Ayrılıq qırovu düzmə saçıma – İlyas Ərnəfəsin şeirləri

Tarix:1-02-2019, 11:50 Baxış Sayı:142

Ayrılıq qırovu düzmə saçıma – İlyas Ərnəfəsin şeirləri
İlyas Ərnəfəsin hayqırtısı…
Dünyanın bir tənha şairi də olub – İlyas Ərnəfəs. Bu dünyadan ruh kimi, nəfəs kimi çəkilib gedən şair… Köhnə jurnalları vərəqləyirdim, qəfildən bu şeirlər rastıma çıxdı. Birinci şeir "Elm və həyat” jurnalının 1987-ci il, 10-cu sayında, sonrakı üç şeir isə "Ulduz” jurnalının 1990-cı il, 2-ci sayında dərc olunub. Bu şeirlərdən də görünür ki, İlyas Tanrının istedad verib seçdiyi insanlardı. İlyasın o illərdə "Gənclik” jurnalında da bir hekayəsini oxumuşdum. Modern üslubda yazılmış bir hekayə idi. İlyas yaxşı yazıçı ola bilərdi, gözəl şair ola bilərdi… Hər dəfə "Azərbaycan” nəşriyyatının qarşısında onunla rastlaşanda ehtiramla salamlaşıb kefini soruşurdum. Anlaşılmaz sözlər deyirdi. O, bütün istedadlı adamları tanıyırdı. Taleyilə savaşdaydı…
Haralardasan, İlyas Ərnəfəs?.. Dünya dolu tənhalığını tərk edə bildinmi?!

Kənan Hacı


Ayrılıq qırovu düzmə saçıma

Həsrətin alovu qarsdı üzünü,
Uzaq duyğularım yaxdı gözünü,
Çaşdırdı dilin də doğru sözünü,
Ayrılıq qırovu düzmə saçıma.

Gülüşün ağappaq ay işığıymış,
Xəyalın baharın qız baxışıymış.
Baxışın könlümə yaz yağışıymış,
Ayrılıq qırovu düzmə saçıma.

Sözlər də yuyulub çıxdı dodaqdan,
Sığallar meh kimi öpdü yanaqdan.
Yarpaq-pıçıltılar qopdu budaqdan,
Ayrılıq qırovu düzmə saçıma.

Qovuşmaq anında getmək asandı,
Qayıdıb yoxluğa dönmə, amandı.
Qəlbə damcılayan şübhə, gümandı,
Ayrılıq qırovu düzmə saçıma.

Qaraca gözlərin göylərtək uzaq,
Söyləmə, sözlərin sopsoyuq sazaq.
Nə olar, sevdada bir kərə azaq,
Ayrılıq qırovu düzmə saçıma.

Hayqırtı

Uzaqların boyunu ütür
bir bayram gecəsində,
tənha otaq küncündə yanan
qərib qəndil.
Yalqızlıq süzgəcindən keçirdi
qürbətin zorluğu,
yaşanmamış sevdaların göz yaşları.
Oyunlardan bezar dünya
itirdi rahatlığın səmtini.
Pıçıldar qaranlıqlar,
hayqırar aydınlıqlar.
Dinləməz bir kimsə:
– Tərk et, yalqız qəndilim,
otaq küncündəki qəribliyini!
Döyüldü xoş xatirələr
ötənlərin zindanında.
Dəmirçi körüyünə döndü xəyallarım.
Ümidlər yağmadı
göylərin qərib tutqunluğundan.
Qüssələr qərib çətirini açdı
başımız üstə.
Dabanlarımız cadar-cadardı
keçə bilməyəcəyimiz yolların xofundan.
Dar ağacında yellənən insanın
hədəqəsindən çıxmış mavi gözləritək
ümidsizdi dəniz.
Kəsik qola dönüb
sabaha uzanan yollar.
Yüyürür uca dağlar,
qurumuş dəryaların dibsizliyinə
çığırtıların qaytanı kəsir
dünyanın yağır çiyinlərini.
Bircə sən qaldın, yalqız qəndilim,
tərk edəcəksənmi axır,
dünya dolusu tənhalığını?!

Nəğmə

Dənizin hamar üzünü öpür
sahilin çağırış dolu təbəssümü.
Söykənəcəkdi ləpələrin səsinə
Şaqraq gülüşlər.
Gəmilərə ilişib üzən
yosunlardı xoşbəxt.
Göyərtə qapılarının cırıltısıdı
bədbəxtlik nəğməsi.
Darıxır lövbərlər,
dibi göynəyir dənizin.
Qumlar
Qızmar günəşdən dəli-divanə.
Yoxdu dünyada limanlar,
gözləmələrdə
insan baxışlarıdı önümüzü hasarlayan.
Gözlər –
bizdən uzaq oyunların bitməzliyi.
Hədəfə çatmayan zərbəyə dönürdü
get-gedə əllər.
Ayaqlar –
tərk edilmiş sevdaların
uçuq sütunları.
Gözəl xatirələrə
başdaşıdı qayalar.
...Örtə bilmədiyimiz açıq qapılardı
ovuc dolusu azadlıq.
Kimsə görməz,
qarımış qız qədər dərdlidi dəniz.
Ağrılarına sığal çəkmədən
yoruldu dalğalar,
üzüqoylu düşdü sonsuzluqlar.

Şaşqınlıq

Xatırladığım bir şey;
Pillələrlə enirdin
üzündəki mələk təbəssümüylə.
Elə bil sən yox,
çöhrəndəki təbəssümdü mənə sarı gələn.
Bahar ətritək hopurdu pillələrə
hər addım atdıqca
Ayaq səslərin.
Xoşbəxtlikdən başını itirmişdi
məhəccərlər.
Təbəssümdən açıq qalmış
insan dodaqlarına bənzəyirdi
pillələr...

/artkaspi.az/
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ