Rəşid Bərgüşadlı: "Kənd kinoteatrı"

Tarix:22-04-2019, 08:59 Baxış Sayı:213

 Rəşid Bərgüşadlı: "Kənd kinoteatrı"
Kənd kinoteatrı
hekayə

Düzdü, gərmə-təzək kəndlinin dolanışığı üçün hava-su kimi vacibdir, amma Şükürün gərmə sahəsi binədən biabırçılıq olub. Biz görmüşük ki, peyin bir az bərk olar, günün altında bir müddətə daşa dönər, iyi çəkilər. Bu adamınsa mal-qarası ilmüdamın on iki ayı qarınağrısına düşürdü. Bilmirəm, tövlənin şəraitindənmi belədi, ya Şükürün davarı harda zəkkum ot var onumu yeyib bu hala düşürdü. Evlərinin üstündən keçəndə iydən gözümüz yaşarırdı. Amma bir iş var ki, hər cümə bu gərməlikdə ağnaşmağa məcbur idik. Niyə?

...Kənddə yeganə ikimərtəbəli ev Şükürünküydü. Evin enli və hündür divarı əhənglənmişdi və pəncərəsiz idi. Proyektorla kinoya baxmaq üçün bu cür divar hər deyəndə ələ düşməz. İnsafsız da gərməliyi düz evin dalında – bizim ekran qarşısında sərildiyimiz yerdə salmışdı. Kinoverən Sərdara nə qədər deyirdik ki, başqa divar tapaq, qoymurdu, elə bil Şükürlə sövdələşmişdi. Deyirdi, – Bu cür ekranı heç yerdə tapammarıq, – kinonu qoşub Şükürgilin alt mərtəbəsində yatırdı. Əlləm-qəlləm adam idi Sərdar. Qonşu kənddən olsa da az görürdük onu. Rayonda “videoxana”sı vardı. Videomaqnitafonla proyektoru bir-birinə calayıb maraqlı film dəzgahı düzəltmişdi. Kinonun pulunu verməyənin adını yazırdı nisyə dəftərinə, gələn dəfə qoparmayınca həyətə buraxmırdı. Bir sözlə, Sərdar əlli qəpiyə bizə həm Şükürün peyinliyini ayaqlatdırırdı, həm də kinoya baxdırırdı. Peyinliyin adını “kinoteatr” qoymuşduq. Cüməyə bir gün qalmış gətirib saman səpərdik peyinliyə ki, üst-başımız bulaşmasın, əl-ayağımız tırığa batmasın...

Axırıncı cümə üç filmə baxacaqdır – Çarli Çaplinin komediyasına, Arnold Şvarsenegerin davalı filminə və Gərayın toy kassetinə. Gəray Aşa xalanın axmadar oğludur. Bakıda yaşayır. Bir ay olmazdı evləndiyi. Toyun kasetini göndərmişdi ki, “video Sərdar” bizə də göstərsin. Bizim üçün çox maraqlıydı şəhərin restoran toyu.
Növbə toy kassetinə çatanda üzüsəhərə idi. Musiqi səsinə yuxusu qaçan qonşu evlər də yığışdı Şükürün gərməliyinə. Toy aparıcısının şerləri, qohum-əqrəbanın müdrik arzuları, cürbəcür içkilər, yeməklərlə bəzədilmiş möhtəşəm stollara ağzımız ayrıq qalmışdı. Aşa xala sevincdən göylə gedirdi. Arada toyda şahidi olduğu hadisələri də danışıb peyinliyin qoxusunu unutdururdu bizə. Bəy-gəlini “Vağzalı” ilə restorandan çıxaranda camaat artıq qalxırdı. Gözlərini 4-5 saat Şükürün divarına zilləmiş tamaşaçıların boynu zoqquladayırdı ağrıdan. Hərə özüylə gətirdiyi kətili götürüb Aşaya gözaydınlığı verirdi. Elə bu heynidə ekranda nə olsa yaxşıdı!?.. Rüsvayçılıq! Həm də görünməmiş bir rüsvayçılıq! Lüm-lüt bəy və gəlinin yataqda çıxardığı hoqqaları bir təsəvvürünüzə gətirin... Proyektoru söndürə bilən yox idi, Sərdar isə Allah bilir neçənci yuxuda idi. Kimsə ağıllı tərpənib proyektorun qabağını kəsdi. Amma Gərayla arvadının ah-vahı məhəlləni başına götürmüşdü. Elə bil camaatın başına qaynar qazan aşırmışdın. Aşa xalanın heyrətdən əli ağzında qalmışdı. Kəndin ağsaqqalı Salantur kişi dedi ki, – Aşa, Gərayı ağıllı oğlan bilirdim, amma yataqda olanları kassetə nahaq yazdırıb göndərib. Arvad-uşaq, qız-gəlin yanında başımızı yerə soxdu... – suyumuz süzülə-süzülə gərməliyi tərk edəndə toyun kasseti də qurtarmışdı və ekran titrəyirdi.

Bu hadisədən sonra Şükürün həyətindəki “kinoteatrı” birdəfəlik unutduq, peyin iyindən canımız qurtardı. Uzun müddət hamı bir-birindən həya edir, hərə öz evinə qapanmışdı. Lap sonralar bildik ki, sən demə “video Sərdar” Gərayın toyunu köhnə pornofilmin üstünə yazıb, əsl surətini Aşaya qaytarıbmış. Cavanlardan bir neçəsi toyun əslinə baxıb Sərdarın dediyini təsdiq edirdilər. Amma çox gec idi, kəndin abır-həya pərdəsi cırılmışdı. Hər şey də Gərayın başında çatladı, kənddən birdəfəlik ayağını üzdü...

Rəşid Bərgüşadlı



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ