Sözdən böyük Sözdü yenə - Zakir Sadatlının şeirləri

Tarix:15-05-2019, 20:37 Baxış Sayı:153

Sözdən böyük Sözdü yenə - Zakir Sadatlının şeirləri
MANERA.AZ unudulmaz yazıçı Zakir Sadatlının şeirlərini təqdim edir:

Get

Ayrılıb gedirsən yaxşı yol sənə,
Daha elə bilmə dalınca baxam.
Dönüb gələcəksən nə vaxtsa yenə,
Sən gələn günədək darıxacağam.

Dənizlərimə boy verəcəyəm,
Sevgim həsrətinə boyun buracaq.
Harda sənə oxşar qız görəcəyəm,
O məni bir az da darıxdıracaq.

Gedirsən mən sənə nə deyim axı,
Al apar özünü, bu könül, bu sən.
Mən sənin qəlbinin qərib qonağı,
Sən mənim könlümün sahibəsisən.

Neçin yarı yolda qoyursan məni,
Demirəm taleyim puç ola bilər.
Nə vaxtsa ömründə duyarsan məni,
Sonrakı təəssüf gec ola bilər.

İllər də sürüşüb çıxar aradan,
Zaman öz köçünü saxlaya bilməz.
Bu gün aramızda sərvət yaradan,
Soyuq daş misralar haraya gəlməz.

Sən isə gedirsən, gəl yola salım,
Daha ayaq üstdə yoruldun səndə.
İndi get ürəyimlə təkbətək qalım,
Di get öz dünyama qayıdım mən də.



***
Daha adamları sevib qurtardım,
Sevgidən, nifrətdən doydum, İlahi.
Üstündən ah çəkdim bir iki qullab
Onu da yarımçıq qoydum, İlahi.

Adamlar içini xaraba qoyub,
Uçuq divarların dibiynən gedir.
Hərə öz başına bir noxta salıb
Bir zatı qırığın ipiynən gedir..

Otlar ac qarına çıxır torpaqdan
Sular birnəfəsə yürüyüb gedir.
Ağac basdırırsan göyərib çıxır,
Adam basdırırsan çürüyüb gedir...

Başın qarışıqdı başına dönüm,
Küfr olar, desəm ki, işin-gücün yox,
Səndən bəndələrin çörək istəyir,
Sən olan yerdə də əkin-biçin yox...

İlahi, səni də dişimə vurdum
Yerdən göy çağırmaz, göydən yer məni
İlahi, sən mənə yiyə durmadın,
Dədəmə, nənəmə apar ver məni!

Doğmalıqda ögeylik

Əslim haralıdır, nəçiyəm, kiməm,
Verdim cavabını göynədi yaram
Bir naşı əlində qırılmış siməm.
Parçama birləşib qaynaqlanmaram.

Qardaş, adı Bakı qoyulub indi
Sənin soruşduğun Badi-kubənin
Mətləbin incəlib bəd kökə endi,
Söhbətin nə yaman qədimdir sənin...

Bizim diyarımız bölünmüş alay,
Gəncə hayandadır, Təbriz hayanda...
Kiməsə saxlayır ayrıca bir pay,
Nənəm ocaq üstə qazan qoyanda.

Bir kəlmə bilsəydin doğma dilimdə
Bu acı söhbətə şirin deməzdin
İstilik duysaydın, hətta, külümdə
“Köhnə palan içi” eşələməzdin.

Doğmaykən ögeyik, mənə yad baxın,
Bir ana döşündən süd əmsək də biz
Kənardan baxana yaxınıq, yaxın
Hayıf ki, deyilik bir ürəkdə biz.

(Sən çalan muğamın cılızdır səsi
Ayrı pərdələrdə xal tapa bilməz
Bu sözün, söhbətin əsl qayəsi
Yox, sənin fikrinə yol tapa bilməz).

Nə inci sözümdən, nə nigaran qal
Uzatma söhbəti, bu qədər yetər
Rəngimə, ruhuma baxıb cavab al.
Təbrizə həsrətəm səndən də betər...

Çıxarın gözlərimi

Gözü işığa düşənəm
Qoymayın qorxub-hüşənəm
Yaman korluq verir mənə
Gözlərim qoymur düşünəm,
Çıxarın gözlərimi!

Axan ulduzu göstərin
Keçən o qızı göstərin
Əvvəlcə sərhəddi açın,
Sonra Təbrizi göstərib –
Çıxarın gözlərimi!

Yaman sevirdim o qızı
Özgəyə verdim o qızı
Üstündən bir il ötməmiş
Peşiman gördüm o qızı
Çıxarın gözlərimi!
Çıxarın gözlərimi,

Verin bir qəlbi saxtaya;
Bəlkə ürəyi toxtaya...
Sözümdən dönən deyiləm,
Salmayın gözümçıxdıya
Çıxarın gözlərimi!

Susanda sözüm ağlayır
Dinəndə səsim ağrıyır
Bir adam var yer üzündə,
Görəndə gözüm ağrıyır.
Çıxarın gözlərimi!
Çıxarın gözlərimi! –

İşığı sönsün, sovalsın
Bəlkə birinə göz olsun
Gözlü kor çoxdur dünyada,
Qoyun bir nəfər azalsın,
Çıxardın gözlərimi!...



***
Öyünmə sağın-solunla,
Baş qatma qelü-qalınla,
Dünya, çıx get öz yolunla –
Sözdən böyük Sözdü yenə!

Məkan, Zaman da böyükdü,
Bədən də, Can da böyükdü,
Ölüm də, Qan da böyükdü –
Sözdən böyük Sözdü yenə!

Qoy deyim, haçandan bildim –
Dilimdən uçandan bildim…
Balam dil açanda bildim
Sözdən böyük Sözdü yenə!

Bir nizam, bir qayda olur,
Hər şey özü boyda olur!
Şair sözü boyda olur
Sözdən böyük Sözdü yenə!

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ