Nizamini kimlər farslaşdırmaq istəyir?

Tarix:11-03-2019, 18:45 Baxış Sayı:99

Nizamini kimlər farslaşdırmaq istəyir?

Manera.az AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun dissertantı Leyla Quliyevanın məqaləsini təqdim edir:

Nizami Gəncəvi ilə tanışlıqdan sonra Qərbdə, xüsusən də ingilis şərqşünaslığında və ədəbiyyatşünaslığında şairin mənşəyi, etnik kimliyi, həyatı ilə bağlı əsasən dörd mövqe ortaya qoyulmuşdur:

Birinci halda Nizami Gəncəvinin Azərbaycanın qədim şəhəri Gəncədə doğulduğu, türk mənşəli olduğu qəbul edilir və o, bir Azərbaycan şairi kimi araşdırılır (1.450).
İkinci variantda Nizaminin Gəncədə doğulub, bütün həyatını bu şəhərdə keçirməsinə baxmayaraq, o bir fars şairi kimi təqdim olunur (2) (3).

Üçüncü qism araşdırıcılar Nizami Gəncəvinin doğulduğu yerlə bağlı polemikalara üstünlük verirlər. Onlar onun ya Qumda anadan olması, ya da atasının Qumdan olub sonradan Gəncəyə köçüb ömrü boyu burada yaşaması fikrini irəli sürürlər. Əslində bu məsələyə çoxdan aydınlıq gətirilsə də, bəzi ingilis alimləri son dövrlərdə yenə bu mövzunun üzərinə qayıtmaqdadır.

Dördüncülər Nizamini linqivistik baxımdan fars, milli–coğrafi baxımdan Azərbaycan şairi kimi dəyərləndrirlər (4).
Göründüyü kimi, hər dörd fikrin yeganə ortaq mövqeyi Nizaminin vətəni Gəncə ilə bağlıdır. Tədqiqatçıların demək olar ki, hamısı Nizaminin ömrü boyu Azərbaycanın bu qədim şəhərində yaşamasında və ölməz əsərlərini burada yaratmasında yekdildirlər. Həm də bu zaman onlar məhz şairin öz əsərlərinə istinad edirlər.

گنجه گره کرده گریبان من
بی گرهی گنج عراق آن من.
بانگ برآورد جهان کای غلام
گنجه کدامست و نظامی کدام.
پیشتر از عمر به پایان رسید
شکر که این نامه به عنوان رسید.
Lakin onu da qeyd etməliyik ki, 1990-ci illərdən başlayaraq bəzi alimlər çoxdan sübut olunmuş tarixi və elmi faktları bir qırağa qoyaraq Nizaminin etnik kimliyini yenidən gündəmə gətirməyə çalışırlar. Bu iddialar üçün yeni bir elmi əsas irəli sürülmədiyindən, onları sadəcə olaraq 80-ci illərin sonlarından başlayan sosial-siyasi transformasiyanın əsasını təşkil edən siyasi-ideoloji baxışların tərkib hissəsi hesab etmək olar. Postsovet məkanında formalaşmış dəyərlərin təftiş edilməsinin əsasən iki müstəvi üzərində həyata keçirildiyini etiraf etməliyik:
1. Yeni milli münasibətlər zəminində;
2. İdeoloji müstəvidə;
Nizaminin milli-etnik kimliyinin yenidən aktuallıq kəsb etməsində, fikrimizcə, hər iki faktorun yeri vardır. Təbii ki, ingilis şərqşünaslığı və ədəbiyyatşünaslığı Nizami Gəncəvinin həyat və yaradıcılığına münasibətdə sovet və postsovet məkanda aparılmış tədqiqatlara həmişə xüsusi diqqətlə yanaşmışdır. Müasir dövrdə bir çox ingilis alimlərinin böyük Azərbaycan mütəfəkkirinin etnik kimliyi ilə bağlı fərqli mövqelərində müəyyən dəyişikliklərin baş verməsində məhz postsovet məkandakı fikir və mülahizələrin təsirini qeyd etməliyik. Yuxarıda qeyd etduiyimiz kimi, bunların bəzilərinin milli münasibətlər müstəvisində (5) (6), bəziləri isə sırf ideloji müstəvidə (7); (8); (9) baş vermişdir. Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Edmund Herziq 2017-ci il aprel ayının 15-də Kaliforniya Dövlət Universitetində “Nizami Gəncəvi Azərbaycanın milli şairinə necə çevrildi?” (How Nizami Ganjavi became an Azerbaijani National Poet) məqaləsində biz bu yanaşmanı görürük. O, Nizami Gəncəvinin həyatı ilə bağlı ortaya heç bir yeni fakt qoymadan Sovet dövlətinin siyasəti nəticəsində “fars şairinin azərbaycanlaşmasından” bəhs etmişdir. Həm də tək Herziq deyil, müasir dövrdə Nizami haqqında bir çox sanballı məqalələrin müəllifi kimi tanınan Culiya Skott Meysami də onun fars şairi olduğunu bildirir. Herziq Nizaminin Azərbaycan şairi kimi təqdim olunmasını sovet dövlətinin, xüsusən də Stalinin ideoloji məqsədləri ilə bağlamağa çalışir. Çox ehtimal ki, Herziq 90-cı illərdən bəri postsovet məkanda Nizami ilə bağlı yazılan və əksər halda da faktları təhrif edən əsərlərlə tanışdır. Məsələn, son illərdə Nizami ilə bağlı yazılan bir məqalənin erməni müəllif şairin azərbaycanlı mənşəyinin inkarı məsələsinə o qədər aludə olmuşdur ki, o, fikrini təsdiq etmək üçün Şimali və Cənubi Azərbaycanda yaşayan əhalini ayrı-ayrı xalqlar kimi təqdim etmişdir. O, “Şimal”ın yalnız 1918-ci ildən Azərbaycan və burada yaşayan əhalinin azərbaycanlı adlandığını bildirmişdir. Təbii ki, həmin məqalədən məqsəd Nizaminin türk-Azərbaycan mənşəyini inkar etməkdir. Halbuki Nizamidən də əvvəl, fars mədəniyyətini dünyada ən yüksək mədəniyyət təbliğ edən Firdovsi belə “Şahnamə”sində Azərbaycanın adını çəkmiş, İskəndərin hərəkət trayektoriyasından danışanda aşağıdakı misraları işlətmişdir:
چو شد ساخته کار آتشکده
همان جای نوروز و جشن سده
بیامد سوی آذربایجان
خود و نامداران و آزادگان
(10).
Özü də Firdovsi nə ərəb müəllifləri kimi Adərbadegan yazır, nə də Atrapaten. Digər tərəfdən, əgər İskəndər “atəşkəde” məsələsi ilə bağlı səfərə çıxırsa, muğlar yurdu olan Şimal torpaqlarından yan keçə bilməz və burada biz Firdovsinin Şimal və Cənub deyərkən vahid Azərbaycanı nəzərdə tutduğunu görürük.
Ümumiyyətlə, biz son illərdə yazılan əksər məqalələrdə N.Gəncəvinin məhz Stalin siyasəti nəticəsində Azərbaycan şairi olması iddiasına rast gəlirik. Halbuki buna qədər tarixçi Nurəddin Məhəmməd Övfi “Lübabül-əlbab”da, Nəciməddin Əbubəkr Məhəmməd Əli Ravəndi “Rahət-üs-südur və ayət üs-sürur”da, Nəsrəddin Yəhya ibn Məcidəddin Məhəmməd “Səlcuqnamə”də, Dövlətşah Səmərqəndi “Təzkirətüş-şüəra”da, Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəmdə”, Firudin bəy Köçərli “Azərbaycan tatarlarının ədəbiyyatı”nda və s. əsərlərdə açıq və örtülü şəkildə Nizaminin etnik kimliyinə toxunulmuşdur. Burada yuxarıdakı fikrimizin üzərinə bir daha qayıdaraq təssüflə də olsa qeyd etməliyik ki, milli münasibətlər müstəvisindən kənarda Nizaminin etnik kimliyinin müzakirə mövzusuna çevrilməsinə sovet ideologiyasına və Stalinə hücumların trkib hissəsi kimi də baxmaq olar. Çünki bu gün Nizaminin azərbaycanlı olmaması ilə bağlı iddialar irəli sürən heç bir müəllif köhnə linqivistik yanaşmadan başqa ortaya bir fakt qoymur. Məsələn, yazıçı, arxeoloq, ermənipərəst Şnirelman V.A. “Войны памяти. Мифы, идентичность и политика в Закавказье” əsərində yazır ki, 1938-ci ildə Nizaminin 800 illik yubileyi ilə əlaqədar o, Azərbaycan şairi elan olunmuşdur, əslində isə, o, fars şairi idi, təəccüblü deyil ki, həmin illərdə şəhər əhalisini (Gəncə nəzərdə tutulur-L.Q.) farslar təşkil edirdi” (7). Şnirelman bu fikri səsləndirərkən, guya, İqor Mixayloviç Dyakonavun hansısa memuarlarına istinad etmişdir. Və görünür, Şnirelman mənbənin qeyri-ciddi və qeyri-elmiliyinə görə sonradan həmin yazını bütövlükdə internetdən də silmişdir. Əslində isə Dyakonov “Nizaminin türkdilli Gəncədə yaşadığını, lakin farsca yazdığını bildirir”. Bu fikirlər onun 1999-cu ildə Kembric Universiteti tərəfindən nəşr olunmuş kitabında da bütün parlaqlığı ilə əksini tapmışdır (11) Digər tərəfdən, necə Azərbaycan ərazilərində farsca danışılırdı ki, Qətran Təbrizi həmin dili zəif bilirdi.
Sovet hökumətinin özünəməxsus etnik siyasət yürütdüyünü qeyd edən rus alimi Yuri Slezkine də 1934-cü ildən başlayaraq Sovet İttifaqında köhnə romantik millətçiliyin təntənəsi dövrünün başlandığını bildirir və hər bir xalqa öz möhtəşəm sənətkarını üzə çıxarmağa imkan verildiyini yazırdı. O, Nizami Gəncəvinin də belə bir dövrdə Azərbaycan xalqına töhfə verildiyini bildirir (12). Ümumiyyətlə, yeni dövrdə Nizamiyə bu prizmadan yanaşan müəlliflər, demək olar ki, hamısı eyni, yaxud oxşar mülahizələrdən çıxış etdikləri üçün onların hər birinin üzərində ayrıca dayanmağa lüzum görmürük. Nizamini farslaşdıranlar əsasən iki çox işlənmiş arqumentdən çıxış edirlər:
1. Dil faktorundan çıxış edənlər;
2. Orta çağ təzkirələrinə əsaslananlar;
Nizaminin “azərbaycanlılaşmasının” sovet ideologiyasının nəticəsi olduğunu sübut etmək istəyənlərin əlindəki arqumentlərdən biri və bəlkə də, birincisi Hacı Lütfəli bəy Azərin “Atəşkədə” də Nizamiyə istinadən verdiyi bir neçə beytdir. Halbuki ingilis tədqiqatçı alimi Çarlz Riyö “Catalogue of the persian manuscripts in the British museum”-da çoxdan bu məsələyə aydınlıq gətirmişdir. Lakin “Nizaminin azərbaycanlılaşdırılması” məsələsi həm postsovet məkanda, həm də Qərbdə, o cümlədən ingilis ədəbiyyatşünaslığında daha çox Azərbaycan müstəqillik əldə etdikdən sonra gündəmə gəldiyindən, bu mövzunu bir daha nəzərdən keçirmək zərurəti yaranmışdır. Riyö yuxarıda adını çəkdiyimiz kataloqun 564-cü səhifəsində “Həft iqlim”in 398-ci səhifəsinə və “Atəşkədə”nın 102-ci səhifəsinə istinadla onun ya doğum yerinin Qumda olduğunu, ya da da atasının oradan gəldiyini guman edir. Sonra o, Nizaminin özünün “İskəndərnamə”də ولی از کهستان شهر قمم misrasını əsas götürərək şairin mənşəyinin Qumla bağlı olduğunu bildirir. Lakin tədqiqatçı bunun ardınca onun təxminən bütün həyatının Arran şəhəri olan Gəncədə, (o zamankı Yelizavetpolda) keçdiyini bildirir (13) Riyönin xidmətlərini və alim dəqiqliyini yüksək qiymətləndirən Bertels Paris Milli Kitabxanasında saxlanan Nizaminin hicri tarixi ilə 763-cü ilə aid olan (miladi 1360) ən qədim əlyazmasında həmin beytlərin olmadığını və onların sonradan Nizami əsərlərinə artırıldığını yazır (14). Yeri gəlmişkən qeyd edək ki, əlyazmanın bitdiyi hicri tarixinin miladiyə çevrilməsində müəyyən fərqlər vardır (15, 7)
Bir məsələni qeyd edək ki, Riyönin XVI əsrdə qələmə alınmış “Həft iqlim”in adını çəkməsinə baxmayaraq, həm Azərbaycanda, həm də ingilis ədəbiyyatşünaslığında Nizaminin Qum mənşəyi haqqında danışanlar əsasən Lütfəli bəy Azərin “Atəşkədə” təzkirəsinə istinad etmişlər. Onu da bildirək ki, Riyö bu məlumatlarda adıkeçən təzkirələrin heç birinin müəllifinin adını çəkməmişdir. Təzkirədə Nizaminin mənşəyi ilə bağlı verilmiş beytlər belədir:
چو دُر گرچە در بحر گنجە گمم
ولى از قهستان شهر قمم
به تفرش دهى هست تا نام او
نظامى از آن جا شده نام جو
(Dürr kimi Gəncə dənizində itsəm də,
Ancaq Qum şəhərinin Kuhistanındanam.
Təfərrüşdə Ta adlı bir kənd var
Nizami oradan öz adını axtarmağa gedib)
Bir çox tədqiqatçılar uzun müddət Lütfəli bəy Azərin bu fikri və beytləri haradan götürdüyü barədə məlumat verməmişlər. Əsl həqiqətdə isə, bu fikrin mənbəyi XVI təzkirəçisi Əhməd Əmin Razi adlı şəxs olmuşdur. O, özünün “Təzkireyi-həft iqlim” əsərində Nizamini Qum şairləri sırasında verməklə yanaşı, həm də ayrıca onun tərcümeyi-halında bu məsələnin üzərində dayanmışdır (16). Həmin təzkirənin girişində müəllif bu əsəri Hindistanda altı il müddətinə yazdığını və onu hicri-qəməri tarixi ilə 996-cı ildə başlayıb, 1002-ci ildə başa çatdırdığını bildirir. Əmin Əhməd Razi Nizamini bir guşənişin, dünyadan təcrid olunmuş şəxs kimi təqdim edir, o, şeyxin Gəncəyə mənsub olmasına baxmayaraq, İraqda doğulduğunu təsdiq edir. Görünür, Hacı Lütfəli bəy Azər də məhz Əmin Əhməd Razinin həmin fikrini öz “Atəşkədə”sinə köçürüb.
Əmin Əhməd Razi təzkirəsində Nizaminin zahiri elmlərdən, rəsmi səlahiyyətlərdən faydalana biləcək bir şəxs olduğu halda, ilk gəncliyindən ömrünün sonunadək qənaət və özlət içində yaşadığını, digər şairlər kimi taxt-tac ətrafında dolaşmadığını, əksinə hökm və fərman sahiblərinin daim onun ehtiyaclarını qarşıladığını yazır və bununla bağlı nümunələr gətirir.
چون به عهد جوانی از بر تو
به در کس نرفتم از در تو
همه را بر درم فرستادی
من نمی خواستم تو می دادی
(Cavanlıq çağımdan sənin yanından
Kimsənin qapısına getmədim (sənin qapından)
Hamını mənim qapıma gətirdin
Mən istəmirdin, sən verirdin)
Risalə müəllifi daha sonra yuxarıdakı beytin əvvəlinə aşağıdakı misraları əlavə edir.
نظامی ز گنجینه بگشای بند
گرفتاری گنجه تا چند و چند
“Nizami xəzinədən düyünü aç, nə vaxta qədər Gəncədə qalacaqsan?”
Təzkirəçi şairin tərcümeyi-halından danışarkən ona gələn iki məktubu da xatırladır. Həmin məktublardan birində Nizaminin türk sultanına və türk sultanın Nizamiyə münasibəti qabarıq göründüyündən onların üzərində nisbətən ətraflı dayanacağıq. Onların farscadan dəqiq tərcüməsini verməyə çalışacağıq: “Bənzəri və oxşarı olmayan, tac və taxt sahibinin xahişi ilə nəzm edilən qəlbə yatımlı “Xəmsə”nin hər kitabının xütbəsindən başa düşüldüyü və məlum olduğu kimi bir möcüzə olan “Sirlər xəzinəsi” aşağıdakı şeirlərdən də göründüyü kimi adlı–sanlı Sultan Bəhram şahın adına göndərilib. Bu, bir neçə beytdən başa düşülür.
نامه دو آمد ز دو ناموس گاه
هر دو مسجَل به دو بهرام شاه
آن زری از کان کهن ریخته
وین دری از بحر نو انگیخته
آن به در آورده ز غزنین علم
وین زده بر سکَه رومی رقم
Sonra təzkirəçi bu beytlərin şərhinə keçir və yazır: “Şeyxin məqsədinin biri həkim Sənayi və “Hədiqə”nin nəzmidir ki, Bəhram şah Qəznəvinin adına deyilib, digəri “Məxzən”dir ki, Bəhram şah Ruminin şöhrətinə və xasiyyətinə həsr olunub. Bəhram şah Rumi o hakimlər təbəqəsindəndir ki, onu Səlcuqiyyə sultanları təyin edib. Onun mənsub olduğu Mənkuçeke tayfası Ərzincan, Komac, Koğuse, və Diyarbəkrin bəzi hissələrini əhatə etmiş və Ərzənüzrumun hakimi olmuşlar. Onların əhvalatı belədir; Sultan Alp Arslan Mənkuçek Qazi Həşəm Sultan və Əmrulla Abbasiyə bağlı olmuşdu. Xəlifənin xahişi ilə aşağıdakı vilayətin hakimi oldu. Onun övladları uzun müddət həmin mülkdə hökumət sürdülər. Sonra hökumət Davudun oğlu və Mənkuçek Qazinin nəvəsi Bəhram şaha çatdı. Onun dövləti o qədər yüksəlməyə başladı ki, Sultan Qılıc Arslan Səlcuği öz qızını ona verdi. Bəhram şah qayət kərim və alihimmət olub. Belə ki, Ərzincanın hər yerində toy-bayram vardı, qəriblər yox idi. “Məxzən ül əsrar”ın qarşılığında şairə 5000 qızıl dinar, yəni 400 İraq tüməninə bərabər bir ənam və bir qatar əstər və əqsam parça, qumaş növləri şeyxə göndərdi . Şeyx əgər ki, Gəncəyə mənsubdursa, amma zahirən onun doğulduğu məkan Qumdur”(16, 1070).
Müəllif fikrini belə yekunlaşdırsa da, Nizaminin İraqa məhəbbətinin arxasında onun əməyini layiqincə qiymətləndirən Sultan Bəhramın dayandığı bəlli olur. Nizaminin əsərini ilk dəfə ən yüksək dəyərləndirən şəxs Rum şahı idi, o, həmin yerdə doğulduğu üçün deyil, qiymətləndirildiyi üçün bu şəhəri seçmişdir.
Ümumiyyətlə, Nizaminin Qumla bağlılığı yalnız bu cümlələrdən ibarətdir. Həmin fikirlər isə “İqbalnamə”dəki iki beytdən başqa heç bir mənbəyə əsaslanmır. Baxmayaraq ki, adını çəkdiyimiz təzkirədə heç bir ciddi əhəmiyyəti olmayan hadisələrlə bağlı müxtəlif mənbələr göstərilir. Məsələn, Qum şəhərinin coğrafi mövqeyi ilə bağlı “Əcaiyib ül-bəlad”a, yaxud İsa peyğəmbərin torpaqdan düzəltdiyi quşla bağlı “Əcaib ül-məxluğat”a istinad olunur. Amma Nizaminin həyatı və yaradıcılığı ilə bağlı müəllif heç bir mənbə göstərmir.
Buradaca qeyd edək ki, mifik-əfsanəvi rəvayətlərə geniş yer verməsi, istinad göstərməməsi bu təzkirə haqqında ciddi mənbə kimi danışmağa imkan vermir. Məsələn, müəllif Qum iqlimini tərifləmək istəyəndə İsa peyğşmbərə aid edilən, öldürülmüş və qanı ilə palçıq yapılmış dörd quşun dirilməsi məsələsini bilavasitə bu vilayətlə bağlayır.
Bir sözlə, qeyri-ciddi “mənbələr əsasında başlanan Qum ehtimalı bəzi Avropa, o cümlədən ingilis tədqiqatçıları tərəfindən bu gün də davam etməkdədir.
Bununla bərabər, müəyyən mərhələdə ingilis ədəbiyyatında Nizami Gəncəvi daha çox linqivistik baxımdan fars, milli-coğrafi baxımdan Azərbaycan şairi hesab edilmişdir. Yeri gəlmişkən, Nizaminin Qərbdə türk-Azərbaycan şairi kimi etiraf olunmasında rus sovet və Azərbacan alimlərinin çox böyük zəhməti qeyd olunmalıdır. Belə ki, sovet alimi Y.E.Bertels “Nizami və Füzuli” adlı monoqrafiyasında Nizami yaradıcılığının tədqiqinə konkret tarixi metodla yanaşaaq, XII əsr Azərbaycanının müfəssəl ədəbi mənzərəsini vermiş və ilk dəfə olaraq farsdilli poeziyada Azərbaycan məktəbini üzə çıxarmışdır. Bu isə sonradan alimə Nizaminin öz yaradıcılığından çıxış edərək onun Azərbaycanla, Qafqazla bağlılığını sübut etməyə imkan vermişdir. Tənqidi-tarixi metod əsas mənbədə-Nizami əsərlərində təkzibedilməz faktların aşkarlanması ilə nəticələnmişdir.
Qeyd edək ki, avropalılar, konkret desək, ingilis ədəbiyyatşünaslığı “persian poet” anlayışından asanlıqla imtina etməmişdir. Uzun müddət Nizamiyə ikili prizmadan - linqivistik baxımdan fars, milli-coğrafi baxımdan isə Azərbaycan şairi kimi yanaşılmışdır. Qərb şərqşünasları və ədəbiyyatşünasları İran ərazisində doğulan ədəbi simalara həmin ərazidə doğulduqlarına görə fars ədəbiyyatı nümayəndələri kimi baxmaqla yanaşı, həm də onları fars dilində milli ədəbiyyatların təmsilçiləri hesab ediblər.
Ümumiyyətlə, ədəbiyyatşünaslıq elminin ilk mərhələsində ədəbiyyatlar linqivistik kriteriya üzrə klassifikasiya edilmiş, milli faktorlar nəzərə alınmamışdır. Yalnız millətçilik meydana gəldikdən, müstəmləkə sistemləri dağıldıqdan sonra milli ədəbiyyatlara bölünmə prosesi baş vermişdir.
Nizaminin dini və sosial baxışlarının Azərbaycanla bağlı olmasını əsaslandıran müəlliflərdən biri Edinburq Universitetinin Ərəb və İslam Tədqiqatları şöbəsinin müəllimi, Wolfson Kollecinin əməkdaşı, şərq ədəbi tədqiqatları və qədim əlyazmaların tərcüməsi ilə bağlı bir çox dəyərli əsərlərin müəllifi M.V.Makdonald olmuşdur. O, Nizamidən danışmazdan əvvəl onun yaşadığı mühitin dəqiq mənzərəsini vermiş, sonra şairin ədəbi irsini tədqiqata cəlb etmişdir. Yeri gəlmişkən, onun çalışdığı Fars Araşdırmaları üzrə Britaniya İnstitutu bu gün də İran tədqiqatları üzrə dünyanın ən nüfuzlu institutlarından biri sayılır. “Makdonald XIII əsrin ilk yarısında vəfat etmiş Nizamini” Azərbaycan şairi və filosofu kimi təqdim edir. Azərbaycan ədəbiyyatında ilk böyük adın Qətran Təbriziyə məxsus olduğunu vurğulayan Makdonald şairin həyatının əsas hissəsinin Təbrizdə keçməsinə baxmayaraq, onun yaradıcılığa Gəncədə başladığını bildirir və Nasir Xosrovun onunla bağlı qeydlərinin üzərində xüsusi dayanır. Şnirelmanın o zamankı Gəncəni fars şəhəri kimi təqdim etməsinin əksinə olaraq, Makdonald Gəncədə “arrani” dilinin işləndiyinə işarə vurur və Qətranın farsca zəif bilməsinin səbəbini də bununla əlaqələndirir. O yazır: “Azərbaycan ədəbiyyatında ilk böyük ad Qətrana məxsusdur. Nasir Xosrov da bu barədə öz qeydlərində yazmışdır. Onun həyatının böyük hissəsi Təbrizdə keçsə də, karyerasını Gəncədə başlamış, ola bilsin ki, sonda da ora qayıtmışdır. Onun yolunu davam etdirən Gəncəli Əbü Üla, Fələki (Şamaxılı), Şirvanlı İzəddin və Xəqani də Gəncədəndir. Əgər buraya Gəncədə doğulmuş Məshətinin də adını əlavə etsək, o zaman Gəncədə poetik mühitin çiçəkləndiyini görəcəyik. Bu faktı nəzərə alaraq, biz Nizamiin irsini diqqətlə öyrənməliyik ki, onun yaradıcılığının öz sələfləri və müasirləri ilə harada üst-üstə düşdüyünü və onlardan nə ilə fərqləndiyini görək” (4, 97-101) Makdonald Nizamiyəqədərki dövrdə Azərbaycan ərazisində, ümumiyyətlə, fars dilinin yayılmadığını və bununla da Azərbaycanın tarixən farsdilli məmləkət olmadığını aşağıdakı kimi əsaslandırmışdır: “Nasiri Xosrov Təbrizdən olan Qətran haqqında deyir ki, o, yaxşı poeziya yaratmışdır, ancaq farscanı pis bilmişdir. Hər halda fars dili Azərbaycanın dili deyildi. Əl-Məqdusi xatırladır ki, təkcə Ərdəbil vilayətində 70 dildə danışırdılar. İbn Hauvqal (X əsr) isə qeyd edir ki, Arranda (Nizaminin vətənində) əvvəlki kimi arranicə danışırdılar. Bu faktlar İranın qərb rayonlarında fars ədəbiyyatının genişlənməsini yubatmışdır, lakin Nizami dövrünə doğru bu maneələr artıq aradan getmişdi. Persiyanın şimali-qərbində yerli müstəqil və yarımmüstəqil sülalələrin zühur etməsi fars dilində saray poeziyasına tələbatı sitimullaşdırdı” (4, 97-101)
Sonrakı hissədə Makdonald farsdilli poeziyanın Azərbaycana yayılmasını səlcuq imperiyasının zəifləməsi ilə əlaqələndirmişdir. O, yazır ki, farsca Azərbaycan poeziyasının əsasını qoyan Qətran hələ fars dilini zəif bilirdisə, Nizami dövründə fars poeziası sürətlə genişlənirdi. Bütün bunlarla bərabər, Makdonald da Nizami haqqında danışarkən iki kriteriyadan çıxış edir, onu linqivistik baxımdan fars şairi, milli-coğrafi baxımdan Azərbaycan şairi kimi dəyərləndirmişdir.
İngilis ədəbiyyatında Nizamini tədqiq edən müəlliflər sırasında, britaniyalı şərqşünas Çarlz Ambrouz Storinin adını xüsusi qeyd etməliyik. Onun beş cilddən ibarət olan “Fars ədəbiyyatı: biobiblioqrafik tədqiqatlar” əsəri nüfuzlu mənbə kimi qiymətləndirilir və “İranik” ensiklopediyasında da bu qeyd edilmişdir. O, Nizami mətninə ilk 1934-cü ildə dəfə Ritter və Ripkanın tənqidi qiymət verdiyini bildirir və bu cümlədən sonra müəllif özü də həmin işə tənqidi yanaşaraq onun qeyri- dəqiq xüsusiyyətlərini qeyd edir (17, 450) “1940-cı illərdən başlayaraq bütövlükdə 6 poemanın faydalı tənqidi nəşri (müəllif başlanğıcda göstərir ki, Nizaminin “Beşliy”ini 6 poema kimi qəbul etmək olar. Çünki “İskəndərnamə” iki ayrı-ayrı hissədən ibarətdir) Bertelsin bünövrəsini qoyduğu ümumi plana əsasən azərbaycanlı alimlər komandası tərəfindən həyata keçirilmişdir. Onlar daha çox “Xəmsə” əlyazmalarının həmin seçilmiş nüsxələrinə əsaslanmış və yuxarıda qeyd edilən Paris və Oksford nüsxələrini izləmişlər. Redaktorlar Berlin əlyazmasından istifadə etməmişlər və əsərləri ailələr üzrə qruplaşdırmayıblar. Bütün bunlara baxmayaraq, onların tənqidi yanaşmaları bu nəşrləri ən yaxşı nəşrlər edir (Ritter/Ripka “Yeddi gözəli” istisna olunmaqla). 1930-cu ildə Tehranda nəşr olunmuş 6 poemadan ibarət Vəhid Dəstgərdi nəşrinin daha çox sayda əlyazmalara əsaslnması ehtimalı olsa da, hər hansı variantdan sitat verilmədiyi üçün, mətnlərin redaksiyalarının seçimi, həqiqi və yalançı hissələr arasında fərq qoyulmamış və görünür, əhəmiyyətli dərəcədə özbaşına olmuşdur” (17, 450-451)
Bu cümlələrdən göründüyü kimi, Story Bertelsin və azərbaycanlı alimlər komandasının apardıqları tədqiqatları ən dəyərli işlərdən hesab edir.
Onu da qeyd edək ki, yuxarıda adlarını çəkdiyimiz nə Makdnald, nə də Story sovet dövlətinin və Stain partiyasının Nizamini “azərbaycanlaşdırması” haqqında bir kəlmə belə yazmır. Əgər biz o zamankı dünyada ideoloji mübarizələri nəzərə alsaq, əslində müxtəlif siyasi sistemləri təmsil edən bu alimlər həmin yanaşmanı dərhal görməli idilər. Lakin Story Nizaminin Azərbaycana məxsus olmasında heç bir sovetizm iz görmür və tədqiqatçı Qum məsələsinə də aydınlıq gətirir: “... onun poetik əsərlərinin bəzi nüsxələrindəki Qum vilayətndən olmasını bildirən şeirlər, yalançı izahlardır”. Göründüyü kimi, Story bu məsələyə özünün birmənalı münasibətini bildirmişdir (17, 450-451). Dünya şöhrətli alim həm linqivistik, həm də milli-coğrafi kriteriyalardan istifadə edir.
Nizaminin Azərbaycan şairi olmasını dünya şöhrətli alim Ann Katerine Svinford Lambton da “Azərbaycan problemi” adlı məqaləsində birmənalı şəkildə təsdiq etmişdir: “Mədəni mühitə müraciət etdikdə görürük ki, fars ədəbiyyatının bir çox görkəmli nümayəndələri Nizami, Xaqani, Qətran Təbrizi azərbaycanlılar olmuşlar” (18, 48-57) İngilislərin Nizami ilə ilk tanışlığından sonra onların Nizamiyə marağı heç vaxt azalmamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra da görkəmli mütəfəkkirin diqqət mərkəzində olmasını “Nizaminin yaradıcılığının beynəlxalq aləmdə tanınması: Biblioqrafiya” adlı məqalədə də görürük. Kamran Talattof və Jerome W. Clintonun həmmüəllif olduğu məqalə 2001-ci ildə “Nizami Gəncəvinin şeirləri: bilik, sevgi və ritorika” (Palgrave Macmillan) adlı məcmuədə nəşr olunmuşdur. Onu da qeyd edək ki, Kamran Talattof Jerome Klintonla birlikdə həm də məcmuəyə redaktorluq etmişlər. Burada Walten Andrews, Julie Scott Meisami, Christine van Ruymbeke, Christoff Burgel və s. kimi tanınmış ədəbiyyatşünas alimlərin məqalələri yer almışdır.
Adıçəkilən məqalədə Nizami haqqında bütün biblioqrafiya yenidən tənqidin süzgəcindən keçirilir, Azərbaycan və Sovet nizamişünaslarının fəaliyyəti, habelə Nizaminin 800 illik yubileyinin qeyd olunması və yeni nəsil İran nizamişünaslarının fəaliyyəti araşdırılır. Buraya bütün biblioqrafiya, o cümlədən Tamazişvili tərəfindən tənqid olunan Bertels və Rəfilinin işləri də əlavə olunmuşdur. Kamran Talattof Sovet və Azərbaycan ədəbiyyatçılarını Nizaminin ideoloji adaptasiyasına görə tənqid edir, bununla bərabər, o, Bertelsi ən nüfuzlu Qərb nizamişünasları sırasında göstərir. Məqalə müasir tədqiqatların mövqeyini nümayiş etdirir.
Oxio Universitetinin Yaxın Şərq mədəniyyəti və dilləri baş fakültəsinin rəhbəri, fars poeziyası sahəsində tanınmış mütəxəssis, professor Riçard Davies də Nizamini “fars şairi” adlandırır və onun “nüfuzedici poemaları olan “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Həft peykər”i iki üslub arasında keçid kimi nəzərdən keçirirr” (19, 621)
“Orta əsr Persiyasında elm və poeziya: Nizami “Xəmsə”sində botanika” (Cambridge University Press, 2007. 235 с.) adlı məqalənin müəllifi Kristine van Ruyumbeke Nizami Gəncəvi və klassik fars ədəbiyyatı üzrə mütəxəssisdir. O, Kembric Universitetində fars araşdırmaları üzrə məşhurdur.
Kristine van Rruyumbeke XII əsrdə meydana gələn “Azərbaycanın fars poetik məktəbi”ni mərkəzdənqaçma, elmə maraq fonunda bədii rəqabətin nəticəsi kimi şərh etmişdir. Əsərdə bu məktəbin yaranmasına ciddi siyasi faktorların təsir etdiyi göstərilir, alim böyük mütəfəkkir Nizami Gəncəvinin tərcümeyi-halından danışarkən onun 535/1141 və ya 540/1146cı il tarixlərində Azərbaycanın şəhər mühitində doğulduğunu bildirir. Kristine öz əsərində Azərbaycan mühitinin Nizami poeziyasına təsir göstərdiyini bildirir. Burada bir məqamı da qeyd etməliyik ki, Kristine Ruymbeke öz əsərində Nizaminin etnik mənşəyi ilə bağlı birmənalı fikir yürütmür, o, şairin yəhudi, ya da türk mənşəli olduğunu bildirir. (20, 9) Ümumiyyətlə, Kristine van Ruymbeke haqqında irəlidə geniş danışacağımızdan burada onun elmi axtarışlarını ətraflı təhlil etməyə ehtiyac duymuruq.
Müasir dövrün digər görkəmli bir Nizamişünas alimlərindən biri də Culiye Skott Meysamidir. O, “The haft paykar: a medieval Persian romance” (2, 307) əsərində maraqlı bir iddia ilə çıxış edərək Nizami dövründə Azərbaycanda çoxlu dillərin, o cümlədən azəri dilinin işləndiyini bildirir. Amma o azəri dilinin xüsusiyyətlərini, qarammatik quruluşunu izah etmir. Oksford Universitetinin Şərqşünaslıq fakültəsində müəllim işləyən Meysami “Yeddi gözəl”in tərcümələrindəndir. O, şairin həyatı haqqında yazır: “Nizaminin yaşadığı və yaratdığı Azərbaycan regionu öz dövründə farsdilli ədəbiyyatın əhəmiyyətli mərkəzlərindən idi. Fars dilində poeziya ilk dəfə X –XI əsrlərdə şərqdə Buxarada Samanilər sarayında və onların Şərqi İranda və Əfqanıstanda təmərküzləşmiş xələfləri olan Qəznəvilər sarayında çiçəkləmişdi. 1040-cı ildə səlcuq türkləri qəznəvilər tərəfindən məğlubiyyətə uğradılanda onlar hakimiyyətlərini Qərbə, ərəblərin üstünlük təşkil etdiyi İraqa doğru da genişləndirdilər. Bununla da farsların ədəbi fəaliyyəti Qərbə doğru, səlcuq sarayına doğru genişləndi. Çoxlu dialekt və dillərdə danışılan Azərbacanda başlanğıc dil yerli dialekt olan azəri dili idi. Ancaq türklərin Qərbə miqrasiyası ilə XI əsrdə türk dili yayılmağa başladı. XII əsrdə selcuqlar regionda öz nəzarətlərini genişləndirəndə onların əyalət başçıları (praktiki olaraq müstəqil zadəganlar) fars əlifbasını bəyəndilər. XII əsrin ortalarına doğru əksər qabaqcıl şairlər öz himayədarlarından istifadə edərək fars dilində xüsusi Azərbaycan poeziya üslubunu yaratdılar. Bu üslub ritorik kəskinliyi, metaforaların innovasiyalı istifadəsi, texniki terminologiya və xristian obrazlılığı ilə “Xorasan” üslubundan fərqlənirdi.

Coğrafiyaçıların Qərbi Asiyanın ən gözəl şəhərlərindən biri kimi təsvir etdiyi Arranın paytaxtı Gəncə önəmli və yaxşı istehkama malik sərhəd şəhəri idi. O, istehsalın və ipək ticarətinin çiçəklənən mərkəzi idi. 1150-ci ildən başlayaraq onu eldəgizlər idarə edirdilər. Onların rəhbərliyi altında Gəncə ədəbi və elmi fəaliyyətin mərkəzi oldu. Orada olan şairlər içərisində Nizami daha çox fərqlənirdi” (2)

Meysami həmçinin fars dilində poeziyanın Azərbaycan üslubunu fərqləndirir və göstərir ki, Nizaminin yaşayıb yaratdığı Azərbaycana fars poeziyası XI əsrdə türk səlcuqlar tərəfindən gətirilib. O da Makdonald kimi XI əsrdə Azərbaycanda lokal dialektlərdən istifadə olunduğunu yazır və məhz bu dövrdən türkləşmə prosesinin başlandığını qeyd edir.

Beləliklə, sovet və müstəqillik dövründə nizamişünaslıqda iki fərqli mərhələnin formalaşdığını görürük. 1990-cı illərin əvvəlindən başlayaraq Nizaminin fars şairinə çevrilməsi sahəsində ardıcıl olaraq addımlar atılmaqdadır ki, bunun elmi müstəvidən deyil, daha çox siyasi müstəvi üzərində baş verdiyini görürük. Bu isə Aərbaycan alimlərindən Nizami ilə bağlı daha ciddi tədquiqatlar aparmağı tələb edir.
ədəbiyyat:
1. Charles Ambrose Storey. Nizami // Persian literature:a bio-bibliographical survey, Volume 5, Part 2 / François de Blois. Routledge.
2. Culiye Skott, “The haft paykar: a medieval Persian romance” (Oxford University Press, 1995.
3. Herzig, Edmund. Iran and the Former Soviet South (The Former Soviet South Project). Chatham House. 1995.
4. M. V. McDonald. The Religious and Social Views Nizami of Ganjeh // Iran, Vol. 1 (1963), pp. 97-101. British Institute of Persian Studies.
5. Асатрян Гарник, Геворкян Николай. “Aзербайджан: принцип присвоения и иранский мир”, Ереван, «Гителик», 1990 г;
6. Рачия Симонян. Забытый подлог//Ишхаян Р.А. Вопросы происхождения и древнейшей истории армянского народа / Пер. с армян., доп. и коммент. Э.Е. Долбакяна. М.: Грааль (Люберцы: ВИНИТИ), 2002. 211 с.)
7. Шнирельман В. А. Войны памяти: мифы, идентичность и политика в Закавказье М.: Академкнига, 2003
8. Тамазишвили А. О. Послесловие [к публикации доклада Б. Н. Заходера «Е. Э. Бертельс»] // Иранистика в России и иранисты. М., 2001. С. 185–186
9. О. Из истории изучения в СССР творчества Низами Гянджеви: вокруг юбилея Е. Э. Бертельс, И. В. Сталин и другие // Неизвестные страницы отечественного востоковедения: Сборник. М.: Вост. лит., 2004.
10. فردوسی ابولقاسم، " شاهنامه " با اهتمام مرتضی حسینی، بمبئی، مطبوعات نادری، 1308، جلد 4( 10 جلد
11. Diakonoff М. Igor, The Paths of History. UK: Cambridge University Press, 1999. с. 110. 368 с..
12. Slavyan Review, Vol. 53, № 2 (Yay, 1994), s. 414-452.- Slavyan Araşdırmalarının İnkişafı üzrə Amerika Birliyi.
13. Charles Rieu, Ph.D. Catalogue of the persian manuscripts in British Museum, volume II, Published by the trustees of the British Museum, 1881. 877p..
14. Е.Бертельс. Великий азербайджанский поэт Низами. Эпоха, Жизнь, Творчество.. Баку: АзФан, 1940. c. 17, 26
15. Qəhrəmanov Cahangir və Allahyarov Kamil, “Рукописи произведений Низами Гянджеви в мировых хранилищах” kataloqunda həmin tarix miladi ilə 1362-ci il kimi qeyd edilmişdir.
16. Razi Əmin Əhməd, “Təzkireye-həft iğlim”, II cild, Tehran, Seruş, 1378, səh. 1069-1077
17. Storey Charles Ambrose. Nizami // Persian literature:a bio-bibliographical survey, Volume 5, Part 2 / François de Blois. Routledge.
18. Lambton Ann Katharine Swynford. The Azarbaijan problem // The World Today, NS, n, 2. Oxford University Press, 1946. c. 48-57).
19. Richard Davies. Persian Poetry // Medieval Islamic Civilization: L-Z, index / Josef W. Meri, Jere L. Bacharach. USA: Routledge, 2006. 878 с.
20. Christine van Ruymbeke, "Science and Poetry in Medieval Persia: The Botany of Nizami's Khamsa", University of Cambridge Oriental Publications (No. 65), 2008. pg 9)



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ