Darıxanda eşq istəyir şairlər - Rafiq Hümmətin şeirləri

Tarix:13-02-2019, 20:43 Baxış Sayı:256

Darıxanda eşq istəyir şairlər - Rafiq Hümmətin şeirləri
Manera.az AYB-nin Gürcüstan bölməsinin rəhbəri, tanınmış şair Rafiq Hümmətin şeirlərini təqdim edir:


ÇOX ÇƏTİNDİ ŞAİR KİMİ DOĞULMAQ

Mən doğuldum qışın ayaz, nəs günü,
13 fevral – boz ayın boz günündə.
Qış ayları könlüm – Sibir sürgünü,
Ölüm də xoş bir ilıq yaz günündə.

Payız vaxtı şeytan yaman işləyir,
Xain kəslər boz dəvə tək qızırlar.
Payız vaxtı dost düşmənlə birləşir,
Qış gəlməmiş mənə quyu qazırlar.

Qış gəlməmiş mənə quyu qazırlar,
Tanrı məni o quyudan qoruyur.
Yazın ruhu qonan kimi torpağa,
Dörd yanımda müxənnətlər zarıyır.

Doğulsam da qışın ayaz, don günü,
Bu yığvaldan, bu murazdan razı mən.
Dəlilər tək ilk baharın son günü,
Özləyirəm, səsləyirəm yazı mən.

Tiflis, Bakı, bir də qoca İstanbul,
Mənim ömür üçbucağım, əzizim.
Eşqim olan üç şəhərdən yalnızca
Kirələrdi öz bucağım, əzizim.

Ölümcüldü bulaq kimi soğulmaq,
Mənim eşqim hələ tamdı, mətindi.
Çox çətindi şair kimi doğulmaq,
Şair kimi ölmək ondan çətindi...

SEVƏNLƏR ÜÇÜN

Vurula bildinsə, Allaha şükür -
Səni yıxmayacaq kədərin, qadan.
Sevmək yaşamağa çarə deyilmi,
Niyə üzülürsən, a sevən adam?

Əgər sevirsənsə, sevilirsənsə,
Nəyinə lazımdır o saray, o dam?
Get çıxart dadını beş günlük ömrün,
Niyə üzülürsən, a sevən adam?

Sevdinsə içində can verər kinin,
Hamıya xoş üzlə baxarsan müdam.
Kinsizlik Allahın lütfü deyilmi,
Niyə üzülürsən, a sevən adam?

Ruhun uçunursa pərvanə kimi,
Gözün yol çəkirsə tərli aynadan,
Bir azdan qapıdan yar girəcəksə,
Niyə üzülürsən, a sevən adam?

Tüpür ayrılığa, vaz keçmə eşqdən,
Dua et Tanrına hər səhər-axşam.
Yaşa sevə-sevə, öl sevə-sevə,
Niyə üzülürsən, a sevən adam?..

MƏN ÖLƏRDİM...

Mən ölərdim, amma anam xəstədir,
Mən ölərdim, amma qızım bəstədir.
...Mən qurtuldum – ölümüm can üstədir,
- Salam ömür! Demək, hələ sağam mən.

Mən ölərdim, amma dostlar azalır,
Mən ölərdim, amma oğlum sozalır.
Mən qurtuldum – azan səsi ucalır,
- Salam ömür! Necə bəyaz, ağam mən.

Mən ölərdim... atam mənsiz durammaz,
Mən ölərdim... yolum sona varammaz.
Mən qurtuldum – sağalası yaram az,
- Salam ömür! Bir ömürlük çağam mən.

Mən ölərdim, amma Vətən dardadı,
Mən ölərdim... – bildim Vətən hardadı.
Mən qurtuldum – Vətən iki yardadı,
- Salam ömür! Bağ içində bağam mən.

Mən ölərdim... qoymadılar ölməyə,
Mən ölərdim... güc topladım gülməyə.
Mən vuruldum “Allah” adlı kəlməyə,
- Salam ömür! Yeddi sütun tağam mən...

XIX YÜZİL QOŞMASI

Adam var, hər işi açıq-aşikar,
Səhv etsə, özünü töhmət eyləyər.
Xeyirdən yoğrular fikri, əməli,
Allah, hələ sağkən rəhmət eyləyər.

Adam var, seçilməz bəydən, paşadan,
Təmiz eşqi olar onu yaşadan.
Məzlum insana da, aciz quşa da,
Quruca daşa da hörmət eyləyər.

Adam var, duası ucalar göyə,
İşığı bəs edər bir mahal öyə.
Adam var, xeyir iş pozulsun deyə,
Gedər şeytana da minnət eyləyər.

Adam var, canında cin şahlıq edər,
Tutsan, üzr istəyər suçundan betər.
Gizlində xaç taxar, aşkarda gedər
Fəndlə erməniyə sünnət eyləyər.

Adam var, dost bilib çəkərsən başa,
Adını adınla çəkərsən qoşa.
Səndən ayrılantək qaçar birbaşa,
Səni sevənlərə qeybət eyləyər.

DARIXIRAM...

Darıxıram... bu da belə yanğıdı,
Elə bil ki, səhradayam, suyum yox.
Kəndirim var, kəsənim var, neyləyim –
İp kəsilsə, yıxılmağa quyum yox.

Darıxmaq da ölüm kimi bir şeydi,
Ya dünyada hamı ölüb, ya da mən.
Fürsət düşüb – nə istəyir söyləsin,
Bir kimsə yox: bu Allahdı, bu da mən.

Darıxmağın bir üzü var – Tənhalıq,
Tanrı özü tənhalığın Təkidi.
Bu təklikdən məni qopar, ay Allah,
Sən ki, varsan... Rafiq Hümmət nəçidi!?

Darıxıram xəpəng tutmuş qurd kimi,
Ulartımı dağlar duysa, kar olar.
İçim yanır od vurulmuş yurd kimi,
Ah, nə ola, bircə xışma qar ola!

Darıxıram... sevdam məni oynadır,
Röyasında buta almış yar kimi.
Partlayacam içimdəki sevgidən,
Şirinlikdən parçalanan nar kimi.

...Tənhalıq da bir peşəymiş. Sən demə,
Darıxmaq da yaşamağa çaradır.
Darıxanda eşq istəyir şairlər,
Darıxanda – Tanrı bəndə yaradır...

ŞAİR

Ahdı, çəkə-çəkə ölür,
Şairin ahı bilinməz.
Gecə-gündüzü qarışıq,
Axşam-sabahı bilinməz.

Yaşayar – dəli sayılar,
Ölər – heykəli qoyular.
Öz içinə sürgün olar,
Günahı-suçu bilinməz.

Baxtın önündə düz durar.
Tanrıynan üzbəüz durar,
Özü öz boynunu vurar,
Cəlladı-şahı bilinməz.

Quşdu – budaq üstə ölər,
Dumandı – dağ üstə ölər,
Şair ayaq üstə ölər,
Ölümü, Yahu, bilinməz.

...SƏNƏ NƏ, ADAM?

Otur bax beləcə – əlin üzündə...
Otur – öz-özünə tamaşa elə.
Bu dünya başlayıb tamaşa ilə,
Bu dünya bitəcək tamaşa ilə.

Nədən üzülürsən? Sənə nə, adam? –
Kim kimi aldadır, kim kimi satır;
Kim kimə qoz verir, kim kimə badam,
Harda kim oyanır, harda kim yatır...

Dünyadır – nuru az, qaranlığı çox,
Ayı da, Günü də adamı sevmir.
Adammı? – Adam çox, adamlıqsa yox,
O damda böyüyən o damı sevmir.

Üzül!.. Üzülməyin qorxusu azdı,
Cana ziyandısa, qidadı ruha.
Nə olsun, bir zalım kefini pozdu,
Pozulan kefini göndər Allaha.

Yuyar gözlərindən yağan yağışlar
Qara ahları da, ağ ahları da.
Sən yalvar Tanrıya – bəlkə bağışlar
O sənə edilən günahları da.

...Gördünmü şeirmiş bu çəkdiyin ah,
Ahı çəkdirənə təşəkkür eylə.
Səni sevgi ilə böyüdüb Allah,
Otur Allahına min şükür eylə...

QUL ASİ OLANDA...

Tanrıdan sorulmaz şahdan sorulan,
Ey asi, Tanrıya sual verilməz.
Canını nə qədər bürüsən də sən,
Qanını örtməyə vual verilməz.

Rəbbdə mələk olar, padşahda cəllad,
Kişisən – boynunu sən də baltalat.
Ya da boğazını uzat, xaltalat –
Xaltasız valiyə mahal verilməz.

Niyə hökmrandı gecə gündüzdə,
Səhra küləyimi əsən dənizdə?
Qurani-Kərimi əzbərlə yüz də,
İmansız bəndəyə məal verilməz.

Bir azca üfüqə boylan, a fağır,
Oyun olmasa da, oylan, a fağır.
Hara şığıyırsan, əylən, a fağır,
Qul asi olanda, ənam verilməz!..

DİVANƏ EŞQ İLƏ...

Divanə eşq ilə sevib ayrıldıq,
Ayrıldıq. Bir bədən az oldu bizə?
Tanrı sevgisini bol eyləmişdi,
Vallah, nə oldusa, düz oldu bizə!

Sən mənim, mən sənin, dünya – bizimdi,
Eşqin bolluğuna şıltaqlıq etdik.
Tanrı istəyini unutduq , fəqət,
Şeytan istəyinə yaltaqlıq etdik.

Sevgidən ölmək də şəhidlik imiş,
Nə eşqi qoruduq, nə şəhid olduq.
Ayrıldıq. Həsrətin məhkəməsində
Həm müttəhim olduq, həm şahid olduq.

İllər fırfıradı...
Sevgidən uzaq
Neçə qucaq aldı, neçə qol bizi.
Bu kiçik şəhərdə, çox istəsək də,
Tanrı görüşdürmür bircə yol bizi...

ANAMA

Göy üzündə bir bulud yox, ay anam,
Göy üzü də üzün kimi təmizdi.
Dalğalanan tellərinə baxıram,
Elə bil ki, ləpələnən dənizdi.

Gərək deyil yer üzündə hər nə var,
Bir Allah var, göy üzü var, durna var.
Səmadakı qatar-qatar durnalar
Durna deyil, hərəsi bir kənizdi.

Oğul dərdi çəkməyənlər yarıdı,
Sən seçən qız özgəsinin yarıdı.
Qaraşınlar qara günnən qarıdı,
Daha qızlar mavi göz, ağ bənizdi.

...Yan-yörəmdə oxtək uçur söz mənim,
Götürməyir neçə ürək, göz məni.
Ağırlığım-uğurluğum toz mənim –
Ləyənə bas, məni özün çimizdir...

MƏN SƏNSİZ OLANDA

Hərdən ah çəkirəm, hərdən gülürəm,
Nə səhər yeməyi, nə nahar, nə şam!?
Mən sənsiz olanda elə bilirəm,
Qaranlıq meşədə tənha qalmışam.

Nə aciz deyiləm, nə də bəxti kəm,
Nəyim var günahsız günahdan başqa?!
Mən sənsiz olanda elə bilirəm,
Hamı ölüb gedib, Allahdan başqa.

Bir anda yüz dəfə ölə bilirəm,
Günəşin özü də yanıb ağlayır.
Mən sənsiz olanda elə bilirəm,
Anam öldüyümü sanıb, ağlayır.

Ölüb qısqanclığım, kinim yox daha,
Görüş saatını heç sayırsanmı?
Mən sənsiz olanda yaşamıram ha,
Sən mənsiz olanda yaşayırsanmı?..

SƏN GETDİN...

Leysan yağışı tək yağır içimə,
Haraya sığdırım bu kədəri mən?
Küçələr qəfildən tamam boşaldı,
Sən getdin, neynirəm bu şəhəri mən?

Ulduzlar batmadan canım çıxaydı,
Kaş heç görməyədim bu səhəri mən.
Üstünə qəfildən qaranlıq yağdı,
Sən getdin, neynirəm bu şəhəri mən?

Astmadan təntimiş xəstə kimiyəm,
Evəmi aparım bu qəhəri mən?
Off... mən bu şəhəri necə sevirdim!
Sən getdin, neynirəm bu şəhəri mən?

Necə zəifmişəm, Allah!.. Yaşadım
Kiçik bir həsrətdə bir məhşəri mən.
Sibir tayqası tək buz kəsdi canım,
Sən getdin, neynirəm bu şəhəri mən?

Dəli tək gəzirəm boş küçələrdə,
Bir eşq dilənçisi, bir sərsəri mən.
...Qayıt, sinəm üstə üç qərənfil qoy,
Qayıt, təzdən sevim bu şəhəri mən...

SƏNƏ...

Dünya gözlərimdə boza boyanır,
Adamlar çevrilib olur daş-qaya.
Mən sənsiz olanda zaman dayanır,
Nə ölə bilirəm, nə də yaşaya.

Hər an, hər saniyə dəyişir halım,
Gözüm inciyəni, küsəni görmür –
İstər açıq olsun, istər qapalı,
Yenə səndən başqa kimsəni görmür.

Dili lal bir sükut çökür üzümə,
İçim qan ağlayır, çölüm kiriyir.
Azca toxunanda sözün sözümə,
Ruhum cəhənnəm tək yanır, əriyir.

Mən sənin ömrünün lal keşikçisi,
Sən – Tanrı göndərən hurisən, gülüm.
Sənsən hər misrası, hər qafiyəsi,
Ömrümün yeganə şeirisən gülüm...

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ