Haruki Murakami - yapon ədəbiyyatının yaşayan klassiki

Tarix:20-04-2019, 18:17 Baxış Sayı:107

Haruki Murakami - yapon ədəbiyyatının yaşayan klassiki
Bədirxan ƏHMƏDLİ
filologiya elmləri doktoru, professor

Çağdaş yapon ədəbiyyatının yaşayan klassiki Haruki Murakaminin yetmiş yaşı tamam olur. 80-ci illərdən yaradıcılığa başlayan yazıçı bu gün dünyanın ən tanınmış nasirlərindən biri hesab olunur. Dünya ədəbiyyatı onun simasında gerçəklikləri özünəməxsus şəkildə təsvir edən bir yazıçı qazanmışdır.

Əsərlərində hər hansı bir hadisənin təsviri dərin fəlsəfi çalarlarla dərk olunur. Bu cəhətdən yazıçının yaradıcılığında fəlsəfi-psixoloji çalarlar üstünlük təşkil edir. Qəhrəmanları da, sanki filosofdurlar; onlar daim axtarışda, bir məqsədə doğru irəliyə baxmaqdadır, cəmiyyət hadisələrini təsvir etməyi və ondan müəyyən nəticələr çıxarmağı bacarırlar. Yazıçının daim izlədiyi sürrealist ideya çox zaman qəhrəmanlarının xarakterini və əsərin süjet xəttini də müəyyən edir. Burada dərk olunması qeyri-mümkün olan hadisə və qəhrəmanlar, insanın real dünya ilə ilişgiləri sirli və dumanlı şəkildə verilir. Buna görə də H.Murakaminin əsərlərində çox zaman avtobioqrafik məqamlar axtarılır. Onun yaradıcılığını birləşdirən ümumi cəhətlərdən biri də musiqi və mətbəx dünyasını bütün detalları ilə göstərməsidir. Əsərlərində nikbinliklə bədbinlik həmişə sintez şəklində paralel çıxış edir. Yazıçının romanlarının janrını, formasını müyyən etmək də bir qədər çətin olur. Hər hansı bir əsərində realizm, sürrealizm, detektiv, naturalizm, fantastika, psixologizm, melodramatizm və s. kimi "izm"lərin qarışıq izlərinə rast gəlmək olur. Bir sözlə, yazıçının özünün "əsərlərimdə hər kəs istədiyini tapar" fikrində böyük həqiqət var.

Haruki Murakaminin ən məşhur əsərlərindən biri "Norveç meşəsi"dir. Yazıçı dünyada bu əsərlə tanınmışdır. Həm də bu əsərdə yuxarıda yazıçı yaradıcılığını ümumi şəkildə özətlədiyimiz xüsusiyyətlərə toplu şəkildə rast gəlmək olur. Burada hər şey var; sevgi, həyat, ölüm. Realizm, sürrealizm, romantizm və adını çəkmədiyimiz bir çox "izm"lər. Yazıçı sanki bütün "izm"ləri bir yerə yığmış, bəlkə də, bu "izm"lərin həyatı təsvir etmək üçün biryerdəliyini sübut etməyə çalışmışdır. Romanın əsasının beş il əvvəl yazdığı "Hotaru" (İşıldaböcək) sevgi hekayəsinə dayanması romantik başlanğıcın həyat materialı olmasını şərtləndirir. Romanın başqa bir özəlliyi müəllifin bioqrafiyasından istifadə etməsidir. H.Murakaminin heç bir əsərində bioqrafiyası bu şəkildə dolğunluğu ilə öz əksini tapmır. Təsvir olunan hadisələrin yazıçının tələbəlik illərinə təsadüf etməsi, hökumətə qarşı nümayişlərin getməsi, hansı fakültədə və hansı əsərləri oxuması və s. detallar yazıçının həyatı ilə tamamilə uyğun gəlir. Romanda Avropa dəyərləri ilə yapon ənənələri paralel çıxış edir. Əsərin Avropada yazılması da olsun ki, ideyanın bədii həllində rolu olan məsələlərdəndir.
Haruki Murakami - yapon ədəbiyyatının yaşayan klassiki
"Norveç meşəsi" romanında 60-cı illərdə Yaponiyada baş verən ictimai-siyasi proseslər; tələbə hərəkatı, cinsi azadlıqların baş qaldırdığı hadisələr kontekstində qəhrəmanların həyata və dünyaya baxışı əks olunur. Yazıçı burada yaratdığı Toru Vatanabe, Naoko, Naqasava, Midori Kobayaşi, İşida Reyko, Hatsumi, "Hücumçu" və b. obrazların həyatı və dünyagörüşünü reallıqla sürrealizmin birləşdiyi həyat kontekstində göstərir. Roman bütünlüklə Vatanabenin düşüncələri və xatırlamaları üzərində qurulub. Toru Vatanabe Kobe şəhərindən gələrək Tokio Universitetinin filologiya fakültəsinə qəbul olunur.

Ailəsinə ağırlıq düşməsin deyə, yataqxanada qalmağı üstün tutur. Yataqxana həyatını təsvir etməklə, yazıçı gələcəkdə baş verəcək tələbə hərəkatını və onların hansı qayğılarla yaşamasını göstərmək istəmişdir. Zaman keçdikcə Vatanabe insanları tanıyır, onlarla münasibət qurur, dərslərini oxumaqla yanaşı, həm də işləyir, boş vaxtlarında Avropa və Amerika yazıçılarının əsərlərini oxuyur, bir sözlə, həyatı müşahidə etməyə başlayır. Yataqxanada yaşayan Naqasava və "Hücumçu" obrazlarının hər birinin həyata özünəməxsus baxışları vardır. Naqasavanın dünyasında ancaq qızlar var idi, "Hücumçu" isə bütün qaydalara əməl etməsi ilə yadda qalır.

Vatanabe ilə Naqasavanı birləşdirən cəhət Avropa və Amerika yazıçılarının əsərlərini oxumaları, musiqisini dinləmələridir. Onlar fransız şairi Klodeli, Rasini, rus ssenaristi Eyzenşteyni, Amerika yazıçıları Truman Kapote, Con Apdayk, Skott Fiscerald, Raymond Şendli kimi yazıçıları oxuduğu halda, tələbə və yataqxana yoldaşları yapon yazıçıları Takahaşi Kadzumini, Oe Kendzaburonu, Mişima Yukionu və b. əsərlərini oxuyurdular. Naqasava isə müasir ədəbiyyatı oxumurdu. O bunu onunla izah edirdi ki, bu əsərlər və yazıçılar zamanın sınağından keçməmişdir.

Romanda yazıçı iki fərqli həyatı birləşdirməyə çalışır: normal həyat və depressiv həyat, yaxud ümidsizlik dünyası. Yazıçı romanın əsas ideyası kimi quyu obrazından istifadə edir. Naoko Vatanabeyə tarladakı dərin bir quyudan danışır. Məlum olur ki, hər il bir neçə nəfər tarlada o naməlum quyuya düşüb qeyb olur. Quyunu hələ heç kim görməmişdi, tarlanın harasında yerləşdiyi də bilinmirdi. Danışılan o idi ki, bu quyu çox dərindi, təxminən tarlanın pöhrəliklə birləşdiyi yerdədi, otlar quyunun diametri bir metr olan ağzını etibarlı şəkildə gizlədib. Quyunun yanında heç nə yoxdur, təkcə qara dəlik ağzını ayırıb öz qurbanını gözləyir.Vatanabe sonralar Naokonun ona danışdığı bu quyu və əslində, belə bir quyunun həqiqətən olub-olmadığı barədə çox fikirləşir.

Düşünür ki, bəlkə, belə bir quyu heç yerli-dibli olmayıb. Quyu obrazı ilə yazıçı sürrealist ideyadan çıxış edir, onu bir simvol, rəmz olaraq verir. Naokonun dediyinə görə, o quyuya düşməmək üçün gərək həmişə tapdanmış cığırla gedəsən. Yazıçı bununla tapdanmış, məlum yolla getməyən insanların həyatının çox zaman faciə ilə bitdiyini göstərmək istəmişdir. Tapdanmış, məlum yolla gedənlər həyatını sakit şəkildə başa vururlar, həyatda özlərinə yeni yollar axtaranlar isə bir çox hallarda o quyuya düşürlər. Necə ki, əsərdə bir neçə obraz, xüsusən də quyu əhvalatını danışan Naoko məhz bu taleyi yaşayır. Yazıçı demək istəyir ki, quyunu axtarıb tapmaq, ətrafını çəpərləmək mümkün olmadığı kimi, cəmiyyətdə olan bu ölümlərin də qarşısını almaq çətindir.
Haruki Murakami - yapon ədəbiyyatının yaşayan klassiki
Yazıçı əvvəldən-axıra real həyatla irreal dünyanın adamlarını paralel təsvir edir. İrreal dünyanı təmsil edənlər bu həyatda yaşaya bilməyib depressiyaya məruz qalanlar (Naokonun bacısı, Kidzuki, Naoko, Hatsumi və b.), real dünyanı təmsil edənlər isə Naqasava, Midori və b. H.Murakami obrazlarının xarakterik xüsusiyyətlərindən biri son dərəcə səmimi olmaları və düşündüklərini bir-birinə danışmalarıdır. Roman boyu obrazların bir-birinə münasibətində bunun şahidi oluruq. Bununla onlar həyatın bu yükündən xilas olmağa çalışırdılar. Lakin həyatla barışmayanlar bu yükü içlərində çəkir, dərd və kədərlərini bölüşə bilmirlər.

Əsərin qəhrəmanı Vatanabe iki dünya arasında qalır. Uzun müddət Naoko ilə Midori arasında qalan Vatanabe sonda Midorini seçir. Zatən başqa çıxış yolu yox idi, bu yolu ona Naoko özünü öldürməklə göstərir. Maraqlıdır ki, Naoko tarladakı quyu haqqında söhbət edərkən ona "qorxma, sən heç vaxt oraya düşməyəcəksən"- deməsi təsadüfi xarakter daşımır. Bununla, Naoko Vatanabenin onlarla bir yerdə olmadığını göstərmək istəyirdi. Naokonun həyatdan çəkilməsi də Vatanabeyə sevgisindən irəli gəlirdi. Naoko həyatdan çəkilməklə onunla Midori arasında seçim qarşısında qalan Vatanabeni bu iztirabdan xilas edir, necə deyərlər, önünü açmış olur. Naokonun ölümündən sonra Vatanabe düz bir ay Yaponiyanı sərgərdan şəkildə səyahət edir. Günləri, ayları itirir, məqsədsiz gəzməsinin səbəbini özü də bilmir. Əslində, Vatanabe bu zaman tərəddüd içərisində idi, hansı yolu seçməsi üçün vaxt udurdu.

Qaranlıq gecələrdə təbiət qoynunda tək-tənha Vatanabe Naokonu düşünürdü. Bu bir aydan onun çıxardığı dərslər vardı. Naokonun ölümü ilə yazıçı həyat və ölüm dilemmasına aydınlıq gətirmək istəyir. Onun yoxluğu Vatanabeyə ölümün həyatın o tərəfində deyil, həyatın içində olması həqiqətini başa salır. Yazıçı demək istəyir ki, heç bir gerçək insanı doğma adamının ölümünün gətirdiyi kədərdən xilas etmək, onu unutdurmaq gücündə deyil. Adamı bu kədərdən hər hansı bir güc, ruhsallıq qurtara bilməz, ondan yalnız doyunca yaşamaq, sonra isə öyrəşməklə qurtulmaq olar.

Bir ay sərgərdan gəzən Vatanabe Tokioya qayıdaraq sevdiyi qız Midoriyə zəng edir, onunla görüşüb danışmaq, hər şeyi təzədən başlamaq istədiyini bildirir. Vatanabe Midorinin "Sən indi hardasan?" - sualı Vatanabeni düşündürür: "Telefon dəstəyini əlimdən buraxmadan taksofonun həndəvərinə göz gəzdirdim. Bura haraydı? Mən harada olduğumu başa düşə bilmirdim. Heç təsəvvür də edə bilmirdim ki, bura hara ola bilər. Bu nə yer idi elə? Mənim gözlərim ancaq naməlum istiqamətə gedən saysız-hesabsız insan fiqurlarını görürdü". Yazıçı bununla Vatanabenin Midorinin kütləyə qoşulmasını vermək istəmişdir. Həyat eşqi zəif olanlar tarladakı quyunu, güclü olanlar isə həyatı seçirlər.

Romanın ikinci baş qəhrəmanı Naokodur. O, çox gözəldir, ancaq həyata baxışında ümidsizdir, passivdir. Bunun da müəyyən səbəbləri var. Yazıçı onun obrazında bu həyatdan könüllü əl çəkən gənclərin obrazını yaradır. Uşaqlıqdan böyük bacısının intihar etməsi onun həyatında dərin sarsıntı yaratmışdı. Sonralar dostluq etdiyi Kidzukinin intihar etməsi həyatında ikinci zərbə olur. Kidzuki Vatanabenin də dostu idi. Naoko ilə onu tanış edən də Kidzuki olmuşdu. Kidzukinin ölümü ilə Vatanabe və Naokonun münasibətləri yaxşılaşır. Onların münasibətləri ən yaxşı mərhələyə keçdiyi zamanda Naoko heç bir məktub qoymayaraq Vatanabenin həyatından çıxmaq istəyir. Lakin Vatanabe onu axtarıb tapır. Kyotoda ayrıca "Ami ryou" adlı bir sanatoriyada olduğunu öyrənir.

Onunla məktublaşır. Məktublarında Naokonu sevdiyini, onunla gələcəkdə də bir yerdə olmasını arzu etdiyini bildirir və bununla onu həyata qaytarmağa çalışırdı. Hər vəchlə Naokonu həyata qaytarmağa çalışır. İki dəfə Naokonun müalicə aldığı sanatoriyaya gedib bir neçə gün onunla bir yerdə qalır. Burada Naoko kimi insanlar həyata adaptasiya dövrünü yaşayırdılar. Vatanabe üçün bu həyat adi və qəribə bir dünya idi. Yazıçı "Ami ryou" sanatoriyasını Kyotoda meşəlikdə, dağlar arasında ayrıca, təcrid olunmuş bir yer kimi təsvir edir. Bu da rəmzi məna daşıyır. Burada depressiv adamlar istədiyi, yaxud sağalana qədər yaşayırdı. Lakin sanatoriya bütünlüklə qapalı deyildi, buraya qonaq gələ bilər və ya işləri olardısa, icazə ilə şəhərə gedə bilərdilər. Sanatoriyadan isə istədikləri vaxt rahatca çıxıb gedə bilərdilər, ancaq bu şərtlə ki, bir də geriyə qayıda bilməzdilər. Burdan getmiş adam arxasınca bütün körpüləri yandırmış olurdu.

Sanatoriyadakı bütün tikililər eyni tərzdə və eyni rəngdə idi. Bura Vatanabeyə gerçək olmayan bir dünyanı hiss etdirir. O, burada Norveç rəssamı Uolt Disney Munkun rəsm əsərlərini xatırlayır. Həm bu sanatoriya, həm də Vatanabe ilə Reykonun Naokoya Vatanabenin evində yas saxladıqları zaman Reykonun oxuduğu "Norwegian Wood" (Norveç meşəsi) mahnısını iki dəfə oxuması (Naoko bu mahnını çox sevərdi) arasında bir əlaqə yaratmaq istəmişdir. Əsərdəki simvolizm yalnız "quyu" və "Ami ryou" sanatoriyası ilə məhdudlaşmır, predmetlərin, hadisələrin bütün xırdalıqlarına, incəliklərinə qədər təsvir edilməsi ilə səciyyələnir. Əsərdə təsvir olunan hər hansı bir hadisə və predmetlərin təsvirinin dərin qatlarında gözlənilməz bir mistika var. İlk baxışdan bu sirr o qədər nəzərə çarpmasa da, getdikcə əsərin məzmunu ilə təsvir arasındakı paralellər bir-birinə daha çox uyğun gəlir.

Məsələn, əsərin lap başlanğıcında Vatanabenin dilindən təyyarə ilə bir səyahəti təsvir olunur. Təyyarənin Almaniyaya endiyini təsvir edən qəhrəman təyyarənin dayanmasından sonra bortdan ucalan musiqi səsini xatırlayır. Bu, "Bitlz"in oxuduğu "Norvegian Wood" mahnısı idi. Məhz bu mahnıdan sonra o, aradan 19 il keçdikdən sonra üzünü yandan zorla xatırladığı Naokonun danışdığı quyunu xatırlayır. Yazıçı bu detalı təsadüfi vermir, simvolistlərin ən çox söykəndiyi intuisiyanı verməyə çalışır. Elə təyyarədə halının birdən-birə pisləşməsi nəticəsində stüardessanın iki dəfə ona yaxınlaşıb halını soruşması da müəyyən məna daşıyır.

"Ami ryou" sanatoriyasındakı adamlar, sanki potensial intihar adamlarıdır. Əvvəlcə sanatoriya Vatanabeyə qəribə təsir bağışlayır. Naokonun otaq yoldaşı İşida Reykoyla tanış olur. Reyko, sanki Naoko ilə Vatanabe arasında bir tərcüman rolunu oynayır, Naokonun düşündüklərini, hisslərini ona danışır. Yazıçı Reyko ilə "Ami ryou" sanatoriyasından yenidən həyata atılan insanın obrazını yaratmaq istəmişdir. Onu buradan çıxaran və yenidən həyata qaytaran həyat eşqi, musiqi və insanlarla ünsiyyət qurmasıdır. Reyko həm də rəmzi məna daşıyır, o, dünyanı tərk edərək həyat dolu yaşamı seçməklə yaşam ağırlığını nümayiş etdirir. Əgər Reyko Naokodan sonra "Ami ryou" sanatoriyasını tərk etməsəydi, əsərdə ümidsizlik, pessimizm daha çox yer tuta bilərdi.

Midori Vatanabenin həyatına Naoko müalicə aldığı zaman daxil olur. Naokodan fərqli olaraq aktivdir, emosionaldır, həyat uğrunda, Vatanabe uğrunda mübarizə aparır və onu qazanır. Midori Vatanabe ilə yaxından tanış olduqdan sonra qəlbində başqa bir sevginin olduğunu hiss edir. Bir müddət onunla əlaqəni kəsir. Bununla Vatanabeyə şans verir ki, onunla Naoko arasında öz seçimini etsin. Yazıçı bu obrazla gənc qızları şəxsi həyatları uğrunda mübarizə aparmalarına səsləyir. O, bununla həm də Vatanabeni düşdüyü qatı bataqlıqdan çıxarmağı bacarır. O da Naoko kimi, gəncliyində ümidsizlik bataqlığında çapalayırdı, əvvəlcə anası beyin xərçəngindən ölmüş, iki il sonra isə atasını itirmişdi. Ancaq o, pessimizmə qapılmamış, dörd il boyu anasına və atasına qulluq etmiş, sonra isə Vatanabe uğrunda mübarizə aparmışdır.

"Norveç meşəsi" romanında hadisələrə və obrazlara birmənalı qiymət vermək çətindir; elə yazıçının da məqsədi həyatın çoxmənalılığını göstərməkdir. Əsərdəki hər bir qəhrəman gəncliyin keçdiyi müəyyən həyat yolunun bir hissəsidir. Vatanabedən bir neçə kurs yuxarı oxuyan Naqasava həyat dolu bir adamdır. Naoko insanları arxasınca aparmağı bacarırdı. Atası Naqoyada böyük bir xəstəxana sahibi idi, böyük qardaşı Tokio universitetinin tibb fakültəsini bitirərək atasının yolunu davam etdirirdi. Buna görə də onun cibləri həmişə pulla dolu olardı. Təsadüfi deyil ki, yataqxanadan köçəndə bütün ev əşyalarını Vatanabeyə bağışlayır. Hamı onu tanıyır və hörmət edirdi. Yaxşı oxuduğu kimi, qızlarla da gün keçirməyi bacarırdı. O, qızları aldatmır, onlara evlənmək təklifi etmir, şirin vədlər vermirdi. Bunlarla yanaşı, gələcək karyerasını da fikirləşir, xarici işlər nazirliyində işləmək üçün çalışır və buna nail olur.

Lakin Naqasava heyrətamiz dərəcədə kübar olmasına baxmayaraq, ziddiyyətli xarakteri vardı. Onda bir-birinə zidd xüsusiyyətləri çox idi. Onun bu xüsusiyyətini Vatanabe ilk gündən görmüşdü: "...amma ruhu tilsimdən çıxa bilmirdi. Mən lap əvvəldən bu xüsusiyyətləri görmüş və başqalarının bunu niyə hiss eləmədiyinə təəccüblənmişdim. Bu oğlan öz cəhənnəmində yaşayırdı". Onun ziddiyyətli xarakterlərindən biri də həddən artıq eqoist olması idi. Evlənməyi düşündüyü Hatsumi ilə yollarını ayırması Hatsuminin intihar etməsinə səbəb olur. Naqasavanın Vatanabenin həyata adaptasiyasında rolu böyük olur. Lakin Vatanabe ondan çox səmimi idi, açıq şəkildə Hatsumiyə haqsızlıq etdiyini onun üzünə söyləyir. O, Naqasavanı yaxşı tanıdığından Hatsumiyə ona ərə getməməyi tövsiyə edir. Bunu Naqasavanın özünə də deyir.

Yaponiyanın paytaxt meqapolisinin ictimai-siyasi həyatı göstərilir. Bu əsərlə yazıçı yapon həyatını və cəmiyyətini bütün dünyaya açır. Əslində, romanda təsvir olunan həyat yapon cəmiyyətinin bir hissəsidir. Yazıçı bu həyatı və obrazları total psixoloji durumda təsvir etmir, bəlkə, əksinə, hadisələri nəzarətdə saxlayaraq şüurun yaradıcılıq prosesini idarə edir, xaotik şəkildə davam etməsinə yol vermir. Ona görə də oxucu Vatanabenin bu həyatdan çıxardığı dərsi öz dərsi bilir, onun kimi həyatı sevir, onu təqdir edir. Yazıçı Kidzuki, Naoko, Hatsumi və b. ölümü ilə demək istəyir ki, əgər bir insan ruhunda sarsılmaz bir ağrı yaşayırsa, onu yenidən bitişdirmək, bərpa etmək çətindir. Naoko "Ami ryou" sanatoriyasında ömrünün sonuna qədər yaşaya bilərdi, lakin o, bu yolu seçmədi, ona əzab verən düşüncələrdən qurtulmaq istədi.

Yazıçı ölümlə həyatın bir medalın iki üzü olduğunu, kimin hansı tərəfi seçməsini onun öhdəsinə buraxmasını göstərmək istəmişdir. Yazıçı bu təsvirlərlə həm də gənclərin nə qədər yanlış bir həyat yolu yaşamalarını göstərir. Naokonun "Mənim uşaqlıq yoldaşım sağ olsaydı, fərqli ola bilərdi" fikirlərində ağır bir zərbə aldığı görünür. Kidzuki bu ölümü ilə sağ qalan dostunu düşünsəydi həm öz həyatını, həm də Naokonun həyatını xilas etmiş olardı. Həmin işi Vatanabe görür; Naoko ilə uzanan intihar zəncirini qıraraq Midoriyə tərəf gedir. Bu birləşmə həm də Midorini gələcək intihardan xilas edir. Bununla yazıçı gəncləri həyata səsləyərək əsərin ideyasını da müəyyənləşdirmiş olur../edebiyyatqazeti.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ