçəklə çıxaq?”... Bundan sonra mətn “boğulur”, söhbət gəlib çıxır partbiletini atmaq istəyən Telman müəllimlə qatı kommunist olan atası Qəmbər kişinin üstünə:
...Cəbhəçilərin nəticəsiz bitən iclasının səhərisi Telman müəllim atasının "Mayak" radiosuna qulaq asmasını görəndə cin vurdu təpəsinə:
- Ay kişi, bu qədər həngamədən sonra sən utanmm... - özünü güclə saxladı, - yenə ruslara qulaq asırsan? - deyib radionu söndürdü.
Qəfil yumruğunu masaya vuran Qəmbər kişi ayağa qalxdı:
- Utanmaz özünsən! Əlimin içindən gəlir! Bunun dediyi sözə bir bax hələ! - qıpqırmızı qızardı.
- Demədim o sözü! Şər atma! Gördün ki, özümü saxladım. Yaxşı, lap deyək qələt elədim. Bəs sən başa düşmək istəmirsən ki, indi Mirzə Xəzərə qulaq asmaq lazımdı, "Mayak"a yox! "Mayak"ın dövrü getdi, ay kişi.
- Getmədi!
- Getdi! Özü də həmişəlik getdi. Bir az da bu ürəkdə rusa nifrət əkmək lazımdı! Tək erməniynən iş qurtarmır, - düz atasının gözlərinin içinə baxıb barmağıyla onun sinəsini döyəclədi.

- Özüm bilərəm kimə nifrət eliyərəm! - oğlunun əlini itələdi. - Bunun sinəmə vurmağına bir bax! Ən böyük nifrətə ləyax elə sənin xalq cəbhəndi! O boyda devlət guya sənin, ya mənim nifrət eləməyimnən buralardan çıxıb gedəjəh. Yuxunda görərsən.

- Eeh, onsuz da xeyri yoxdu, - Telman müəllim başını bulayıb o biri otağa keçdi. Atası isə artıq xoda düşmüşdü:
- İndi guya bunlar qəhrəmandılar! Zırt. Kurskda, Stalinqradda nemesin belini qıran rusu udajaxlar. Tarix müəllimisən, ensiklapediyanı aç, Karib böhranını bir də oxu! Rus altmış ikidə raketlərini gətirib Amerikanın qulağının dibində yerləşdirəndə, Kennedi fil qulağında”...
Rəşid Bərgüşadlı: "Yazı estetikası"
Mənbədən ikinci şüa çıxıb və deyəsən elə mətn bu şüu – süjet üstündə qurulacaq. Amma dediyimiz rakursdan baxanda ata-oğul arasındakı dialoqda bir qabalıq, qarşılıqlı hörmətsizlik var. Olsun. Yetər ki, axıradək bu hikkə davam etsin və sonda açılsın bu qabalığın sirri. Oxucu kimi gözləmək haqqımız var ki, “qisas, yoxsa gül-çüçək?” lemmasıyla birlikdə ata-bala münasibətlərini də müəllif parallel şəkildə dərinləşdirəcək, hisslərlə, həyəcanla bişirəcək. Amma hələ ki, iki ağlı başında olan kişinin davasıyla iki səhifədir üz-üzəyik. Bu hissədə müəllif Qəmbər kişinin diliylə rusun gücünü göstərməyə çox enerji sərf edir: “Atasının hələ də SSRİ-ni tərifləməsindən bezən Telman müəllim o biri otaqdan qışqırdı: - Sən partbiletini bərk-bərk qoru ha, gündə iki dəfə ütülə ki, həmişə şax qalsın” – iki səhifə Qəmbər kişinin SSRİ-yə sadiqliyini göstərmək üçün idi...

Amma rayona girən zirehli transportyorun (ZTR) üstünə cəbhəçilər iki neft butulkası atası olurlar – onun da birinin alovu göydə sönür, digəri isə maşından o yana düşür. Ruslar qaçan cəbhəçilərin dalınca gecə qaranlığında atəş açır... Xülasə, “Qəmbər kişi yüyrək addımlarla komandirə yaxınlaşıb onunla, əsgərlərlə yüz ilin tanışları kimi ərklə, isti-isti görüşür, hamısına rusca "Rayonumuza xoş gəlmisiz" – deyir... Ordunun üstündə gələn zabiti yanlayır: “- Yoldaş komandir, - Qəmbər kişi vacib bir məsələni deməyə hazırlaşdığını çatdırmaqçün yenə qəfil gözlərini qıydı, - bu günlərdə rayonumuzda əsgərlərin qabağına bir it çıxa bilər, boynundan Qarbaçov yazılmış lövhə asılıb. Xəbəriniz olsun, bunu ermənilər edib, Bakıdakı hadisələrdən sonra dərhal qonşu rayonda, Hadrutda yaşayan ermənilər, - əliylə rayonun istiqamətini göstərdi, - o iti gecəylə biz tərəfə göndəriblər. İstəyirlər Sovet ordusunun əliylə bizim rayonda qırğın törətsinlər. Dedim, yəni biləsiz ki, bu, ermənilərin provakasiyasıdı. Çox xahiş edirəm”... Burda birinci şüa yenidən qayıdır, bu yaxşı əlamətdir. Həm də müəllif cəsarətlə şərəfsiz, yaltaq və iküzlü bir azərbaycanlı obrazını yaratmağa qərarlıdır. Amma bu hissəyədək bir naşı ifadə seçimini də qeyd edim. Çünki, bu cür seçimlər mətnin enerjisini azaldır, estetikasını yaralayır – “Evlərin çoxunda işıqlar keçiriliydi”. “Keçirilidir” sözü cümlədə çox narahat görünür... Demək ki, mətnin estetikasını yaradan səmimiyyətin alınması üçün hər sözün də seçilməsinin xüsusi əhəmiyyəti var. Burada Ernest Hemenqueyin fikri yadıma düşdü – təxminən beləydi: "Yaxşı əsərin sanbalı və cazibəsi onun sadəliyində, səmimiliyində, həmçinin xarakterlərin və hərəkətin gözlənilməyən çılpaqlığındadır”. Müəllifin səbir və təmkinlə işləmək xüsusiyyətləri öz yerində, müstəsna uydurma və uyğunlaşdırma qabiliyyəti də çox vacibdir. Ata-bala söhbətlərində dialektizmdən istifadə olunub, di gəl, bəzən bu üslub “işıqlar keçirilidir” kimi əndirəbadiləşir, məhrəmlikdən çıxır.
Mətni paraqraflarla işləmək gözəl üslubdur, adamın çox dadına çatır. Bir xronoliji dövrdən digərinə kəskin adlamaq üçün mətni qısaltmaq baxımından yararlı vasitədir.

Alpay da bu hekayəni... (obrazların, sujet şaxələrin çoxluğu, həcmi baxımından mətn povest də adlandırıla bilər, məncə) paraqrafları ustalıqla qurub. Əlqərəz, mətn adlayır o yerə ki, artıq Telmanı ruslar tutub və istintaq gedir. Böyürdən də Telmanın mütrüb atası komendantı yanlayıb ki, oğlu bir səhv edib Sovet hökumətinə qarşı çıxıb, “Yalvar-yaxar eləmişdi ki, lap beş il iş versinlər, amma ondan artıq olmasın, bir də, cəzasını Moskvada yox, Bakıda çəksin. Komendant da veteranı sakitləşdirmişdi: "Narahat olma, beş ili ağlına belə gətirmə, uzağı, iki il verəcəklər, əsas odu, oğluna başa sal Nazimlə Rüstəmin gizləndiyi yeri desin"... Bakının o vaxtkı komendantı Dubinyak düşdü yadıma. Məncə Qəmbər kimi nadanlar olduqca dubinyakların Telman kimiləri “dopros” etməsinə ehtiyac qalmırdı. Yəni, mətndə inandırıcılıq! Burda Alpayın Allahı istəyir ki, müstəntiq ukraynalı olur və şura hökumətindən bezib, - “Bizim də bu dövlətdən zəhləmiz gedir. Mənim babam, nənəm, böyük dayım otuzuncu illərdə aclıqdan ölüblər. Ona görə bu zibil dövləti görməyə gözüm yoxdu. Narahat olma, sən uzağı burda bir ay qalacaqsan, çalışacam üstündə heç bir maddə olmasın. Onu bil ki, ordu bu rayona girəndə heç atışma da olmayıb, sizinkilər fermalar tərəfdən partlayıcı şüşələr atıblar, onlar da hədəfə dəyməyib və əsas odur, ölən və yaralanan yoxdu, - bunları pıçıltıyla dedi. - Sən onda belə elə, götür vərəqi, bir izahat yaz ki, həmin adamlar, Nazim, Rüstəm, soyadlarını da yaz, Azərbaycanın uzaq bir rayonuna qaçıblar, özün bir rayon adı fikirləş tap. Yaz ki, indiyə qədər səninlə heç bir əlaqə saxlamayıblar. Mən sənin yazdığın izahatdan sonra Moskvayla əlaqə saxlayacam, onlar da sənin izahatda yazacağın rayonun prokurorluğuna cinayət-axtarış tədbirləriylə bağlı təlimat verəcəklər. Aydın məsələdi ki, o cəbhəçiləri həmin rayonda tapa bilməyəcəklər. Mən sonra Moskvayla bir də əlaqə saxlayıb deyəcəm ki, öz kanallarımla yoxlamışam, o cəbhəçilər çox güman Azərbaycan ərazisini tərk edib İrana qaçıblar. Hə, planımız necədi?”... – uzun-uzadı müəllif kövrəkliyi, dogma obrazı Telmana qahmar durmaq həvəsi...

Telman bir ay cəza “yatıb” çıxır. Amma ruslar Telmanın evində axtarış apararkən evin altı yaşlı oğlu ilə beş yaşlı qızının davranışlarında bir incəlik var. Anaları öz qorxusunu uşaqlara da sirayət etdirib, uşaqlar avtomatlı əmilərdən qorxur: “Qırmızıburun, kök zabit başının üstündə dayanıb xısın-xısın güləndə, onu boğan havasızlıqdan qurtulmaqçün tez-tez nəfəs almağa başladı, gözlərini açdı. "Nu çto, malış, ni spitsya tebe?" (Hə, balaca, yuxun gəlmir?) - komandir başını ona tərəf əyib gülə-gülə soruşdu. Guya yuxudan oyanırmış kimi oğlan qəfil durub yerində oturdu, gözlərini ovxaladı. Birdən ona elə gəldi ki, əsgərlər onu da, bacısını da, dalınca aşağı düşüb anasını da güllələyəcəklər. Vahimə içində ona qəribə-qəribə baxan komandirə fısıldaya-fısıldaya yatan bacısını göstərib ana dilində dilləndi: "O ölüb". Zabit elə bildi, uşaq "O yatır" - deyir, başını tərpədib "Pust spit. Tı toje spi" (Qoy yatsın, Sən də yat) - deyib tələsik əsgərlərlə bir yerdə otaqdan çıxdı”... Müəllifin bu detalı nə qədər şirin alınsa da ümumi mətnə xüsusi yaraşıq vermək gücündən çıxmış oldu...

...Qarboçov devrilir, yerinə müvəqqəti hökumət – Yanayev gəlir. Qəmbər kişinin kefi kökdür: - “Bura bax, yadında, deyirdim başıxallını devirəjəhlər? İnanmırdın, lağnan deyirdin get partbiletini ütülə. Gördün, axırda mən deyən oldu. İndi sənin ajığına gedib ütülüyəjəm biletimi, - həyəcanı bilinməsin deyə, süni qəhqəhəylə güldü. - Özü də bundan sonra dilini farağat qoy, otur yerində. İnan maa, səni bir də tutsalar, təzə gələn komendanta ağız açmıyajam ha”... Amma Yeltsin gəlib hamısını damlayandan sonra Qəmbər kül rəngi alır. “Qəmbər kişi əməlli-başlı depressiyaya düşdü, evdə bir də siyasətdən söz salmadı, xeyli müddət televizora, radioya yaxın durmadı, günün çoxunu həyətdəki ağacların dibini belləyib sulamaqla keçirdi” yazır Alpay.

...Və mətn ağzını çevirir “Artıq cəbhədə ağır döyüşlərin getdiyi, özünü dünyaya demokratik ölkə kimi tanıdan federativ imperiyanın hər iki tərəfə silah-texnikanı bol-bol verdiyi, arabir ucuz satdığı vaxtlara” – quru və susuz xatirələrə. Yenə 9 May münasibətilə Qəmbər kişi kostyumunu ütülədir ki, yaxasına bəlkə ənənəvi orden taxalar. Bir ucdan da "Gül kimi devləti" dağıdanları (mətnin adı buradan götürülüb) söyür. Mətn Qəmbərin müharibə vaxtı keçdiyi döyüş xatilərilə yayılır, səpələnir. Artıq burda sonluğun necə olacağını bilməsəm də, əminəm ki, müəllif mətnin ağzını yığıb-yığışdıra bilməyəcək. Mətnin estetik çalarları yox, hətta strukturu belə, uçmaq üçün yellənir.

Hə, müəllif özü də bunu hiss edir və bezib mətndən, torbanın ağzını büzmək vaxtıdır. Və növbəti paraqrafda Qəmbər o vaxt sevişdiyi alman qadını düşünərkən ermənilərin atdığı qrad mərmisi yeddi məhəllə aşağıda partlayır. Tarix 1994-cü ildir. Qəmbər deyinir: "Ehh, vaxtında qeyrətli bir oğlan qabağa çıxıb Qorbaçovun təpəsinə bircə güllə çaxsaydı...". Vəssalam, mətn bitdi!..

Mətn Alpayın P.S izahatıyla bitir – “P.S. Sovet ordusu rayona girəndən sonra, orda-burda danışırdılar ki, o it qayıtmasa, İran hökuməti gec-tez boynundan asılan lövhəylə bir yerdə itin şəklini çəkib Moskvaya göndərəcək, Qorbaçov da bundan xəbər tutub qəzəblənəcək, bunu edənləri tapıb cəzalandıracaq. Rayon işğal olunandan sonra o itin harda itib-batdığı bilinmədi”...

Alpay Azərin “Gül kimi devlət” əsəri haqqında rezyume:
1. Böyük bir dövrü əhatə edən hadisələrin bolluğu mətnin həcmini yersiz yerə böyütməklə əsərin estetik dəyərini heçə endirir. Boynunda “Qarboçov” lövhəsi gəzdirən it, atasına nifrət edən Telman müəllim, kommunist Qəmbərin keçdiyi döyüş yolu və alman qadınına qalan istəyi, Telmanın evində axtarış zamanı övladların keçirdiyi qorxu səhnəsi, cəbhəçilərin aqibəti – mətndəki bu detallar ayrı-ayrılıqda itir və hansısa ümumi bir ideya üçün cəmlənməməsinin şahidiyik.

2. Müəllifin xoş məramla qələmə aldığı bu əsərin mesajı dayazdır, mətn eninə səpələnib, səliqəsiz işlənib, xronoloji və olmuş hadisələrə azacıq bədii don geydirilməyə cəhd edilib. Bu cəhd inandırıcı və səmimi olmadığı üçün əsər alınmayıb.
( hekayə burada )
P.S. Bəlkə də Şoloxovun “Sakit Don” romanından sonra oxuduğum və incələməyə cəhd etdiyim bu hekayədə çox aqressiv göründüm. Ümid edirəm ki, dostum Alpay gəldi-gedər dünyanın belə xırda şeyləri üçün məndən inciməz.

Rəşid Bərgüşadlı
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930