Öyrətmə özünə, öyrətmə məni - Musa Yaqubun şeirləri

Tarix:10-05-2019, 13:00 Baxış Sayı:759

Öyrətmə özünə, öyrətmə məni - Musa Yaqubun şeirləri
MANERA.AZ böyük Azərbaycan şairi Musa Yaqubun seçmə şeirlərini təqdim edir:


* * *
Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən
Çürüyüm, bir ovuc torpağın artsın!

ÖYRƏTMƏ ÖZÜNƏ, ÖYRƏTMƏ MƏNİ

Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa.
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa
Sən allah, özünə öyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni...
Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə;
Üzümü üzünə öyrətmə belə...

Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam,
Amma ki, sönməyim çox çətin olur –
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.

Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə, öyrətmə məni;
Yox buna təqatim, yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var -
Mənim dərdlərimin ayaqları var -
Harda olsa gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…

ONDA BİLƏCƏKSƏN

İndi nazın böyük, ürəyin aram,
Eh, mən də səninçün belə qalmaram…

Bir də görərsən ki, bir ərk yerin yox,
Qalmısan neçə yad baxışın altda.
Qəfil görəcəksən çətirin də yox,
Əsirsən bir qərib yağışın altda.
Günəşdə üstünə kölgə salan yox,
Tənhasan, amma heç yada salan yox.
Sönüb səndən ötrü o isti ocaq.
Onda bilcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

Könlün darıxanda, lap darıxanda,
Kimlərsə hardansa qoşa baxanda,
Bir də görəcəksən
Sən burda təksən,
Yanında boş qalıb bir sirdaş yeri,
Sızlayır könlünün həmin boş yeri.
O sözün, o səsin, o ərkin yoxdur,
Dərdin var, bu dərdə şərikin yoxdur.
Onda birdin-birə gözün dolacaq,
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

Məsələn, bir dəfə yeri gələndə,
Bir gizli vaxt tapıb güzgülənəndə
Bir də görəcəksən şümşad əllərin,
Çiyninə tökülmüş dalğın tellərin,
Bir gülər üzün var,
Amma bilən yox,
Bu xumar gözlərlə birgə gülən yox.
Yoxdur bu əllərin qədirbiləni,
Yoxdur bu tellərin qədirbiləni,
Çiynin boş, əlin boş, boş qalan qucaq..
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

Soraq almayanda eldən, mahaldan,
Yığa bilməyəndə gözünü yoldan,
Könlün bir qanadlı söz istəyəndə,
Ümid qanadıyla uçum deyəndə
Bir də görəcəksən qanadın yoxdur.
Çağrılır, deyilir, adı var,amma
Dilimdə şipşirin o adın yoxdur,
Bir nağıl, bir sevgi, həyatın yoxdur.
Gün keçib, vaxt ötüb, xatirəm uzaq…
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq...

SƏN MƏNƏ VERDİYİN ƏZABA GÖRƏ

Qapında əyilib suala döndüm,
Səndən alacağım cavaba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.

Üzüb hər ümiddən əlimi sənsiz,
Dünyanın gedimi,gəlimi sənsiz,
Daha istəmirəm könlümü sənsiz,
Baxıb biganələr xaraba görə.

Düşməzmi güzarım bir dost bağına,
Sevda çiçəklərim düşüb qırğına,
Yamanca tuş oldum el qınağına,
Təsəlli tapdığım şəraba görə.

Elə bil ürəklər daşdı,dəmirdi,
Bir üzü ağ küldü,biri kömürdü,
İlahi, bu necə yalqız ömürdü,
Qoymaram bu ömrü hesaba görə.

Öz eşqim yolunda sadiq canam mən,
Heyf oldum,həm yanan,həm yamanam mən,
Bəlkə də, birinci müsəlmanam mən,
Cəhənnəm çəkirəm savaba görə…

Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.

BU DÜNYANIN QARA DAŞI GÖYƏRMƏZ

Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.

Nə o ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi…
Qəm eləmə, könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir bir xoş baxışa,
Körpə budaq əl açıbdır yağışa.
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim.
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz

SƏN MƏNİMLƏSƏN

Nə yaxşı bilmisən xəstə halımı
Həqiqət eylədin xoş xəyalımı.
Sənin nəfəsindir, sənin əllərin
Oxşayır ruhumu, ovur alnımı-
Kövrəltdi əlimi isti yaşların...
Var ol, bu istəyə, təmasa görə,
Mənimçin Allaha yalvarışların,
Nə deyim bu nəzir-niyaza görə?..
Mən indi bildim ki, sən mənimləsən...

Nə şirin nağıldı, necə xoş xəyal,
Sehrli uyğudu, uyğuya uydum.
Diksindi, titrədi, soyudu könlüm.
Sədaqət istədim,
Yel aldı məni,
Leylək yuvasında uyudu könlüm -
Mən onda bildim ki, sən mənimləsən.

Kəklik balaları fərələndilər,
Anaları baxıb fərəhləndilər.
Birdən qanadlanıb həvəsə gəldi,
Balalar həm daşdan-daşa uçanda,
Gördüm yuva tikən bir qaranquşu,
Könlüm bu quşlarla uçdu yanaşı,
Payız durnaları qoşa uçanda,
Mən onda bildim ki, sən mənimləsən...

Bu mehr küləyi yerinə düşdü,
Çəmənlər məhəbbət sehrinə düşdü.
Meh vurdu, çiçəklər gəldi baş-başa,
Nə yaxşı aralar aradan gedir,
Quşqonmaz tikanı sıradan gedir.
Damcılar süzülür üstdən aşağı,
Boynu ağırlaşan bənövşələr də
Özcə yarpağına baş qoyub yatar.
Hərə həmdəmini tapır deyəsən
Daşqapan tayını qapır deyəsən-
Başının altına daş qoyub yatar-..
Mən onda görmüşəm kövrələn daşı...
Onda xatirələr durur yanaşı,
Mən onda bildim ki, sən mənimləsən...

İsaq-Musaq quşu nəsə axtarır,
Düşüb bir doğmaca səsə axtarır
Quş dili bilənlər ruh dili bilir,
Süleyman quş dili bilən vaxtları,
Nifrətin, pisliyin ölən vaxtları,
Güllərin baş-başa gələn vaxtları,
Bax, onda bilirəm sən mənimləsən.
Qəzəblər yox olub savaş bitəndə,
Haqqın ətəyinə əlim yetəndə,
Boynu ağırlaşan o bənövşələr
gəlir yanıma,
Eşqi həmişələr gəlir yanıma
Mən onda bilirəm sən yanımdasan.

İnsafla işləsə elçi daşları,
Mərhəmət könlümə cavab yazanda,
Mələklər çiynimdə savab yazanda,
Yığılar başıma qəm yoldaşlarım,
Ümidlər, işıqlar gələr yanıma,
Bütün yaxşılıqlar gələr yanıma-
Onda bilirəm ki, sən yanımdasan.

Şahdağı yanında Sənəm yaylağı,
Nə Sənəm qocalar, nə də Şahdağı.
Şah qalar əbədi, Sənəm də qalar,
Mən onda qalaram, o məndə qalar.
Yanında ailələr düşərgə salar,
Dağdakı lalələr gələr yanıma,
Eşqi piyalələr gələr yanıma.
Mən onda bilərəm sən mənimləsən.

Sən ey mavi göylər,
Səmavi göylər!
Görəsən göylərin qəfəsi varmı?
Görəsən ruhların nəfəsi varmı?
Üfüqdən-üfüqə uça bilirsə,
Durna qatarında nizam qalacaq.
Bizi o qatara yazan qalacaq.
Qalacaq, məhəbbət təzə qalacaq!
Sədaqət rəmzidir,
Bir yaşam tərzi,
Leylək yuvaları,
Haqq tərəzisi,
Bir gözündə mənəm,
Bir gözündə sən,
Yer üzündə mənəm,
Göy üzündə sən.
Göyün azadlığı saxlayar bizi,
Yerin tarazlığı saxlayar bizi.
Qalarıq yer ilə göy arasında,
Gedərik ələnmiş ələklər ilə,
Gələrik qanadlı mələklər ilə.
Deməli əbədi sən mənimləsən..

NİYƏ GƏLMİSƏN?

Soldurub bağını, töküb barını,
Daha şuxdan salıb yarpaqlarını,
Soldurub o çıraq yanaqlarını
Qış olub, üstümə niyə gəlmisən?

Sən adlı o xanım-xatını mənə,
Vermədin öz şahlıq taxtını mənə.
Qıymadın gül-çiçək vaxtını mənə,
Qış olub üstümə niyə gəlmisən?..

Məni həsrət qoyan ilk bəhərinə
İndi gəlib məni yada salıbmı?!
Gözünün alovu özgələrinə,
Saçının qırovu mənə qalıbmı?
Qış olub üstümə niyə gəlmisən?

Gözəllik - neylədin o bəxşişini,
Gəlmisən, bəs kimə bəxş etdik onu?
Nə bildin taleyin göndərişini
Qaytara bilmirəm, nə bildin bunu?

Nə bildin mən bir az ürəyi kövrək,
Qadın baxşında mütiyəm, lalam.
Nə bildin o həsrət məni əyəcək,
Nə bildin səninçin keçilmiş yolam.
Qış olub üstümə niyə gəlmisən?..

Ağlayan hirsimi soyutmağamı,
İncik ürəyimi uyutmağamı?..
Təkəbbürlü xanım, a nazlı xanım,
Yox, yox, yalvarışı saxla sən allah.
Bu yazıq baxışı saxla sən allah.
Di yaxşı, bu dili, bu fəndi saxla,
Dilinin altında o qəndi saxla.
Gücün var - keçəni qaytar, soraqla,
Qış olub üstümə niyə gəlmisən?..

Nə dedin?.. Ah, bu nə yanıqlı sözdü!
Bir dayan, gözündə bu nə torandı…
Ah, mənim ürəyim nə ikiüzlü,
Vüqarımı necə yerə vurandı! -
Bacara bilmədim, özümlə, heyf!
Qış olub üstümə niyə gəlmisən…

YANDIRIR MƏNİ

Qara kölgəsidir bütün bəşərin,
Adı üstündədir fitnə-fəsadın,
Adı üstündədir şeytanın, şərin –
Şeytan barmağında fırlanğıc olan
Fırfıra adamlar, qıra adamlar.
Bu calaq adamlar yandırır məni.
Bu alaq adamlar, yalaq adamlar
Bu salaq adamlar yandırır məni.

Sən Allah, ona bax. Baş əyə-əyə,
Ölür baş sarayda tülkülənməyə;
Ölür satılmaqdan, satmaqdan ötrü,
Lap dovşan, lap tülkü libasında da
Ölür bir mənsəbə çatmaqdan ötrü,
Bu dovşan adamlar, yovşan adamlar,
Bu beli büküklər, üzü dönüklər,
Bu ağzı köpüklər yandırır məni.

Cəhənnəm əhliyçin ocaq püfləyən
Bu qarnı körüklər yandırır məni.
Kimdi o sızlayan, kimdir o ölən,
Evdə urvalığı, xərcliyi yoxdur.
Nağılda şahı da aldada bilən
Millətdə bir keçəl bicliyi yoxdur.
Ona bax, gör necə cumur hay-küyə –
Süfrə artığına, tör-töküntüyə,
Yox, belə ruzudan kişi göyərməz
Bu yetim ruzular yandırır məni.

Əldəki bir çəngə otun dalınca
Yüyrüşən quzular yandırır məni.
Bəs elin qartalı hayanda qalıb,
Bu qarğa-quzğunlar yandırır məni.
Elin balasıdır əslinə baxsan,
Gedib insan olur azad buraxsan.
Şərin buyruğunda quyruğu dönən
Zorbala qoçular yandırır məni.

Gedib Məkkə görüb, Mədinə görüb
Gəlib müşrüklərə qulluqçu duran
Şeytantük hacılar yandırır məni.
İftira nə qədər, yalan nə qədər -
Yalana gedənlər bundan da betər.
Bəlkə ağıl yatır, düşüncə yatır,
Ağ yalan deyənlər, ağ kəfən satır,
Millər boynundakı kəfəni görmür -
Bu karlar, bu korlar yandırır məni.
Qırmızı yalandan söz əzbərləyən
Bu robot motorlar yandırır məni.

Nə varsa aşındı, nə varsa getdi.
Sürünüb, bürünüb palaza getdi,
İnsanlıq dediyin, vicdan dediyin
Rüşvətin əlində güdaza getdi;
Bu kimlər, o kimlər yandırır məni,
İqtidar torunda ağlayan, gülən,
Ədalətdən başqa hər şeyi bilən
Bu işbaz hakimlər yandırır məni.

Gör zülüm nə gündə, əzab nə gündə? –
Üstəlik bu zülmə təriflər deyən
Qələm nə gündədir, kitab nə gündə?..
Özüyçün ad alıb, şan qazanmağa,
Nə yaman öyrəşdi əl uzanmağa –
Mirzə Cəlilçilər,
Vay Sabirçilər!
Bir kürsü önündə necə kiçilər?!
Haray ay adamlar, haray kişilər,
Loxmalar, boğmalar yandırır məni.
Elin dar günündə qeyrət umduğum.
Adları doğmalar yandırır məni.
Ancaq öz dərdinə dərman eyləyən
Bu özəl loğmanlar yandırır məni.

İNSANIN ƏLLƏRİ NƏ DÖNÜK OLUR

Yəqin heç sənin də yoxdu xəbərin,
Bu gün gəlib keçdim həyətinizdən,
Həmin o cığırdan,həmin o izdən...

Allah,necə dönür çarxı məhvərin!
Aman burda səni necə arardım...
Pəncərədən düşən qəfil kölgədə
Ümid axtarardım,səs axtarardım.

İndi pəncərəni tanımadım heç,
Biganə ayağım durma gəlib keç,
Min yol baxdığını heçə döndərən
İnsanın gözləri nə dönük olur.

İndi o sözləri pıçıldamıram
İnsanın sözləri nə dönük olur.
Baxır,görməyi yox,alışmağı yox,
Biganə baxışlar nə sönük olur.

Bu əl sənin deyil,o əllər mənim,
Bu tel sənin deyil,o tellər mənim...
Biri-biri üçün yanıb qovrulan,
İndi göynərtisi göyə sovrulan
İnsanın əlləri nə dönük olur.
Nəvazişsiz qalıb yatan,qıvrılan
İnsanın telləri nə dönük olur.
Nə yaxşı o əllər ağlaya bilmir,
Nə yaxşı o tellər ağlaya bilmir.

Ürəyim od alıb yanırdı burda,
Eh,səni görmədən keçmək nə idi.
Ayağım mıxlanıb qalardı burda
İndi heç bilmirəm hardan keçirəm,
Elə bil sopsoyuq qardan keçirəm
Heç burda olmayıb ayaq döyməyim
İnsanın addımı nə dönük olur
Dünya başdan-başa unutmaq imiş
Dünyanın adamı nə dönük olur.

Nə mən o pilləni qalxıram elə,
Nə sən o eyvandan baxırsan çölə...
Gərək bu dəhlizə bir məhəl qoyam,
O soyuq mərmər də necə var qalıb.
O mənə tay deyil,mən ona tayam,
Onda soyuqluğa etibar qalıb.

Vallah ağac dönməz,daş belə dönməz
İnsanın ülfəti nə dönük olur
Bir üzü alışan,bir üzü sönən
Üzün daş sifəti nə dönük olur.

Bir var çiçək kimi solasan,bu heç...
O sola,sən tənha qalasan,bu heç...
Ömür qala-qala,gün qala-qala
Əlvida deyəsən doğma bir yola-
Səmtini unudub hər yönə gedən
İnsanın yolları nə dönük olur.
Bir qucaq sevgini daşlara çalıb
Biganə-biganə yanında bitən
İnsanın qolları nə dönük olur.
Nə yaxşı o yollar ağlaya bilmir
Nə yaxşı bu qollar danışa bilmir.

PAYIZ TƏNHALIĞI

Lal sükut içində səssiz keçirəm,
İlk dəfə payızdan sənsiz keçirəm
Mən də əriyərəm,mən də itərəm,
Bir xəzən yelində otdan betərəm.
Söykənim hansı bir gücə bilmirəm,
Keçirəm deyirəm,keçə bilmirəm
Məni bu payızın içindən keçirt.

Xəzəl ayağımı ayaqlar mənim
Daşqalaq eləyir yarpaqlar məni,
Əvvəl payızlarım belə deyildi,
Bu nə tənhalıqdır bu nə qəm,kədər,
Sən Allah ruhunu dalımca göndər,
Məni bu payızın içindən keçirt.

Bir gül yarpağına-qanadı islaq-
Sığınıb durmuşam kəpənəksayaq,
Çiçəyim yarımcan,otum yarımcan,
Sən Allah bir qanad göndər dalımca
Məni bu payızın içindən keçirt.

Yarı alatoran,yarı işığam
İndi günbatana yol gedir idim
Bu xəzan içində sarı işığam,
Qırmızı işığım yandı-gecikdim!
Məni bu payızın içindən keçirt.

Əbrüşüm belinə belim demişdim
Çinar yarpağına əlim demişdim-
O da budağından üzüldü düşdü.
Qoyma üşüməyə çılpaq əlimi,
Tut götür torpaqdan yarpaq əlimi
Məni bu payızın içindən keçirt.

Səni səsləyirəm,gələrsən haçan?-
Bəlkə son körpümdü,sonuncu keçid,
Ağ atlı bir nağıl göndər dalımca
Məni bu payızın içindən keçirt.

BİR GÜNAH SƏNİN, BİR GÜNAH MƏNİM

Bir gözün mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?..
Sən çeşmə qurudan, mən ağac kəsən
Bir günah sənindir, bir günah mənim.

Bu südə su qatıb hərə bir qaşıq,
Arını şəkərə dadandırmışıq.
Bazarın yağı şor, balı qarışıq
O mətah sənindir, bu mətah mənim.

Söz sözə gələndə sən nəfsi qıran,
Mən dünya malına göz yumub duran.
Amma ayrılıqda daşı da yaran,
Bir tamah sənindir, bir tamah mənim.

Görürük bu silah vurmur hədəfə,
Vurmur, ha atırıq mininci dəfə.
Əlimiz dolaşıb düşüb kələfə,
Bu əl gah sənindir, bu əl gah mənim.

Qoyma yalanımız qalxsın ayağa,
Hay deyirik, haya gəlmirik, qağa.
Sözü güləşdirib, əhdi danmağa,
Bir vallah sənindir, bir vallah mənim.

Yamanca ustayıq hər ehtiyatda,
Dostluq şirnisi də dilimiz altda.
Amma yaman günə əlimiz altda
Bir silah sənindir, bir silah mənim.

Ömür təsəllidi, ümid sabahdı,
İndi öz xeyrinə çoxu agahdı.
Hərə dolanışa bir cür nigahdı,
Bir nigah sənindir, bir nigah mənim.

Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxıb dönür bulağa.
Hələ ki, vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim.

ARXAYIN OLSAM

Bu şeytan fikirlər çıxar başımdan
Könlüm bu əzabı çəksin nə qədər.
Özüm qurtararam öz savaşımdan
Vallah daş üstündə çiçəyim bitər
Könlüm sən tərəfdən arxayın olsa.

Görüm öz rəngində otu, yarpağı,
Mənə öz donunda görünsün həyat
Beləcə başımı salıb aşağı
İşimi, gücümü görərəm rahat
Könlüm sən tərəfdən arxayın olsa.

Qəlbimdən keçəni ürəyin duya,
Baxışla gözümə söykənə gözün.
Heç qulaq asmaram dedi-qoduya
Getmərəm dalınca hər xırda sözün
Könlüm sən tərəfdən arxayın olsa.

Artar sabahların təmizliyi də,
Oyaq gözlərimdə darılmaz gecə.
Basaram bağrıma sənsizliyi də
Ən uzun həsrəti almaram vecə
Könlüm sən tərəfdən arxayın olsa.

Diksinib də hər cür səsə çıxmaram,
Lap min aravuran, min xain olsa
Birinin üzünə dönüb baxmaram
Könlüm sən tərəfdən arxayın olsa.

Mənim sözüm olar sənin qərarın,
Yaddan söz ummaram, özgədən kərəm.
Daş salıb başına bu intizarın
Mən də bu dünyada bir gün görərəm
Könlüm sən tərəfdən arxayın olsa.

SAXLAYANIM VAR

Könlümü ilhamda, qəddimi şuxda,
Gözümü işıqda saxlayanım var
Tale nə sir-sifət verib, sağ olsun.
Məni yaraşıqda saxlayanım var.

Ömrümüz həyəcan, təlaş içində,
Könlüm bir şüşədir bu daş içində.
Belə vurhavurda, savaş içində.
Məni barışıqda saxlayanım var.

Dostlar nə o gücdə, nə o dözümdə
Üzlər gördüm əlim qaldı üzümdə.
Adımı özümdə, haqqı sözümdə
Belə qarışıqda saxlayanım var.

Adam var əriyir ağlaya bilmir,
Doğmasına da bel bağlaya bilmir.
Çoxu sarayda can saxlaya bilmir,
Məni alaçıqda saxlayanım var.

BAŞQADIR

Sən qaçansan, mən çatanam, əzizim,
Qaçan ayrı, çatmaq dərdi başqadır,
Sən gözlədən, mən gözləyən cəfakeş,
Bu cəfanı udmaq dərdi başqadır.

Gələnini gözləməyə de nə var,
Gedənini gözləməkdir intizar,
Eh, bu yolda can qoymağım bir azar,
"Can" deyib naz satmaq dərdi başqadır.

Mən ki, sahib olmamışam o mülkə,
Gözlərimdən getməz o qəm-bu kölgə.
Ayağına yıxılmağım bir özgə,
Yıxılanı tutmaq dərdi başqadır.

Hara yazım bu günahsız günahı,
Tək özüməm öz-özümün pənahı…
At deyirsən, atmaq olmur, ilahi,
Hicran başqa, atmaq dərdi başqadır.

Fələk özü kəndirindən dərd asan,
Mən yazıram, yoxdu məni bir yazan.
Yüngül görüş verib getmək çox asan,
Qalıb qəmə batmaq dərdi başqadır.

Alış sinə, alış damar, alış qan!
Sən soyuqsan, mənim könlüm alışqan.
"Olar-olar, olmaz-olmaz"- bu başqa
Olmaz olsa ölmək dərdi başqadır.
Bu hicranı, bu əzabı, bu zoru
Çəkmək başqa, bilmək dərdi başqadır


* * *
İndi bildim tək qovaqlar nə çəkir,
Yarpaqları danışır öz-özünə.
İndi bildim tək bulaqlar nə çəkir,
Dodaq dəymir, göz dikilmir gözünə.

Bahar gəlib, quzeylərdə hələ qar,
Qara baxdım,baxışlarım soyudu.
Tənha çiçək boz daşa da sığınar,
Küləklər də yorar tənha buludu.

Bircəciyim, tənha qoydun məni sən,
Səndən ayrı əriyərəm, itərəm.
Yoncalıqda yel ağzında titrəyən
Qəribsəmiş tək sünbüldən betərəm.

ÇÖRƏK PULU

Məmləkətə neylədisə
Məmurlara
Müftə gələn pul eylədi,
Dolanışın üzü döndü,
Bu milləti qul eylədi
Çörək pulu.

Eldən gələn, çöldən gələn
Bəla olsa dözmək olar,
Var-dövləti qamarlanmış
Bir millətin
Dərd yoludur çörək pulu.
Həyatın çox sərt yoludur,
Arvad-uşaq qabağında
Ataların xəcil yolu,
Pərt yoludur çörək pulu.

İnsanlığı üzdən salıb
Şeir nədir, sənət nədir,
Məsləki də, qeyrəti də
Gözdən salıb çörək pulu.
Çinar boylu cavana bax –
Bel əyilib, dil əyilib
Dərdi-səri çörək pulu.
İçimizdən yedi bizi
Diri-diri çörək pulu.

Harın məmur, qarın məmur!
Hünərin var
Bekar əlin ver işini!..
Məmləkətdə
Namərd edib çox kişini
Çörək pulu.

Dözümlü el,
Döz bu dərdin əzabına
Dolan görüm.
Qaxınca bax,
Qazanca bax -
Borcdan çıxan
Çörək pulu hesabına
Dolan görüm!..

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ