Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ənvər Rzanın şeirləri

Tarix:13-03-2019, 19:34 Baxış Sayı:293

Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ənvər Rzanın şeirləri
MANERA.AZ mərhum tanınmış şair Ənvər Rzanın 80 illiyi münasibəti ilə şeirlərini təqdim edir:

Dağlara

Ayağında bir balaca yer verə,
Başmaq olam, dolaq olam dağlara.
Ya da çəkib sinəsində cücərdə,
Palıd olam, qovaq olam dağlara.

Yaddaşımı xatirələr kötəklər,
Yaddaşımda pöhrələnər kötüklər.
Qayıdanda yol verməyə gədiklər,
Bir bəxtəvər dustaq olam dağlara.

Çaşqın dövran əməlini azdımı?
Daş kitaba qanla tarix yazdımı?
Kövrəltmərəm, özgə dərdi azdımı,
Bir yandan da mən dağ olam dağlara?!

Dağlar oğlu, dağa qoyma yağını!
Aldatdılar, uzaq sandıq yaxını.
Əritmişəm ürəyimin yağını –
Ay batanda çıraq olam dağlara.

Könül, eylə duyduğunu saf-çürük.
Bu dağlardan ayrı keçən ömür - yük.
Bir yer versin balasına ömürlük,
İstəmirəm qonaq olam dağlara.

Nə yaxşı görüşdük, nə yaxşı yenə

Kəndin hər nemətdən yenə var payı –
Qayanın kəkotu, dağın qar payı...
Uzanıb yatdığım çəmən çarpayı,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Xəyalım buludtək burdan ötəndir,
Soruş: “Saçındaki bu dən nədəndir?”
Yanmayıb qəlbimi yandıran təndir,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Hər yan cənnət olar, qəşəng baxsalar,
Bağban can yandırsa, qəşəng bağ salar.
Ay qəşəng həyətlər, qəşəng baxçalar,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Bu da “yehərləyib” mindiyim boz daş...
Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
Ömrümün ləzzəti a köhnə dam-daş,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Vurğundur bu yala, yamaca Ənvər;
Meyl edər yarpıza, umaca Ənvər!
Ay quzu otaran balaca Ənvər,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Gəlmişəm

Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,
Mən bu dərdi oxlamağa gəlmişəm.
Yaza nə var, yaylaqların payızda,
Vəfasını yoxlamağa gəlmişəm.

Susuz yurdum, tək məcmahı, tək simim,
Şair kimi sözlə hörüb köksünü.
Gözlə çəkib bu dağların əksini,
Ürəyimdə saxlamağa gəlmişəm.

Göy təpələr sarı örpək bürünür,
Duman, çiskin ayağına sürünür.
Ata yurdu, qardaş yeri görünür,
Bir doyunca ağlamağa gəlmişəm.

Naxış olub biçinçinin hər vəri,
Qızıl payız ilhamımın sərvəri.
Xəzan vaxtı bahar bilin Ənvəri,
Dağ çayıyam, çağlamağa gəlmişəm.

Fəryad

Quşların səsini istədi ürək,
Cüyür mələşməsi düşdü könlümə.
Bir ana, bir bacı məhəbbəti tək
Bir meşə həsrəti köçdü könlümə.

Çəkdi o yerlərə çəmən, çay məni,
Çəkdi etibarlı, boz sərçələr də.
Elə harayladı torağay məni,
Səsi qulağıma çatdı şəhərdə.

Bir qatar tərpəndi qəmimə düşmən,
Yuxunu ömrümdən yedi həsrətim.
Meşənin dilindən, quşun dilindən
Qorxulu nağıllar dedi həsrətim.

Heyrətmi nitqimi bağladı belə?
Bəs niyə ağaclar kölgə salmayıb?
Ay aman! Cüyürü demirəm hələ,
Meşənin özündən əsər qalmayıb!

Hasarlı

Ay Hasarlım, hasarlanıb aramız,
Nə gileyli baxışların var sənin!
Sinəmdəki həsrətimi silməyə
Gurşad-gurşad yağışların var sənin.

Çək buludu, götür göyün damından;
Yağış umsan, kölgə umsan, um ondan.
Səhər-səhər şeh qoxulu dumandan
Tala-tala naxışların var sənin.

Gəlmişəm ki, oda salım filqəti,
Getdi yoxdu! Fikrim, sözüm ta qəti.
Sınamağa dizimdəki taqəti,
Köhlənyoran yoxuşların var sənin.

Qınağınla cız sinəni, cız, ha cız!
Onsuz da mən qovrulmuşam cızhacız.
Sən - möcüzə, məndə qələm, təb aciz,
Nə yazların, nə qışların var sənin!

Könül səni haraylar da, dilər də,
Gündə min yol dirilər də, ölər də.
Ənvər kimi uzaq - uzaq ellərdə
Bilirsənmi naxoşların var sənin?

Kim yatmış, kim oyaq?

Gecədir, torpağın yuxusu şırin
Yatır uşaqlar da, qoca-qarı da,
Yatır işıqları pəncərələrin,
Yatır küçəmizin boz yolları da.
Arabir ulduzlar göydə sürüşür,
Baxıram evlərə otaqbaotaq,
Cırtdanın nağılı yadıma düşür-
Kim yatmış, kim oyaq?

Yuxumu gözümə etməsəm haram,
Sərgərdan dolanır qayğılar min-min.
Yuxuma qəhvəylə qılıqlanıram,
Axı təzə sözün, təzə kəlmənin
Gərək mənzilinə ayıq yürüyəm.
Qələmi əlimə almazdan qabaq
Ağlımı, duyğumu dümsükləyirəm:
Kim yatmış, kim oyaq?

Div yuxum əlində xəlbir şələsi
Su ilə əlləşir sulu çəməndə.
Təzə misralarım- çırpı şələsi,
Cırtdan qeyrəti var bu gecə məndə.
Tələsir harasa dolu qatarlar,
Bir nəğmə dil açır: Taq-taq-taq-taraq;
Bu dilbər gecədə məgər yatarlar!
Kim yatmış, kim oyaq?

Sərxoş bir yel əsir belədən belə.
Baharın nəfəsi necə sərindir!
Yaxşı ki, yaxşı ki, oyağam hələ,
Yatsaydım boz yuxu görərdim indi.
Dağların səddini bir mahnı aşır,
Bir Kərkük nəğməsi gecəyə qonaq.
Keşikçi qocalar zarafatlaşır:
Kim yatmış, kim oyaq?

Yatır sığırçınlar, ağ göyərçinlər;
Göydə yarasalar dövran eyləyir.
Yox, burda darıxdım, açıl ey səhər!
Ürək qaranlığa üsyan eyləyir,
Yaman dəyişmişəm mən bu an, bu dəm;
Dəyişib olmuşam saqqallı uşaq.
Bəlkə bu sualı yersiz verirəm:
Kim yatmış, kim oyaq?


***
Səhər-səhər qismətə bax, bəxtə bax,
Qarşılaşdıq çiçək fəsli, sakit bağ!
Nəfəs nərgiz,qamət çinar, əl zambaq,
Gözlərdəki bir tilsimli nağıldı,
Tut qolumdan, huş başımdan dağıldı!

İsmətindən yanağına al düşdü,
Meh tərpəndi, sinən üstə şal düşdü,
Ürəyimə xalın boyda xal düşdü,
Axan sular gözlərimdən sağıldı...
Tut qolumdan, huş başımdan dağıldı!

Tamaşadı saçlarının pırpızı,
Utandırdın bənövşəni, yarpızı.
Görən deyir: bu yerlərin gül qızı,
Duyğusuzdu, insafsızdı, paxıldı,
Tut qolumdan, huş başımdan dağıldı!

Bir bax
(təcnis)

Tez ol, şan-şan eylə ox, nəştər ilə
Bəlkə yatan bəxtim oyana, bir bax.
Həsrət məqamında ox! Nəştər ilə
Deşib ürəyimi oyana bir bax!

Təbib davasıyla yaramı gözlər.
Süzülüb dikildi yaramı gözlər?
Min yol təzələsə yaramı gözlər,
Demərəm: Ay zalım, oyana bir bax.

Ənvəri eyləmə hədəf düşmənə,
Gen gəzib gözümdən, uzaq düş mənə.
Dönsəm ilqarımdan asi düş mənə
Deyim dərdli-dərdli: oy, ona bir bax.

Görüşdük, xəyalmı bu?

Qoşun çəkər həsrətin
Ürəyimin başıyla.
Getdi, vüsal baharım,
Qaldım hicran qışıyla.

Ötüb keçdin köç kimi,
Yıxdın könül köşkümü.
Zalım qızı, eşqimi
Ölçdün üzük qaşıyla.

Güləndə də ağladım,
Qəmlə ülfət bağladım.
Küsdüm, küsü saxladım
Sizin bağın quşuyla.

Yazıldı qəlbə dağın
Min dərdi qəlbi dağın.
Bilmirdim, qəlb otağın
Hörülübmüş daşıyla.

Görüşdük, xəyalmı bu?
Yoxsa şirin bir yuxu?
Gözünün yaşını yu,
Yu, gözümün yaşıyla

Kəlbəcərə gedən yollar

Kəlbəcərə gedən yollar
Yazda əriş-arğac olur
Kəlbəcərə gedə yollar.
Köçdə örüş, arxac olur

Cürət yeyib, tər üyüdür;
Dağ nənnisi, yürüyüdür.
Dəlidağın hörüyüdür
Kəlbəcərə gedən yollar.

Tələsəni salar bəndə,
Haçalanar neçə kəndə.
Düşməni azdırar çəndə
Kəlbəcərə gedən yollar.

Bu nə əsrar, bu nə fənddir?
Göy üzündə daş kəmənddir.
Şəmşir yazan gıfılbənddir
Kəlbəcərə gedən yollar.

Min bulaqdan içib gedir,
Qayaları biçib gedir.
Ürəyimdən keçib gedir
Kəlbəcərə gedən yollar.

Anam qocalıb

Anam elə qocalıb ki,
Yaddaşında düyün düşüb
Olub keçən.
Qocalıbdır dırnağacan,
Kirpiyəcən.
Anam üçün naz-nemətin
Dadı qaçıb,
Anam elə qocalıb ki,
Yaddaşından adı qaçıb.
Yumru daşla, təsbeh ilə
O əylənir.
Söz düşəndə dağdan-daşdan
Gileylənir.
Yazıq anam elə bilir
Sular daha şırıldamır.
Elə bilir
Göylər daha əvvəlkitək
Guruldamır,
Elə bilir
Tilsimlənib yaylaq yolu,
Dağlar qaçıb uzaqlaşıb,
Elə bilir
Təbiətin ağlı çaşıb.
Yayın günü
Oda verir əllərini.
Deyir: Axı od-ocağın
O əvəlki karı yoxdur,
Ayın, Günün, uldzun da
O mən görən nuru yoxdur.
Anam ki var—kövrək şüşə
Qorxuram ki, yox deyərəm
Bu zəriflik yerə düşə,
Cilik-cilik parçalana,
Sonra qalam yana-yana.
Tək anamın xətri üçün
Üzr istəyib təbiətdən
Üzdə gülüş, ürəkdə qəm
Hər kəlməyə
Başım ilə hə deyirəm.


***
Əlim ayrılmasın kaş əllərindən
Mənim qoca anam, ağbirçək anam,
Kövrək baxışların sozaltdı məni.
Döndüm nəzərində fərəh dağına,
Gözlərin qəlbinə boşaltdı məni.

Daddım yavan çörək,aş,əllərindən,
Əlim ayrılmasın kaş əllərindən.
Sənin göy damarlı göy əllərindən,
Əyilib öpməyim ucaltdı məni.

O şirin dilində təkcə,bircə mən,
Eşqin ,məhəbbətin solmaz bir çəmən.
Anam,qocalmazdım ölən günəcən,
Sənin qocalmağın qocaltı məni.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ