manera.az
manera.az

"Qurbanəli bəy" hekayəsi: görünən və görünməyən tərəflər

"Qurbanəli bəy" hekayəsi: görünən və görünməyən tərəflər
Cəlil Məmmədquluzadə - 150

Azərbaycan realist ədəbiyyatının qüdrətli nümayəndəsi Cəlil Məmmədquluzadə hekayə ustadı kimi əvəzolunmazdır.

Bir əsrdən artıqdır ki, onun ecazkar qələminin gücü ilə yaradılan hekayələr nəinki Azərbaycan ədəbiyyatının, eyni zamanda, dünya ədəbiyyatının bu janrda yazılmış zəngin xəzinəsində qərarlaşıb. Cəlil Məmmədquluzadə dühasının gücü ilə yaradılan "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Quzu", "Dəllək", "Rus qızı", "Kişmiş oyunu", "Zırrama", "Molla Fəzləli", "Xanın təsbehi", "Konsulun arvadı", "Pirverdinin xoruzu" və başqa hekayələr realist nəsrimizin kamil nümunələridir. Mirzə Cəlil bu ölməz əsərləri ilə XX əsr Azərbaycan hekayəçiliyinə yeni ruh, orijinal üslub, novatorluq, qeyri-adi ifadə tərzi gətirdi.

Cəlil Məmmədquluzadənin portret hekayələri içərisində yazıçıya uğur gətirən, onu xalqa sevdirən və artıq simvollaşan "Qurbanəli bəy" hekayəsi (1906) bütün dövrlər üçün öz müasirliyini qoruyub saxlayan qiymətli bir sənət əsəridir. "Qurbanəli bəy" portret hekayəsi olduğundan təbii ki, tədqiqatçılar daha çox mənfi çalarları öz üzərində cəmləşdirmiş "Qurbanəli bəy" obrazını diqqət mərkəzində saxlamışlar. Unutmaq olmaz ki, əsərin yazılması Azərbaycanın çar Rusiyasının işğalı altında olduğu dövrə təsadüf edir. Hekayənin süjet xətti pristavın xanımının ad günü üzərində qurulsa da, hadisələr Qurbanəli bəyin ətrafında təmərküzləşdirilərək təqdim olunur. Hekayənin üst qatında Qurbanəli bəy aparıcı, əsas simaya çevrilib diqqəti cəlb edirsə, arxa planda bundan daha önəmli məsələ - əzilən, məhv olan və hər cür təhqirlərə, həqarətlərə məruz qalan Azərbaycan xalqının faciəli taleyi dayanır.

Əsərdə C.Məmmədquluzadə yaradıcılığı üçün səciyyəvi olan, ayıq oxucunun qavraya, dərk edə biləcəyi kiçik epizodda, bir sözdə, hətta adi ştrixlərdə belə qlobal problem və taleyüklü məsələlər metaforik şəkildə, keçici və ani təsvirlərdə, nəzərə az çarpacaq detalların batinində yer almışdır. Əslində, müəllif qayəsi həmin incə məqamlarda aşkara çıxır. Yazıçının bu böyük və bilərəkdən alt qatda gizlətdiyi ideya hadisələrin inkişafında, obrazların təhlilində, xüsusilə Qurbanəli bəyin səciyyəvi cizgilərinin açılmasında tam aydınlığı ilə görünür. Bu baxımdan Qurbanəli bəyləri ikiüzlü, yaltaq, riyakar, vədinə xilaf çıxan yalançı bir xarakter kimi tənqid hədəfinə çevirən, gülünc, miskin və acınacaqlı situasiya ilə üzləşdirən "parçala və hökm sür" siyasətini yeridən çar Rusiyasıdır.

Onun mənfur siyasəti, hegemonluğu, özündən xırda xalqlara həqarətlə baxması və aşağılaması kimi real faktlar bəzən tədqiqatçıların diqqətindən yayınmış, bəzən isə mövcud rejimin sərt qayda-qanunları buna mane olmağa çalışmışdır. Əslində isə Qurbanəli bəyi əsər boyunca, xüsusilə də ad günündə öz rolunu yüksək səviyyədə, hakim dairələrin zövqünü oxşayacaq dərəcədə məharətlə oynayan bir aktyora bənzətmək olar. Təbii ki, etdiyi canfəşanlıq, dəridən-qabıqdan çıxmaqla naçalnikin, pristavın, onun xanımının və digər əyanların rəğbətini qazanmağa, diqqətini cəlb etməyə yönəlmiş, düşünülmüş hərəkətlər heç onun özünün də ürəyincə deyil. Lakin zəmanənin əyib sındırdığı bir çox adamlar, bəylər kimi onu da tutduğu mövqeyi, vəzifəni itirmək qorxusu bu addımı atmağa təhrik edir.

Yazıçı bu obrazı əvvəldən sonadək dinamik bir tip kimi müsbətə deyil, mənfiyə doğru meylləndirir, inkişaf etdirir və tipik xarakter səviyyəsinə qədər yüksəldir. Onun bitkin portretini yaradaraq ədəbiyyatımıza orijinal, canlı və yaddaqalan bir satirik tip bəxş etmiş olur. Ədib onun səhnəyə gəlişini də qeyri-adi formada təqdim edir. Pristavın xanımının ad günündə bütün məclis əhli onlardan daha yüksək mənsəbə və qulluğa sahib olan naçalnikin yolunu səbirsizliklə gözləyir. "Birdən qaçaqaç düşdü; dedilər "naçalnik gəlir".

Bu hal üç dəfə təkrarlandıqdan sonra naçalnikdən əvvəl Qurbanəli bəy gəlib çıxır. Yazıçı Qurbanəli bəyin daxili aləmini, iç üzünü elə pristavın həyətinə ayaq qoyan andan açmağa başlayır, bir növ oxucuya onu ilk səhnədəki danışıq aktı vasitəsilə təqdim edir: "Tulaların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yalamağa. Bəy əyilib itin başını tumarladı və dedi:

- Malades sobak - sonra qalxıb xanımı balkonda görüb çığırdı:

- İzdrasti! - və börkünü götürüb sağ əlilə qalxızdı yuxarı və qışqırdı:

- Urra! - Sonra qalxdı balkona və xanıma baş əydi".

O, xanıma "Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım" deyərək onun qarşısında əyilir, alçalır. Həmin sözləri Qurbanəli bəy qonaqlıqda naçalnikin, əfsərin sağlığına içəndə də işlədir və qeyri-səmimi görünən bu ifadələrlə onlara sədaqətini, fədakarlığını göstərmək üçün canfəşanlıq edir.

Qurbanəli bəyin əsl faciəsi ad günündə pristavın xanımının "Yoxsa sən də fanatik müsəlmanlardansan, onun üçün içmirsən?" qınağından sonra başlanır. Qonaqlıq məclisində rumkanı üskük adlandıraraq özünü gülüş hədəfinə çevirməsi, stəkan tələb edərək içdiyinin qədərini belə itirməsi Qurbanəli bəyin acınacaqlı satirik situasiya ilə üz-üzə qalacağına tam zəmin hazırlayır. Doğrudur, biz yazıçının təqdimatında onun daim sərxoş olması faktı ilə qarşılaşmırıq. Bütün olanlar xanımın ad günündən başlayır, düşdüyü şərait onu bu cür hərəkət eməyə istiqamətləndirir. Bundan sonra Qurbanəli bəyin başına gələnlər ağlın və idrakın idarəsindən kənarda baş verənlərdir. Çünki o, məclis əhlini qonaqlığa dəvət edərkən nökəri Kərbəlayı Qasım yorğunluqdan gedib yatmış və bu məsələdən xəbərsiz olmuşdur. Qurbanəli bəy isə həddindən artıq içib sərxoş olduğuna görə verdiyi vədi unutmuş və tamamilə qonaqlıq məsələsini yaddan çıxarmışdır.

Buna görə də qonaqların gəlişi Qurbanəli bəy və onun ailəsi üçün gözlənilməz olur. Hələ də sərxoşluqdan ayılmayan Qurbanəli bəyi xanımı güclə yuxudan oyadıb qonaqların gəldiyini xəbər verdikdə o, çox çətin situasiya ilə üzləşir. Bu an özünü itirən Qurbanəli bəy çıxış yolunu tövlədə, atların axurunda gizlənməkdə görür. Əksinə, bu yanlış seçim onu gülüş hədəfinə çevirir, özü də hörmət və nüfuzunu qazanmağa cəhd göstərdiyi insanların hədəfinə. Qurbanəli bəy qonaqlıqda at barəsində etdiyi söhbətləri xatırlamış olsaydı, yəqin ki, bu yanlış addımı atmazdı. Özünü vəzifə sahiblərinə və onların xanımlarına qurban verməyə hazır olan "fədakar" tip, doğrudan da, qurbanlığa çevrilir, gülünc vəziyyətə düşməklə onların daxilində süni şəkildə olsa da, yaratdığı Qurbanəli bəy obrazını məhv edir. Doğrudur, biz yazıçının təsvirində onun daim sərxoşluqla məşğul olması, bu zərərli vərdişdən uzaqlaşa bilməməsi faktı ilə qarşılaşmırıq, yalnız pristavın xanımının təkidindən sonra bu yolu seçdiyinin şahidi oluruq. Bununla belə, Qurbanəli bəy belə bir vəziyyətlə hamının hörmət və rəğbətini qazanmaq istərkən nifrətlə üz-üzə dayanmalı olur.

Hətta sərxoşluğu Qurbanəli bəyi tamamilə öz orbitindən çıxarır, onu qəddarlığa sövq edir. O, qulluqçusunu, nökərini, kəndlisini və nəhayət, gecə sərxoş vəziyyətdə evə gələrkən yatmış xanımını "bu xəncəri soxaram sənin qarnına" - deyərək hədələyir.

Yazıçı hekayədə Qurbanəli bəyi müxtəlif zümrələri, təbəqələri təmsil edən obrazlarla qarşılaşdırır. Şübhəsiz ki, Qurbanəli bəyin xarakterindəki buqələmunluğu, qeyri-səmimiliyi göstərmək üçün bu əlverişli vasitədir. Ətrafındakılara tutduğu mövqeyə görə dəyər verən Qurbanəli bəy bu məqamda da zəmanəsinin insanı təsiri bağışlayır.

C.Məmmədquluzadə yaradıcılğında hər kiçik eyhamın, hər sözün və hər bir adın özünün daşıdığı dərin məna və fikir yükü vardır. Bilirik ki, onun əsərlərində adlar təsadüfi seçilmir. Bu məqamda Danabaş kəndi ("Danabaş kəndinin əhvalatları"), İtqapanlı ("Poçt qutusu"), Qapazlı ("Qurbanəli bəy") və başqa irreal məkanları xatırlatmaq yerinə düşərdi. Məhz hekayədə hadisələrin cərəyan etdiyi yerə Qapazlı adının verilməsi müəllif fikrinin düşünülmüş təzahürü kimi ortaya çıxır. Əsər boyu hadisələrin inkişafı prosesində kənd əhlinin çar məmurlarının, pristav və naçalniklərin qapazı altında qaldığının, haqqı və hüququ tapdanan məzlum insanların onların əyləncə və eyş-işrət məclislərinin qurbanlarına çevrildiyinin şahidi oluruq. Hekayədə çar istibdadı altında inləyən Qapazlı kəndinin sakinləri bütövlükdə Azərbaycanın, o cümlədən, imperiyanın təəbəliyində olan xalqların ümumiləşmiş obrazı kimi diqqəti cəlb edir. Qapazlı kəndinin bütün sakinlərinin, hətta qonşu kəndlərdən gələnlərin naçalnikin qarşılanması mərasimində iştirakı, onların tatarı gücü ilə döyə-döyə zorla yallı getməyə məcbur edilmələri, imperiyanın harınlaşmış çinovniklərinin quluna çevrildiyini göstərən acınacaqlı və ürək ağrıdan səhnələri dövrün ictimai-siyasi və sosial mənzərələrini əks etdirən reallıqlardır. Naçalnikin gəlişi qlobal bir hadisəyə çevrildiyindən "çöl işinə gedən" də yoxdur.

Pristavın həyətinin kənarında adam əlindən tərpənmək olmur. Burada da insanlar arasında ayrı-seçkilik salındığından katda, yasavul və qlava mirzələrindən başqa həyətə girməyə heç kəsə icazə verilmir. Əhalinin qalanı isə təpələrə, kəndin kənarına çıxaraq naçalnikin gəlişini səbirsizliklə gözləyir. Yoxsulluq girdabında boğulan sadə kənd adamlarının faciəli həyat tərzi ilə pristavın ailəsinin yaşam tərzi arasındakı tərs mütənasiblik, paradoksallıq dövr haqqında dolğun təsəvvür yaradır. Qurbanəli bəy kimi vəzifəlilər öz mövqelərini möhkəmlətmək üçün var-yoxdan çıxıb, pristavın həyətini bəxşişlərlə doldurmuşlar: "Bir yanda quzular mələşirdi, bir yanda da qıçları bağlı cücə və toyuqlar bağırırdılar".

Yazıçı qısa müddətdə baş verən hadisələri o qədər təbii və inandırıcı təsvir edir ki, oxucu da bütünlüklə bu hadisələrin iştirakçısına çevrilir.

Hekayədə çeşid-çeşid nemətlərə həsrət qalan zavallı insanların faciəsi göz önündə canlanır. Bir tərəfdə ehtiyac içində söyülüb-döyülən, ad günü iştirakçılarının könlünü almaq üçün yallı getməyə sürüklənən yoxsul insanlar, ikinci tərəfdə isə başqasının faciəsindən ləzzət alan yüksək vəzifə sahiblərinin onların başı üstündəki ağalığı. Bütün bunlar tam ziddiyyət təşkil edir, əzən və əzilənlərin qeyri-tənasüblüyünə yol açır. Xalqın min bir əziyyətlə qazandığı sərvət israfçılıq edilərək yadellilərin süfrəsinin bəzəyinə çevrilir: "Bir tərəfdə üç yerə samovar qoyulmuşdu və yanlarında otuz-qırx stəkan-nəlbəki, nimçələr, qəndlər, mürəbbələr, şirin çörəklər, lumu-portaxallar, konfetlər, qurabiyələr və qeyri çay ilə və çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü".

Yazıçı Qurbanəli bəyin xarakterini bütünlüklə oxucuya tanıtdırmaq üçün onu əsasən iki məkanda - qonaqlıqda və öz evində təsvir edir. İlk tanışlıq ad günündən başlansa da, portretin satirik şəkildə tamamlanması prosesi tövlədə, axurda başa çatır.

"Qurbanəli bəy" hekayəsinin ən maraqlı və yaddaqalan hissəsi onun finalıdır. Hadisələri novellavari sonluqla başa çatdıran yazıçı Qurbanəli bəyin faciəli durumu ilə satirik gülüşün sarkazma yüksələn harmoniyasından bitkin və mükəmməl bir final səhnəsi yaratmışdır: Cəlil Məmmədquluzadə sənətinin ecazkar gücü "Qurbanəli bəy" hekayəsində öz qüdrətini göstərmişdir. "Axurun içində guya kəfənə bürünmüş bir şey naçalnikin gözünə sataşdı. Naçalnik yanındakı pristavın əlindən yapışıb yavaşca yeridi axurun yanına və diqqət eləyib gördü ki, axurdakı Qurbanəli bəy özüdür. Bunu görcək naçalnik çəpik çalıb, qəh-qəh çəkib güldü və dedi:

A...a...a... rəfiq, sən burada imişsən!.."

Yazıçı çox böyük ustalıqla hadisələri bu məcraya yönəltmiş və hekayənin gözlənilməz qeyri-adi sonluqla bitməsi üçün maraqlı ədəbi-bədii priyomdan istifadə etmişdir.

Qurbanəli bəyə zamanın hansı prizmasından yanaşsaq, öz xarakterliyi, tipikliyi və orijinallığı ilə Azərbaycan hekayəçiliyində yaddaqalan obrazdır. Yazıçı onun xarakterinin üzdə görünən, ilk baxışda diqqəti cəlb edən səciyyəvi portret cizgiləri ilə yanaşı, batini əqidəsini də danışıq və hərəkətləri, davranışları vasitəsilə aşkara çıxarmağa müvəffəq olur. Qurbanəli bəyi mənfi çalarlarla yüklənmiş bitkin, tipik bir bəy obrazı səviyyəsinə yüksəldə bilir. Ancaq bununla belə, birmənalı olaraq Qurbanəli bəy öz dövrünün, zəmanəsinin "qəhrəmanıdır".

Hekayədə diqqət çəkən məqamlardan biri də qadın obrazlarının təsviri ilə bağlı fərqliliklərin ön plana çəkilməsidir. Əsərdə Qurbanəli bəyin xanımı şəriət ehkamlarına bağlı, itaətkar, müəyyən məhdudiyyətlərlə üzləşən, taleyinin hökmü ilə barışmalı olan bir obraz kimi təsvir edilsə də, bununla belə, o, qayğıkeş, ailəsinə sadiq, Qurbanəli bəyin xarakterindəki çətinlikləri həzm etməyi bacaran vəfalı, təmiz əqidəli, saf mənəviyyatlı Azərbaycan qadınıdır. Lakin onunla müqayisədə pristavın arvadının eqoistliyi, məclisdəki kişilərlə açıq-saçıq söhbətləri "tişe" deyərək ətrafdakı adamlara yuxarıdan aşağı baxması, Qurbanəli bəyi içməyə təhrik etməsi və özünün də onlarla bərabər şərab içməsi kimi səhnələrin təsviri onun fərqli xarakteri, dünyagörüşü və milli mentaliteti haqqında yaxşı təəssürat oyatmır və oxucu tərəfindən səmimi qarşılanmır. Hətta naçalnik ona deyəndə ki, "Qurbanəli bəyə qonaq olaq?" Bu zaman xanımın "Mən çox xoşhallıqla gedərəm. Yaxşı olar. Bəyin arvadını da görərəm. Görərəm necə paltar geyir" deməsi həm də onun özündən razılığı, başqa xalqlara qarşı qeyri-səmimi münasibəti, şöhrətpərəstliyi haqqında tam təsəvvür yaradır. Yazıçı iki xalqın qadın obrazını yaratmaqla onların həyata, cəmiyyətə, insanlara münasibətini, fərqli əxlaqını, mənəvi dəyərlərindəki təzadlarını da nəzərə çarpdırmışdır.

C.Məmmədquluzadənin yazıçılıq məharəti nəinki hadisə və əhvalatların, obrazların yaradılmasında təzahür edir, hətta əsərdə yer alan təbiət təsvirlərinin mükəmməlliyi, ecazkarlığı da yazıçının böyük sənətkarlığından xəbər verir: "Ağacın başından kəndin ətrafı əl içi kimi görünürdü. Bir tərəfdə düzülmüşdülər "Sapıç dağları, dağların ətəyində "Sapıç" kəndi aşkar görünürdü. Kəndin aşağısında "Əhmədxan" gölü ağarırdı. Gölün yanında Hacı Heydərin dəyirmanı və meşəsi daha da aşkar görsənirdi. Dəyirmandan "Qapazlı" kəndinə kimi düzülmüşdülər taxta-taxta yaşıl zəmilər, yoncalıqlar və qara şum yerləri. Bax, görürsən, gah burda, gah orda kotanlar və cütlər şum yerlərini sürürlər".

Yazıçı bu təsviri o zaman verir ki, artıq məclisdəkilər Qurbanəli bəygilə qonaq gəlirlər. "Qapazlı" kəndinin gözəl mənzərələri, dağları, yaşıl ormanları baş verəcək hadisələrə şahidlik edəcək. C.Məmmədquluzadə təbiətin ecazkar gözəlliyi ilə insan mənəviyyatındakı eybəcərliyi qarşılaşdırmaqla qəribə bir antitezalıq, ziddiyyət yaradır ki, bu da yazıçının yüksək professionallığını, kamil bir sənət nümunəsini necə bir ustalıqla qələmə aldığını göstərən mühüm cəhətlərdəndir../525.az/

Gülbəniz BABAYEVA
Filologiya üzrə fəlsəfə doktoru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031