Ürəksiz yazmağa ixtiyarım yox - Rauf Soltanın şeirləri

Tarix:21-04-2019, 13:10 Baxış Sayı:216

Ürəksiz yazmağa ixtiyarım yox - Rauf Soltanın şeirləri
MANERA.AZ "Unudulmuşlar" layihəsində mərhum şair Rauf Soltanın şeirlərini təqdim edir:

Yuxuma daş atan həsrət

Sənsiz qəm rənginə boyanıb günüm,
Çətinə düşmüşəm əməlli-başlı.
Yuxum qaranquşdur elə bil, gülüm,
Həsrətsə uşaqdır əlləri daşlı.

Get-gedə soluxan üzümə baxmır,
Tamam biganədir qayğılarıma.
Ərköyün həsrətin sözümə baxmır,
Hər axşam daş atır yuxularıma.

Yenə gecə keçir fikrə getmişəm,
Gözümün önünə gəlir ötənlər.
Uşaqkən anamdan çox eşitmişəm,
“Quşlara daş atma qarğış edərlər”.

Gülüm, mən dözərəm, darıxma qəti,
Şikayət etmərəm özgəyə,yada.
Ondan qorxuram ki, nadinc həsrəti,
Qaranquş yuxumun qarğışı tuta.

Düşəcək

Çıxarıb başından ayı tac kimi,
Gecə öz taxtından dalğın düşəcək.
Uca zirvədəki o duman, o çən,
Bir azdan dərəyə yorğun düşəcək.

Şəlalə bürünüb qızıl şəfəqə,
Qayadan tərtəmiz, durğun düşəcək.
Xəlvətcə bir gülün öpdüm üzündən,
Bülbüllər eşitsə qırğın düşəcək.

Bənövşə

Bir zindandır kol dibi,
Həsrət qalıb günəşə.
Eşqinin ucbatından,
Bu zindana atılmış ,
Şah qızıdır bənövşə.

Tikanlar cəllad kimi,
Qəsdinə duracaqlar.
Elə əyib başını,
Deyirsən ki, indicə,
Boynunu vuracaqlar.

Daha çox sevirəm

Bir söz deyəcəyəm, eşitsə nadan,
Gülüb boylanmasın sola-sağa çox.
Mən barsız ağacı bar ağacından,
Daha çox sevirəm, bəli daha çox.

Nə təhər sevməyim mən onu dostlar,
Gözüm önündədir ilin hər çağı.
Şeirlər yazdığım ağ-ağ kağızlar,
Barsız ağaclardan düzəlir axı.

Bu kağız olmasa neyləyərəm mən,
Qəfil dolu sinəm çatlaya bilər.
Bəlkə də ürəyim söz təzyiqindən,
Uşaq şarı kimi partlaya bilər.

Qoy bar ağacları küsməsin məndən,
Versin məhsulunu hey qucaq-qucaq.
Meyvəsiz dözərəm, nə qədər desən,
Keçinə bilmərəm kağızsız ancaq.

Ən yaxşı elçi

Sevən ürəklərin çoşsun sevinci,
Yollara səpməyə gül-çiçək dərin.
Vallah məhəbbətdir ən yaxşı elçi,
Əvvəl qız evinə onu göndərin.

Qoymayın şübhələr gəlsin yaxına,
Gözlər iftixarla,inamla dolsun.
Elə üzük taxın qız barmağına,
Üstündə məhəbbət şöləsi olsun.

Axsın bəbəklərdən alovlu bir hiss,
Doyunca sındırsın qohum,qardaş da.
Çağırın toylara məhəbbəti siz,
Buyurub əyləşsin yuxarı başda.

Şirin bir nəğməyə bürünsün aləm,
Arzulu könüllər arzuya yetsin.
Kişilər inciməz yəqin ki desəm,
Hər evdə məhəbbət böyüklük etsin.

Daim inci düzsün ömrün sapına,
Biz ona güvənək darda,çətində.
Dövlət qanunu tək ev kitabında,
Qoy adı yazılsın məhəbbətin də.

Ana qəlbi

Ağ kəpənək görüb çınqıllı yolda,
Sevincdən özünü itirdi uşaq.
Ananın əlindən çıxıb bir anda,
Kəpənək dalınca götrüldü uşaq.

Ana kağız kimi ağardı birdən,
Həyəcan içində gözünü yumdu.
Bu vaxt ana qəlbi çıxıb sinədən,
Tələsik uşağın dalınca cumdu.

Bir qorxu iynətək beyni sancırdı,
Narahat vururdu ananın qəlbi.
Kəpənək dalınca uşaq qaçırdı,
Uşağın dalınca ananın qəlbi.

Susub dayanmışdım mən baxa-baxa,
Duyanlar halımı hiss edib anlar.
Titrək ana qəlbi çatdı uşağa,
İndi də yanbayan qaçırdı onlar.

Uşaq qanadlanıb sanki uçurdu,
Güc gərək onunla yarışmaq üçün.
Yanında bir ana qəlbi qaçırdı,
Büdrəsə qolundan yapışmaq üçün.

Qayış

Yenə yada düşdü doğma bir qayış,
Gərək bağışlasın saçımdakı dən.
Bəzən o qayışdan söz düşən kimi,
Qaçıb gizlənərdim qonşularda mən.

Atam yatmayınca dönməzdim evə,
Nəfəsim papiros qoxulu idi.
Kəndə su verməyən əjdahadan da ,
Mənimçün o qayış qorxulu idi.

Yanıb göynəyərdi çılpaq qıçlarım,
Beləcə əhdimi kəsərdi qayış.
Havada qıvrılıb açılan zaman,
Aldığım ikiyə bənzərdi qayış.

Şuluqluq etməyin ləzzəti başqa,
Dinc durmaq qəlbimi yaman sıxardı.
Qonşunun bağında sınan budağın,
Məndən hayıfını qayış çıxardı.

Səssizcə girərdim yorğanın altda,
Anamın əlilə sığallanardım.
Axır öz işini görərdi qayış,
Bir-iki günlüyə ağıllanardım.

Elə söhbət açar ötən çağlarım,
Kövrək xatirələr bağrımı didər.
Məni qayış ilə döyərdi atam,
İndi həsrət döyür atamdan betər.

Atamın adı

Günahsız qəlbimi kövrəltdin yaman,
Sənin eşitdiyin tamam düz deyil.
Doğmaca atamın adıdır Soltan,
Vallah göydəndüşmə təxəllüs deyil.

Ömrümün davamı sayılsın ömrüm,
İnsançün nə var ki həyatdan baha.
Yan tökül, ey bizi ayıran ölüm,
Adımız əbədi qovuşub daha.

Əzizdir yazdığım bütün şeirlər,
Sözün nəfəsindən közərən odam.
Hərdən çaşıb mənə Soltan deyirlər,
Sanıram məzarda diksinir atam.

Qorxub çəkilmərəm bir addım dala,
Kəssə də qarşımı qatı duman-çən.
Biz qoşa çıxırıq bu çətin yola,
Yəqin ona görə ürəkliyəm mən.

Halal zəhmətimlə tutum yerimi,
Sinəm tükənməyən sevinclə dolsun.
Mənim adıma çıx zəif şeirimi,
Yaxşı şeirlərim atamın olsun.

Gəzirəm dünyada gözü, könlü tox,
Arzumun ümiddən qol-qanadı var.
Ürəksiz yazmağa ixtiyarım yox,
İmzamda atamın əziz adı var.

Sənsiz

Sanki quru ağac oldum,
Əhvalım qarışdı,gülüm.
Həsrət üzüm tənəyi tək,
Gövdəmə sarışdı,gülüm.

Arzum canıyla əlləşir,
Quzu hisslərim mələşir,
Dərd ürəyimlə güləşir,
Sinəmdə yarışdı,gülüm.

Təkəm şübhə qalasında,
Əksin gözüm qarasında,
Ümidim qəm çalasında ,
Bir nazik qamışdı gülüm.

Bölüşürəm könlüm ilə,
Necə deyim dilim ilə,
İndi bildim ölüm ilə,
Aram bir qarışdı gülüm.

Ürək nəğmə demir sənsiz,
Günüm olub kömür sənsiz,
Acı çaydı ömür sənsiz,
Gəl, qənd at, qarışdır gülüm.

Mənə yamanlıq diləmə,
Zəndimi peşman eləmə,
Ocağıma su çiləmə,
Üfürüb alışdır gülüm.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ