Bəxtiyaram mən... - Elnarə Akimova yazır

Tarix:10-02-2019, 17:03 Baxış Sayı:160

Bəxtiyaram mən... - Elnarə Akimova yazır
Bu ay dünyadan köçməsinin on illiyi tamam olacaq Bəxtiyar Vahabzadənin ömür bioqrafiyasında, ədəbi-elmi yaradıcılığının tərcümeyi-halında geridə qalan bir əsrə yaxın zaman kəsiminin addımları duyulur və bu addımlar milli tariximizin, milli varlığımızın nəfəsi duyulan qatlarından ayaq açıb yeriyir.

Bu qatlar tarixdir, dildir, azadlıq idealları, istiqlal vuruşudur. O səbəblər ki, B.Vahabzadənin şair kimi seçilməsinin, çoxluğun içindən fərqlənməsinin əsası idi. Mənə elə gəlir ki, Azərbaycan poeziyasında Səməd Vurğundan sonra xalqın ardınca getdiyi, sözünü tutiya kimi həsrətlə gözlədiyi şair B.Vahabzadə olub. Bəlkə, hər iki şairə öz dərdlərinin tərcümanı olaraq yanaşmadan hasilə gəlirdi bu doğmalıq. B.Vahabzadə yaradıcılığı sovet dövründə bilərəkdən güdaza verilən tarixi yaddaşın, bilərəkdən unutdurulan dil yaddaşının, bilərəkdən susdurulan azadlıq nidasının oyanışına imkan vermək amacına xidmət üçün ərsəyə gəlmişdi və bu, bəlkə də, onun bütün yaradıcılığı ərzində boyuna biçilən başlıca şair missiyası idi. Millətin və xalqın tarix bioqrafiyasını poeziyanın yaddaşına çevirmək...

Ədəbiyyata yenicə qədəm qoymuş gənc yazar kimi B.Vahabzadənin içindəki "yenilik həvəsi", gəncliyin "dəli sözü" ondan başlamağı tərcih etdi ki, vətən təəssübkeşliyini bütün yeniliklərin önünə çıxardı və bu, zamanına görə elə əsl "yenilik" idi: "Elə bir təlatüm istəyirəm ki,/Dünya silkələnə, təzə don geyə"! Gənc yazarın 1958-ci ildə yazdığı "Gülüstan" poeması dünyanı olmasa da, özünü dünyanın məhvəri sayan nəhəng Sovetlər İmperiyasını silkələyəməyə müvəffəq oldu. Ona qədər heç bir əsərdə milli dil, milli varlıq və kimlik məsələsi bu qədər kəskinliklə qoyulmamışdı, bu qədər cəsarətlə sərgilənməmişdi. Bu əsərdə yaddaşı oyatmağa yönəlik olan missiya vardı və bu missiya XX əsrin birinci yarısının aydınlarının əsərlərindən sonra ilk dəfə məhz B.Vahabzadə poeziyasında bu çalarda, bu miqyasda şeirə gətirilirdi: "Sökün çəpərləri, daş hasarları,/Gözlər uzaqlara zillənsin barı.", "Örtmə pəncərəni"... Şairin içindəki mənəvi azadlıq eşqi ona bu intəhasız ifadələri diktə eləyirdi.

Diqqət etsək, B.Vahabzadənin bütün yaradıcılığından bir xarakterik obraz keçir - üsyankar, çılğın, mübariz, vətən sevdalı, dil aşinası, həyat mücahidi... Bu adlar onun yaradıcılıq yolunun bütün kəsimlərini, mərhələlərini qapsayır, kiçik şeirlərlə başlanan yolun dramaturgiyaya yol almış yolçuluğuna qədər vətən üçün təəssübkeşlik əsas qayəni təşkil edir. Bilərək yolun çətinini, ilkinliyini, mübarizini seçir: "Xəfif sakitliyini neyləyirəm dənizin,/Onun qasırğasına, dalğasına vurğunam". Vurğunluq... Bəxtiyar Vahabzadənin poeziyası ümumən vurğun ovqatdan, vurğun mənəvi aləmdən hasilə gələn poeziyadı. Yazdığı bütün mövzularda aşinalıq duyğusu hər şeyi üstələyir. O qədər içdən qələmə alınır ki, aşkar bəlli olur: sevmədən, vurğun olmadan, içində yüz dəfə ölçüb-biçmədən həmin mövzuları bu qədər hərarətli şəkildə bədii təcəssümün predmetinə çevirmək olmazdı. Axı özü də etiraf etmişdi sevəndə bəxtiyar olduğunu! Sənsiz bu dünyanın ən bədbəxtiyəm...

Səninlə dünyada Bəxtiyaram mən

B.Vahabzadənin sevgi mövzusunda yazdığı şeirlər ilk baxışda bir az çəkindirir adamı. Vətənə, vətəndaşlığa, dilə, tarixi yaddaşa münasibətində bütöv olan şair sevgi mövzusunda da hökmlü, sərrast görünür: "bir salama dəyməyən eşqə ölüm yaraşır". Sonra düşünürsən ki, sevgi deyilən nəsnə hökmü, qətiyyəti sevmir, bir xoş baxışla hər şey dəyişə, əvvəlki axarına düşə bilər, bir munis söz qurumuş sandığın çayı çağlada, hərəkətə gətirə bilər. B.Vahabzadə poeziyasında da belədir: "Sən gözə görünməz bir ətir kimi/Ruhuma, könlümə səpələnmisən,/Mənim ovqatımın iqlimi sənsən".

Sevmirsənsə, demək ki, dünya səndən keçmir, sevirsənsə demək artıq dünya yaratmış kimisən. B.Vahabzadə lirikasında sevgi və dünya birgəliyi daim yanaşıdı, hər şey sevgidən keçir, onda durulur, onda rahatlığını və səadətini tapa bilir: "Sən varsan, dünyamda hər şey var mənim./Yoxluğun dünyamı boşaldar mənim". Bu misralar B.Vahabzadə haqqında, bəlkə də, daşlaşmış "istiqlal şairi" stereotiplərini dağıdır. İstiqlal, yəni bu ad altında vətənə, dilə, vətən tarixinə aid olan nə varsa... Özlüyündə düşünürsən, ömrünün sonuna qədər təravətini, duyumunu itirməyən məhəbbət şeirlərinə ayırmağa vaxtı, bəlkə, daha dəqiqi, ruhunu həm də sevgi yolunun təlatümləri ilə qayğılandırmağa macalı şair hardan tapa bilib, görəsən? Ancaq sən demə... Şair həyatı boyunca "uzun, incə bir yoldaymış". O cəsarətin, o kükrəyişin, o vətəndaş yanğısının təpəri ürəkdəki "sinə dağı" - eşq hissiymiş. B.Vahabzadə lirikasının fərdiliyi və fərqliliyi elə bundadır. Heç nə ötəri deyil, tamdır, dolğundur, daxilən yaşanmış poetik ovqatın təzahürləridir: "Həsrət yollarının yolçusuyam mən,/Sənə həsrətimdə tapmışam səni"... Bu qədər sadə!
Bəxtiyaram mən... - Elnarə Akimova yazır
Bir kəs ki, onun qibləsi yalnız vətən oldu

Yazıçı, şair üçün cəsarət anlayışı həmişə xalqın taleyi, onun milli varlığı, azadlıq və hürr duyğuları ilə bağlı olub. B.Vahabzadənin də şair kimi cəsarəti daim bu məqamlara münasibətdə üzə çıxır. 1990-cı ildə yazılan "Şəhidlər", 1999-cu ildə yazılan "İstiqlal" poemaları, bu dönəmdə ard-arda yazılan dram əsərləri vətənlə, azadlıqla bağlı sonsuz düşüncələrdən hasilə gələn mətnlərdir və həmin dönəmin məhz, müstəqillik illəri olduğunu nəzərə alsaq, o qədər də böyük qəhrəmanlıq nümunəsi deyil, əlbəttə. Şairin alovlu ruhunu görükdürən, cəsarətini rəmzləndirən əsərlər sovet dönəminə təsadüf edir ki, bu mərhələdə B.Vahabzadə "Gülüstan" poeması ilə milli oyanış, "Mərziyə" poemasında milli dil, "Fəryad" pyesində Allah mövzusunun yenidən dərkinə aparan yolu bədii təcəssümün predmetinə çevirmişdir.

Onun əksər şeirlərində ana dilinin qorunmasından, bir xalq üçün yaşarılıq əmsalı olmasından bəhs edilir. B.Vahabzadənin dil amilinə belə böyük önəm verməsinin kökündə xalqın minillik tarixi yaddaşının olduğunu isbatlamaq meyli dayanırdısa, səbəblərindən digəri, bəlkə də, ən başlıcası yad dövlətlərin məkrinin qurbanı olmuş türk dünyasını, xarici siyasətin əli ilə parçalanmış türk cümhuriyyətlərini birləşdirmək amalı idi. O, türk xalqlarını birləşdirmək üçün birbaşa mənəvi yolu intixab etdi, türkün tarixinin, ortaq mənəviyyatının əks olunduğu Dil problemini qabartmağa müvəffəq oldu. Sonradan böyük ədib "Özümüzü kəsən qılınc", "Atamın kitabı" kimi pyeslər yazacaq və türkün tarixi faciəsinin kökündə duran başqa amilləri ədəbiyyata gətirəcəkdi. "Öz qılıncımız niyə özümüzü kəsir", "Niyə bir kitaba tapına bilmirik" - sualı və məsələsi sələflərindən sonra B.Vahabzadə pyeslərində qabaran əsas problemə çevriləcəkdi.

B.Vahabzadənin daha bir cəsarətini onun Tanrı mövzusuna müraciətində izləmək olar. 80-ci illərin əvvəllərində B.Vahabzadənin yazdığı "Fəryad" pyesində Allaha müraciətin xəfif qatına keçilir, Tanrı ilə bağlı hər cür sakral düşüncələr praqmatik müstəviyə adlayır, öz motivasiyasını şairin "insanlıq" fəlsəfəsində tapırdı. Vaxtilə S.Rüstəm yazırdı ki, "Səməd Vurğunun "Vaqif" dramından sonra "Fəryad" pyesi dramaturgiyamızda olan böyük bir boşluğu doldurdu". Hər iki pyesi birləşdirən və ayıran ümumi məqam müəlliflərin həm də Tanrı mövzusuna baxışında, münasibətində üzə çıxırdı. S.Vurğunun hər şeyə görə nicatını Yaradanda arayan qəhrəmanı Vahabzadənin əsərində modifikasiyaya uğrayır, daha çox özünə güvənmək, Tanrını özündə tapmaq, vicdanında aramaq kimi Platon ideyalarının davamçısına çevrilirdi: "İdrakda yol açmış gecədən gündüzə Allah!/ Güldürməsən öz könlünü gülməz üzə Allah!/Dünyaya şəfəqlər kimi Tanrım səpələnmiş./Qəlbin gözü yanmazsa görünməz gözə Allah"!

90-cı illərdə baş verən hadisələrdən sonra, məlum ictimai, sosial-siyasi, mənəvi-psixoloji problemlərlə əlaqədar olaraq, ədəbiyyatda insan obrazı, onun durumu daha kəskin, fəlsəfi rəng aldı, ədəbiyyatımızda çöküş fəlsəfəsinin, dekadans ovqatının intişarına zəmin yarandı. Bu dövrdə bütün janrlarda meydana çıxan əsərlərdə bariz görünən pessimist əhval-ruhiyyə bir tərəfdən üzləşdiyimiz Qarabağ probleminin fəci nəticələri ilə bağlı idisə, digər tərəfdən qlobal miqyasda insan faktorunun deqradasiyaya uğrama amili ilə əlaqələnirdi. B.Vahabzadənin son dövr yaradıcılığına nəzər saldıqda toxunulan mövzuların həyat sferalarının təzahürünü, nişanəsini daşıdığı məlum olur.

Daha çox milli problemlərə köklənir, Qarabağ ağrısının təfsilatlarına enir, güclü pafosu həzin əda ilə əvəzləyirdi. B.Vahabzadənin milli müstəqillik dövrü yaradıcılığında daha çox dekadans çalarlar dərinləşdi. Həyata, dünyaya, insana münasibətdə şairin mövqeyi daha kəskin, daha tünd boyalarla təsvirə gəlməyə başladı. Burada həyatın, cəmiyyətin böhranından daha çox həyata, cəmiyyətə münasibətin özündə gedən böhrandan danışmaq, bəlkə, daha dəqiqdir. B.Vahabzadənin iki fərqli epoxada meydana çıxmış əsərlərindəki ovqat bu məqamla bağlı idi. Sovet dönəmində cəmiyyətin böhranı müstəqillik dönəmində münasibətin özündəki böhran, boşluqla əvəzlənmişdi: "könlüm oldu xarabazar,/talan mənim içimdədir". Bu o dövr idi ki, 20 Yanvar hadisələri törədilmiş, şair "Şəhidlər" poemasını yazmışdı. Ədibin sonrakı əsərləri artıq böyük bir imperiyanın çökümündən sonra gerçəkləşən mədəni-mənəvi deqradasiyanın nəticəsi kimi pərvəriş tapırdı.

B.Vahabzadə yaradıcılığında iki fərqli epoxa bir-biri ilə ziddiyyətə girmədi, əksinə, şairin məsləki onun tərcümeyi-halına çevrildi. Əlbəttə, B.Vahabzadənin poeziyası dövrün yeritdiyi siyasətin təsirindən, sosializm doktrinasının diktə etdiyi varlıq və etiketlərdən xali deyil, qos-qocaman "Leninlə söhbət" poeması bu təsiri tam reallığı ilə sərgiləmədə. Lakin şairin yaradıcılığında ideoloji konsepsiyaların güdazına getmiş tarixi gerçəkliklər yoxdur, hətta adıçəkilən poema belə, bəzi hallarda açıq, çılpaq notların çığırtısı ilə heyrət doğurur. Yaxud 1973-cü ildə "Şairləri öldürürlər" şeiri zamana müxalif fikirləri sərgiləyən mətn olaraq bu gün təəccüblə qarşılanır. Bəlkə, elə ona görə 90-cı illərdə, yeni epoxaya qədəm qoyanda B.Vahabzadənin həyat ritmi pozulmadı, zamanın iki fərqli mərhələsi onun yaradıcılığında bir-biri ilə toqquşmadı... O qədər ki, bu misraları yazmağa onun hamıdan artıq haqqı çatdı: "əslimi, nəslimi tanıyıram mən/qarışıq deyiləm, özümdən hürkəm./sən kimsən, sən nəsən, özün bilərsən,/mən ilk qaynağımdan türk oğlu türkəm".

1999-cu ildə qələmə aldığı "İstiqlal" poeması və pyeslərində ardıcıl olaraq milli birlik ideyasını qabardır, özünəqayıdış, tarixi keçmişinə güvənməyi, dəyərlərinə sahib çıxmağı əsas məqsədə çevirirdi. Bu, B.Vahabzadənin dəyişməyən əqidəsinin (dəyişməzdir əqidəm, çox da dünya fırlanır), sınmayan vüqarının səsi idi. Həmişə olduğu kimi, o yenə də dünyanın və insanın sənətin gücü ilə düzələcəyinə, pisliklərdən silkinib qurtaracağına inanırdı. Demişdi axı: "Mən inamın övladıyam"! İndi, dünyanın bu qarışıq və narahat vaxtında B.Vahabzadə poeziyasının qanadlarında sabaha ümidlənmək, bəşəri harmoniyanın bərqərar olacağına bütün gücümlə inanmaq istəyirəm. Bir də "al günəşin sağlığına" dualar edib bu misraları söyləmək: "Yaşasın dünyamız, yaşasın insan!".../edebiyyatqazeti.az/

Elnarə AKİMOVA,
filologiya elmləri doktoru

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ