Yalnız təndirə çatanda əyilən ana haqqında ballada

Tarix:17-02-2019, 20:54 Baxış Sayı:191

Yalnız təndirə çatanda əyilən ana haqqında ballada
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist


Onun ürək qubarından yaranan şeirləri məni elə silkələdi ki...

Şeirləri ilə ürəyimin çox yuxa yerinə toxunan, bəzən dilimin ucundan misralarımı ustalıqla "oğurlayan”, son vaxtlar kitablarını tez-tez vərəqləyərək ovqatımı pıçıldayan xiffətilə baş-başa qaldığım Fərqanə Mehdiyevanı çoxdan tanısam da, haqqında ilk dəfədir ki, yazıram. Əslində bu yazı mənim hisslərimin hökmüdür. Ancaq yuxu və xəyallarımın qəhrəmanı olan anam, 30 ildir ki, gözlərimdən çəkilmir. Heç sağlığında belə olmazdı. Vəfatı elə bil ki, mənim bütün bənd-bərələrimi kəsdi. Bu müqəddəs insanın yoxluğu mənə yetimliyin acı dadını elə yedizdirdi ki, bütün varlığımı bürüyən üşütmədən hələ də özümə gələ bilmirəm. İllər öncə bir tədbirdə Fərqanə Mehdiyeva "Təndir” adlı şerini oxudu. Yadıma doğma həyətimiz, evimiz, təndirxanamız düşdü. Keçirdiyim ağrıların, həsrətin sözlə yaradılmış mənzərəsini gördüm:

Əyninə özgə don geyməyən anam,
Təndir tüstüsündən yüz don geyinib.
Başını hər kəsə əyməyən anam,
Təndirə çatanda min yol əyilib.

Fərqanə xanım həm istedadlı qələm sahibi, həm də olduqca səmimi və orijinal şairdir. Şeirlərindəki ürək çırpıntısı təsirlidir. Onun şeirlərini oxuduqca, o poetik aləmdən ayrılmaq istəmirsən. Əlbəttə, bizim qüdrətli qadın şairlərimiz çox olub, olacaq da. Amma Fərqanə xanımı fərqləndirən əsas məziyyət onun şerlərinin ahəngindəki doğmalıqdı. Nədən yazırsa gözəldir, amma ana mövzusunun bu xanımın yaradıcılığında xüsusi yeri var. Ananın ana möhtəşəmliyindən yazması təbiidir, lakin ananı bu cür - hamıya bütöv, doğma, əziz , çox yaxın, eyni duyğularla təqdim etməsi ürək məsələsidir. Nə gizlədim, mən bu şeirlərdə öz anamın obrazını gördüm: "Baxın zənbilinə, özündən yekə, anam şəhərə gedir”. Cızdağım çıxdı. Yadıma tələbəlik illəri, elə sonrakı günlərim düşdü. İldə bir yol Bakıya gələrdi. Gələndə yükü çox olardı, hamıya kənd payı gətirərdi, geri bir zənbillə qayıdardı. Laylasını dillər, gözəlliyini illər, sonalığını göllər aparan anamızın varlığı bizim üçün həyatın və əsil xoşbəxtliyin özü imiş. Niyə vaxtında bunu çoxu anlamır? Yalnız itirəndən sonra bilirik ki: "Ana zirvə imiş, ana dağ imiş, anasız ömür də gözə görünmür…” Mən Fərqanə xanıma, bax, bu şeirlərinə görə minnətdaram. Düşündürücü və tərbiyəedici. Belə ibrətamiz şeirlərin təsir gücü şəksizdir. Ümumiyyətlə, bir şair kimi Fərqanə Mehdiyevanın uğurudur ki, onun şeirləri vəsfdən, tərənnümdən çox uzaqdır. Fərqanə həyatın rənglərini, təzadlarını, gerçəkliklərini elə poetik nümunəyə çevirə bilir ki, köhnə təzəliyin ətrini duya bilirsən. Fərqanənin şeirləri yazılmır, ürəyindən, hisslərindən, dərdlərindən doğulur. Belə həsrət libaslı şeirlərsə həmişə oxucu qəlbində əks-səda doğura bilir:

Həsrətdən könlünə sal çəkən anam
Ömrünə-gününə qol çəkən anam,
Hər bazar gözləri yol çəkən anam…

Oğul öz işində, qız öz hayında,
Bu nağıl dünyanın budur tilsimi.
Neyləsin, anadı, bala istəyir,
Biz öz balamızı istəyən kimi.

Ana ilə bağlı söz gülüstanından hansı ləçəyi çəksən, o müqəddəs varlığın mənim kimi anasızların könlündəkı həsrətinin ahlı-amanlı sualları cavab axtarır:

Bəlkə uçub göylərə.
Günəşlə, ayla gedib?
Üz-gözündə bayatı,
Dilində layla gedib.

Yalnız təndirə çatanda əyilən ana haqqında ballada
"Hayana gedib anam?” nisgilinin göyərtdiyi xiffətin rüzgarları əbədi ayrılığın ünvanına görün hansı etiraz və etirafları göndərir: "Başımın sıgalı çatışmır ana”; " Nə pula, nə vara, nə də şöhrətə, bircə can sözünə ehtiyacım var”; "O dad hanı, o tam hanı, gəlişimə qurban kəsən anam hanı, anam hanı?” Fərqanənin özü demişkən, onun ürək qubarından yaranan şeirləri məni elə silkələdi ki, hər misrasında, deyimində, qafiyəsində belə öz dərdlərimin ağrısını duydum. Ay mənim yerimə şeir yazan bacım, nə gözəl vurğulayırsan: "Ay mən kimilər…” Biri elə mən. Sənin könlündən süzülən misralarla anamı haraylamaq keçdi könlümdən:

Nə dərdim vardısa anam bilirdi,
Deyəndə ürəyim dönürdü dağa.
Daha qabağıma yüyürənim yox,
Gedirəm torpağı qucaqlamağa.

Anaların həmişə gözləri yolda qalar. O zaman bu nigaran baxışlar yoldan yığışar ki, balası qapını açsın. Eşidirsinizmi məni, övladlar, ananızın qədrini vaxtında bilin. Ana bağrı çatlatmaq Allaha da xoş getmir. Müəllifin "Anama” adlı bir şerinin sonluğundakı xəbərdarlıq çox mənalıdır və bəzi mətləblərə güzgü tutur:

Bu qədər qayğılar, bu qədər sədlər,
Düşür, nələr düşür gör yadımıza?
Sizə verdiyimiz o əziyyətlər,
Çıxır bircə-bircə qabağımıza.

Doğma, əziz insanlar çox ola bilər. Yəni bu təbii bir haldır, amma gəlin bu həqiqəti etiraf etməkdən çəkinməyək ki, ana qədər heç kim bizə yaxın və sədaqətli ola bilməz. Ona görə də bu faktdır ki, ana dünyanın yeganə təhlükəsiz qadınıdır. Fərqanə xanım məhz bu məqamı elə gözəl və təsirli qələmə alıb ki, bəxtəvər günlərim gözlərimin qarşısından kino lenti kimi keçdi: "Azı min yol gündə aldı qadamı, kəlmələri ovundurur adamı”; "Əllərini gəzdirəndə saçımda”; "Uşaq kimi qabağıma qaçanda” dünya həqiqətən bizim olurdu. Adama anadan çox canı yanan varsa, deyin mənə… Yazımın əvvəlində şairin "Təndir” şeirindən danışmışdım. Əslidə bu şeir ana haqqında bir balladadır. Xüsusi ilə də kənd yerlərində yaşayan analarımızın bədii obrazını çox səmimi və təbii yaradıb. Əzəldən təndir analarımızın ümid yeri, güvəncidir. Təndir tüstülənirsə, deməli çörək olacaq, balaları ac qalmayacaq… Fərqanə xanımın şeiri də elə təndirin özü kimi istidir:

Təndir anam kimi doğmadır mənə,
Mən onu müqəddəs ocaq sanacam.
Gün gəlsə, olmasa anam həyatda,
Mən yanıb, közərib təndirdən betər,
Qaçıb o təndiri qucaqlayacam.


Fərqanə Mehdiyevanın lirik şeirləri də ana laylası kimi saf və cazibəlidir. Onun sevgi şeirlərinin ahəngində bir ana tövsiyəsi, daha dəqiq ifadə etsək, öyüdü eşidilir. Müəllif sanki öz sevgisindən yox, əsil məhəbbətin necə olmağından və məziyyətlərindən danışır. "Biri oda dönəndə, biri dönüb su olar”; "Vaxt eləsən, yuxuma gəl, düşüm arxayın ardına”; "Təzə mənzilin mübarək, gəlib canıma köçmüsən”; "Gözlərim qəm yağışıdı, arabir yağıram sənə”; "Bu dünya sən boydadı, qalmışam hara gəlim”. Ayrı-ayrı şeirlərdən gətirdiyim bu nümunələrin hər birində həm sevən bir ürəyin səsini, həm də ana məsləhətini duymaq olur.

Dünyanın təzadları qarşısında həmişə öz dəyanətini saxlamağa çalışan, pisliklərə zərifliyi, hətta zəifliyi ilə meydan oxuyan bu zahirən çəlimsiz, amma vüqarlı, əyilməz xanımın şeirlərində əsil şair taleyinin etirafları dil açır:

Nə barışdım bu dünyayla,
Nə də bir yol küsdüm, anam.
Verdiyin ömrü varağa
Misra-misra düzdüm, anam.


Böyük şairimiz Məmməd Arazın təbirincə desəm, bu dünya nə küsməyə, nə də barışmağa dəyər. Çünki bizim halımızın necə olmağı heç onun eyninə də gəlməz. Bəzən də nə edəcəyini də kəsdirə bilmirsən. Yaşamağa qoymayanlar, adamı candan üzürlər. "Şeytandan ümid umub, iblisə xitab edirəm” (Cabir Novruz) əlacsızlığı isə içimizə köz salır. Bilə-bilə özümüzü oda atırıq. Beləcə, Fərqanə Mehdiyevanın şeirlərini oxuduqca həyatın rəngləri gözlərimin qarşısında yox, ürəyimdə sayrışır. Neçə şarimizin tanış misraları yaddaşımda oyanır. Bəlkə elə bu da təbii haldır. Görünür ki, İlahi, istedadlı şairlərin ruhunu eyni xiffətin, məlalın ocağında qovurur. Bu köhnə dərdin təzəliyində isə baş-başa qaldığımız misralar, bizi gələcəkdən çox keçmişə aparır. Təzədən doğulur və qocalırıq. Beləcə, əzizim Fərqanə Mehdiyeva, sənin şeirlərin məni əlim yetməz, ünüm çatmaz yerlərə qanadlandırdı. Analı günlərimin acılı, şirinli xatirələrini yaşadım. Belə təbii ruhun və ilhamın bizi hələ çox-çox yeni şeirlərlə baş-başa qoysun. Arzuların sıxılmış bir şeirindəki misraların son sözümə bədii yekun vurdu:

Çıxaq enişə doğru,
Dur gəl yoxuşda saxla.
Aç könlünün qapısın
Məni çıxışda saxla.


Eşidənin və oxuyanın çox olsun! Allahın şəfası, oxucunun sevgisi canından və yaradıcılığından əskik olmasın!

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ