Hara qaçsaq, özümüzdən qaçmayaq - Elman Tovuzun şeirləri

Tarix:10-04-2019, 17:04 Baxış Sayı:345

Hara qaçsaq, özümüzdən qaçmayaq - Elman Tovuzun şeirləri
MANERA.AZ tanınmış şair Elman Tovuzun şeirlərini təqdim edir:

* * *
Baxma ki, gözümə görünməyirsən,
Salmısan silnməz iz yaddaşımda.
Özümə bu qədər yaxın deyilkən,
Qurmusan taxtını düz yaddaşımda.

Axşamım belədir, səhərim belə…
Qalmır heç yadımda naharım belə.
Mənim, qışa dönüb baharım belə,
Sənsə gül açmısan buz yaddaşımda.

De, mənmi dəliyəm, dəlimisən sən,
Taleyin sehirli əlimisən sən…
Ya məni sağaldan zəlimisən sən, -
Yapışıb qalmısan, qız, yaddaşımda?!

MƏN ELƏ BİLİRDİM

Sənsiz yol gedərmiş içində sənin,
Səni yaşadarmış de gəl sevgilər.
Səninlə gedərmiş köçündə sənin,
Köksünə kök atan heykəl sevgilər!

Özünü yormasın ləl axtaranlar,
Üstünü kül örtən közü tapmışam.
Hərə sevgisini bir cürə anlar,
Hamının dediyi düzü tapmışam.

Dinib-danışanda köz olar sevgi,
Dodaqlar susanda danışar, demə.
Yandırmaq istəsən buz olar sevgi,
Söndürmək istəsən alışar, demə.

Demə, qurularmış baxışlar ilə,
Köksünün altında yuvası varmış!
Çimər yanaqdakı yağışlar ilə,
Qəlbin atəşində qurulanarmış...

Gözün ürəyində hey üzər-batar,
Ürəyin gözündə axarmış sevgi.
Gözlər açılanda yıxılar yatar,
Gözlər yumulanda baxarmış sevgi.

İçində göynəyən özünün imiş,
Dilin oxuyanlar əyərmiş səni.
Gözünün gördüyü gözünün imiş,
Könlünün gördüyü döyərmiş səni.

İçində sehirli ilana dönər
İçindən-içinə qaçan sevgilər.
Ümidə bürünər, gümana dönər
Düyün bildiyini açan sevgilər.

Tale düyünləri sevgiyə yazar,
Sevgi düyününü açmağın hədər.
Sevgi nəğmələri səslənən bazar
Dilinin ucunda əriyər gedər...

Yanmaq istədiyin, soyuq daş kimi
Hicranın buzunda bişər sən demə.
Kiprikdən asılı damla yaş kimi,
Yadına, yananda düşərsən demə.

Sən ölmüş bildiyin içini yaxar,
Başında bir ayrı başa dönərmiş!
Hər dəfə sevgilər əlini sıxar,
Sinənə söykənən daşa dönərmiş.

Sənsiz yol gedərmiş içində sənin,
Səni yaşadarmış de gəl, sevgilər.
Səninlə köçərmiş köçündə sənin,
Köksünə kök atan heykəl sevgilər.

Demə, sən yatanda oyaq olarmış,
Ayıq sevgilərin yuxuymuş demə.
Sevgilər ya olmaz, ya da olarmış,
Həsrəti, vüsalı yoxuymuş demə.

Sevgilər ruh imiş, yoxa var kimi,
Ağılsız can imiş, cansız ağılmış.
Sevgi dediyimiz, duyğular kimi,
Ağılsız yazılan canlı nağılmış.

Mən belə nağıla nağıl demərəm,
Sevgisiz olmayib köçüm sən demə.
Mən elə bilirdim sevə bilmərəm,
Sevgiylə doluymuş içim sən demə...

QAYITMA

Özün də bilmirsən bu nə dərd idi -
Mən üzə çıxıram, sənsə batırsan…
Nə oldu: tapanda – gözü dörd idin,
Atanda – gözünü yumub atırsan?

Bu boyda günahı üstünə yığıb -
Bu ürək indicə daş olar, qorxma…
Yanına düşmüşəm – yadından çıxıb,
Gedərəm, yanın da boşalar, qorxma…

İsti nəfəs, – deyə axtarma hədər,
Qar düşər başımı qatdığın yerə.
Səni xatirələr daşqalaq edər -
Qayıtma o, məni atdığın yerə…

ŞEİR KİTABIMI VARAQLAYAN QIZ

Şeir kitabımı varaqlayan qız,
Heyif ki, sevinə bilməyəcəksən...
Bir vüsal nəğməsi soraqlayan qız,
Yüz həsrət nəğməsi dinləyəcəksən.

Mənim şeirlərim düyünlü, dağlı,
Oxusan, dondurar səni qış kimi.
Yaralı qartalam – ayağı bağlı,
Sən isə uçursan qaranquş kimi.

Ahım səmalara nuş olsun deyə,
Mən dərdi yazıram hər gecə, hər gün.
Bir dəliqanlıya xoş olsun deyə,
Sən şeir gəzirsən “xatirə” üçün...

Kədər topa-topa, qəm yığın-yığın,
Yazmışam tufanla, yağışla, gözəl.
Yoxdur bu kitabda sən axtardığın,
Sən Allah, sən məni bağışla, gözəl.

Hələ vaxt olacaq səndən yazmağa,
Ay vüsal nəğməsi soraqlayan qız.
Dərd verdin,
gəlmədin dərd azaltmağa,
Şeir kitabımı varaqlayan qız.



* * *
Üzür yerdən göyəcən,
Nə var, dərdin içində.
Suyum dərdin içində,
Havam dərdin içində.

Nə dağdı, nə arandı -
Hər biri nigarandı…
Könlüm kimi virandı
Yuvam dərdin içində.

Ölüm gəlib alınca,
Əl-ayağı yalınca
Düşəcəyəm dalınca, -
Dəvam dərdin içində…



* * *
Heç mərhəmət yoxdu bizdə,
Elə insafsız olmuşuq…
Yazıq-yazıq baxıb üzdə,
Daldada ahsiz olmuşuq.

Torbamızı haram didib,
Halal nəfsə əsir gedib…
Gündə bir yol tövbə edib,
Guya günahsız olmuşuq.

Əl uzadıb yerdən göyə,
Hamı haqqa boyun əyə!
“Allah haqqı” deyə-deyə,
Yaman Allahsız olmuşuq.



* * *
Mən ki çəkdim nə verdinsə,
Yenə də çəkərəm, Allah.
Arzuların qəbri üstə
Lap gül də əkərəm, Allah.

Könlüm saray, evim kaha...
Kimə “yazıq”, kimə “pah”am.
İçimə sultanam, şaham,
Çölümə nökərəm, Allah.

Qoy özümü gendə görüm,
Bəlkə yağış, gün də görüm...
Bir iş tapşır, mən də görüm, -
Nə vaxtdır bekaram, Allah.

ADAMIN ADAMI

Mən ayrıyam, sənə baxma,
Adamlıya “pis” adamam...
Dərdimi bilməyə qalxma,
Mən bir az xəsis adamam.

Acam ac olan adama,
İşi yox ki, toxun mənnən!
Toy tutur yalan adama -
Oynamır ha çoxu mənnən.

Hamı mən deyiləm, a bəy,
Məndən də heç hamı olmaz.
Dərdi olar adamın, eyy...
Adamın adamı olmaz!

YAXIN GƏLMƏ,UZAQ DURMA

Yaxın gəlmə!..
Uzaq durma!..
Qoy beləcə,
möhlət kimi,
aman kimi sevim səni!
Qoy yaşayım bu həyatı həyat kimi,
Arzu olub ürəyini əsdirim qoy
kəpənəkdə qanad kimi...
İstəmirəm,
geri düşüm – yatıb qalan saat kimi.
Qoy səninlə addımlayan
zaman kimi sevim səni!

İstəmirəm
kəmərində gümüş olum,
İstəmirəm
dodağında gülüş olum,
İstəmirəm
gecələr Ay,
gündüzlərsə Günəş olum,
İstəyırəm
dağı sevən duman kimi sevim səni!

Qoy dadmayım ayrılığın
ağrısını, acısını,
Qoy bilməyim qibləsini bu sevdanın –
tanımayım qapısını!
İstəmirəm
bu oda mən
özüm bilə-bilə düşüm,
Niyə mən də Kərəm kimi
yanıb, yanıb dilə düşüm?
Nə sən Leyli ol, gözəlim,
nə də ki, mən
Məcnun kimi çölə düşüm.
İstəmirəm
nə puç olmuş ümid kimi,
nə saralmış güman kimi sevim səni...

Yaxın gəlmə!
Uzaq olub
dondursan da,
özün kimi dondur məni...
Uzaq durma!
Yaxın olub
yandırsan da,
özün kimi yandır məni...
Mən də elə
Elman kimi sevim səni!

ŞÜKÜR

Aza gileylənmə, çox azdan olur,
Aza da şükür de, çoxa da şükür.
Toxun aclığı var, acın toxluğu,
Aca da şükür de, toxa da şükür.

Bir əl boşalmasa, o biri dolmaz,
Alanı olmasa, qum da satılmaz.
Biri dartılmasa, biri atılmaz,
Yaya da şükür de, oxa da şükür.

Göyün bulududur – yerdə qar olur,
Qar yoxa çıxanda bulaqlar olur.
Ay Elman, nə olur, yoxdan var olur,
Vara da şükür de, yoxa da şükür.

DAHA

Qartal baxışlarım ağırdan ağır,
Hədəflər yayınmır gözümdən daha.
Dinəndə dilimdən yalvarış yağır,
Qan iyi gəlməyir sözümdən daha.

Hay vermir hayıma göylər mələyi,
Ruhum – səksəkəli dağ kəpənəyi.
Neynirəm bəsləyib mən bu ürəyi,
Köz alan yoxdursa közümdən daha.

Arzular açmayır, puçur içimdə,
Qurduğum qalalar uçur içimdə.
Qalmışam günahın, suçun içində,
Əllərim üzülmur üzümdən daha.

Qəmi saman kimi doğrayan vəldim,
Atımı bu yolda yorub dincəldim...
Yoxsa, iraq olsun, gözəmi gəldim?!
Söz aça bilmirəm dözümdən daha.

Elmanam, gurladım, yağa bilmədim,
Əridim, zülməti boğa bilmədim.
Dünyanı özümə yığa bilmədim,
Çıxıb gedəcəyəm özümdən daha

ELƏMİ

Yenə fikrin külüngünü saplayıb,
Ha qazırsan daşa çıxır, eləmi?..
Sevincinin qazanı boş, min hayıf,
Qəm qaşıqda qoşa çıxır, eləmi?..

Oğruya bax, ovcundakı püstədir,
Doğru hələ dünənkinin üstədir…
Ədalət öz yatağında xəstədir, –
Dərman atır, boşa çıxır, eləmi?..

Elman Tovuz, çox yazılıb bu haqda,
Dönən dönüb: nə həqiqət, nə saxta…
İnsan olan ayaqlanır ayaqda,
Nadan olan başa çıxır, eləmi?..

ÜRƏYİMDƏ

Mənə “daşürəkli” deyən bəxtəvər,
Biləydin, nələr var kaş ürəyimdə.
Sənin kəklik eşqin yuva qurubdur
Mənim o dediyin daş ürəyimdə.

Bilmirəm, nədəndir çaş görünməyim,
O bahar gözlərə qış görünməyim...
Mən necə hicrana xoş görünməyim?
Çəkdiyin dağlar da xoş ürəyimdə.

Daşam, ya deyiləm – həmən Elmanam,
Kiməm ki, Tanrıdan gələni danam?!
Sən üzəsən deyə, ay könül sonam,
Axıb gölə dönüb yaş ürəyimdə...

KİM DEYİR QARŞIDA XOŞ GƏLƏCƏKDİR?

Daha gözləməyə nə həvəs, nə tab,
Yenə yaş üstünə yaş gələcəkdir...
Oğulsan, bu küydə öz səsini tap,
Kim deyir qarşıda xoş gələcəkdir?..

Nədir gözlədiyim, bilmirəm düzü,
Onsuz da dönükdür taleyin üzü.
Başsız ayaq idi verdiyi quzu,
İndi də ayaqsız baş gələcəkdir...

Çox bağlı düyünlər qaldı həyatda,
Bir sandıq çürüyür hər daşın altda.
Xurcunu arzuyla dolu göy at da
Qayıdıb üstümə boş gələcəkdir...

Ay Elman, əl uzat ömrün qışına,
Nə arzuya aldan, nə göz yaşına.
Bir az da səbr elə, döymə başına,
Hələ pəncərədən daş gələcəkdir...

OLAYDIN

Düzümdə günəşim ola bilmədin,
Dağımda dumanım, çənim olaydın!..
Qolumun üstündə qala bilmədin,
Düşüb, saçlarımda dənim olaydın!..

Dilindən düşməzdi bir zaman adım,
Qibtə eyləyərdi yaxınım, yadım.
İsti nəfəsinə qızınammadım,
Buz olub canıma qənim olaydın!..

Günə bax, qaradan boyağımmı var,
Dalınca gəlməyə ayağımmı var?..
Dar gündə dirəyim-dayağımmı var,
Xoş gündə ortağım, tənim olaydın!..

Elmanam, qalmışam ətəyində sər,
Özümdən gileyli, səndən bixəbər.
Hər gecə yuxuma girən bəxtəvər,
Allahın altında mənim olaydın!..

SEVMİR

Gülümün güldanı deyil qucağım,
Heç belə güldanı gülüm də sevmir.
Saralıb yarpağım, quruyub tağım,
Gözüm sevməyəni könlüm də sevmir.

Bozdu sinəmdəki dağların başı,
Bu “qoşa bulağın” quruyub yaşı…
Sovrulub torpağı, ovulub daşı –
Bu xırman içimi çölüm də sevmir.

İsitmir canımı ta od-ocaq da,
Üşüdüm bu söyuq dəmir qucaqda.
Çoxdan aparmışdı…, olsam ayaqda,
Ölümcül olanı Ölüm də sevmir

DAHA

Qartal baxışlarım ağırdan ağır,
Hədəflər yayınmır gözümdən daha.
Dinəndə dilimdən yalvarış yağır,
Qan iyi gəlməyir sözümdən daha.

Hay vermir hayıma göylər mələyi,
Ruhum – səksəkəli dağ kəpənəyi.
Neynirəm bəsləyib mən bu ürəyi,
Köz alan yoxdursa közümdən daha.

Arzular açmayır, puçur içimdə,
Qurduğum qalalar uçur içimdə.
Qalmışam günahın, suçun içində,
Əllərim üzülmur üzümdən daha.

Qəmi saman kimi doğrayan vəldim,
Atımı bu yolda yorub dincəldim…
Yoxsa, iraq olsun, gözəmi gəldim?!
Söz aça bilmirəm dözümdən daha.

Elmanam, gurladım, yağa bilmədim,
Əridim, zülməti boğa bilmədim.
Dünyanı özümə yığa bilmədim,
Çıxıb gedəcəyəm özümdən daha.

QAÇMAYAQ

Hara getsə bu yurd-yuva bizimdir,
Dağımızdan, düzümüzdən qaçmayaq.
Nəsimilər vətənidir bu vətən,
Soyulsaq da sözümüzdən qaçmayaq.

Soran kimdi, kimin kimə qəsti nə?!
Yanmış odda alov nədi, tüstü nə…
Dik yeriyək yağıların üstünə,
Nişan alsa gözümüzdən, qaçmayaq.

Hər birimiz bir vicdana dam olaq,
Qara gələn qaranlığa şam olaq…
Harda olsaq – bütöv olaq, tam olaq,
Hara qaçsaq – özümüzdən qaçmayaq.

ENMƏYİ DƏ VAR

Uyma istisinə yanan ocağın,
Hər odun bir külə dönməyi də var.
Şöləsi üzünə düşən çırağın
Piltəsi bitəndə sönməyi də var.

Əzəl nələr olur arzun, amalın…
Zaman dəyişdikcə, dəyişir halın.
Ay ilə yarışa çıxan camalın
Saralmış yarpağa çönməyi də var.

Hələ nə görmüsən, nə çəkib başın!
Hələ qabaqdadır sərt üzü qışın…
Göylərdə həvəslə şığıyan quşun
Qayıdıb yerlərə enməyi də var.

Tükənər qüvvətin, kəsilər hayın,
Özündən uzağa getməz harayın.
Yağışlı günlərdə kükrəyən çayın
Sızqa bulaq kimi dinməyi də var.

Ay Elman, kim bilər zaman biləni,
Çəkib yoxuşlara yorma köhləni.
Unutma, həyatın axırda səni
Sınıq araba tək minməyi də var…

YOLUMU GÖSTƏR

Soldur çiçəyimi, qəsd eylə mənə,
“Gülü nağıllı”dan qaçım, ilahi!
Diri qızlıları dost eylə mənə,
Ölü oğulludan qaçım, ilahi!

Haqqın qəfəsində quş ola bilim,
Nahaqqa atmağa daş ola bilim.
Acı həqiqətə tuş ola bilim,
“Dili noğullu”dan qaçım, ilahi!

Varamsa, var olan ölümü göstər,
Yoxamsa, yox olan olumu göstər.
Ağıllı dəliyəm, yolumu göstər, –
Dəli ağıllıdan qaçım, ilahi!

MƏNİM

Kimin xəbəri var çəkdiklərimdən,
Çıxıb axırıma bu zillət mənim...
Silib Günəş məni öz dəftərindən,
Yapışıb yaxama bu zülmət mənim.

Daşına dolanıb-dönəm Allahın,
Dua kitabıdır sinəm Allahın.
Ya əziz bəndəsi mənəm Allahın,
Gətirir başıma müsibət mənim?!

Zərdən tül tikəsən, qızıldan pərdə,
Nə fayda, heykələm pəncərələrdə.
Quru can sağlığı olmayan yerdə,
Nəyimə gərəkdir səltənət mənim?!

Quş olub göylərdə süzə bilərdim...
Balıq tək sularda üzə bilərdim...
Çətin bu möhnətə dözə bilərdim,
Yarım olmasaydı məhəbbət mənim.

Ay Elman, bu umu-küsünə qurban,
Yanan ürəyinin hisinə qurban.
Yenə yaxşısına, pisinə qurban –
Başımın tacıdır bu millət mənim!

DƏLİR ÜRƏYİMİ
DEMƏDİKLƏRİM


Dəlir ürəyimi demədiklərim,
Dolaşır dilimdə gileyim mənim.
Deyəsən, qayıdıb uşaq olmuşam,
Dönüb oyuncağa taleyim mənim.

Pozub ilməsini baxtın naxışı,
Qışda boranı yox, yazda yağışı.
Sınayan deyiləm dostu, tanışı,
Boşuna fırlanır ələyim mənim...

Kim ağa ağ deyir, qaraya qara,
O da qardaş olur daşa-divara...
Düz ilə nə sayaq çıxım bazara?
Yaza çiyindəki mələyim mənim.

Elmanam, nələri diləyirəm mən,
Onu da gözümdən ələyirəm mən.
Fələk nə deyirsə, eləyirəm mən,
Neynim, əlindədir ileyim mənim...

SƏNDƏN İSTİ
BİR OCAĞIM OLMADI

Ata yurdum,
qoy başına dolanım,
Səndən isti bir ocağım olmadı.
Çırağına nur dilədim Tanrıdan,
Bundan əziz umacağım olmadı.

Sənsən əzəl ziyarətim bil, Dədə,
İnciməsin “Qərib seyid”, “Aldədə”.
Tale mənə nə vermişdi, aldı da...
Daha özgə alacağım olmadı.

Səni sazdı danışdıran, məni ney,
Bu dediyim nə şikayət, nə giley.
Səni andım, səni dedim elə hey,
Yad budağa qonacağım olmadı.

Ürəyimə od saldıqca göynəyim,
Gözlərimdən betər ağlar eynəyim...
Yaralıyam, gələmmirəm, neyləyim,
Elə bilmə qanacağım olmadı.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ