Gözləyin, dünyaya qayıtmağım var - İsa İsmayılzadənin şeirləri

Tarix:15-03-2019, 11:34 Baxış Sayı:198

Gözləyin, dünyaya qayıtmağım var - İsa İsmayılzadənin şeirləri
MANERA.AZ unudulmaz şair İsa İsmayılzadənin şeirlərini təqdim edir:


Güllələr demədi...

Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə –
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.

Yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə ol ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
«Hələ uşaqsınız… nə yaşınız var…»

Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…

Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
«Gəlməyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dəyməyə».

Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar.
Dilimiz gəlmədi bir söz deməyə.

Onların yoxluğu düşdü araya,
Oyunlar, «məclislər» qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –

Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
«Deyəsən, gedənlər qayıtmayacaq» -

Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.

Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…

Gözləyin, dünyaya qayıtmağım var

Bu dünyaya bir də qayıtmağım var
Qəbrimin üstündə bitən gülləri,
Uyumuş,
soyumuş torpağı-daşı
Ölüm sükutundan oyatmağım var.

Bilmirəm çiçəklə, bilmirəm otla,
Bilmirəm ağacla, yoxsa buludla,
Dağları yerindən oynadıb gələn
Dəli qışqırıqla, yoxsa sükutla-
deyə bilmərəm.

Apardım özümlə öz dünyamı mən-
Ulduzlu göyləri, Ayı, günəşi,
İlğımlı çölləri, təpəlikləri,
Dağları, düzləri, biçənəkləri
Son gündə, son anda, son saatımda
Apardı gözüm.
O günü, o annı, dəqiqəni də
Apardım özüm.
Səsləri, sözləri, pıçıltıları,
Kür tərəfdən gələn uğultuları
Mikrofon qulağım «yazdı» apardı.

Gecəli-gündüzlü, ömrüm boyunca
Kürün uğultumu məni çağırıb,
Suyun şırıltısı məni çağırıb,
Məni haraylayıb Qarayazıdan.
Mən də yuxularda hey uça-uça
getmişəm ora.
İlğımlar çağırıb məni uzaqdan,
Yəhərbel ilğımlar, kəhər ilğımlar,
Qarayel ilğımlar, ağyel ilğımlpar –
Bilmirəm, onları kimlər azadıb,
Çağırıb düzlərdən – Qarayazıdan.

Kürün uğultusu aparıb məni,
Suyun şırıltısı çəkib aparıb.
Sehrli ilğımlar əl eləməklə
Aparıb, yaxama çöküb aparıb.
Məni bu dünyaya bir də, yenidən
Bəlkə o uğultu gətirə bildi,
Bəlkə o şırıltı gətirə bildi.
Bəlkə o ilğımlar sehrli yolla
Məni bu dünyaya ötürə bildi.

Nəsə, ürəyimə damıb, bilirəm-
Bəlkə də yüz ildən, min ildən sonra,
Milyon ildən sonra – nə bilmək olar –
Nə vaxtsa dönəcək ömrün illəri…

Necə deyim

Neyləyim
mən səni sevə bilmədim,
Adsız çiçəkləri, otları sevdim,
Tanışları sevdim, yadları sevdim,
Ürəyimə yatan adları sevdim,
Neyləyim,
tək səni sevə bilmədim.

Sızladım qarışqa yuvası üstə,
Göynədim «Sarıtel» havası üstə.
Dünyanın məhəbbət «davası» üstə
Tək səni,
tək səni sevə bilmədim.

Ağacın üstündə budaqlar qoşa,
Budağın üstündə yarpaqlar qoşa,
Dağlar da,
quşlar da verib baş-başaNə olsun
Mən səni sevə bilmədim.

Qol-qola söykənən budağı sevdim,
O dərəni sevdim,
budağı sevdim,
Məni haraylayan ocağı sevdim –
tək səni sevə bilmədim.

Bir baxışdan dağ çayına vuruldum,
Bulaq gördüm – ağ suyuna vuruldum,
Sənə şer yazım dedim, - yoruldum,
Mən nə deyim, mən də deyim – bilmirəm.
Qələm səni, kağız səni sevmədi.

Bulud gəldi, yağış gəldi – bilmədin,
Göy üzünə axın gəldi – bilmədin.
Tanrıdanmı qarğış gəldi – bilmədin –
Mən gəlmədim
yollar səni sevmədi,
Açılmayan qollar səni sevmədi.

Necə deyim – o yolları bağışla,
Necə deyim – bu qolları bağışla,
Necə deyim,
necə deyim – bilmirəm –
Sənsiz keçən bu illəri bağışla,
Sənlə keçən bu illəri bağışla,
Vurulduğum dağ çayını bağışla,
Sevdiyim çiçəyi-otu bağışla,
Sevdiyim ocağı-odu bağışla,
Sevdiyim tanışı-yadı bağışlaNeyləyim,
neyləyim,
deyə bilmirəm.

Mən bir termos şüşəsiyəm

Mən bir termos şüşəsiyəm,
çilik-çilik olmuşam,
tökülmüşəm içimə.
(Eh, kimin nə vecinə)

Birinin gözlərindən,
birinin ürəyindən
qolaylanıb atılanda,
tənhalığın üstünə düşüb, sınmışam –
necə sındığımı heç kəs görməyib,
Heç kəs öilməyib.
Mən bir termos şüşəsiyəm –
pərtliyin də üstünə,
sərtliyin də üstünə
düşəsiyəm bugun-sabah.
Mənim ürəyimin qırıntıları
qəlpəyə dönə bilər,
dostuma, tanışıma, arzuma deyə bilər…

Bir gecə
kiminsə əlləri qonaq gələcək,
kiminsə nəfəsi qonaq gələcək
kövrəlmiş ürəyimə.
Toplayıb bir yerə qırıntıları
düzəcək yan-yana.

Sonra da yana-yana
zərgər barmaqlarla cıllayacaq –
xarabalığın tən ortasında
möhtəşəm bir ürək ucalacaqdır.
Ancaq möhtəşəm ürək
mənim ürəyimə bənzəməyəcək.
Soyuqdan genişlənib, istidən sıxılacaq,
darıxacaq, boğulacaq,
bağlı qalmış qapı kimi
taybatay açılmaq istəyəcək.

Mən bir termos şüşəsiyəm,
Təzədən, təzədən,
təzədən sınmaq üçün,
təzədən yanmaq üçün
bir heyrətin üstünə
daş kimi düşəcəyəm…

Bir də görərsiniz...

Dostlarıma, əzizlərimə

…Bir də görərsiniz mən də getmişəm,
Bir də görərsiniz,
yoxam dünyada.
Sizin gözünüzdən elə itmişəm,
Çətin,
Çətin yolunuza çıxam dünyada.

Başını bulayıb, köks ötürəm də,
Əlini dizinə çırpan da olar,
Tüstüsü başından çıxan da olar,
Mənsiz
bir ömürdən-gündən usanan,
Başdaşına dönüb, baxan da olar.

Yığışın bir yerə, yığışın, dostlar,
Sizin aranızda
sizdən xəbərsiz
Mənə də, mənə də bir yer tapılar.
Dinib-danışmaram, susaram onda.

Neyləyim, neyləyim, açılmaz daha
Sözmə
ömürlük bağlı ürəklər,
Üzümə
ömürlük bağlı qapılar.

Siz də danışmayın, bir anlıq susun
Siqaret üstündən yaşarsın gözü
Tüstüsü başından çıxan Abbasın.

Yalvarıram sizə,
Mən gedəndən sonra «qeybət daşını»
Bir qara daş kimi atın dənizə,
Dalğıclar yığılsa –
tapa bilməsin.
İlişməsin ayağına bir kəsin.

…Bir də görərsiniz, mən də getmişəm,
Bir də görərsiniz,
yoxam dünyada.
Sizin gözünüzdən elə itmişəm –
Çətin,
Çətin yolunuza çıxam dünyada.

Bir anlıq qonağam sənin ömrünə

Bir anlıq qonağam sənin ömrünə,
bir az da vaxtım var, daha nə deyim,
Dözüm gözlərinin dərinliyinə,
ancaq gəl soruşma kiməm, nəçiyəm.

Soruşma, soruşma neçə yaşım var,
soruşma, soruşma hardan gəlmişəm.
Uzaq mavilikdə bir adaşım var –
mən onun səsiyəm. Ordan gəlmişəm.

Bu mənim əllərim – buyur, yaxşı bax,
bu mənim gözlərim – oxu doyunca.
Köçüm gözlərinə bircə anlığa
güzgüdə məni gör ömrün boyunca.

Məni gör,
məni gör,
məni gör, bəli,
baxışım durulsa, saçını dara:
oxşa bircə anlıq qəribəliyi,
soruşma: «Sən hara, bu yerlər hara?» -

Bir anlıq qonağım sənin ömrünə,
bir az da vaxtım var, daha nə deyim.
Dözüm gözlərinin dərinliyinə,
ancaq gəl soruşma kiməm, nəçiyəm…

Gözlərim yol çəkir..

Gözlərim yol çəkir illərdən bəri…
Çal-çarpaz cığırdır ovcumun içi.
Təyyarə kölgəsi aşır dikdiri,
Sonra bir uğultu adlayıb keçir.

Kimi gözləyirəm, görəsən kimi…
İllərin qırovu qalıb saçımda.
Ünvanı səhv düşmüş məhəbbətimi
Kimdən soraqlayım yolayrıcında.

Hələ il ayrıcı…
Hələ dost itkisi… həsrət yarası.
Beləcə, gözlərim yol çəkə-çəkə
Sovruldu havaya ömrün yarısı.

Tozlu illər qalıb Qarayazıda,
Qalıb nəfəsimi təngidən yollar.
Mən atlı olmuşam, onlar – piyada,
Məni yada salmır mən gedən yollar.

Bir divar qalxırdı… qalıb yarımçıq,
Yarımçıq bir aru məni göynədir.
Boynu zınqırovlu kürən bir dayça
Fit çalsam, yanıma gələrmi indi.

Gəlsə də mən yoxam… yoxdur yoxuşlar…
Vaxtın azlığı da durub qəsdimə.
Atları kişnədən gurşad yağışlar
İyirmi ildir ki, yağmur üstümə…

Gözlərim yol çəkir illərdən bəri…
Qatarlar kişnəyir çölün düzündə.
Bir göz qırpımında ötən illəri
Çıxıb qarşılamaq istərəm mən də,
Çıxıb yola salmaq istərəm mən də…

Həsrət

Sən qanadlı xəbər kimi,
yad qapını açan gündən –
Həsrətinlə yaşayıram bir otaqda,
həsrətinlə yaşayıram bir torpaqda,
bir dünyada.
Qatarlarda, təyyarələrdə, gəmilərdə
sənəd kimi öz yanımla
gəzdirirəm həsrətini.
Ora-bura sürüməkdən
bezdirirəm həsrətini.
İstəyirəm, azdıram mən həsrətini
alqış dolu salonlarda –
bacarmıram.
İstəyirəm, azdıram mən həsrətini
dalanlarda,
döngələrdə,
izdihamlı küçələrdə –
bacarmıram.
Həsrətinə gücüm çatmır, sənə – əlim,
İstəyirəm, həsrətini
Meşələrə, dənizlərə atıb gəlim –
Bacarmıram.
Həsrətinə gücüm çatmır, sənə – əlim
Süfrəmdəki çörək deyil, həsrətindir,
sinəmdəki ürək deyil, həsrətindir, - hey döyünən
Ürəyimin başını mən
ovuduram bir uşaq tək.
Səndən qalan xatirələri,
olub-qopan həsrətini
ürəyimin qabağına atıram mən
oyuncaq tək,
öz başımı qatıram mən
bir uşaq tək.
Həsrətini içirəm mən,
həsrətini çəkirəm mən.
Nə yaxşı ki, həsrətin var!..
Həsrətinlə yaşayıram bir otaqda,
həsrətinlə yaşayıram bir torpaqda,
bir dünyada,
Yaşayıram,
yaşayıram,
yaşadıram həsrətini

1941

Mənim doğulduğum il
naməlum bir əsgərin
adı, ünvanı oldu.
Mənim doğulduğum il –
səngərlər də doğuldu,
tüstülər də doğuldu.
Səngərlərdə doğuldu,
tüstülərdə doğuldu,
mənim doğulduğum il.

Mənim təvəllüdümü
torpağın sinəsinə
xəncər yarası kimi.
Yer kürəsisdən keçən
döyüş səngəri yazdı.
Uzunboğaz çəkmənin
nallı dabanı ilə
Vətən əsgəri yazdı,
Göylərin sinəsinə
topun lüləsi yazdı,
Ulduzları isidən
fişəng şöləsi yazdı.

Yazdı təvəllüdümü
balınca göz yaşları,
yollara – anaların
ümidli baxışları.
Mən təvəllüd günümü
keçirmək istəmirəm.
Badələrin səsilə
oyatmaq istəmirəm.
Xatirə beşiyində
uyuşmuş həsrətləri,
Küsəyən qardaşımın
qabda qalan payı tək
soyumuş həsrətləri
oyatmaq istəmirəm.

Doğulduğum tarixə
Hamıdan çox yanıram,
Qara həşyə geyinmiş
şəkildən utanıram.

Vətən nəğməsi

Sən mənim köksümdə çarpan ürəksən,
Mən sənin köksündə – kiçik bir zərrə.
Mənə qanad verən odlu diləksən,
Adına, özünə Vətən deyirəm,

Çölünə, düzünə Vətən deyirəm
Səni heca-heca oxşayıram mən,
Səni heca-heca əzizləyirəm;
Əlim ürəyimin üstündə hərdən
Şəhərdən-şəhərə gümüş qanadla
Göydə uça-uça əzizləyirəm.

Dağında vüqarlı qartal oluram,
Dünya ayağımın altında qalır…
Səndən uzaqlarda xəyal oluram –
Həsrətdən gözümün kökü saralır.
Görüşə tələsən cavanlar kimi,
Saata baxıram qatarlarda mən.
Ən əziz, müqəddəs ünvanlar kimi,
Köksümün altında uyuyan Vətən!

Axırsan çay kimi damarlarımda,
Çopur qayana da qaynayır qanım.
Böyüklü-kiçikli arzularım da
Adınla bağlıdır, Azərbaycanım!
Sən mənim köksümdə çarpan ürəksən,
Mən sənin köksündə – kiçik bir zərrə.
Mənə qanad verən odlu diləksən,
Adına, özünə Vətən deyirəm,
Çölünə, düzünə Vətən deyirəm.



***
Qatım bir-birinə gecə-gündüzü,
Axşamım-səhərim qarışıq düşsün.
Yaza bilmədiyim sətirlərimdən
Alnıma təptəzə qırışıq düşsün.

Desinlər:
Bu nədir, bir gecəliyə
Adam da bir belə qocala bilər?..
Heç kəs bilməyəcək –
şeir yazanda
Bütün ağrıların gedər heçliyə,
Bütün qırışların açıla bilər! –
Açılar
ürəyin qırışıb belə…

Hamı gözlərinə ipək görünər,
Hamını öpməyə hazır olarsan.
Ulduzları dərib,
çiçək yerinə
Qızların üstünə tolazlayarsan.

Ayağı da yerə toxunmaz onda…
Elə bilərsən ki, damarlarından
Bir coşqun çay axır –
sevinc adında,
Boğula bilərsən burulğanında…

…Sonra yavaş-yavaş
sovuşub gedər,
Təkcə adı qalar sevincin, adı…
Bunu da bir kəsə açıb demirdim:
Hər şeir –
ömrümü bir gün uzadır,
Amma…
ikicə gün alır ömürdən.



***
Ay ana, ay ata, ay doğma oba,
Siz mənə,
Siz mənə bir ömrü halal eləyin.
Bugün gəlməsəm də, gələrəm sabah –
Siz mənə bir ömrü halal eləyin.

Mürgülü çöllərdən uzaq düşmüşəm,
Mehriban əllərdən uzaq düşmüşəm.
İxtiyar illərdən qaçaq düşmüşəm,
Siz mənə,
Siz mənə bir ömrü halal eləyin.

Əlimi uzatsam – əlimmi çatar?
Hay versəm – yolların qulağı batar.
Gecələr yuxumdan şütüyər qatar –
Siz mənə.
Siz məzə bir ömrü halal eləyin.

Çəkmələrim hər gün yol udur, desəm,
Ayağımın üzü yoladır, desəm,
Gözlərim həsrətlə doludur, desəm,
Siz mənə.
Siz mənə bir ömrü halal eləyin.

Hər gecəm qıvrılır söz sorağında,
Neçə yoxuşum var ağ varağımda…
Bir damın altında, Kür qırağında
Siz mənə,
Siz mənə bir ömrü halal eləyin.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ