Göy üzü qanamışdı - Təranə Vahidin hekayələri

Tarix:13-02-2019, 14:52 Baxış Sayı:145

Göy üzü qanamışdı - Təranə Vahidin hekayələri
Manera.az tanınmış yazıçı Təranə Vahidin 4 hekayəsini təqdim edir:


QƏRİB GÜL

Çin qızılgülü ilə uzun illər bir damın altında yaşayandan sonra mənə elə gəldi ki, bu gülün taleyi taleyimizə çox oxşayır...

Darısqal dibçəkdəki Çin qızılgülü dan yeri ağaranda pəncərədən gündoğana elə məhəbbətlə boylandı ki, incə qaməti az qala üzüləcəkdi. O, bundan incimədi, əksinə, qəlbindən heç vaxt duymadığı ilıq, xoş, qəribə bir hiss keçdi. Düzdü, sevincini bölüşmək üçün axşamdan günəşin yolunu gözləyirdi. Bu səhər günəş öz taxtına çıxanda onun ilk nübar qönçəsi açacaqdı. Bu qönçəni görmək üçün ürəyi gedirdi.

Axır ki, gözlədiyi an yetişdi. Günəş göy üzündəki sonuncu ulduzu da yuxuya verib nurunu yer üzünə səpələdi və günəşin səxavəti qarşısında qızılgülün uzunsov düyməsi titrəyib açıldı. Qızılgül al rəngli balasına baxıb heyranlıqla pıçıldadı:

- Mənim qəşəngim, gözəlim, sən dünyanın bütün güllərinin gözüsən, sən dünyanın bütün güllərindən qəşəngsən. Neçə müddətdir ki, yolunu gözləyirəm, sənə xəta-bəla dəyməsin deyə, Yaradana dua edirəm. Bax, mənim balam, yerimiz o qədər də yaxşı deyil. Pəncərəni açanda qol-qanadım əzilir, hərdən külək saçlarımı qarışdırır. Eh, bunları danışıb səni niyə yoruram?! Sən o girdə günəşə bax! Gördüyün o günəş bizim doğma vətənimizdəki günəşdir. Onu sev, o bizə vətənimizi xatırladır...

Al rəngli gül artıq anasına qulaq asmırdı. Günəşin parlaq şüaları gözlərini qamaşdırmışdı. Gözünün birini yumub, o birini açdı. Ona elə gəldi ki, günəş ora-bura qaçıb onunla oynayır. Kirpiklərinin arasından işığa baxmaq yaman xoşuna gəldi.

Ləçəkləri isindikcə yanaqları qızarır, bir az da sevimli olurdu. Amma bu oyun tezliklə qurtardı. Qızılgül öz nübarının zərif, titrək səsini eşitdi:

- Anacan, mən belə oynamıram, günəş qaçıb gizləndi. İndi onu haradan tapım?

Çin qızılgülü fərəhindən yerə-göyə sığmırdı. O qədər xoşbəxt, bəxtəvər idi ki, keçmişi də, gələcəyi də unutmuşdu.

- Bəsdir pəncərədən baxdın, indi də yuxarı bax.

Qızılgül bunu deyib yarpağının ucu ilə tavandakı çilçırağı göstərdi.

- Ora bax, mənim balam, onu da günəşə oxşadıblar, hər tərəf zülmət olanda ətrafı işıqlandırır.

Sonra ana, evdəki əşyaları bir-bir bircəciyi ilə tanış etdi.

- Bəs o nədir, ana? - qönçə, gülqabındakı gülləri göstərib soruşdu.

- Onu da sənə oxşadıblar, yalançı güllərdir.

- Onlar çoxmu yaşayır, ana?

- Uzun müddət səssiz-səmirsiz, ətirsiz yaşayırlar.

- O güllərin yerində olmaq istərdim - deyib balaca dərindən köks ötürdü.

- Yox, mənim balam, o güllər qiymətsiz güllərdi.

Nübar sevindi, tez də dönüb pəncərədən boylandı və bütün körpələr kimi yenə də anasını sual yağışına tutdu:

- Bəs orda nə var, ana?

- Orda həyat var, mənim balam.

- Biz həyatda yaşaya bilmərik?

- Yaşayarıq.

- Bəs niyə orda deyilik? Mən ora getmək istəyirəm. Gedək, hə, nə olar, gedək!

- İnsanlar bizi evə öyrədiblər. İstəyirlər onlarla bir yerdə yaşayaq. Biz onların xoşlarına gəlirik.

Qapı açıldı, bircəciyin sözü yarımçıq qaldı . Qönçə titrək səslə soruşdu:

- Anacan, olmaya insan o balaca qızcığazdır? - deyə soruşdu.

Konfet sora-sora otağa soxulan dəcəl qızı görəndə Çin qızılgülü narahatlıq keçirdi.

- Hə, odur...

- Mənə niyə elə baxır?..

Ananın yarpaqları titrədi. Qızcığaz oğrun-oğrun gülə baxdı. Yaxşı ki, uşağın anası gəldi. Qız barmağı ilə gülü anasına göstərib dedi:

- Ora bax, ora... gör necə qəşəngdir, gül sinəsinə gül taxıb. İstəyirəm onu dərib mənə verəsən.

- Olmaz. O da sənin kimi körpədir. Onu da Allah baba yaradıb.

Qızcığaz bu sözlərdən sonra könülsüz də olsa güldən əl çəkib anasının ardınca otaqdan çıxdı.

Qızılgülün ürəyi yerinə gəldi.

Gün elə tez ötüb keçdi ki, ana-balanın xəbəri olmadı. Bircəcik qəfildən hiss etdi ki, ona nə isə olur.

- Ana, nəfəsim darıxır, sıxılıram.

Ana özünü itirdi.

- Ana, yarpaqlarım yığışır, qəşəngliyim də itir...

Ana dördgöz oldu.

- Ana, günəşi son dəfə də olsa görmək istəyirəm...

Ana imdad diləyən gözlərini pəncərəyə dikdi.

- Ana, mən vətənimi istəyirəm. Vətəndə güllərin ömrü uzun olur, eləmi?

Ana bircəciyini bağrına basıb ayaqyalın, başıaçıq Vətənə qaçmaq istədi.

İlk nübarı, qəşəng balası haldan-hala düşür, ləçəkləri yığılır, qorxudan vücudu titrəyirdi.

- Ana, yaman qorxuram, səndən ayrılmaq istəmirəm, ana, mən ölürəm...

Gülün ləçəkləri əzablar içində bükülüb əvvəlki qönçə formasını aldı və səssiz-səmirsiz anasını tərk etdi.

Çin qızılgülü yarpaqlarını gözlərinə sıxıb doyunca ağladı. Qərib gül bilmirdi ki, onun dünyaya gətirdiyi qəşəng güllərin bircə günlük ömrü var, qərib gül bilmirdi ki, səhərlər sevinib gecələr ağlamaq onun qismətidir. Qərib gül onu da bilmirdi ki... Nə yaxşı ki, bilmirdi..

GÖY ÜZÜ QANAMIŞDI...

...yaddaşı iri qırxayaq kimi üstünə yeriyirdi...

O lənətə gəlmiş qırmızı bulud göyün üzünə gələndə çox qorxmuşdu. Qaçıb daldalanmaq, bu qırmızı buludun xata-balasından uzaq durmaq istəmişdi. Ürəyinə dammışdı, bu bulud adi bulud deyildi, başlarına gələcək fəlakətlərin, müsibətlərin, olacaqların son işarəsi, xəbərçisiydi.

Bunları düşündükcə başı dumanlanır, ağaclar, sal daşlar gözündə əriyib əyilir, qulağına qorxulu səslər dəyirdi. Qırmızı buludun gözündən oğurlanıb daldalana bilsəydi...

Başını qaldırıb göyə baxdı, sonra içindəki qorxu əlinə-ayağına dolaşa-dolaşa qaçmağa başladı.

Arabir özünü toparlayıb geriyə, əslində, gözünün ucuyla göyə baxırdı. Qırmızı bulud ağzından alov çıxan əjdaha kimi üstünə yeriyirdi. Elə bil başqa dərdi-səri yoxuydu, qurbanı bu mağmın bəndəsiydi.

Dərəni arxada qoyub təpəni aşdı, düzəngaha çathaçatda dayandı, dumanlı başla ətrafa boylanıb sığınacaq axtardı. Gümanı uzaqdakı qaraltıya gəldi, xeyli qaçandan sonra qaraltının ağac olduğunu görüb toxdadı, yel kimi ağaca tərəf götürüldü. Qaçdıqca ağac böyüyür, böyüdükcə qorxunun içindən ümid göyərirdi.

Çölün düzündə əl-qolunu göyə açıb pirə çevrilən qoca armud ağacı ona pənah gətirəni naümid qoymadı. Ağacın gövdəsindəki koğuşu görəndə uşaq kimi sevindi, təpimiş dodaqlarının arasından sarı, çürük dişləri göründü. Barmaqlarını ağacın kələ-kötür koğuşuna sürtdü, nəmiş çürüntü barmaqlarına toxundu. Burda gizlənsə, lənətə gəlmiş o bədheybət bulud onu axtarıb tapa bilməyəcəkdi.

Şimşək elə bil armud ağacının başında çaxdı, ağac titrədi, əvvəl keçiməməsi boyda iri yağış damcıları düşdü, sonra leysan başladı. Göydə sanki zəlzələ baş vermişdi. Göy yarılıb şaqqalandıqca ağac koğuşuna sığınmış Səfinin çənəsi əsir, qorxudan kəsik-kəsik nəsə deyib mızıldanır, arabir qorxuya üstün gəlib başını koğuşdan çıxarır, budaqların, yarpaqların arasından göy üzünə boylanırdı.

Göy üzü mis rəngindəydi. Elə bil alışıb-yanan göy üzündən iri alov dilimləri bu dəqiqə lopa-lopa yerə töküləcəkdi. Bu qorxunc mənzərədən bəni-biyaban səsini içinə salıb susmuşdu.

Səfi yaşlı adamlar kimi əlini üzünə çəkib salavat çəkmək istəyəndə ovcundan isti, nəmiş qan qoxusu gəldi. Eyməndi, əlini tez geri çəkdi. Yerin-göyün kişnərtisindən yaddaşı indi-indi macal tapıb üstünə qayıdırdı. Yox, qayıtmırdı, iri qırxayaq kimi yaddaşı üstünə yeridikcə qırmızı rəngli hadisələr kələf kimi bir-birinə dolaşırdı.

Atası əlindəki çatını havada yellədirdi, anası qorxaq baxışlarıyla ilan dili çıxarıb ərinə yalvarırdı:

- Bir qələtdi eləyib, başını daşa döyüb, olan olub...

Atasının gözlərini qan örtmüşdü.

- Dəli köpəyin qızı, oğlun da sənə çəkdi, səy bir gədə doğdun, başımı yerə soxdun. İt oğlu it, kişinin arzusu varmış, arzularının dalınca gedəcəkmiş!

Çatı havada fırlandı, anası Səfini qorumaq üçün özünü qabağa verdi, atası əlinin arxasıyla anasını kənara itələdi, çatı ilan kimi havada oynayıb Səfinin ortasına dolandı, Səfinin bağırtısı aləmi başına götürdü.

Anası ərinin ayaqlarına düşdü:

- Allah evini yıxsın, xəstə balanı öldürəcəksən?! - deyib, əlini üzünə atdı.

Atası quduz it kimi dörd tərəfinə ağız atırdı.

Çatı havada açılıb-yığıldıqca Səfi bar-bar bağırır, atasını söyür, arada imkan tapıb "yaxşı eləmişəm, yaxşı eləmişəm" - deyib atasını cin atına mindirirdi. Sonra nə olduğu yadında deyil.

Səfi armud ağacının koğuşunda niyə bunları xatırlayırdı, niyə o qorxulu gün yaddaşında itib, indi peyda olmuşdu. Yaddaşı niyə qaçmışdı, ona nə olmuşdu?

İldırım haranısa vurdu, harasa zavala gəldi. Səfi ağacın koğuşunda sümüyünəcən yandı, büzüşdü, dodağı əsdi. Titrək səslə:

- Keşkə ildırım bu ağacı vuraydı, - dedi.

Dedikləri ağlına batdı. Pişik cəldliyilə birbaşa ağacın başına dırmaşdı. Göyə baxdı. Göy üzü qan rəngindəydi. Var gücüylə bağırıb yerini nişan vermək istədi. İri yağış damcıları başını göyə tutub ulayan Səfinin üz-gözünə yağdı, yaddaşına, narahat ruhuna yağdı. Səfinin qurumuş yaddaşı islandı. Damcılar axıb gözünün çuxurunu doldurub, yanağı aşağı süzüləndə ağzını geniş açıb qırmızı buludun suyundan doyunca içmək istədi. İçinin odunu söndürə bilsə, qırmızı buludun suyu söndürəcəkdi.

Şimşək bu dəfə elə çaxdı ki, Səfinin çıxdığı ağac qanbağır olub titrədi. Nə sirri-xudaydısa bu dəfə Səfi qırmızı buluddan qorxmadı. Seyrək ağlı işıqlandı, ağlına gəldi ki, geriyə, gəldiyi dərəyə dönməlidi. Ağaca dırmaşdığı kimi, düşməyi də bir oldu. Əslində, Səfinin ağacın başına dırmaşmağı möcüzəydi. Səfi hündürlükdən it kimi qorxurdu, ömründə bir kərə də olsun ağaca çıxmamışdı. Ağlı üstündə olsaydı, boynuna diri ilan da salsan, bu qələti eləməzdi. Səfi ağacın dibindəydi. Yağış get-gedə güclənirdi. Koğuşa girib nəfəs almaq istədi. Amma ağlı onu gəldiyi yerə - dərəyə çağırırdı.

Qırmızı buluddan yağan ağ yağış zehnini açmış, qorxusunu dağıtmışdı. Göyün hədə-qorxusu indi eyninə də deyildi. Var gücüylə yağışın altında qaçır, biçənəklər, kövşənlər, qarşısına çıxan kündə təpələr arxada qalırdı. Dərəyə çathaçatda dayandı. Bu yer ona tanış gəldi, nəyisə ona xatırlatdı. Gözü dərənin yuxarısındakı sıldırım ağ daşa sataşanda duruxdu, daşa qanlısı kimi baxdı. Bilmədi irəli getsin, yoxsa geri.

Göy bu dəfə yaxında yox, uzaqda, çox uzaqda guruldadı. Dağların seli-suyu dərəni yerindən oynatmışdı. Bir az da yuxarı qalxdı, zahmanın başında dayanıb bulanıq gözləriylə bulanıq selə baxdı.

Əlini üzünə çəkib şükür eləmək istədi, ovcundan qan iyi gəldi. Yerə çöküb ovcunu yaş otlara sürtdü, sonra dərə aşağı yüyürüb suyun əl verdiyi yerdə əllərini bulanıq suda yorulub əldən düşənəcən yaxaladı. Kəndə qayıtmaq üçün bu dərədən keçməliydi. Bilirdi ki, keçə bilməyəcək. Ağlının dar zolağında buna sevindi. Çevrilib dərə yuxarı çıxmağa başladı. Üst-başından su süzülürdü. Köhnə ayaqqabılarının altı sürüşkən olduğundan sürüşür, arabir dizini yerə qoyub əlləri üstə yoxuşu dırmaşırdı.

Dikdirə çatanda doğma, çox doğma bir səs eşitdi.

- Allah sənə şükür, min şükür! Məni bu yaşımda, bu başımda bala qatili eləmədin.

Atasının dediklərini eşidəndə yenə Səfinin ağlı qaçdı. Beyninin dar zolağı bir az da daraldı, qırmızı başlı qara bir ilan yaddaşından şütüyüb keçdi. İlanın uzaqlaşmağıyla zehninin işıqlanması bir oldu.

Qırmızı bulud üstlərinə gəlməmişdən əvvəl dərədəki ağ daşın yanında birdən-birə başı çönmüşdü. Hər dəfə tutması tutub kəndi bir-birinə qatanda atası onu mal damına salıb şallaqlayar, uzun müddət pəyədə ac-susuz saxlayardı. Səfi pəyədən çıxan kimi qonşusu Salmangilə gedib ağıllandığını deyərdi. Çubuqların ucunu yonqarlayan Salman kişi "Sən onsuz da ağıllısan" - deyərdi. Elə sakit-sakit deyərdi ki, Səfi onun sözünə inanardı.

Amma atası ona inanmadı...

Ağ daşın yanında halı birdən-birə qarışanda dəhrənin iti ucunu atasının boğazına dirədi...

Yox, dəhrə-filan yox idi, bu dəfə odun qırmağa atasıyla gəlməmişdi. İki gün əvvəl ağlı yerindən oynamamışdı, günortayacan kəlçələri otarıb tələsik evə qayıtmışdı. Quzu Bəbirdən eşitmişdi ki, bu gün El yolundan köç keçəcək. O, bu fürsəti əldən verməyəcək, elatdan at alıb ən böyük arzusuna çatacaqdı. Ata minib dərdinin dərmanını axtarmağa gedəcəkdi. Aylardı ki, gözünün altıyla atasının yük yerində gizlətdiyi pulları hərləşdirirdi. Atası pul yığırdı ki, inişil Əmirin oğlunun qaçırdığı qızına cehizdən-zaddan alıb versin. Atası bu pulu qəpik-qəpik yığmaq üçün dəridən-qabıqdan çıxırdı. Amma bunlar Səfinin vecinə də deyildi. Ağlı kəsəndən at istəmişdi. Qıvraq yerişli, ipək yallı, irigözlü, qar kimi ağ rəngli at. Bu at hardan ağlına girmişdi, hardan gedib-gələn yaddaşında yuva salmışdı, heç özü də bilmirdi. Amma uşaqkən Yaxşı nənəsi ona bir nağıl danışmışdı. Elə Səfi yaşda olan Xəstə Bilalın nağılını. Xəstə Bilal bir gün qaşqa ata minib dərdinin dərmanını axtarmağa gedir. Gedir, gedir, gedir və dünyanın qutardığı yerdə günəş rəngli bir çiçək tapır. Çiçəyin ətri bütün xəstəlikləri Bilalın canından qovub çıxarır. Bilal qaşqa atın belində kəndlərinə qayıdanda kimsə onu tanımır. Necə tanısınlar, axı, Bilal çolaq, xəstə bir uşaq idi. Amma indi yanağından qan damırdı, boy-buxunu göyəcən millənmişdi, yumruğu sal daşı ikiyə bölürdü. Kəndin ən gözəl qızı Süsən də o gün Bilala könül verir. Sonra da qırx gün, qırx gecə toyları olur.

Nənəsi nağılın bu yerində köks ötürərdi. Axı, onun toyu olmamışdı, kindiri vurmuş Səfinin babası onu bostandanca götürüb qaçırmışdı.

Səfi bu nağılı nənəsinə o qədər danışdırmışdı ki, yazıq arvad nağıla bir düjün əhvalat qoşmuşdu. Səfi seyrək ağlıyla hər şeyə inanırdı, amma bu nağıla elə inanmışdı ki, bu inam yaddaşında kök atıb ruhuna qarışmışdı.

Amma hər dəfə ağzını açıb atdan söz açanda atası "bircə atımız çatmır" - deyib Səfinin ağzından vurmuşdu. Anası da oğlunu kiritmək üçün "başına dönüm, heç inəyimizə ot-ələf tapmırıq, at, bilirsən, bir gündə nə qədər ot yeyir?" - deyib onu qorxutmaq istəmişdi.

- Nə qədər? - deyib Səfi gözünü anasının üzünə dikmişdi.

- Bir taya.

Bu cavab Səfini qorxutmuşdu. Elə qorxutmuşdu ki, uzun illər içindəki at xəyalını qovub özündən uzaqlaşdırmışdı. Hər gün bir taya ot yeyən heyvandan kim qorxmaz ki? Amma illər sonra Yaqubgilin, Lətifgilin atlarının çox az yediyini görmüşdü. Bir qışa bircə taya yemişdi qonşuların atı. Başa düşmüşdü ki, anası onu başından eləmək üçün belə deyib.

İndi yekə kişiydi, 17 yaşı vardı, at istəyirdi, istəyirdi ki, ata minib getsin, uçub gedən ağlını tapıb gətirsin.

...Allahdan, evdə kimsə yox idi. Səfinin barmaqları yükün altındakı pula toxunanda bədəni çimçəşdi. İstədi əlini geri çəksin, duruxdu, istəyi qorxusuna üstün gəldi. Pulu götürüb tələsik cibində gizlətdi. Ora-bura baxa-baxa El yoluna yollandı. El yolu kəndlərindən xeyli aralıydı. Səfi dikdirləri, dağları quş kimi aşırdı. Payızın son ayı olduğundan köçlər arana yollanırdı.

Səfinin gözləri ilxıya sataşdı. Ağ, qırmızı atlar alov kimi işıq saçırdı. Səfi burnunu çəkə-çəkə elatın başçısını soruşdu. Eşməbığlı adamı nişan verdilər. Başqa vaxt olsaydı, Səfi bu bədheybət adamdan qorxar, dil-dodağı quruyardı. Amma Səfi çalbığlı, həbəş dodaqlı adamdan qorxmadı.

Barmağını sürüyə tuşlayıb:

- O ağ atı istəyirəm, - dedi.

Eşməbığ adam Səfinin təhər-töhüründən bir şey anlamasa da, gözündəki işartısını görüb:

- Pulun var? - dedi.

Səfi əl atıb cibindəki dəsmala bükülü pulu top çıxarıb adama uzatdı. Sövdələşmə baş tutdu. Atın başına noxta salıb Səfiyə verdilər.

Səfi heç vaxt ondakı qədər xoşbəxt olmamışdı, elə bil ürəyi qıdıqlanırdı, ayağı yerə dəymirdi, atın başını çəkə-çəkə öz-özünə danışır, gülür, arada fit çalırdı. Yol qıyıb ata da minmədi. Gör neçə illər bu irigözlü, ipək yallı, ağ atın yolunu gözləmişdi. Bircə Allah bilirdi ki, Səfi bu atı nə qədər arzulayıb, gecələr neçə dəfə atdan ötrü gözünün yaşını töküb.

Səfi kəndə qayıdırdı, qayıdırdı ki, atına yəhər alıb, minib getsin buralardan. Uçub gedən ağlını tapıb, Bilal kimi sağalıb geri dönsün. Gözükölgəli anasını atasının danlağından qurtarsın, məhəllədəki pis uşaqlar ona söz atmasın, xırda qızlar onu görəndə əllərini ağızlarına aparıb gülməsin, eh, Səfinin o qədər dərdi vardı ki... Amma bir şey qalmamışdı, Səfi arzusunun dalınca gedəcəkdi...

Dərədən keçəndə at başını uzadıb xeyli su içdi, Səfi heç vaxt heç kimə demədiyi sözləri utana-utana atına pıçıldadı:

- Başına dönüm sənin, mənim yaxşı atım.

At narahat-narahat fınxırıb Səfinin sözlərinə məhəl qoymadı...

...Atası ağ atı həyətlərində görəndə... Səfinin yaddaşı yenə qarışdı. Atası əvvəlcə evə qaçdı. Hə, qaçdı, sonra güllə kimi özünü həyətə atdı, səsi titrəyə-titrəyə, "az, Həmayıl, pul yerində yoxdu" - dedi.

Əlində ələk tutmuş anasının sifəti un kimi ağardı.

- Nə danışırsan, a kişi? Dəli olmusan, nədi?

- Yoxdu da, ay evi yıxılmışın qızı, yoooxdu!

Atası məsələni anlayanda onu çatıyla döydü, amma ürəyi soyumadı, bir də özünü evə təpdi. Əlində təklülə geri qayıdanda anası əl atıb başını yoldu. Güllə açıldı, Səfinin ürəyi ayağının altına düşdü. Səfi dönüb qorxulu səslər çıxaran atına baxdı. Dördgöz olmuş at, fınxırıb şahə qalxmaq istədi, dizləri büküldü, başından qan bulaq kimi fışqırıb hər tərəfi qana boyadı. Sonra böyrü üstə yerə yıxıldı, bağlandığı dirəyin üstünə aşdı. Səfi olanları görürdü, amma gördüklərini ağlına sığışdıra bilmirdi. Əli-ayağı qurumuşdu. Handan-hana qurumuş ayaqlarıyla özünü atın üstünə atdı. Atın bütün bədəni tir-tir titrəyirdi, iri gözləri qorxu saçırdı. Səfinin arzuları, xəyalları, inamı atın gözündə ölürdü. Səfi sümüyünəcən yansa da, əl uzadıb arzularını xilas edə bilmirdi. At Səfinin gözündə, Səfi atın gözündə ölürdü...

Qonum-qonşu səsə gəlmişdilər. Heç kim dinmirdi, hamı ölümə tamaşa eləyirdi, Səfi də ölən atı kimi titrəyirdi. Sonra kölgə kimi adamların içində əriyib yox oldu...

...İndi atası ilə üz-üzə dayanmışdı. Ağlının dar zolağından işıldaqurdu kimi işıqlar sayrışırdı. Atası burda nə gəzirdi? Atası onun arzularını öldürmüşdü, o da atasını öldürəcəkdi. Öldürəcəkdi, sal daşın yanında, odun kəsdikləri dəhrəylə... Soyuqdan qızarmış əllərini qorxa-qorxa ağzına apardı. Əlindən qan iyi gəlmirdi, yaş otun zərif qoxusu gəlirdi.

- Qorxdum, başına bir işin gələcəyindən, səni itirəcəyimdən qorxdum. İki gündü çölü-biyabanı qarış-qarış gəzib səni axtarıram. Lənətə gəlsin o pulları, sənə at alacam, yaxşı bir at alacam. Gedək evimizə, anana yazığın gəlsin.

Səfi ağlayırdı, zülüm-zülüm ağlayırdı. Göz yaşları tüklü üzüylə diyirlənib boynuna-boğazına, qoynuna tökülür, atası günahkarcasına susurdu.

Birdən elə bil atası diksindi, əlini köhnə pencəyinin cibinə salıb bir ovuc quzuqulağı çıxarıb Səfiyə uzatdı.

Atasının ovcunda Səfinin ölmüş arzularının qanı vardı. Səfi başını qaldırıb göyə baxdı. Qırmızı bulud atasının əlindəki qanı yuya bilməmişdi, qırmızı bulud atın çapıb getmişdi...

VAĞZALDAKI QARI

O, hər gün evdən çıxıb Vətənini axtarmağa gedirdi...

Bir-birlərini yaxından görməsələr, səslərini eşitməsələr də, onlar çoxdanın, lap çoxdanın tanışı idilər. Vağzalda aralarından dərin bir dəmir yolu xətti şütüyüb keçirdi. Dəmir yolunun sağında yaşı bəlli olmayan, saqqallı, iki ayağı dizdən aşağı kəsilmiş və bunun ucbatından ömürlük əlil arabasına məhkum olunmuş keçmiş döyüşçü idi. Hər səhər buruqsaçlı bir oğlan tələsə-tələsə onu "işə" gətirirdi. Adam yerini tutan kimi, zirək köməkçi harasa yox olur, bir azdan yüklə geri qayıdırdı. Yeşiyi qoyub üstünə tələsik siqaret düzür, evdən gətirdiyi bağlamanı da əlilin yanına qoyub adamların arasında gözdən itirdi.

Əlil də axşama kimi yanından ötüb-keçənlərə siqaret təklif edir, arabir termosdan çay süzüb içir, alveri yaxşı gedəndə şey-şüylərin içindən əl boyda radiosunu tapıb qurdalayırdı.

Yolun solundakı isə əldən düşmüş, arıq, sısqa bir qarı idi. Hər səhər eyni vaxtda vağzala gəlir, öz yerini tutur, axşamüstü dispetçer sonuncu qatarı elan edib yola salandan sonra ayaqlarını sürüyə-sürüyə çıxıb gedirdi.

Bu müəmmalı qarının hər gün vağzala gəlməsi, eyni yerdə dayanması, gözləməsi əvvəllər əlili əməlli-başlı özündən çıxarırdı. Bilmirdi bu qarı vağzala niyə gəlir, kimi gözləyir, sonra niyə çıxıb gedir. Bir xeyli göz qoyandan sonra gördü ki, bu qarının nə gələni var, nə gedəni. "Niyə" sualı bir müddət əlili rahat buraxmasa da, sonra bütün bunlara alışdı. Hər səhər "işə" gələndə gözü birinci qarını axtarırdı. Qarı da Allah üçünə vaxtında gəlirdi, onu intizarda-zadda qoyub eləmirdi.

Qarı da eynən onun kimi bir küncdə dayanıb zəif gözləri ilə qarşı tərəfdəki əlil arabasına göz qoyur, ürəyində tez-tez:

- Anan ölsün, bala, səni bu günə salanı zəlil günə qalsın, indi heç ikiayaqlılar özünü saxlaya bilmir, sən belə necə yaşayacaqsan? - deyirdi.

Hərdən də özünə sual verirdi ki, görəsən, bu zavallının kimi-kimsənəsi varmı?

Soyuq havalarda qarının qanı lap qaralırdı. Ürəyində "Donub öləcək, qurda-quşa yem olacaq, kimsə xəbər tutmayacaq" - deyib ağlamsınırdı.

Əlil də soyuq havalarda qarını məzəmmət edirdi:

- Qoca arvadsan, qaxıl otur da xarabanda! Bu havada evdən çıxmaq olar? Allahın altında biləydim ki, bu qarını vağzala gətirən nədir?

Bir səhər qarı vağzala gəlmədi. Əlil nə qədər yolun o tayına boylansa da, xeyri olmadı. Əvvəl gözlədi, sonra narahat olmağa başladı, gün günorta olanda ağlından bircə bu keçdi:

- Qarı öldü, hə öldü, canı qurtardı bu zillətdən. Özü də dincəldi, mən də.

Bu sözləri deməyinə dedi, amma gözünün yaşını saxlaya bilmədi.

Yad səs onu diksindirdi. Kimsə siqaret istədi, müştərinin xırdasını qaytarıb yenə yolun o üzünə, qarının dayandığı yerə boylandı.

Noyabrın əvvəli olsa da, tərslikdən quşbaşı qar başlamışdı. Zirək köməkçi bir anda peyda olub, şey-şüyləri yerbəyer edib əlili apardı...

... Qarı bir müddət gözə dəymədi. Əlil artıq onu unutmağa başlamışdı ki, bir səhər gözünə inanmadı. Qarı əvvəlki yerində dayanmışdı. Əlil doğmasını tapan adam kimi sevindi. Bu dəfə müəmmalı qarının sirrini, necə olursa-olsun, öyrənəcəkdi. Qonşuluğundakı pinəçini səsləyib qulağına nə isə pıçıldadı. Pinəçi yolun o üzünə baxıb duruxdu, çiynini çəkdi, nə isə demək istədi, amma əlilin sözündən çıxa bilmədi. Yerlərini xırdavat satana tapşırdılar. Pinəçi əlil arabasını sürüb bir xeyli uzaqdakı körpüdən yolun soluna keçirib qarının dayandığı yerdə saxladı. Qarı öz aləmində idi.

Əlil qarıya yaxından, lap yaxından tamaşa etməyə başladı. Yun yumağına oxşayan bu qarı nəyisə həsrətlə, çox həsrətlə gözləyirdi. Dispetçerin səsi gəldi: "Bakıdan Lənkərana gedən qatar bir neçə dəqiqədən sonra yola düşəcək". Qatar yola düşüb gözdən itəndə, qarı bir az da büzüşdü. Kor-peşman vağzaldan uzaqlaşdı. Əlil arabası ilə qarını qarabaqara izləyirdi. Qarı çox da uzağa getmədi. Vağzalın yaxınlığındakı köhnə həyət evlərinin birinin bala qapısından içəri girdi.

Əlili maraq bürümüşdü. Pinəçi özünü saxlaya bilməyib dilləndi.

- İndi neyləyək?

Əlil:

- Bir az gözləyək, deyib siqaret yandırdı. Bir azdan qapı açıldı. Həyətdən bir-birini dürtmələyə-dürtmələyə iki oğlan uşağı çıxdı. Qardaş olduqları bəlli idi. Deyəsən, dərsə gedirdilər. Gəlib əlilin yanına çatanda yaşca böyüyü əlini cibinə salıb çıxardığı qəpiyi xeyirxahlıqla əlilə uzatdı. Uşağın gözlənilməz hərəkəti əlili çaşdırsa da, balacanın əlini geri itələyib mehribanlıqla soruşdu:

- O qarı sənin nəyindi?

Uşaq gözləri böyümüş halda:

- Nənəmi deyirsən? - dedi.

Əlil:

- Hə, tez-tez vağzalda görürəm - dedi.

Balaca özünü saxlaya bilmədi:

- Anam deyir, nənənizin ağlı yoxdur, hər gün vağzala gedir. Adam hər gün vağzala gedər?

Böyük qardaş qardaşının üzünə bozardı:

- Sən səsini kəs!

Sonra da bir az acıqla dilləndi:

- Buna fikir verməyin, qələtdi eləyir, nənəm dəli-zad deyil.

- Bəs nənən vağzala niyə gəlir? - əlil mehribanlıqla soruşdu.

Bu dəfə böyük uşağın gözləri bir az da böyüdü, özü də deyəsən qəhərləndi, başını aşağı salıb titrək səslə dilləndi:

- Nənəm hər gün vağzala gedib Ağdam qatarını gözləyir. Atam deyir, arvadla işiniz yoxdu, özü bilər, qoyun gözləsin. Bilsə ki, Ağdam, Qarabağ yoxdu, ürəyi partlayar. Qoyun ümidlə yaşasın, axır-əvvəl bir gün bu qatar gəlib çıxacaq, ya yox? Atam belə deyir.

- Atan düz deyir, - əlil kədərlə dillənib uşaqlardan ayrıldı.

O gündən əlil hər dəfə qarını görəndə içində ümid göyərirdi. İnanırdı ki, bir gün qarının gözlədiyi qatar gəlib çıxacaq, birlikdə qatara minib biri Qarabağda itirdiyi ömrünü, biri Qarabağda basdırdığı ayaqlarını axtarmağa gedəcək. Əlil əmin idi ki, ayaqlarını tapan kimi.., başını da o torpaqda basdırıb diriləcək...

BİR AZ SONRA

Günəş də çıxa bilər, yağış da yağa bilər, tufan da qopa bilər...

- Qarakişi, ay Qarakişi!

- Nə var, ə! - Qarakişi əlindəki beli bir kənara atıb ləkin içindəki kartofları yığa-yığa qonşusuna hay verdi.

Çəpərin o üzündə dayanmış Tapdıq elə bil çör-çöpün arasından Qarakişiyə yandım verdi:

- Axşam bizim uşaqlar şəhərdən gəldilər - həmişəlik! Deyillər, şəhər yaşamalı yer deyil.

- Düz deyirlər, Tapdıq, düz deyirlər, - Qarakişi başını qaldırmadan dilləndi.

- A Qarakişi, - Tapdıq düz çəpərin dibinə sindi, - deyirəm, yaxşı ki, gədə oralarda ilişib qalmadı. Sənin gədən gör neçə ildir kənddən çıxıb. Arvadı kənddən-kəsəkdən olsaydı, indi çoxdan dartıb buralara gətirmişdi.

Qarakişi cumub bayaq yerə tulladığı beli əlinə götürdü.

- Evləndi evləndi da! Allah üçünə qız pis uşaq deyil. Gədənin də burda işi-gücü yoxdu.

Ağzı yanmış Tapdıq Qarakişini bir az da cinləndirmək istədi:

- Bizim gədənin - Mehdinin iki oğlu var axı...

Qarakişi çömbəltmə oturub kartofları torpaqdan təmizləyə-təmizləyə qonşusunun sözünü təsdiqlədi:

- Hə, var, Allah saxlasın...

- Gəlin yenə hamilədir.

- Gözün aydın olsun, sağ-salamat doğulsun.

Qarakişi kartofun irilərini bir vedrəyə, xırdalarını deşilmiş köhnə vedrəyə atıb beli əlinə aldı.

- Sənin gədənin neçə uşağı var? - Tapdıq bilərəkdən soruşdu.

- Bir qızı var.

- Bircəəə?!

- Hə.

- Neçə ildir evlənib?

- On il olar.

- Vay-vay! Tay de gədə sonsuzdu da!

Qarakişi özünü sındırmadı. Başını qaldırıb göyə baxdı.

- Hər şeyi verən odu. Nəvəmə min şükür.

- Bir azdı, çox azdır, - Tapdıq keçi kimi inad etdi.

- Nə bilim, a Tapdıq, özləri bilər.

Qarakişi bu sözləri elə dedi ki, abırlı adam söhbəti burda kəsərdi. Amma elə olmadı. Səhər-səhər elə bil kimsə Tapdığın quyruğunu tapdalamışdı, onun da əlinə yazıq Qarakişi keçmişdi.

- Onnar gəlmir, sən get şəhərə. Gəlini də çək qırağa, denən köpəyin qızı, gözümün yağını yedirdib təkbaşına uşaq böyütmüşəm ki, bu qoca vaxtımda əlimdən alasan! Gəlməsə, saçınnan tut, sürü kəndəcən.

Qarakişi kartofla silələnmiş vedrəni yarımçıq kisəyə boşaldıb pres ipiylə ağzını möhkəm-möhkəm bağladı. Handan-hana dilləndi:

- Demək olmur, Tapdıq, demək olmur! Orda baş-başa verib işləyirlər. İnişil getmişdim axı, mənnən ötürün özlərini öldürdülər. Gəlin məni doxtura apardı, əyin-baş aldı, qulluğumda dayandı.

- Bah-bah, nə böyük iş olub. İldə bir dəfə gedirsən da!

Tapdıq başını qaldıranda oğlu Mehdini yanında görüb pərt oldu.

- Sabahın xeyir, Qarakişi əmi!

- Ay aqibətin xeyir! Xoş gəlmisən, bala!

- Dədəm yenə yeri-göyü dağıdır. Kənardan baxanda elə bildim yenə su üstündə qırğındı.

- Dədəndi da, fikir vermə, o tərəflərdə nə var, nə yox?

- Şəhərdə dolanmaq çətindir. Adamın savadı-sənəti olsa, başqa məsələ. Mən də vaxtında oxuyub eləmədim.

Tapdıq bomba kimi partladı:

- Bah-bah, oxuyanlar elə dünyanı bay eləyib. Yaxşı eləyib oxumamısan!

Mehdi dədəsinin sözünü ağzında qoydu:

- Şəhərdə Nicatı gördüm. Sağlığına qismət, təzə maşın alıb.

Bayaqdan dil-dil ötən Tapdığın səsi alındı:

- Maşın alıb?

Mehdi ürəyiaçıqlıqla:

- Özü də bahalılardan. Əla maşındır! Xaricdən də təzə gəlib, konfransa gedibmiş.

Qarakişi əlində beli bir kənara qoyub başını dikəltdi:

- Kefi nətəhərdi?

- Nicat məni evlərinə apardı. Kefləri kökdü. Deyir, dədəmin bina evlərindən zəhləsi gedir. Torpaq sahəsi alıb ikimərtəbəli ev tikdirib. Ləzzətli evdi. Qəşəng də həyət-bacası var, sağlıqlarına qismət. Mənə yaxşı qonaqlıq verdilər. Amma muştuluqluq bir xəbər də var.

Qarakişinin ürəyi əsdi:

- Nədi, a Mehdi?

- Muştuluğumu ver, sonra.

- Nə istəsən qurbandı.

- Əkiz nəvən olub.

Tapdıq özünü saxlaya bilməyib tələsik soruşdu:

- Qızdı?

- İkisi də oğlandı.

Dedi, bu gün-sabah kəndə gedəcəyik. Payıza az qalıb, beş-on gün qalıb dədəmi də götürüb şəhərə qayıdacağıq.

Qarakişi sevincdən donub yerində qalmışdı.

- Allah, sənə şükür, - dedi, yüyürüb həyətdəki antonovka almasından üç alma qoparıb çəpərin üstündən Mehdiyə uzatdı.

- Götür, a bala, həmişə xeyir xəbər eşidəsən. Beş toğlum var, biri sənindi. Axşam heyvan örüşdən gələndə özüm həyətinizə gətirəcəm.

- Toğlu çox oldu, bu almalar bəsimdi.

- Dədənə baxma, mən sözü bir dəfə deyirəm -, deyə Qarakişi inamla dilləndi.

Tapdıq özünü birtəhər ələ alıb pıçıldadı:

- Gözün aydın, ay Qarakişi, işim var, day mən gedim, - Tapdıq suyu süzülə-süzülə çəpərin dibindən çəkildi.

Qarakişinin gözləri dolmuşdu. Ləkin içində oturub hönkür-hönkür ağladı. Ömründə belə ağladığı olmamışdı...

Təqdim etdi: Tural Adışirin
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ