Məni aldanmağa elə öyrətdin - Mədət Əyyuboğlunun şeirləri

Tarix:12-04-2019, 20:46 Baxış Sayı:293

Məni aldanmağa elə öyrətdin - Mədət Əyyuboğlunun şeirləri
MANERA.AZ tanınmış şair Mədət Əyyuboğlunun 60 illiyi münasibəti ilə şeirlərini təqdim edir:

Aldanmağa öyrətdin

Ucalmaq istədim məhəbbətinlə,
Min cür acı yedim bir şirin üçün.
Sən "Fərhad" axtardın həyatın boyu,
Mən də tamarzıyam bir Şirin üçün.

Daha uduzmağa heç nəyim yoxdur,
Bir özüm qalmışam, bir sevən ürək.
İçində yalançı ocaq qalama,
Qəlbin buz kimidir baxışların tək.

Səni sən etməyə gücüm çatmadı,
Yenə öz-özümlə baş-başa qaldım.
Şübhələr içimi diddi, dağıtdı,
Buzdan alov aldım, oddan buz aldım.

Arxamda dayanan bir məhəbbət yox,
Nadanlar üstümə ayaq aldılar.
Zəifləmiş bilib məni alçaqlar,
Sinəmin üstündən cığır saldılar.

Buda sona çatan ömür yolları,
Ömrüm bir yandadır, bəxtim bir yanda.
Məni aldanmağa elə öyrətdin,
Yaşaya bilmirəm aldanmayanda.

Səni axtarıram

Sənə arxalandım sənə güvəndim,
Nə qədər aldatdım özüm özümü.
Saxla yaddaşında həyatın boyu,
Sənə deyəcəyim bu son sözümü.

Mənasız taleyə bir addım qalmış,
Səndən uzaqlaşdım, xoşbəxtəm, şadam.
Ulu tanrı yenə dirçəltdi məni,
Daha hiss edirəm ocağam, odam.

Özümün özümə yazığım gəlir,
Elə bilirdim ki, başlarda tacam.
Duydum ki, həyatda ən bir nömrəli,
"Aldanmış Kəvakib" - Yusif Sərracam.

Tanrının verdiyin əlindən alıb,
Günümlə, ayımla, ilimlə oyna.
Nifrətə çevirib sənə eşqimi,
Odumu söndürüb külümlə oyna.

Hələ yaşamağa macal tapmamış,
Nə tez ayaq açdı ömrümə payız.
Səni axtarıram əlin əlimdə,
Hardadır o məsum, mavi gözlü qız?

Qeybdən gələn şeir

İsti göz yaşının odunda üşü,
Sənsiz günlərimi gəlib gör üşü,
Bax buda səninlə vida görüşü,
Gəlmişəm görüşüb yox olmaq üçün.

Nə dünya təzəymiş, nədə mən yeni,
Bir qarış torpağam uzunu, eni,
Tanrım bu dünyaya gətirdi məni,
Çəkdiyin kamana ox olmaq üçün.

Hıçqıran qəlbində boğulan yaşdım,
Qurular odunda alışan yaşdım,
Sevgisiz dünyayla tez vidalaşdım,
Sevən ürəyində çox olmaq üçün.

Xoşbəxtlik axtarır

Məni düz olmağa qoymayan dünya,
Hansı günahım var sənin yanında?
Yalandır - deyirlər doğru sözümə,
Özümü doğrayır qılıncım qında.

Üzümü tuturam Ulu Tanrıya,
Səbrimə nə qədər sığınmaq olar?
Yetər təpələrin dağ görünməyi,
İnanım haqq nizam tərəzi var?

Bəlkə yaxşı oldu bu gündən sabah,
Təsəlli yelkəni görünüb itir.
Şey tana, iblisə yaxşı deyirlər,
Yaxşı kəlməsinin zamanı bitir.

Düşmən dost adıyla sökür içimi,
İnsan olduğuma peşmanmı olum?
Ömrüm yalanlara bir su içimi,
Dənizdim, kiçilib bir qaba dolum?

Dəyişib ahəngi ürəklərin də,
İtirib mənasın sevib-sevilmək.
Duyub anlayanda yaşamaq olmur,
Necə ağır imiş hər şeyi bilmək.

Xoşbəxtlik axtarır həyatı boyu,
Bir ömür yükünü daşıyır insan.
Bilsə də hər şeyin əvvəlin, sonun,
Özünü aldadıb yaşayır insan.

Varlığım vətən

Anamın gözləri baxır hər gecə,
"Soyuqdur üstünə yorğan sər gecə",
Göz yaşım içimə axır hər gecə
Çaylarım mənimdir, gölüm özgənin.

Kəndimin üstünü duman, çən alıb,
Doğma cığırlara kədər yol salıb.
Qoxusu çəkilib, tikanı qalıb,
Tale mənimkidir, gülüm özgənin.

Daha arzularım göylərdən enib,
Bir uzun həsrətə qəlbim köklənib,
Özüm təklənmişəm, ruhum təklənib,
Cəsəd mənə qalıb, elim özgənin.

Yaxşı ki, Allahım yazır bəxtimi,
Qoymurlar yaşayım hazır bəxtimi,
Hərə bir kotanla qazır bəxtimi,
İçim özümündür, çölüm özgənin.

Mənə uzatmağa güc yox qolumda
Vətən varlığımsan təsəllim bunda,
Xəcalət çəkirəm sənin yolunda,
Yaş amaq mənimdir, ölüm özgənin.

Sənin ad gününə

Müqəddəs duyğudur sevmək, sevilmək
Ürəyin deyəni dilinlə söylə.
Payıza bənzəyən bu böz dünyada,
Məni xoşbəxt elə, bəxtəvər elə.

Hara yön tuturam bu dəli sevda,
Məni cilovlayır, məni saxlayır.
Bu sevgi bir ömür yoludur mənə,
Həyata bağlayır, ömrə bağlayır.

Səni sevdiyimə peşman deyiləm,
Ürəyim bu yoldan dönəsi deyil.
Elə yandırır ki, məni alovu,
Əssə fırtınalar sönəsi deyil.

Haraya aparır bu sevgi bizi,
Bunu nə sən, nə mən bilmirik düzü.
Səni də, məni də yandırıb-yaxır,
Alovu görünür, görünmür özü.

Geniş aç könlünün qapılarını,
Rahat girə bilim qəlbinə sənin.
Öz qibləni göstər baxışlarınla,
Mən də yön çevirim qiblənə sənin.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ