İlahi, neyləsən, sən mənə eylə - Eldar Baxışın şeirləri

Tarix:22-05-2019, 16:40 Baxış Sayı:298

İlahi, neyləsən, sən mənə eylə - Eldar Baxışın şeirləri
MANERA.AZ unudulmaz şair Eldar Baxışın seçmə şeirlərini təqdim edir:

Sərçə balası

İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
Kişilər, arvadlar gülsün bu qıza.

Elə eləmə ki,
vüsal yerinə
Göz yaşı danışsın, qəhər danışsın.
Bir qızdan bir bölük adam danışsın,
Bir qızdan bir böyük şəhər danışsın.

Elə eləmə ki, bu qız bu eldə,
Dilə-dişə düşsün məndən ötəri…
Sərçə balasıdı bu qız bu saat,
Boynunu uzadıb dəndən ötəri.

Bu qızın
bu saat məndən umduğu,
Məndən istədiyi dən məndə yoxdu.
Bu qız ay istəyir, ay yoxdu məndə,
Bu qız gün istəyir gün məndə yoxdu.

Sevgi yoxdu məndə sevəm bu qızı,
Elə axan suyu belə döndərim.
Çevirəm özümü kəpənəyə mən,
Bu qızı çiçəyə, gülə döndərim.

Səndən çiçək olmaz, səndən gül olmaz,
Məndən də kəpənək, sərçə balası.
Durduğumuz yerdə biz niyə duraq,
Biz niyə tərpənək, sərçə balası?

Lap belə tərpəndik, lap belə getdik,
Sən deyən, mən deyən olası deyil.
Sərçə balasısan sən bu dünyada,
Şair ki, kəpənək balası deyil.

Kəpənək olmuşam dünyada bir vaxt,
Qanadım da olub bilmək istəsən.
İstəyim də olub özümə görə,
İnadım da olub, bilmək istəsən.

O qanad,
o inad,
o istək hanı,-
O qanad,
o inad,
o istək öldü.
Bircə gün çəkmədi gəlib-getməyi,
Kəpənək doğuldu, kəpənək öldü.

Ağca pambıq kimi,
ağca yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi.

Hanı o kəpənək, hanı o sevgi?-
Yaşamır, yaşamır, sərçə balası.
Bu ağ kəpənəklər o kəpənəyə,
Oxşamır, oxşamır, sərçə balası.

…Sən ey yeri, göyü yaradan kişi,
Uzaq görünürmü ordan yer sənə?!
Bu qıza bu boyda sevgi vermisən,
Mənə də bir azca sevgi versənə.

Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun,
quşun olmasın.
İlahi, neyləsən, sən mənə eylə,
İlahi, bu qızla işin olmasın…

Gecənin bir aləmi

Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm ki, qanım qaynadı.
Onu bilirəm ki, ruhum oynadı,
Sonra nə oldusa, yadıma gəlmir.

Tez durub geyindim, çıxdım küçəyə,
Küçə sizə sarı çəkirdi məni.
Ulduz sizə sarı, ay sizə sarı,
Gecə sizə sarı çəkirdi məni.

Gecədən, ulduzdan, aydan da betər,
Ürək sizə sarı çəkirdi məni.
Fələyə nə deyim, tutub qolumdan,
Fələk sizə sarı çəkirdi məni.

Küçənin, gecənin, ulduzun, ayın,
Ürəyin sözündən çıxa bilmədim.
Tanrının sözündən çıxa bilmədim,
Fələyin sözündən çıxa bilmədim.

Alnıma toxundum, gördüm tərləyib;
Dodağıma baxdım, uçuqdu gördüm.
Bütün darvazalar gördüm bağlıdı,
Sizin darvazanız açıqdı gördüm.

Keçdim darvazadan, çıxdım həyətə,
Arzu, istək məni yaxalamışdı.
Ulduz oyaq idi, ay oyaq idi,
Tanrı oyaq idi göyün üzündə...
Qapınızın zəngi yuxulamışdı.

Qapını oyatdım, zəngi oyatdım,
Oyatdım yuxudan zəngin səsini.
Daha düşünmədim, fikirləşmədim
İşin avandını, işin tərsini.

İş belə oldu ki, zəngin harayı,
Yuxudan yarımçıq qaldırdı səni.
Durna qatarında uçub gedirdin,
Durna qatarından saldırdı səni.

Sən oyanan kimi, sən duran kimi,
Əllərin oyanıb qalxdı yuxudan.
Yastığın üstünə sərilib qalan,
Tellərin oyanıb qalxdı yuxudan.

Çiyinlər oyandı -pambıq çiyinlər;
Addımlar oyandı- kövrək addımlar.
Nə gözəl olurmuş, Allah, yuxudan
Yarımçıq duranda gözəl qadınlar.

Həmişəki kimi “eşş” eləmədin,
Bir sözü çevirib beş eləmədin,
Sağını-solunu eşələmədin,
Yüyürdün qapıya, çatdın qapıya.

Uzandı işığa süd barmaqların,
Evin süd işığı alışdı, yandı.
Sonra nə oldusa, yadıma gəlmir,
Sonra vaxt dayandı, zaman dayandı.

Sonra söndü evin süd işıqları,
Elə bil əridi, çürüdü, getdi.
Ulduzun yanına, ayın yanına,
Tanrının yanına yeridi getdi.

O süd işığından nə qaldı bizə?
Ağ yastıq, ağ döşək, ağ yorğanüzü.
Sənin baxışının odu, alovu,
Mənim baxışımın çınqısı, közü.

Od-oda qarışdı, alov-alova,
Köz-közə qarışdı, çınqı-çınqıya.
Əl ələ qarışdı, barmaq barmağa,
Dil dilə qarışdı, yanğı yanğıya.

Sən mənə dedin ki, lap elə belə?
Mən sənə dedim ki, lap elə belə.
Bu mənim telimdi, bu sənin telin.
Axtara bilirsən, tapa bilirsən,
Axtar elə-belə, tap elə-belə.

Gecə çırpınırdı, gecə əsirdi,
Gecə titrəyirdi, nə titrəyirdi,
Sinəmiz gecəni: -bu xoş keçəni
Bir daş ütü kimi ütüləyirdi.

Gecənin sümüyü sürmə olmuşdu,
Dişinə dəyirdi dişi gecənin.
Bütün qitələri bölüşdürmüşdük,
Biri bizim idi, beşi gecənin.

Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm ki, səhər açıldı.
Onu bilirəm ki, əlim səyridi,
Açıq pəncərədə baxdım səmaya
Tanrı bizə baxıb gülümsəyirdi...

Qələm

Olanım qələmdi vardan,dövlətdən
Dövlətdən uzağam, vardan uzağam.
Özüm öz nökərim, özüm öz bəyim,
Özüm öz qulluqçum,özüm öz ağam.

Qaşımı qaldırıb baxan deyiləm,
Dövlət sümürənə, var udana mən.
Yeməyə bir loxma çörək tapanda
Min şükür deyirəm yaradana mən.

Qızılla,gümüşlə,ipəklə, tüllə
Xurcunum, fərməşim basılı deyil.
Asılı deyiləm mən bir adamdan,
Bir adamda məndən asılı deyil.

Məni düz yolumdan döndərə bilməz
Beş adam,on adam, yüz adam canım.
Uçan bulud kimi, axan su kimi,
Əsən külək kimi azadam, canım.

Elə bu azadlıq bəsimdi mənim,
Neynirəm dövləti, neynirəm varı?
Neynirəm dilimi gödək eliyən
Qızılı,gümüşü, malı, davarı?

Bəsimdi, şeytana deməli sözü
Şeytanın üzünə şax deyirəmsə.
"Hə" deməli işə "hə" deyirəmsə,
"Yox"deməli işə "yox" deyirəmsə.

Mənə qələm verib bu azadlığı,
Elə bu əlimdə tutduğum qələm.
Hərdən qadın kimi,hərdən qız kimi
Dizinə baş qoyub, yatdığım qələm.

Qələmin dizində yata-yata mən
Yuxular görmüşəm, dürlü yuxular.
Köhnə qala kimi, qalaca kimi
Sehirli yuxular, sirrli yuxular.

Ruhum uçub mənim,ruhum qovuşub
Avara, Xəzərə, Huna, Oğuza.
Qələmə demişəm dərdim olubsa,
Qələmimdə açıb, deyib kağıza.

Qələmim olanda güclü oluram,
Çaşmayan adamı mən çaşdırıram;
Bu gidi dünyanın pişiyini mən
Ağaca,divara dirmaşdırıram.

Qələmim olanda qorxu bilmirəm,-
Niyə qorxmalıyam mən axı, niyə?
Olanım qələmdi vardan,dövlətdən,
Onunda qiyməti otuz qəpiyə.

Nə yaxşı ki, qələm otuz qəpikdi,
Nə yaxşı ki, deyil od qiymətinə.
Nə yaxşı ki, qələm bazarda getmir
Maşın qiymətinə, at qiymətinə.

Axı, otuz qəpik otuz min deyil,
Kiməsə borclu da qala bilərəm.
Bu yazdığım qələm əlimdən çıxsa,
Gedib ayrısını ala bilərəm.

Vətən

Pişik istədiyindən
yeyir balasını,
mən də səni yeyirəm
istədiyimdən
təndirindən çıxan çörəyi yeyirəm,
ağacın gətirən barı yeyirəm,
pətəyindən süzülən balı yeyirəm,
yemişəm,
yeyəcəyəm,
axırda səndən
bir qarış yer,
bir ovuc torpaq istəyəcəyəm, -
canımla,
ətimlə,
qanımla
təndirindən çıxan çörəyin,
ağacın gətirən barın,
pətəyindən süzülən balın
yerini verməkdən yana.
Vətən,
uşaq anasını,
yetim göz yaşını,
kasıb balasını
nə qədər istəyirsə,
mən də səni o qədər istəyirəm!..

Məhəmməd Hadiyə

1

Qərib nar əkər, nar əkər,
Narı nar olmaz, nar olmaz.
Qərib deyər: qərib qızdan
Mənə yar olmaz - yar olmaz:

Sünbülü qıçada qalar,
Buğdası puçada qalar,
Alması taxçada qalar,
qalar, saralmaz-saralmaz.

Kim qəribə arxa çıxar,
Qərib birdən yoxa çıxar,
Dərd əlindən dağa çıxar,
dağda qar olmaz - qar olmaz

2

Tək dedilər - təklədilər,
qanına yeriklədilər.
sonra da dərdini alıb
dağa-daşa yüklədilər,
çəkə bilmədi-bilmədi.

Əsim-əsimcə əsdilər,
öldürməyə tələsdilər,
günün günorta çağında
ağacı elə kəsdilər, -
kölgə bilmədi-bilmədi.

Xallandı gül - butasında.
nər qarnında -qartasında.
bir şairi öldürdülər
bir ölkənin ortasında, -
ölkə bilmədi-bilmədi.

Vaxt

Bir də baxırsan ki, göyün üzündə
ayın yarısı var, yarısı yoxdu…
… Kəndimizə getdim, qocalar gördüm,
kişisi yaşayır, qapısı yoxdu, -
bu vaxtdan nə desən gözləmək olar.

Uşaqlar gördüm ki, indi hamısı
olub ev yiyəsi, eşik yiyəsi.
İkəmmi,
üçəmmi, deyə bilmərəm,
doğub Həsigilin qaşqa düyəsi, -
bu vaxtdan nə desən gözləmək olar.

Həsinin özü də gördüm ki, elə
Gəlib üç-dörd uşaq atası olub.
Ətə-qana dolub bizim Süleyman,
ortası bir palıd ortası olub, -
bu vaxtdan nə desən gözləmək olar.

Bu vaxtdan nə desən gözləmək olar,
dünyanın çarxını döndərə bilər,
İstəsə cənnətin mələklərini
yığıb cəhənnəmə göndərə bilər.


* * *
Bəri bax, bazarda hərlənən gədə,
paltarı köynəyi kirlənən gədə,
kartofun başına fırlanan gədə,
niyə yuxarıdan baxırsan mənə?

Bəri bax, dalanda əlləşən oğlan,
zil qara maşında əyləşən oğlan,
o qızla, bu qızla iyləşən oğlan,
niyə yuxarıdan baxırsan mənə?

Bəri bax, meymuna oxşayan kişi,
eyvanda qarnını qaşıyan kişi,
arvad hesabına yaşayan kişi,
niyə yuxarıdan baxırsan mənə?

Tərəzi gözüdü zamanın gözü,
namərdini çəkər, mərdini çəkər.
Adam var həmişə öz hayındadı,
adam var düyanın dərdini çəkər.

Mən özgə adamam siz özgə adam,
mən öz cızığımdan çıxan deyiləm,
o ələ, bu ələ baxan deyiləm,
mən yumurtadan yun qırxan deyiləm...

uşaqla uşağam, böyüklə böyük,
ağacla ağacam, mən quşla quşam.
Bu yaşa gəlmişəm ömrümdə hələ
bircə qarışqa da tapdamamışam...

Dünyanın işini nə bilmək olar,
kimi gedəsidi, kimi qalası.
Mənə belə baxma a kartof satan,
mənə belə baxma, atam balası...

Mənim də havamı aldı bu dünya

Mənim də havamı aldı bu dünya,
Görməli işləri görə bilmədim.
Yığıb, toparlayıb sevinci mərdə,
kədəri namərdə verə bilmədim.

Bəslədiyim arzu gözümdə qaldı,
arzumu gözümdə heç elədilər.
Mənim arılarım öldü acından,
Mənim ağrılarım beçələdilər.

Oynaq-oynaq sular zarıdı getdi,
yaşıl-yaşıl otlar qurudu getdi.
gözəl-gözəl qızlar qarıdı getdi,
Mən də baxa-baxa qaldım dünyada.

Huşlu adam vardı, huşunu yedi,
Dəyirman acıxıb daşını yedi,
cücə qarışqanın başını yedi,
mən də baxa-baxa qaldım beləcə.


* * *
Nə oldu, ayrıldıq bir-birimizdən?
Dərə bir tərəfdə, dağ bir tərəfdə.
Ayrılıq ələdi saçlarıma dən,
Qara bir tərəfdə, ağ bir tərəfdə.

Həsrət də alovdu, yandırdı, yaxdı,
Ürəkdə, könüldə neçə iz qalıb.
Mənim qollarımın yiyəsi yoxdu,
Sənin incə belin kəmərsiz qalıb.

Yox

Rəhmətlik Sabir,
rəhmətlik Məhəmməd Hadi,
rəhmətlik Hüseyn Cavid
küçəyə, bazara çıxardıb
sabunlarını satdılar,
tiyanlarını satdılar,
köynəklərini satdılar,
əlyazmalarını satdılar,
ömürlərini satdılar,
günlərini satdılar,
nələri var satdılar,
özlərini,
ruhlarını yox!

Rəhmətlik Sabirdən,
rəhmətlik Məhəmməd Hadidən,
rəhmətlik Hüseyn Caviddən
sonra gələn şairlər
küçəyə, bazara çıxardıb
özlərini, ruhlarını satdılar,
amma ömürlərini, günlərini,
əlyazmalarını, köynəklərini,
tiyanlarını, sabunlarını yox!

Bizim bir tərəfimizdə özlərini,
ruhlarını satmayan şairlər
durub,
bir tərəfimizdə özlərini,
ruhlarını satan şairlər.

Biz qalmışıq arada.

Bir tərəfdə onlar,
bir tərəfdə bunlar,
bir tərəfdə həqiqət,
bir tərəfdə yalan,
bir tərəfdə şeir,
bir tərəfdə siyasət,
biz qalmışıq arada.

Bir əlimiz orda,
bir əlimiz burda,
bir ayağımız orda,
bir ayağımız burda,
bir gözümüz orda,
bir gözümüz burda,
biz qalmışıq arada.

Ara şairləri deyirlər bizə;
biz bu aradan çıxmalıyıq,
bu ardan çıxıb getməliyik,
özü də o tərəfə - bu tərəfə yox,
bir tərəfə -
Sabir tərəfə,
Hadi tərəfə,
Cavid tərəfə.

O tərəfə ki
satmalı olsaq
sabunumuzu,
tiyanımızı,
köynəyimizi,
əlyazmamızı,
ömrümüzü,
günümüzü sataq,
daha Sabirdən,
Hadidən,
Caviddən sonra gələn şairlər kimi
özümüzü,
ruhumuzu yox!

Pullu adam

Sənin pulun var.
mənim tanrım.

Sənin evin var,
mənim ilhamım.

Sənin maşının var,
mənim qələmim.

Sənin telefonun var,
mənim azadlığım.

Sən görən işi mən görə bilmərəm,
mən görən işi sən.

Sən cevinc içində üzürsən,
mən dərd içində.

Günlərin bir günü ölüb gedəcəyik, -
sənin pulun, evin, bağın,
maşının, telefonun,
sevincin qalacaq bu dünyada,
mənim tanrım, ilhamım,
şeirim, qələmim,
azadlığım, dərdim.

Yarımçıq azadlıq

Alacağım nəfəsin
yarısını ala bilirəm,
deyəcəyim sözün
yarısını deyə bilirəm,

gedəcəyim yolun
yarısını gedə bilirəm,
çatacağım mənzilin
yarısına çata bilirəm...

...Mənə yarımçıq
azadlıq verincə,
bütöv ölüm ver, İlahi!..


* * *
Sevgi bitmir, istək bitmir,
neynirəm, bu şoran yeri...
Mənim könlüm dağ yeridir,
sənin könlün aran yeri...

Toxum ver, əkə bilirəm,
ağrı ver, çəkə bilirəm;
Özümə qiblə bilirəm,
sən o yatıb-duran yeri.

Sənin o evin-eşiyin,
sənin o itin-pişiyin,
Sənin o yorğan-döşəyin,
Dünyanın qurtaran yeri...

YOXDU

Qaçıb bu dünyanın tamı,
Ha gəzirəm o tam yoxdu.
Məni çəkir ayağımdan,
Qolumdan bir tutan yoxdu.

Mən həm yayam, mən həm qışam,
Mən həm çöləm, mən həm xışam,
Bir parça dəmirəm, daşam,
Mənim anam, atam yoxdu.

Bu sayda adam içində,
Bu soyda adam içində
Bu boyda adam içində,
Dərd deməyə adam yoxdu

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ