“İnnən belə ürəyini cüt elə...”

Tarix:10-02-2019, 16:19 Baxış Sayı:224

“İnnən belə ürəyini cüt elə...”
Əkbər Qoşalının “Ürək daşı” şeirlər kitabı üzərinə notlar

İnsan həyatı boyunca saysız-hesabsız adamlarla ünsiyyətdə olur, o adamların bəziləri ömründə iz qoyur, bəziləri unudulur, bəziləri aradabir xatırlanır. Elə insanlar da var ki, sən onlarla eyni taleyin yolçusu olursan, ruh qohumluğu sizi doğmalaşdırır. Sən o insanlarla rastlaşanda doğma qardaşın kimi qollarını açıb bağrına basırsan. İnsanlar arasında mədəniyyət immunitetinin son dərəcə zəiflədiyi indiki çağda yüksək mədəniyyətilə, türk dünyasına təmənnasız xidmətilə, milli təəssübkeşliyi ilə və illərin dəyişmədiyi sabitqədəm dostluğu ilə mənim üçün həmişə əziz olan şair qardaşım Əkbər Qoşalı bu qəbil insanlardandır.

Əkbər Qoşalı söz adamıdır, şairdir. Amma o, heç vaxt şairliyini önə çəkməyib, müasir türk xalqları ədəbiyyatının bir ədəbi məkanda görünməsi üçün yorulmadan çalışıb, türkdilli xalqların ədəbi əlaqələrinin inkişafı üçün böyük əmək sərf edib. Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı olaraq gəncliyinin ən qaynar çağlarını türk ellərini qarış-qarış gəzib ədəbi körpülər yaratmağa həsr edən dostum öz kitabının nəşrinin qayğısına qalmayıb. Əkbərin şeirləri bu yurdun sərhədlərini çoxdan aşıb, özü dəfələrlə xarici ölkələrdə keçirilən ədəbi festivallarda, konfrans və simpoziumlarda Azərbaycan ədəbiyyatını layiqincə təmsil edib.

Türkdilli xalqların ədəbiyyatı üzrə antologiyaların tərcüməçilərindən və tərtibçilərindən biri olub. Hər kəsin bildiyi bəlli həqiqətləri sadalamaqda məqsədim Əkbər Qoşalının türkçülük ruhunda formalaşan identifik missiyasını bir daha xatırlatmaqdır.
“İnnən belə ürəyini cüt elə...”
Əkbər Qoşalı ərdəmli xarakterə malik bir insandır, şəxsiyyət kimi də, dost kimi də, şair kimi də bütöv şəxsiyyətdir. Mən onu həmişə qələm dostlarının uğuruna sevinən, yeni çıxan kitablarının təqdimatına özünü hamıdan əvvəl yetirən görmüşəm. Bu da ədəbi əxlaqın bir göstəricisidir.
Uzun fasilədən sonra (on iki il!) Əkbər nəhayət, özünə də vaxt ayıra bildi. İçinin təlatümlərindən yaranan pıçıltılarını bir kitaba topladı. Kitabın adı özündə çox mətləbləri ehtiva edir – “Ürək daşı”. Orijinal ifadədir və Əkbərin bununla bağlı şeiri sevgidən bəhs etsə də daş metaforası ilk baxışdan paradoksal görünür. Şeirin orijinallığı da elə bundadır!

Bilməm, nədi ürəyin, qız,
o dağdımı, o daşıdımı?
Söylə, nədi diləyin, qız,
nifrət sevgini aşdımı?

Külüngümü – söz mülkümü,
Fərhad kimi alıb ələ,
mən də bir arx çəkəcəyəm
ürəyindən ürəyimə...

“İnnən belə ürəyini cüt elə...”
“Ürək daşı” ifadəsini “daşımaq” feli kimi də anlamaq mümkündür. Köksündə şair ürəyi daşıyan Əkbər o ürəyi irfani bir könül hücrəsinə çevirməyi bacarıb. İnsan özünü dərk edəndən həqiqət axtarışına çıxır və öz həqiqətinə yetişmək hər kəsə nəsib olmur. Bunun üçün ürəyi dünyanın bütün pisliklərindən qorumaq lazım gəlir, riya toxumu düşən ürək heç vaxt həqiqətə yetişə bilməz. Əkbər həmişə ürəyini duru saxlayıb, içindəki işığın nazını çəkib, ona sığınıb. Onun poetik leksikonunda ən çox işlənən söz “ürək” sözüdür:”ürəyimin yaddaşı var, ürəyim qan daşıyar”, “ürəyim yoldadır, ürəyim yolçu...”, “odlanmayan ürəkləri od dandı...”, “ürək sızlar: ax, pərvanə, ax, şamlar...”, “deyirəm, gedim torpaq dərdimi yazım, ürəklər daş olmamış” və sair və ilaxır.

Əkbər dostu da köksünə ürəklə sıxır. Şeirləri də özü kimidir, misralar sanki bir cüt qola çevrilib qardaş kimi səni qucaqlayıb əlini kürəyinə vurur:

Dost adını barındıran
Uca ürəklər var olsun.
Haqq işinə arxa duran
qoca kürəklər var olsun.


Əkbərin poeziyası kökü qədimlərdən gələn türk ruhunun gələnəklərinə söykənir. Dünyanın yollarını əriş-arğac eləmiş bu poetik təfəkkür Əkbərin qan yaddaşında yenidən oyanır və sözdə bədii ifadəsini tapır. Hardansa oxumuşdum ki, şeir qəlbiylə ağlını sözə batırıb balla yemək deməkdir. Mənim düşüncəmə görə isə şair arı kimi sözdən şirə çəkəndir, söz şairin düşüncəsində şirələnib ballanır. Əkbərin şeirlərində həzin şirinliyə narın bir qüssə də qarışıb:

Ürəyin çatan dərdə
boyun çatmır, neyləyək?
Baxdım, göz yaşın çatır,
yaşın çatmır, neyləyək?


Dərdə boy verməyən yaşda dünyanın kədəriylə tanış olmuş gənc dünyanı ağrılarıyla tanıyır. Şeir ağrı sözünün sinonimi kimi işlənir. Ağrı hələ kədəri tanımayan ürəyə ilan kimi sürünür. Əkbərin poeziyasında bu qəbil nisgilli misralar az deyil. Bu da poeziyanın təbiətindən doğur. Ona görə belə bir mümkünsüz arzu gəlir xəyalına:

Bircə dənə arzum qalıb, İlahi!
O qədər dərd yükləmişik çiyninə,
İnnən belə doğulacaq uşaqların
ürəyini cüt elə...

Bir ürəklə bu dünyanın yükünü çəkmək məşəqqətli bir əzabdır. Hələ o ki, şari ürəyi ola!

Əkbərin hər şeirindən ayrıca bəhs etmək olar. Amma nə hacət?! Şeir izah olunmaq üçün deyil. Şeir rənglərin spektrinə bənzəyir; dəyişkən duyğularla müşahidə olunur. Bu şeirlərdə müəllifin vətənə, millətə, ata-anaya, dosta-qardaşa, qadına, övlada münasibəti elə Əkbəranə formada öz əksini tapıb. Dünyanı, milləti, insanları sevmək üçün ona bir ürək yetmir, İlahidən “innən belə doğulacaq uşaqların ürəyini cüt elə” deyə iltimas edir.

“Ürək daşı”n mübarək, böyük ürəkli qardaşım!

Kənan HACI

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ