Professor Asif Rüstəmli - 65

Tarix:16-02-2019, 12:49 Baxış Sayı:205

Professor Asif Rüstəmli - 65
Cabbarlışünas alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin 65 yaşı tamam olur.

Elnarə AKİMOVA:

Missiya

Asif Rüstəmlinin mənbələrə əsaslanaraq, arxivdə, əlyazmaların tozunu udaraq hasilə gətirdiyi əsərlər əsl alim örnəyinin nümunəsidir. Onun tədqiqatçı üslubunda milli-ədəbi fakt bədii-estetik arxetipdən kənar dərk olunmur. Əksinə, zaman, ədəbi mühit və sənətkarlıq məsələlərinin bir-birinə çulğaşmış şəkildə təcəssümü ona hadisənin, faktın etnik-tarixi tipini - genotipini müəyyənləşdirməyə imkan yaradır. Belə olduğu üçündür ki, istər Bayraməli Abbaszadə, Mirzə Bala Məmmədzadə irsinin və XX əsrin əvvəllərinin bir çox ədəbi proseslərinin öyrənilməsində, istərsə də çağdaş dövrümüzdə Mir Cəlal yaradıcılığının araşdırılması yönündə axtarışlarında, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tarixi inkişaf mərhələlərinin tədqiqində onun nəzəri marağının hədəfində milli ədəbi fikrin immanent inkişaf qanunauyğunluğunu görmək çətin olmur.
Professor Asif Rüstəmli - 65
Bütün bunlarla bərabər, Asif Rüstəmli imzasını səciyyələndirən əsas amil Cəfər Cabbarlı irsinə verdiyi dəyər və sanbal, onun layiqli, yorulmaz araşdırıcısı kimi tanınmasıdır. Ümumiyyətlə, XX əsrin əvvəllərində yaşayan sənətkarların bir qisminin dövrün fəci durumuna - ömür nakamlığına, tale qırıqlığına, sərt və ideoloji həmlələrə qurban getmələrinə baxmayaraq, məhz araşdırmaçılar baxımından bəxtləri gətirib. Onlara oğul qədər mənəvi varislik edən tədqiqatçılar qazanıblar. Məsələn, bu gün Cəlil Məmmədquluzadə deyəndə hamıdan əvvəl İsa Həbibbəylini, Əhməd Ağaoğlu dedikdə Vilayət Quliyevi, Əli bəy Hüseynzadə deyəndə Azər Turanı, o cümlədən Cəfər Cabbarlı deyəndə Asif Rüstəmlini düşünürük. Proses yalnız onlar haqqında kitab hazırlamaq, üstünə adın yazılması ilə bitmir ki... Mənəvi varislik haqqına tapınaraq görülən işlərin yükü ağırdır - sənətkarın irsini zamanın xərabələri altından çıxarıb onun çağdaş dəyərlər müstəvisində gərəkliyini göstərmək, bütün aspektləri, yeni elmi meyilləri ilə dərkinə nail olub ədəbi-estetik zaman dövriyyəsinin sonrakı axarına qata bilmək, yeni mərhələ üçün nəzəri perspektiv açıb filoloji istiqamət və baxışı dəyişməyə nail olmaq... Bu baxımdan, Asif Rüstəmlinin alim olaraq missiyası ləyaqətli şəkildə həm bitib, həm də yola davam etməkdədir.

Yaş artıq 65-dir! Bu yaşın zirvəsindən gələcəyə qürurla salam verməyə dəyər!


Vaqif YUSİFLİ:

İşıqlı Adam

Asif Rüstəmli ilə tanışlığım səksəninci illərdən başlanıb, "Azərbaycan" jurnalında onun ilk yazılarından birinin çapına kömək etmişəm. O yazı mollanəsrəddinçi şair Bayraməli Abbaszadədən idi. Sonralar da Asif "Azərbaycan" jurnalında tez-tez yazılarını çap etdirdi, həmişə də bu yazıların ilk oxucusu mən oldum.
Professor Asif Rüstəmli - 65
Asif bir tədqiqatçı kimi, çox işləkdir, mən bu mənada onu Qulam Məmmədlinin, Əliəjdər Səidzadənin ardıcılı hesab edirəm. O, Azərbaycan ədəbiyyatşünaslığında hal-hazırda 1 nömrəli cabbarlışünasdır. Cabbarlının tərcümeyi-halında, ömür yolunda elə səhifələr var ki, onları ilk dəfə Asif açıqlayıb. Asif 1918-1925-ci illərin ədəbi səhifələrinin qaranlıq qalan əksər nöqtələrini işıqlandırıb. Yeri gələndə müasir ədəbiyyatşünaslığın problemlərindən də yazır. Asifə xas olan bir cəhəti də vurğulamaq istəyirəm. O, çox səliqəli alimdir, yəni faktların əsirinə çevrilməyərək yalnız o faktların bu gün üçün nə dərəcədə əhəmiyyətli olduğuna çalışır.

Dostluqda da sədaqətlidir. Fəxr edirəm ki, onunla eyni şəhərdə yaşayır, eyni ədəbi mühitdə çalışırıq. 65 yaş nədir ki? Neçə il əvvəl gördüyüm Asif Rüstəmli heç dəyişməyib. Qoy elə-belə qalsın, qocalmasın!


Bədirxan ƏHMƏDLİ:

Alim Ömürlüyü


Filologiya elmləri doktoru, professor Asif Rüstəmli çağdaş Azərbaycan ədəbiyyatşünaslığının ağırlığını çiyinlərində daşıyan alimlərimizdəndir. Onun yaradıcılığında ədəbiyyatşünaslıq iki istiqamətdə - nəzəri və praktik cəhətdən inkişaf edib. Bu mənada Asif Rüstəmlini mən F.Köçərlidən başlayan A.Sur, Ə.Abid, İ.Hikmət, B.Çobanzadə, F.Qasımzadə, H.Araslı, M.Rəfili ilə davam edən klassik tədqiqatçılar sırasına daxil edirəm. Son dərəcə səbr və mətanətlə ədəbiyyatımızın işlənilməyən, işlənilməsi vacib problemlərini aşkara çıxarmaq, ədəbiyyatımızdakı yerini, mövqeyini təyin etmək missiyası çox zaman onun üzərinə düşür. Böyük dramaturqumuz Cəfər Cabbarlının yaradıcılığı iki ədəbiyyatşünasın - görkəmli ədəbiyyatşünaslar Məmməd Arif və Asif Rüstəmlinin araşdırmaları ilə tamamlanır. Cabbarlışünas tədqiqatçı alim M.Arifdən sonra onun bir neçə pyesini, hekayələrini, şeirlərini üzə çıxarmış və yaradıcılığını ölkə hüdudlarından kənarda belə tanıtmışdır. Otuz ildən çoxdur ki, C.Cabbarlı yaradıcılığı A.Rüstəmli tədqiqatlarında təhlil və tədqiq olunur, bədii irsi bütövləşdirilir, əsərləri nəşrə hazırlanır.
Professor Asif Rüstəmli - 65
Asif Rüstəmli həm də Bayraməli Abbaszadə (Hammal) yaradıcılığının araşdırıcısı kimi tanınır. XX əsr Azərbaycan satirik şeirinin bu görkəmli nümayəndəsi haqqında monoqrafiya yazmışdır. Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi Mirzəbala Məmmədzadənin həyat və yaradıcılığı haqqında məqalələri, monoqrafiyaları bu sahədə atılan ilk addımlardandır. Ədəbi ictimaiyyət onu həm də mətbuat araşdırıcısı kimi tanıyır. Azərbaycan mətbuatının XX əsr mərhələsinin inkişaf yolu və problemləri onun araşdırmalarında öz əksini tapıb.

Professor Asif Rüstəmlinin fəaliyyətinin başqa bir istiqaməti heç də tədqiqatçılığından geri qalmayan müəllimliyi, auditoriyalarda tələbələrlə ünsiyyət qurması, onları gələcəyə hazırlamasıdır. Elmi rəhbər kimi bir çox gənc tədqiqatçılar yetirmişdir. A.Rüstəmlinin monoqrafiyaları ilə tanış olduqda məhsuldarlığın və elmi axtarışların bir ömrə necə sığışdığının cavabını axtarmalı olur və təəccüblənməyə bilmirsən. Bu, mənalı alim ömürlüyünün bir yoludur; bu yolda dostum Asif Rüstəmliyə uğurlar diləyirəm!../edebiyyatqazeti.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ