Yad qadın, quduz itlər və... - Yaşar Bünyaddan Yeni Hekayə

Tarix:12-04-2019, 20:33 Baxış Sayı:301

Yad qadın, quduz itlər və... - Yaşar Bünyaddan Yeni Hekayə
Yazıçı Həmid Piriyevə

Avqustun azğın bürküsü müftə yal görmüş it kimi dil çıxarıb bədənini yalayırdı...

Kənddən çıxhaçıxda, gilavar duzlu havanı tərli sifətinə çırpanda bildi ki, dəniz beşaddımlıqdadı. Yolqırağı, cod salxımlarını suyu qurumuş arxın boşluğuna səpələmiş söyüdün qoca gövdəsinin başına dolaşan şanapipiyi görüb dayandı, quşu ürkütməmək üçün çömbəldi, gözlərinə işıq doldu - bu gözəlliyə uşaq kimi sevindi. Az qala qışqıracaqdı, yadına düşdü ki, hamı yasdadı, özünü saxladı. Şanapipik öz cazibəsindən məmnun xoşbəxtliklə bozumtul quru otların arasında gəzişirdi... Ötən il, Çopur Kərimin toy axşamında Miri kişi demişdi ki, şəhər camaatı buralarda basırıq yaradandan köçüb gedəndi şanapipiklər. Azadlığı, sərbəstliyi sevən quşdu, yurd-yuva da qurmazlar. Kəsəsi, kefnəquludular...

Bu gün meyxanaçı Həzinin yeddisidi, şəhərdən VİP çadır, mikrofonlu molla gətiriblər. Məşhur olmaq belədi də, gəlib-gedənin indiyəcən arası kəsilmir. Xarici maşınlar küçə-dalanlara qarışqa kimi daraşıb. Demək olar, yeddi gündü bütün kənd Həzinin xeyratından dadır; evdə qazan asan yox, küçədə-tində başıpapaqlı görməzsən. Heç başıləçəkli də.

Tünlük sevmədiyindən camaatın gözündən yayınıb kənddən çıxmışdı. Fikirləşdi ki, fürsətdi, şeytanın qıçını sındırım, yoxsa qulağının dibində bu boyda dəniz ola, bir yön içinə girməyəsən? Kimə desən inanmaz.

Əslində, o, dənizdən qorxurdu. Adını eşidib üzünü görmədiyi dənizdən... (Adam nədənsə qorxmalıdı da). Görməkdənsə, eşitdiklərinə inanırdı. Deyirdilər, kəndin çox kişisini aparıb dəniz. Demək olardı, hər evdən birini. Xəzəri Abşeron boyda əjdahaya bənzədir, yaxınına düşmürdü. Evlərindən görsənmirdi, amma ətri gəlirdi, səsi eşidilirdi; bəzən həzin nəğməli, bəzən dəli hayqırtılı, bəzən də quzu kimi həlim olurdu dəniz, amma çəkmirdi onu özünə, heç çəkmirdi...

Can verən də, can alan da o idi...

Allaha and olsun, meyxana dəbə düşməsəydi, bu neçə ildə evlərə babat qazanc gətirməsəydi, yəqin ki, kənddə başıpapaqlı qalmayacaqdı. Zarafatsız! Day dənizə üz tutmağın axmaqlıq olduğunu hamı başa düşmüşdü. Demə, bütün kənd anadan şair doğulubmuş, bilən yox! Kənd uşaqlarındakı bu bacarığı kim duyub adam içinə çıxarmışdı, bir Allah bilir. Kimi deyir quzu otaranda, kimi hamamda, kimi də deyir yuxuda verilib vergisi. "Yox bir, yuxudan durğuzublar ki, bala, yatma, dur şeir de, bu gündən çörəyin şeirdən çıxacaq, al, bu da qafiyə... Day nə deyəsən, bu da qismətdi, al, ye...".

"A kişi, iki günə 300 səhifəlik kitabı oxuyan mən, rəhmətlik Hüqonu, Folkneri, Tolstoyu tanıyan mən, gör kimlərə vergi verir də Allah... Bular heç Sabiri düz-əməlli tanımır... Demə, kitab üzü açmadan, məktəb qapısı tanımadan da şair olarmışlar...".

İnsafən, Allah ondan da vergisini əskiltməmişdi; onun da şairliyi vardı, yazırdı, amma toyluq, məclislik deyildi yazdıqları. Axı pulu çırtmaya uyuşan şeirə verirdilər...

Əvvəlcə şap-şuplarını çıxarıb qoltuğuna vurdu, əyildi, əyildi ki, şalvarının enli balağını çırmalasın, düz dizinəcən... Köynəyinin qabağını açdı, ətəyini göbəyinin üstündə düyünlədi - canına sərinlik gəldi. Bir balaca azadlıq duydu, ciyəri açıldı. Bu sərbəstlik ona elə ləzzət elədi ki!.. Kənddə belə gəzə bilməzdi, heç vaxt! Kimin həddi vardı qıllı qılçalarını, sinəsini açıb küçəyə, ya tinə çıxa?! Pis baxırlar. Dədəsi ahıl kişidi, hələ onun evdə maykayla oturduğunu görən olmayıb. Dədə-babadan bu bir əxlaq göstəricisidi. Kənddə belə qaydalar çoxdu, lap çox, Mendeleyevin dövri cədvəli boyda... Dözməyən qaçır kənddən. Gərək tab gətirəsən...

İki addım atmışdı, qızmar qum ayağının altını daladı. Bir az dabanüstü addımladı, bir az pəncəsində tullana-tullana, keçi kimi... Eşitmişdi, buralar sakitlik olur, təpədən enəndə başa düşdü niyə. "Hansı gic... bura gələr? Fuuu, zibillikdi ki, bura?!".

Qamışlığın tən ortası yağış suları yığılan, üstünü yosun basmış gölməçəydi. Yaxınlaşanda iy elə vurdu, az qala ödü ağzına gəlsin... Gün vurmuş qurbağalar tənbəl-tənbəl quruldayırdı. "Yəqin, sərin düşən kimi qurultuları qulaq batıracaq". Yastı bir qəmbər götürüb gölməçəyə vıyıllatdı. "Xırp", olan-qalan səslərini kəsdilər... İt hürdü. Sərçələr dəstəylə "pırrrr" eləyib havaya qalxdı. Ürkmüşdü sərçələr...

Zibillik bitən yerdə bir topa qağayı, beş-altı boz qarğa cənnətin yeganə sakinləri kimi qayğısız, dərd-sərsiz şellənirdi...

Gün təpəsini qızdırdı. İsti adamı "əridirdi". Əlini alnına tutub ətrafa nəzər saldı. Həndəvərdə kimsə yox idi. Dəliliyi tutdu. Əynindəkilərini bir-bir çıxardı, oldu anadangəlmə. Paltarlarını qum təpəciyinə qoydu, şap-şuplarını da üstünə. Sanki ağır yükdən xilas olmuşdu. Yüngül gilavar bədənini qucdu.

Cumdu dənizə. Yadına düşdü ki, üzməyi bacarmır axı? Bəs çapalamaq, əl-qol atıb dənizin duzlu suyunu şappıldatmaq? Buna ki qeyri-adi bacarıq gərək deyildi...

Suya girən kimi hər şeyi unutdu: kəndi, dənizdə batan balıqçıları, Mendeleyev cədvəli boyda qaydaları, Həzinin yeddisini, lüt olduğunu...

Təkcə şanapipiyi unuda bilmirdi. "İndi gəl, inandır camaatı... Yaqub əmioğlu kimi meyxanaçı-zad olsaydım, mənim də ayfonum olardı, çəkərdim şanapipiyi, qoyardım vidyonu yutuba... Heyif...".

Heyifsilənə-heyifsilənə suyu şappıldatdı. Hirslə, hikkəylə...

...Birdən yadına düşdü ki, ay dadi-bidad, evdən çıxanda küçə qapısını cəftələyib, tərs kimi açarı da həmişəki kimi daşın altına qoymayıb, anası dərman atmaq üçün yasdan tez qayıtsa, küçədə qalacaq, xəstə arvaddı, hirslənəcək, şəkəri qalxacaq, "xəbərsiz çıxdığımı da dədəm bilsə dərimə saman dürtəcəy...". Tələm-tələsik üz-gözünə ilıq sudan çırpışdırıb sahilə cumdu.

Çıxhaçıxda gördü ki, köhnə bağlar tərəfdən tozanaq qalxıb. Deyəsən, qara maşın idi. Bilmək olmurdu, toz maşını qovurdu, ya maşın tozu... "Yəqin, farmazon şəhər uşaqlarıdı, xəlvət yer gəzillər," - fikirləşib paltarına tərəf cumdu, tələsik geyindi ki, yaxınlaşsalar, onu bu halda görməsinlər, ayıbdı...

Ancaq maşın qəfil yerindəcə dönüb üzü bağlara sarı dayandı. "Deyəsən, qayıdır axı?". Nə baş verdiyini görə bilmirdi. Toz yatanacan maşın xeyli hərəkətsiz qaldı. Mühərriki işləyirdi, səsboğandan çıxan qaramtıl tüstüdən hiss olurdu ki, ya yanacağı zaydı, ya da motoru yağ "yeyir". Qara maşının içini qara pərdələr görünməz etmişdi. Güman ki, pəncərəsi açıq idi, içəridən kobud kişi səsləri eşidilirdi. Zibilli sahilə gələn şübhəli qonaqlara marağı artsa da, səssizcə nə baş verəcəyini gözlədi. Gözə dəyməmək üçün qamışlığın sıx yerinə soxuldu. Xəta-bəladan uzaq durmağı əmisindən öyrənmişdi. Məhəllədə dava-dalaş düşə, lap qan su yerinə axa, kişi dayanıb baxar, "nəyimə gərək" deyib baş qoşmazdı. "Ac başım-dinc başım" - kommunist şüarıydı əmisinin.

Qəfildən arxa qapı açıldı, elə açılmağıyla da bir qadın arxası üstə yerə sərələndi. Maşındakı qadını yumruğuyla hədələyərək pis söyüş söydü, əvvəlcə çantasını tulladı, dalısıycan nəsə atıb qapını çırpdı. Maşın tozanaqlayıb yerindən götürüləndə qadın da ürəkləndi, onların arxasınca oğlanın ömründə eşitmədiyi bir qucaq söyüş göndərdi.



Ürəyindən keçdi ki, yerindən tərpənməsin, gözləsin görək neyləyəcək. "Küçə qadınıdı, yüz faiz, vid-fasonundan bəlli. Söyüş də söyür... Qəhbələrin canı bərk olur... Duranda baxacaq ki, dərəbəylikdi buralar... Tozun içindədi, bəlkə soyunub dənizə də girdi?.. Soyunar görəsən? Niyə də yox?! Ətdi-qanlıdı... Ufff... Hayıf, ayfonum yoxdu, çəkərdim vidyosun, qoyardım...".

Xəyaldan onu səs ayırdı. Deyəsən, qadını görən tək o deyildi axı? Maşın tərpənən kimi bağlar sarıda zibillikdə vurnuxan üç kaftarabənzər it qadına tərəf şığıdı, onu hərəkətsiz görüb, ağızlarının seliyini axıda-axıda dayanıb xeyli hürdülər. Qadın, - yəqin ki, gözlərinə qum dolmuşdu, - harda olduğunu anlamayan kor kimi havaya əl-qol atdı, canının hayına qalmaqdan, sürünə-sürünə böyrünə düşən çantasını qapıb sinəsinə basdı. Bir neçə ağız "ay it!" - qışqırdı. Səsi xırıltılıydı. İtlər qırmızı gözlərini qadına zilləyib mır-mır mırıldayır, elə bil onu didişdirmək üçün məqam gözləyirdi.

Yad qadını əlacsız görüb dayana bilmədi. Əmisinin şüarını unudub qamışlıqdan çıxdı. Yararsız tikinti materialları qalaqlanmış təpəcikdən sanballı bir paya tapıb götürdü, çürük olmadığına əmin olub itlərin üstünə cumdu.

- İtilün!.. Cəhənnəm olun!.. Hə, nə baxursuz, əl çəkün dəə!..

Paya itin birini bərk tutdu. Zingildəyib kənara çəkilsə də, qaçmadı. O birisi üstünə atılmaq istədi ki, birini də ona çırpdı. Özü öz fərasətinə heyran qalmışdı.

- Gələ!.. Al payıvı, yaramaz köpəy!.. Bu da sənün!.. Bu da...

İtlər fısıldadılar, mırıldayıb hürdülər, daha bir-iki kötək yeyəndən sonra zingildəyib aralandılar. Qadın hələ də sərildiyi yerdən tərpənmirdi. Əlindən yapışıb qalxmağına kömək elədi. İtlər hələ uzaqlaşmamışdı, payanı qadına verib, "tut," - dedi, - "üstüvə gəlsə, vur". Özü isə ətrafda əlinə keçən daş-kəsəkdən itlərə tulladı:

- Qırılasuz elə! Cəhənnəm olun!.. Qorxma day, - Bunu çönüb qadına dedi. Qadın saymazyana payanı yerə tulladı, çantasını dizlərinin arasında sıxaraq, üst-başını çırpdı, narazı-narazı mızıldadı:

- Bular maşındakılardan qiryətdidi.

- Kim?

- İtləri deyirəm... o kişilərdən qiryətdidi... Verdikləri pula bax...

İndi fikir verdi ki, yerdə beş-altı əzik onluq var, yəqin, dalınca atdıqlarıydı - gördüyü "işin" məzənnəsi... Qadın narazı olsa da, əyilib bir-bir dənlədi onluqları, götürdüyü kimi də çantasına dürtüşdürdü, elə bil bayaq maşından söyülüb qovulan bu deyildi.

Fikirləşdi ki, əmisi düz eləyirmiş, gərək bu zəmanədə heç kəsin işinə burun soxmayasan... "Belə də gijdiy olar, özüvi qancığ itə yem eliyəsən, quruca "sağ ol" da demiyələr?!".

İncidiyni, əlbəttə, üzə vurmadı. Onsuz da pərt olan deyildi, bir söz tapıb ürəyini yumşaldacaq - belələrini oxuduğu kitablardan tanıyırdı...

İtlər görünmürdü. Qurbağalar da susmuşdu. Günəş isə yandırıb-yaxırdı.

- Tanışlarındı? - Maşın gedən səmtə çönüb soruşdu.

- Kim? Əşi yoo-ox... Yoldan ötən...

- Həə. - "Trasda durursan?" - soruşmaq istədi, dilini güclə ağzında boğdu. - Üstünü yaxşı çırp... Qolun da sıyrılıb deyəsən, get yuyun... dənizdə.

Qadın dodağını büzüb ufuldadı, "eybi yox, öyrəncəliyəm" - deyib ətli qolunun sıyrılmış yerinə baxdı, çantasından nəm salfetka çıxardıb ehtiyatla sildi. "Adını kişi qoyub, oğraş!" - maşındakıların qarasıyca deyinə-deyinə oğlana baxdı. - Səni də yolunnan elədim. Bağışla...

Oğlan başını tərpətdi, söz demədi.

- Yaxşı, mən gedim, - qadın dedi. Səsindəki soyuqluq havanı nəmləndirdi. Könülsüz demək istədi ki, yolacan ötürüm bəlkə, amma fikrini dəyişdi: "Görən olar".

Yeriyə bilmir, büdrəyirdi. Dayandı, arxaya çevrilib oğlana baxdı, gülümsəyə-gülümsəyə əyilib dikdaban tuflilərini soyunandan sonra nə fikirləşdisə, çantasını açıb xeyli eşələdi, nəhayət "vizitka"ya bənzər əzik kağız parçasını çıxardıb geri döndü, kağızı oğlana uzatdı.

- Adım Rənadı, - dedi. - Havaxt şəhərə yolun düşsə, gəl... Zarafatsız...

Oğlan tərəddüdlə kağızı götürüb köynəyinin cibinə qoydu.

- Pulum olanda gələrəm. - Bic-bic gülümsəyərək kəndə üz tutdu. Beş addım atmamışdı ki, qadın onu harayladı:

- Oğlan!.. Oğlan, dayan görüm... İtlər ordadı, qorxuram, yaxşısı budu, səninlə gedim... yolacan. Olar?

Qadın qıvraq idi, irəlidə, iri dalını yırğalaya-yırğalaya addımlayır, çantasını gah sağ, gah sol çiyninə aşırırdı. Kürəyinin tən ortasında puçur-puçur tər gilələnirdi. Nədənsə, oğlanın ona yazığı gəldi.

Qadın yolayrıcına çatanda əcinnə görübmüş kimi dayanıb qışqırdı. Əliylə asfaltın qırağındakı yastı kolluğu göstərib içini çəkə-çəkə kəkələdi. "Q-quş... O... o can verir..." - deyə bildi. Oğlan cəld irəli atıldı, qanadları, sinəsi qan içində kola ilişib çapalayan şanapipiyi gördü. Kövrəldi. Asta-asta quşcuğazı ovcuna alıb sinəsinə basdı. Gözləri doldu. Quş uzun əyri dimdiyini elə açıb-yumurdu, sanki Allah bəndəsindən imdad istəyirdi.

- Gözəl quşdu... Yəqin... yolu keçən maşın vurub. - Qadın heyifsilənərək pıçıldadı.

Oğlan:

- Can verir, yazıq, - dedi. - Sən yolundan qalma... Mal həkiminə görsədim, bəlkə...

Qadın ayaqlarının qumunu çırpıb tuflilərini geyindi, narahat baxışla oğlanı süzdü:

- Özünü çox üzmə, - dedi, - quşdu da, sağalar... Şəhərə də mütləq gələrsən. Pulu dərd eləmə...

Təkrar-təkrar: "Eşidirsən? Pul lazım deyil!" - deməyini eşitməsə də, boyası solmuş dodaqlarını açıb-yumaraq öpüş göndərdiyini, sonra da şəhərə gedən maşını saxlatdırıb mindiyini görməsə də, feldşer Gülağanın doqqazınacan təngnəfəs qaçan oğlan əmin idi ki, ovcunda can verən məsum, tənha şanapipiyin də bu həyatda yaşamağa haqqı var! Ən azından Rəna qədər.../edebiyyatqazeti.az/

YAŞAR BÜNYAD

Abşeron, Xırdalan şəhəri. 2019 yanvarБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ