Oyatma mürgülü xatirələri - Məti Osmanoğlu yazır

Tarix:13-03-2019, 10:40 Baxış Sayı:89

Oyatma mürgülü xatirələri - Məti Osmanoğlu yazır
Azərbaycan ədəbiyyatının və oxucusunun yadında yaradıcılığı, şəxsiyyəti, həyatı və həyat tərzi ilə bənzərsiz izlər salmış Nüsrət Kəsəmənlinin ömür yolu yaddaşa münasibət baxımından xüsusi maraq doğurur - onun keçdiyi yol maraqlı və mürəkkəb bir bədii əsər ilə müqayisə edilə bilər.

Bu əsərin bir hissəsini, bəzi süjetlərini taleyin gözəgörünməz əlləri yazmışdı. Bir hissəsi də Nüsrətin öz "yaradıcılığının" məhsulu idi. Nüsrət şeirlərində həyatı "nağıl dilinə" çevirməyə çalışır, yaşadıqlarını "Biri vardı, biri yox" prizmasından keçirirdi. Professor Rüstəm Kamalın müşahidəsinə əsasən: "Nağıl Nüsrət Kəsəmənlinin poetik dilində fəal və sabit işlənən janrın adıdır. Nüsrət Kəsəmənli nağıllarında olub-olmuşları və olacaqları danışırdı. "Daha nağıllara inanmıram" desə də, ömrünü nağıl kimi danışırdı:

"Uşaq yaddaşımı qanatdı getdi,
Daha nağıllara inanmıram mən...".


Məsələ bundadır ki, uşaq yaddaşının formalaşdığı uzaq bir kənd evində Nüsrət taleyin düzüb-qoşduğu təsirli bir nağıl qəhrəmanı kimi böyümüşdü. Tale onunla uzun müddət özündən xəbərsiz oyun oynamışdı və 18 yaşına, məktəbi qurtarana qədər Nüsrətin bu oyundan xəbəri olmamışdı. 18 yaşında bilmişdi ki, gözünü dünyaya açanda başının üstündə gördüyü, ana bildiyi insan onun nənəsi, ata bildiyi insan babası, qardaş bildiyi insan da atası imiş. O vaxta qədər öz bioloji anası barədə isə məlumatı olmamışdı:

Beşiyim başında layla yananda
Bayatı hicranın dilində qaldı.
Ürəyim bir ata-ana yanında,
Əllərim nənəmin əlində qaldı...


Nüsrətin sonrakı taleyi də, yaradıcılığı da uzaq Kəsəmən kəndində yaranmış ağ-qara nağılın davamı oldu. Bəlkə, elə buna görə onun şeirlərində inandığı və inanmadığı nağıl, nağıl obrazları tez-tez təkrarlanan bir leytmotiv təşkil edir...

Nüsrətin şeirlərinin ən maraqlı və özünəməxsus cəhəti bundadır ki, bu şeirlərdə geriyə - "uşaq yaddaşını qanadan" nağıla qayıtmaq, nağılı yenidən yaşamaq arzusu yoxdur. Nüsrət daha çox içində olduğu zamanın, dayanmadan axıb keçən ömrün nağılını yaratmağa və "canlı" nağılda yaşamağa üstünlük verirdi.
Oyatma mürgülü xatirələri - Məti Osmanoğlu yazır
O da maraqlıdır ki, Nüsrətin sonrakı yaradıcılığında uşaqlıq illəri, sanki öz rənglərini itirib, şairin poetik yaddaşı o illəri ağ-qara film kimi canlandırır. Arzuladığı rəngli dünya onun uşaqlıq yaddaşının əhatə dairəsindən uzaqda görünüb itir:

Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib-keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox...


Bu yazıda "ağ-qara film" ifadəsini gəlişigözəl obraz kimi işlətmirəm. Nüsrət Kəsəmənlinin oğlu Rəşad qəribə bir xatirə danışır: atasının ən sevdiyi film (və ya filmlərdən biri) Hindistan rejissoru Rac Kapurun "Avara" filmi olub. Yaşının yetkin çağında bu filmə baxanda hönkürüb ağlayırmış. Oğlu: "Sən bu filmdə nə görmüsən, niyə ağlayırsan?" soruşanda deyirmiş: "Siz başa düşə bilməzsiniz, bu mənim həyatımdır. Siz buna film kimi baxırsınız, mən isə o filmi görəndə, sanki həyatımı yenidən yaşayıram"...

Uşaqlığında və yeniyetməliyində yaşadığı həyatı yenidən yaşamaq ömrünün ən xoşbəxt anlarında belə, onu ağladır, ona kədər və gözyaşı gətirirdi. Həmin ağ-qara filmin yaddaşda oyatdığı nağılla Nüsrətin ağlı-qaralı real ömrü arasında sərhəd tapmaq çətindir. Bu elə Nüsrətin özü üçün də çətin idi. Ən çətini də həmin sərhəddə dayanıb oradan geri baxmaq, uşaqlığı və yeniyetməliyi yaddaşda yenidən canlandırmaq idi. Lap nağıllarda olduğu kimi - Azərbaycan nağıllarında geriyə baxmaq qadağandır: geriyə baxmaq insanı daşa döndərə bilir...

Nüsrət Kəsəmənlinin şeirlərində geriyə baxmaq, xatirələrə dönmək, xatirələri yuxudan oyatmaq üzərində incə bir tabu qoyulduğunu görürük. Onun şeirlərində "xatirə" sözü, demək olar ki, bütün məqamlarda kədər, ağrı, acı, həsrət, nisgil, tənhalıq ilə yanaşı işlədilir:

Səsin karvan dayandırar,
Min xatirə oyandırar,
Ah çəksəm, səni yandırar...
Tənha qalan yuvalar
xatirələr adası...
Sən məndə acı bir xatirə qoydun...
Ürəyi doludur xatirələrin...
İndi xatirənlə yanacağam mən...
Göz yaşlarım qurumur,
Ağlayır xatirələr.
Hələ qəlbimizdə xatirə izi,
Hələ ayrılığın nəmlidi gözü.
İl keçir, ömürdə xatirə qalır,
Bahar güllərimiz qönçədə solur...
Gözlərimizdə göllənəcək
xatirə yağışlarımız...

Nüsrətin həyatında olan və sonradan kədərli bir sevgi hekayəsinə çevrilən, sözün müəyyən mənasında, dilə-ağıza düşüb folklorlasan, nağıllaşan Sevda adlı qadına yazılmış şeirin də aparıcı motivi, ağrı qaynağı xatirədir:

Dünəni bükülü xatirəsinə,
Vurğundur bu günü xatirəsinə,
Qısılıb mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim...


Məktublar xatirələrin sənədləşdirilmiş, maddiləşdirilmiş abidəsidir. Nüsrətin şeirlərinin poetik məntiqi həmin "abidənin" - xatirələri özündə saxlayan məktubların yandırılmasını tələb edir:

Ömründə bircə yol
alicənab ol,
Yandır xatirəmi - o məktubları...
Yandır məktubları...
xatirələrim
yansın, külə dönsün qoy Kərəm kimi...

Burada maraqlı bir məqamı da xüsusi qeyd etməyə ehtiyac duyuram. Nüsrətin yaradıclığında (yəqin ki, bütün şairlərin yaradıcılığında) yaddaş anlayışı iki formada təzahür edir: bir - şairin öz fərdi yaddaşı, sırf öz həyatı, yaşadıqları ilə bağlı düşüncələri, yadına düşənlər və ya yaddaşından qovmaq istədikləri; bir də ictimai yaddaşı, mənsub olduğu toplumun tarixini fərdin özündən xəbərsiz şüur altında hifz eləyən, bəzən tarixin ən ilkin çağlarına gedib çıxan, K.Q.Yunqun ifadəsi ilə desək, şüurun xaricində olan "kollektiv" yaddaş.

XX əsrin sonlarında dünya və Azərbaycan ədəbiyyatında xüsusilə aktuallaşmış ictimai yaddaşa, xalqın tarixinə münasibətdə Nüsrətin yaradıcılığı kifayət qədər həssas idi. İbrahimxəlil xanın qızı Ağabəyim ağanın faciəli taleyini əks etdirən lirik-dramatik poemasının adı - "Yaddan çıxmaz Qarabağ..." bu fikri əyani təsdiqləyir. Həmin poemada da faciəviliyi şərtləndirən başlıca amillərdən biri fərdi və ictimai yaddaş arasındakı ziddiyyətdir.

Kənddən ayrılandan sonra Bakıda Nüsrətin həyatının kifayət qədər parlaq və rəngarəng bir dövrü başladı. Ağ-qara filmin içindən gələn Nüsrəti Bakı rəngli sevgilərlə qarşıladı. Bu şəhərdə Nüsrətin ən doğma sığınma yeri də sevilmək oldu. O, hər şeydən öncə istedadına görə sevildi, ilk əsərləri ilə ədəbi mühitin, ən əsası da oxucuların sevimlisi oldu. İctimai rəydə qeyri-adi bir sevgi şairi doğuldu. Boy-buxunu, səmimi danışığı, sözün həqiqi mənasında kişi xarakteri bu sevgini tamamlayan Nüsrət özünə bəslənən sevgiyə sevgi ilə cavab verdi: yaradıcılığının başlıca mövzusu məhəbbət oldu. O, ömrü uzunu öz qürurunu qoruyan insanın sevgisini tərənnüm elədi.

Yollartək döşənib ayaqlarına
Sənə yalvarımmı? - bu mümkün deyil.
Qoymaram qəlbimtək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil...

Bu qürur, əslində, ağ-qara nağıla çevrilmiş xatirələrdən sonrakı yaddaşın diktəsi və hökmü idi. Maraqlıdır ki, 1970-80-ci illər Azərbaycan (ümumiyyətlə, Sovet) şeiri üçün səciyyəvi olan kənd nisgili, yurd həsrəti, şəhərdə özünə yer tapa bilməmək kimi motivlərə (bunlar urbanizasiyanın - şəhərləşmə prosesinin bədii sözdəki əks-sədası idi) Nüsrətin şeirlərində, demək olar ki, rast gəlmirik. Nüsrətin poeziyasındakı düşüncə tipi şəhər adamının, şəhərliləşmiş ictimai psixologiyanın ifadəsidir.

Nüsrətin həyatında baş verən, onun taleyini dəyişən ayrı-ayrı hadisələr də məhz şəhər reallığının məntiqinə və havasına uyğun süjetlərə oxşayırdı. Ömrün yeni mərhələsinin yeni nağılları yaranırdı. Tələbə yoldaşı Eldar İsmayılov maraqlı bir hadisə danışır. Universitetdə filologiya fakültəsinin jurnalistika bölməsində oxuyanda xalq şairi Bəxtiyar Vahabzadə onlara kurs işlərinin mövzusunu paylayır. Kiminin mövzusu Nizami Gəncəvinin, kimininki Füzulinin, kimininki Sabirin əsərləri olur. Mövzulardan biri də "Nüsrət Kəsəmənlinin yaradıcılığı" imiş. Eldar Bəxtiyar müəllimə yanında oturan tələbə yoldaşını - Nüsrət Eyyubovu təqdim eləyir: "Müəllim, Nüsrət Kəsəmənli bu oğlandır!". Bəxtiyar Vahabzadə şeirlərini tələbələrinə kurs işi kimi təklif etdiyi Nüsrətlə ilk dəfə həmin dərsdə tanış olur...

Nüsrət ömrünün ən ciddi hadisələrini bədii əsər süjeti kimi qurub, evlənmək istəyəndə həyatının yeni nağılını yaradıb. "Ona" adlı şeirini makinada çap etmək üçün dekanlıqda işləyən Rəhilə adlı qıza göndərir. Rəhilə şeiri çap edib qaytaranda Nüsrət qeyir ki, qoy əlyazması səndə qalsın. Sonra aydın olur ki, həmin şeir Rəhiləyə həsr olunub. Bununla da ömrün yeni bir nağılı başlayır.

Müəlliminin - professor Nəsir İmanquliyevin şəhərdə kimsəsi olmayan cavan oğlanın elçiliyinə getməsi də bir başqa nağıl idi.

Aradan illər keçəndən sonra Nüsrət ömür-gün yoldaşı Rəhilə xanıma ən səmimi (bəlkə də, ən amansız) etirafını edəcəkdi. "Etiraf" şeiri öz ətrafında yeni nağılların yaranmasına, yeni miflərin əmələ gəlməsinə təkan verəcəkdi...

Pəncərə dalından yollara baxıb,
Yuxusuz gözünlə vaxtı sayırsan.
Körpə balaları köksünə sıxıb
Mürgülü-mürgülü gülümsəyirsən.

Nağıl danışırsan "Min bir gecə"dən,
Nağılın qorxulu, sehrli, qəmgin...
Mən isə sallanıb kəndir gecədən
Bir quyu dibinə enirəm hər gün.


Nüsrət səhvini, günahını etiraf edirdi. Ancaq yolundan geri dönmək, Rəhilə xanımın da dediyi kimi, peşman olmaq onun təbiətinə yad idi. Nüsrət mürgülü xatirələri oyatmağa qadağa qoyduğu kimi peşmanlığa da qadağa qoymuşdu. Onun üçün peşman olmaq məğlub olmaq demək idi.

O, şair kimi də, insan kimi də bu dünyadan qalib ayrıldı.

Bizim borcumuz isə mürgülü xatirələri oyatmaqdır.../edebiyyatqazeti.az/

Məti OSMANOĞLU,
filologiya elmləri doktoru


MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ