"Əlvida deməyə tələsmə hələ..."

Tarix:9-03-2019, 23:43 Baxış Sayı:263

"Əlvida deməyə tələsmə hələ..."
ABİL İSLAMIN 60 YAŞINA

Onunla illər öncə ədəbiyyat ocağımız Azərbaycan Yazıçılar Birliyinin foyesində rastlaşdıq. Tanış olduq. Şair Abil İslam idi. Adını çox eşitmişdim. Bəstəboylu, saçlarına yenicə ağ dənlər düşən bu nurlu insanın Göyçaydan olduğunu biləndə hörmətim daha da artdı. Ona görə yox ki, mən də o torpaqda doğulub boya-başa çatmışam. Həm də ona görə ki, Şirvanın gözəl guşələrindən olan Göyçaydan ta yeddinci əsrdən üzü bəri neçə-neçə ədibimiz - ustad Həbibi, Qafur Əfəndiyev-Qantəmir, Rəsul Rza, Ənvər Məmmədxanlı, Əli Kərim, İsgəndər Coşqun, İbrahim Göyçaylı və onlarca digər söz nəhəngləri, sənət, elm adamları pərvazlanıb, doğma Azərbaycanın adını yüksəklərə qaldırıblar.

Çağdaş poeziyamızı öz yaradıcılığı ilə daha da gözəlləşdirən nəğməkar şair, publisist, ən əsası isə gözəl insan Abil İslam da bu gün ustadların yolunu davam etdirərək öz qələmiylə doğma Göyçayı, anamız Azərbaycanı şərəflə və layiqincə təmsil edir.

Mən barsız, kölgəsiz budaq deyiləm,
Köküm var, heç kimə calaq deyiləm.
Çağrılmayan yerdə qonaq deyiləm,
Əlvida deməyə tələsmə hələ.

Mən yazımın əvvəlində "nurlu insan" ifadəsini əbəs yerə işlətmədim. Diqqət etmisinizsə, yaradıcı insanların qəlbindəTanrıdan gələn bir işıq, üzündə ilahi bir nur olur. Bu cür insanlar qaranlıqda yol gedən və içindəki işıqla özü öz yolunu işıqlandıran insanlardır. Onlar başqalarından fərqli olaraq ömrünü xalqına xidmətdə görürlər. Abil İslam kimi.

İstərdim qısa da olsa, şairin həyat yoluna bir nəzər salaq.

Abil İslam 1958-ci ildə Göyçayın Alıkənd kəndində dünyaya göz açıb. O torpağın suyunu içib, havasını udub. Qarış-qarış gəzib o yerləri. Bəlkə elə buna görə də bu qədər təmiz, saf, geniş qəlbə malikdir. Ali təhsil almaq üçün Bakıya üz tutub. İstəyinə nail olub. Burada ustad yazarlarımızla tanış olub, həmişə xəyalında gəzdirdiyi söz-sənət adamlarıyla görüşüb, tanış olub. Və bu tanışlıqdan çox şey qazanıb Abil İslam. Onlarla şeirlərinə mahnılar bəstələnib, tanınmış müğənnilər tərəfindən ifa olunub. Az müddət içərisində nəğməkar şair olmaq hər kəsə nəsib olmur. Abil müəllim şeirlərində də yalnız özüydü, öz dəst-xəttiydi. Böyük ürək qoymuşdu bu şeirlərə. İnsanlara, dostlara inamı çox güclüydü. Onun var-dövləti yazdığı şeirləri və gözəl dostlarıydı.

Vəzifə, var-dövlət gəldi-gedərdi,
Ərkim sizə çatır hər zaman, dostlar.
Lərzəyə salacaq düşmənlərini
İnamdı, dayaqdı, gümandı, dostlar,
Şair hər dərdini qanandı, dostlar!

Abil İslam həyatda baş verən neqativ hallara, haqsızlığa dözə bilmir, bir vətəndaş həssaslığı ilə bunu nəzmə çəkir, əli qanlı cəlladları lənətləyir:

Fidan körpələrin bələyi qanlı,
Ana balam dedi, hey yarıcanlı.
Ölən qocaların çəliyi qanlı,
Getdiyin qanlı bir yoldu, terrorçu.

Bu misralarda bir şair ürəyinin harayını, çırpıntılarını eşidirik. Əslində, bu ağrı-acılar bir qələm əhli kimi, bizə də çox doğma, çox tanışdır. Çünki o dərd bizim elə öz dərdimizdir, öz ağrı-acılarımızdır. Düşünürəm ki, bütün yazıçı-şairlərin dərdi bir-birinə oxşayır.

Sıxmışam köksümə gizli bir həsrət,
Elimdən ummuşam şairə hörmət.
Vallah, şair sussa, susar təbiət!..

Bəli, şair susmamalıdır! Əgər Allah bu missiyanı onun çiyninə qoyubsa, yazıb-yaratmalı, Sabir demişkən, "düzü-düz, əyrini əyri" görməyi və deməyi bacarmalıdır. Şair içdən azad olmasa, onun yazdıqları da səmimi alına bilməz. Çünki şair, yazıçı olmaq bir elin, obanın təmsilçisi olmaq deməkdir. Düşünürəm və heç şübhəsiz ki, Abil İslam yazıb-yaratdıgı bu 40 ildə öz yoluyla gedərək şair adını hər zaman uca tutub.

Allah vergisi zəhmətsiz, işgüzarlıqsız heç bir şeydir. Abil İslam hər zaman öz üzərində işləyən, mütaliə edərək təfəkkürünü daha da zənginləşdirən qələm sahiblərindəndir. Və yazıb-yaratdığı bu 40 ildə çox əziyyətlər bahasına şair olub, ədəbi mühitə yol aça bilib. İndi çox yazanlar var, hamı "şair"di, "yazar"dı. İstedadı oldu-olmadı, nəyinsə və kimlərinsə hesabına ədəbi mühitə qapıdan qovsan da, pəncərədən gələn "şairciklər" çox təəssüf ki, göbələk kimi boy atıblar, çoxalıblar. Kimin pulu-parası varsa, cild-cild kitablar çıxarır. Şəxsən mənə belə kitablardan çox bagışlayıblar. Düzünü deyim ki, bir-iki səhifə oxuyan kimi "müəllif"ə yazığım gəlib. Bu bahalıqda kitab çıxarmaqdansa, o pul başqa bir xeyir əmələ sərf olunsaydı, daha yaxşı olardı.

Vaxtilə Çingiz Aytmatov deyirdi:

"İndi dünyanın bir çox yerində ədəbiyyat bazar ədəbiyyatına çevrilib".

Bəli, etiraf edək ki, indi ədəbiyyatın qlobal problem olan bazar ədəbiyyatına çevrildiyi bir dövrdə, əsl qələm sahibləri çox vaxt kölgədə qalırlar. Nə yaxşı ki, Abil İslam yaradıcılıq dövrünün əvvəlki yarısında bir şair kimi öz imzasını təsdiq edə bildi. Bu yolda çox çətinlikləri oldu Abil müəllimin.

Taleyim bircə yol gülmədi üzə,
Nə qədər aldadım özüm-özümü?
Çox vurdum canımı mən oda-közə,
Barı əsirgəmə, Allah, dözümü.
Qırxı da adladım əlliyə sarı,
Başıma ələndi illərin qarı.
Allah, kimə deyim ürək sözümü?

Abil İslam yaradıcılığında diqqətimi çəkən bir məqam da valideynə, böyüyə, doğma yurda olan məhəbbətdir, sevgidir, bağlılıqdır. Onun doğma kəndinə həsr etdiyi "Kəndim" poemasında biz sanki övladın anaya olan məhəbbətini görürük.

Məşhur Göyçay mahalında
kiçik bir kənd:
- Alı kəndi.
Xəyalımda yaşar bu kənd,
Hər bir zaman!

Vətən sənin ocağından, evindən başlayır. Yaşadığın küçədən, gəzdiyin füsünkar təbiətindən başlayır. Bir sözlə, Vətən sənin doğulduğun torpaqdan başlayır. İslam Səfərli demiş, o, "Yaraşıqlı Göyçayım"dır. Əli Kərim demiş, "Bu, Göyçaydır, oğlanlarım!" Abil İslam isə deyir: "Şairlər vətəni Göyçaydır bura!"

Çinara baxanın papağı düşdü,
Plov qazanının qapağı düşdü.
Qonağı görərək sevindiyindən,
Erkəyi kəsənin çapağı düşdü.
Şairlər vətəni Göyçaydır bura.

Nə gözəl... Şair doğulduğu torpağına olan sevgisini gözəl poetik misralarla, bənzətmələrlə ifadə edir.

Abil müəllim öz doğma ocağına bağlı olan halal bir insandır. Hərdən Alıkəndə gedir, ata-baba yurdu olan doğma ocaqda saatlarla xəyala dalır, keçən günləri xatırlayır. Acılı-şirinli xatirələr şairi ağuşuna alır. Və neçə-neçə gözəl şeirlər bu ocaqda yaranır. Hərdən bağ-bağatla, əkinçiliklə də məşğul olur. Kənddə yaratdığı bağında əkib-becərir, ağaclara qulluq edir. Dostları öz bağına dəvət edir. Göyçaylıların süfrəsi hər zaman dost üzünə açıqdır. Dostluqda etibarlıdırlar. Düşmənə qarşı isə barışmaz və amansızdılar.

Torpağımda bitən lalə,
Mərd qanından rəng alıbdır.
Babəkimin qılıncından,
Düşmən qorxub tük salıbdır.

Bu, Abil İslamın ən sevdiyim şeirlərindəndir.

Ana adını vətənlə qoşa çəkir Abil İslam. Anaya böyük dəyər verir, ana haqqının heç zaman ödənmədiyini söyləyir. Hətta anasının ən acı sözünə belə gündə min dəfə qurban olmağı arzulayır:

Anasan, adına, sözünə qurban,
Sonsuz bir yol çəkən gözünə qurban.
Səni hövsələdən çıxaran zaman,
Dediyin ən acı sözünə qurban!

Budur, övladın anaya olan sonsuz məhəbbəti! Bu şeirdə bir yanğı, bir həsrət var. Şair yanğısı!

Etiraf edək ki, çoxları yanaraq yaşamırlar, yaşayaraq yanırlar. Yanaraq yaşamağı Tanrı hər kəsə nəsib etmir. Düşünürəm ki, bu yazımın qəhrəmanı Abil İslam da məhz yanaraq yaşayan şairlərdəndir.

Həyatda təsadüflərə inanmıram. Düşünürəm ki, hər şey ulu Tanrının buyruğu ilə nizamlanan zərurətdən doğur. Görünür, bu da bir qismət, bir taledir ki, mən Abil müəllim haqqında bu yazını onun yaradıcılığının ən kamil dövründə yazıram. Həm də 60 yaşını tamam etdiyi bir dövrdə. Öz ədəb-ərkanı, yüksək mədəniyyəti və aristokratlığı ilə o, hər yüksək ada layiqdir. Məşhur alman filosofu Kantın bir kəlamı yada düşür: "Ləyaqət tərbiyənin məhsuludur". Abil İslam onu tanıyanlarının, dostlarının hörmətini məhz öz ləyaqəti ilə qazana bilib. Çünki əsl-nəcabətli bir ailədə dünyaya göz açıb, uşaqlıqdan zəhmətə, əməyə alışıb. Torpağın qoxusunu ciyərlərinə çəkərək yazıb-yaradıb, şair olub.

Ömür çox qısadır. Göz açıb yumunca günlər aylara, aylar illərə çevrilir. Bir vaxt gözünü açıb görürsən ki, çox illər keçib, amma bu ömrü istədiyin kimi yaşaya bilməmisən, hələ görmək istədiyin çox işlərin qalıb... Abil müəllim ömür karvanının altmışıncı baharını yaşamaqdadır. Nə tez gəlib keçdi bu illər? Elə bil dünəndi Alıkənddə əlində çanta məktəbə getdiyi gün... Elə bil dünəndi ali məktəbə girdiyi gün. Ailə qurub ilk övladını qucağına aldığı gün... Nə tez gəlib keçdi o illər? Həyat çox amansızdır. İstəsək də, istəsəməsək də, onun qanun-qaydalarına tabe oluruq. Böyük şairimiz Məhsəti xanımın misraları düşür yada: "Bu dünya elə bir karvansaradır, Bir qara pula da dəyməzmiş gerçək..."

Əsas odur ki, torpağa izin düşsün. Önəmli olan özündən sonra qoyub getdiyin əməllərdir, açdığın yoldu, cığırdır. Neçə-neçə kitabların, mahnı mətnlərinin müəllifi olan yazıçı dönüb arxaya baxanda ötüb keçən günlərinə "Hər gün ömrümüzdən bir yarpaq düşür" - deyə təəssüflənsə də, heç şübhəsiz ki, qazandıqları da çoxdur və bu ömür bir də verilsəydi, yenə bu cür yaşayardı.

Qazandığı tərbiyəli övladlarıdır, şirin-şəkər nəvələridir, yazdığı kitablardı, saysız-hesabsız məqalələrdi. Uzun müddət jurnalistika ilə məşğul olan Abil İslam mətbuatda böyük bir yol keçib. İlk fəaliyyəti gənclik illərində Göyçayda çıxan, bu yaxınlarda dünyasını dəyişmiş gözəl jurnalistimiz Oqtay Cəfərovun rəhbərlik etdiyi "Yeni həyat"dan başladı. Və taleyin işinə bax ki, Abil İslam ömrünün ahıl çağında yenə də Oqtay müəllimin redaktorluğu ilə çıxan "İnşaatçı" qəzetində çalışdı. Bu, bir alın yazısıdırmı? Mən də lap ilk gəncliyimdə Göyçayda o qəzetlə əməkdaşlıq etmişəm. Allah Oqtay Cəfərova rəhmət eləsin. Yaxşı insanlar unudulmur!

Düşünürəm ki, Abil İslam da onu yaxından tanıyıb duyanların qəlbində ancaq yaxşı insan kimi qalır və qalacaq! Öz yaradıcılığı, sözlərinə yazılmış könül oxşayan mahnıları və gözəl xarakteri ilə.

60 yaşın astanasında "Əlvida deməyə tələsmə hələ" - deyən şair indi yaradıcılığının ən gözəl dövrünü yaşayır. Bu, həm də şair ömrüdür. Həyatın çətinliklərini çiyinlərində çəkən, daşıyan bir şair ömrü. Əslində, şairlik da bir şərəfdir, taledir, alın yazısıdır. Tanrı bu şərəfli ömrü hər kəsə nəsib etmir.

Şərəfli ömrünüz mübarək, Abil müəllim!

Südabə SƏRVİ
Yazıçı-jurnalist
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ