Qorkinin dostu, Axundovun qohumu

Tarix:30-01-2019, 21:09 Baxış Sayı:205

Qorkinin dostu, Axundovun qohumu
Onu bircə kəlmə ilə təqdim etmək mümkün deyil. Çünki ensiklopedik biliyə və zəngin təcrübəyə malik olan, dövrünün ən məşhur dillərini öyrənən, ağır həyat sınaqları görən Salman Mümtaz həm şair, həm yazıçı, həm publisist kimi fəaliyyət göstərmiş, elmi kitablar və ədəbiyyatşünaslığa dair çoxsaylı məqalələr yazmışdır.

Ədalət Tahirzadənin “Salman Mümtaz” adlı avtobioqrafiq oçerkində o, belə təqdim olunur: “Böyük vətəndaş, yorulmaz araşdırıcı və ərdəmli insan Salman Mümtaz yaşayışıyla, gördüyü işləriylə torpağını və millətini şərəfləndirən azmanlardandır. «Azərbaycan ədəbiyyatı tarixində Salman Mümtaz kimdir?» sorğusununsa qısa cavabı budur: çağdaşları arasında ad qazanmış ünlü şair, yazıçı və jurnalist, 1 500-dən artıq Azərbaycan şairinin irsini min müsibətlə əldə edib onların adını yaşadan böyüt toplayıcı, 100-dən çox Azərbaycan yazarını üzə çıxararaq yaradıcılıqlarını bolşevizmin ölüm saçan ağır senzurası altında da doğru-düzgün təhlil edən, onların əsərlərini tarix boyunca ilk dəfə nəşrə hazırlayan böyük araşdırıcı, misilsiz söz xəzinəmizi 20 adda kitabında, yüzədək məqaləsində el malı edən böyük yazıçı, Azərbaycan ədəbiyyatşünaslığının özülünü qoyanlardan biri!”
Məncə, kifayət qədər ədalətli qiymətdir.

Axundovun qohumu

O, Şəkidə doğulub. 1884-cü ildə. Babası varlı olub. Ancaq ömrünün sonlarına yaxın var-dövləti yanaraq məhv olub.
Oğlu balaca Məhəmməd əmisinin himayəsində qalıb.

Məhəmməd gənc yaşlarında Məşhəd ziyarətinə gedir və qayıdanda yolunu Aşqabaddan salır. Ordan torpaq və mülk ala bilir özünə. Az vaxt ərzində xeyli varlanır. Amma ailəsini Aşqabada aparmaq istəyirmiş ki, qəflətən dünyasını dəyişir.
Onda Salmanın 3 yaşı vardı.
Qorkinin dostu, Axundovun qohumu
Mirzə Fətəli Axundovun uzaq qohumu olan anası Zəhra ağıllı və bacarıqlı qadın idi. Qardaşlarının köməyi ilə Aşqabada gedir və ərinin var-dövlətinə yiyə durur. Az sonra oğlanları Salmanı və Əsgəri də yanına aparır. Hələ onlar balaca ikən adlarına iri bir sandıq ayırır, uşaqlar böyüyənə qədər içini qızılla doldurur. Bu həmin qızıllardır ki, sonralar Salman Mümtaz onları Azərbaycan ədəbiyyatının toplanması üçün xərcləyəcəkdi.
Salman Mümtaz ədəbi sərvətlərimizi toplamaq üçün təkc qızıldan istifadə etmir, demək olar ki, bütün mümkün yollara əl atırdı. Hətta bu barədə onun məşhur bir zarafatı da var: “Kitab verənin bir əli, qaytaranın iki əli kəsilməlidir!”

Amma, təbii ki, maddi imkan ən önəmlisi idi. Yoxsa hər sorağını aldığı mətnin ardınca Azərbaycanın ən ucqar bölgələrinə, üstəlik Dağıstana, Gürcüstana, Ermənistana, Rusiyaya, Orta Asiyaya getmək çətin olardı.

Həmin sandıq sonralar evin bir küncünə qoyulur və təmir işləri ilə məşğul olan fəhlələr onu lazımsız əşya hesab edərək ev yiyələrindən xəbərsiz aparıb atırlar.

Mirzə Ələkbər Sabirlə görüş

S.Mümtaz pərən-pərən düşmüş mənəvi dünyamızı bütövləşdirmək, bir araya gətirmək üçün bütün ömrünü verdi, sonda isə bu parlaq əməllərin əvəzini öz canı ilə “ödədi”.

Onun həyatında dönüş nöqtəsi 9 yaşında – Mirzə Ələkbər Sabirlə görüşündən sonra başladı. Bu görüşdən sonra onun ədəbiyyata sonsuz sevgisi yarandı. Əslində sevgi var idi, sadəcə Sabirlə görüş onu alovlandırdı, üzə çıxardı.

Onun Sabirlə ikinci görüşü 1910-cu ildə baş tutur və böyük şairin tövsiyəsi ilə “Molla Nəsrəddin”ə məqalələr yazmağa başlayır.

Salman Mümtazın təhsili də qəribədir: cəmi 3 ay molla yanında olub!

Ancaq öz üzərində çalışaraq 23 yaşına qədər rus, ərəb və fars dillərini öyrənir və Şərq dünyasının ən əhəmiyyətli kitablarını oxuyur. Onun hafizəsi heyrətamiz dərəcə güclü idi... Türk dillərinə də böyük marağı olduğundan özbək, qırğız və türkmən dillərini də öyrənmişdi.

Elə təxminən həmin vaxtlardan Azərbaycan ədəbiyyatı ilə bağlı materiallar toplamağa başlayır.
Qorkinin dostu, Axundovun qohumu
Onun həyatında ikinci ciddi dönüş Aşqabada da gəlib çıxan “Molla Nəsrəddin” jurnalı ilə tanışlıqdan sonra başlayır və S.Mümtaz tezliklə jurnalın fəal əməkdaşına çevrilir.

«İqbal» qəzeti 1913-cü ildə yazırdı: «Salman Əsgərov cənabları Qafqaziyada vaxtımızın ən müqtədir 11 şairlərindən sayılan bir zat olub, «Molla Nəsrəddin» jurnalında özünün pürməna 12 şeri ilə millətimizin nöqsanlarını göstərir, nicatına yol göstərməkdə qələmiylə xidmət edir».

Mirzə Cəlillə dostluq

1913-cü ildə Salman Mümtaz «Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı» adlı ilk kitabını Tiflisdə Mirzə Cəlilin «Qeyrət» mətbəəsində çap edir və 3 ay bu şəhərdə qalır. Abbas Səhhətlə tanış olur, onun ədəbiyyat bilgiləri dövrünün ən böyük ziyalılarından olan Abbas Səhhəti xeyli təəccübləndirir. İki il öncə dünyasını dəyişmiş Sabirin “Hophopnamə”sini buraxmaq üçün xeyli maddi yardım göstərir.

S.Mümtazın Mirzə Cəlillə dostluğunun tarixi də ilk kitabının nəşri vaxtına təsadüf edir. “Molla Nəsrəddin”in nəşrinə xeyli köməklik göstərir.

Sonralar “Ölülər” əsərinin Aşqabadda səhnələşdirilməsi üçün çox çalışsa da, hökumət bu işə əngəl törədir.

Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalında Salman Mümtaza sataşır da arada! Onu, ölülərlə alvver etməkdə günahlandırır. Ancaq bu, aralarındakı münasibətə xələl gətirmir. Dahi yazıçı rəhmətə gedəndə onun cənazəsini çiynində daşıyan ən yaxın adamlardan biri də Salman Mümtaz olur...

S.Mümtaz Maksim Qorki ilə də yaxın dost olub. SSRİ Yazıçılarının birinci qurultayında o, böyük yazıçı ilə görüşüb. Daha doğrusu Maksim Qorki Azərbaycan yazıçıları ilə görüşüb və bir neçə foto çəkdirib. Fotolarda Salman Mümtaz Maksim Qorkinin yanında əyləşib.

Aldığımız məlumata görə M. Qorki S. Mümtaz üçün Moskvada ev də alıbmış...

Daha bir maraqlı görüş Məhəmməd Fuad Köprülüzadə və Əli bəy Hüseynzadə ilə Türkoloji qurultayda baş tutub.

Köprülüzadə bir daha SSRİ-yə 1950-ci ildə Türkiyənin Xarici İşlər Naziri kimi gəlir və rəsmi şəkildə S.Mümtaz barədə məlumat istəyir. Ancaq onun müraciəti cavabsız qalır.

Müstəqil Azərbaycan

Tacir Salam Əsgərzadə (O, Aşqabadda belə tanınırdı. Mümtaz onun təxəllüsüdür və mənası fərqlənən, seçilən deməkdir) Azərbaycan Demokratik Respublikası qurulan kimi anasını da götürüb Aşqabaddan Bakıya köçdü. ADR üçün canını verməyə hazır idi. Çünki müstəqilliyin necə böyük sərvət olduğunu anlayan çox ciddi ziyalılardan biri idi artıq.

Onun Nuru paşa və Ənvər paşaya həsr etdiyi şeirlər də çox maraqlıdır. Bildiyiniz kimi, o vaxt Nuru paşanın rəhbərliyi ilə türk əsgərləri Azərbaycanın xilası üçün Gəncəyə gəlmişdilər. Salman Mümtaz Şəkidə Nuru paşa ilə görüşüb ona həsr etdiyi “Öyün, vətən” qəzəlini söyləyib...

Ənvər paşaya həsr etdiyi “Ənvəriyyə” müxəməsi də kamil şeir nümunəsi hesab edilir.

O gün millət ki əltafı olub şövkətli sultanın,
Hilalın haləsi qılsın əhatə türk övtanın.

Təfaxür eylə, ey millət, muradın hasil olmuşdur,
Daha əflakə yüksəlməz əninü ahü əfğanın.

Ziyasız rus zülmündən o yüksək ruhun ölmüşdü,
Dökürdü şişəyə hər dəm şərabi-nab tək qanın.

Qızılgül tək açıl, gül, gör ki, türkün şanlı ordusu
Rivaqi-ərşə nəsb etmiş böyük Osmanlı ünvanın.


Salman Mümtaz ADR dövründə mütəmadi olaraq araşdırma-məqalələri ilə mətbuatda çıxış edirdi. Xüsusən “Azərbaycan” qəzetində çap olunmağı özü üçün böyük şərəf sayırdı. Böyük bəstəkar və mütəfəkkir Üzeyir Hacıbəyli ilə yaxından dosluğu onu yazıb yaratmağa və nəşr olunmağa həvəsləndirirdi.

Böyük tədqiqatçı Azərbaycan ağız ədəbiyyatının toplanması və tədqiq edilməsi ilə bağlı komissiya da yaratmış və özü bu komissiyaya sədrlik etmişdir.

Çətin illər

Müstəqillikdən sonra da Salman Əsgərzadə tədqiqatlarından əl çəkmədi. Eyni zamanda bizneslə də məşğul olurdu...

20-ci illərin əvvəlindən «Kommunist» qəzeti ilə əməkdaşlq edən ədib 1925-ci ildə bu qəzetin daimi əməkdaş kimi işə başladı və iki il ərzində 10 kitab çap etdirdi.

1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultaya qatılan, iştirakçılara «Nəsimi» adlı yeni kitabını hədiyyə edən S.Mümtaz artıq akademik Məhəmməd Fuad Köprülüzadə, Samoyloviç, Oldenburq kimi görkəmli alimlərin hesablaşdığı ciddi tədqiqatçı kimi tanınırdı. Həmin il onun şəxsi “Kitabxaneyi-Mümtaziyyə”sinə (şəsxi kitabxana) baxan akademiklər Bartold və Oldenburq buradakı əlyazmaların zənginliyinə və elmi dəyərinə heyran qalmışdılar.

Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun kapitalizməqədərki dövr Azərbaycan ədəbiyyatı bölməsinin müdiri (1929-1932) və Azərbaycan Dövlət Muzeyinin elmi işçisi (1932-dən) S.Mümtaz eyni zamanda 1933-cü ildən «Azərnəşr»in klassik irs şöbəsinin müdiri oldu. 1933-ün fevralından SSRİ EA Azərbaycan Filialın ədəbi irs bölməsində elmi işçi, bir neçə il sonra isə Filialın Dil və Ədəbiyyat İnstitutu ədəbiyyat şöbəsinin müdiri kimi fəaliyyət göstərdi.
Qorkinin dostu, Axundovun qohumu
Və… 1937

İyunun 19-da onu burjua millətçisi və pantürkist kimi tutduğu vəzifələrdən azad etdilər. Ancaq o, yenə də nadir əlyazmaları, kitabları toplayıb araşdırırdı. Uzun illər yorulmaq bilmədən çalışır, arı hər çiçəkdən şirə gətirdiyi kimi, o da əldə etdiyi qiymətli əlyazmaları "Kitabxaneyi-Mümtaziyyə"sinə toplayırdı. Vaxtının əsas hissəsini də orada keçirirdi.

Ancaq Azərbaycan xalqına düşmən kəsilən rejim bunu ona bağışlamadı. 1937-ci ilin 8 oktyabrında axşam saat 11-də yaşadığı Buynakski, 25 (indiki Şeyx Şamil küçəsi) ünvanında siyasi dustaq kimi həbs olundu.

1941-ci ilin 21 dekabrında Moskvadan siyasi dustaqlar barədə ölüm hökmü verildi. Əmrin icrasına təcili başlanıldı və minlərlə insan kimi Salman Mümtaz da qətlə yetirildi.

1956-cı il noyabrın 16-da isə SSRİ Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verildi və ona aid ittihamnamə ləğv olundu.
Bəzi mənbələrdə S.Mümtazın xəstələnərək öldüyü söylənir. Onun ailəsinə verilən ölüm haqqında şəhadətnamədə isə, açıqca Rusiyanın Oryol şəhərində işləyərkən beyninə qan sızdığı üçün vəfat etdiyi qeyd olunur.

Həqiqət isə belədir: Salman Mümtaz əvvlcə Orenburqa, sonra Oryola aparılır. Məlumat üçün bildirək ki, o zaman Oryola tanınmış alimləri sürgün edirdilər. Alman faşistləri Oryolu almaq üzrə ikən Stalinin razılığı və Beriyanın əmri ilə burdakı dustaqlar hamısı güllələnir. Onlara özləri üçün qəbir qazdırırlar və güllələdikdən sonra hərəsini öz qazdığı məzara gömürlər. Bu dəhşətli günün tarixi isə rus mənbələrində 1941-ci ilin 6 sentyabrı kimi göstərlir.

Qətliamın daha dəhşətlisi...

KQB-nin onu son dərəcə diqqətlə izləməsinə baxmayaraq Salman Mümtaz 1920-25-ci illər arası 200-ə qədər klassikimizin hər birini təxminən 25-35 səhifə həcmində araşdırıb bizə təqdim etmişdi. Onun işləməsinə, elə bil ki, qəsdən şərait yaradırdılar. Bir növ, xəzinənin toplanmasına imkan verirdilər ki, hamısını birdən məhv etsinlər.

Onun bir otaq dolu əsərini yandırdılar. Bunu Məhəmməd Kəngərli də təsdiq etmişdi. Zülmlə topladığı arxivi məhv etdilər.

Salman Mümtazın arxivində “Kitabi Dədə Qorqud” da daxil olmaqla 238 əlyazma olub. Bunların içərisində indinin özündə də Azərbaycan ədəbiyyatşünaslığına məlum olmayan divanlar da varmış...

Vaxtı ilə Azərbaycan Şurəvi Respublikası Mərkəzi Komitəsinin katibi işləmiş İman Mustafayev sonralar etiraf edib ki, Salman Mümtazın repressiyasından sonra onun arxiv materialları DTK binasının həyətində balaca təpəcik kimi qalaqlanmışdı. Hətta bu dəyərli materiallardan DTK-nın yeməkxanasında peraşki bükmək üçün də istifadə olunduğu söylənir. Bir nəfər varağın yazılı tərəfinə diqqət edəndə onun Füzulinin divanından bir hissə olduğunu görür...

Ancaq “Qantəmir tükü haqqında” məqaləsi, Şəkixanov haqqında xüsusi qeydləri, M.Ə.Sabirin ilk “Taziyanə”si, “Həqiqət” qəzetində “Təbib və ya xəstə” adlı yazısı, Azərbaycan Dövlət Nəşriyyatı ilə müqaviləsi, şeirləri, məktubları, qəbzləri bu gün onun şəxsi fondundadır. Onların bir hissəsi isə Füzuli adına Əlyazmaları İnstitutunda saxlanılır...

Xatirə

Salman Mümtaz ədəbi irsimizi yalnız toplamaq və araşdırmaqla kifayətlənməyib, həm də onu geniş təbliğ edib. 23 ilin içində o, 20 adda kitab buraxdırıb. Salman Mümtazın elmi irsi həmişə yüksək qiymətləndirilib. Ancaq həbs edildikdən sonra əlyazmaları yağmalanıb, oğurlanıb, ondan oğurlanan əsərlərin “asayişi” üçün Salman Mümtaz adını unutdurmağa çalışdılar.

Haqq nəzilər, üzülməz deyib atalar...

Azərbaycan ikinci dəfə müstəqillik qazanandan sonra bu fədakar insanın irsi öz layiqli dəyərini aldı.

Hətta qardaş Türkiyədə də bu ad şərəflə anılır. Cümhuriyyətin Milli Kitabxanasında onun xüsusi guşəsi vardır.

1996-cı ilin 17 sentyabrından Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi Salman Mümtazın adını daşıyır.

Ailəsi

Salman Mümtazın həyat yoldaşı Zeynəb xanım öz həmyerlisidir – Şəkidəndir.

Oğlu İsgəndər atasının repressiyasından sonra Moskvanın Rəssamlıq Akademiyasının 5-ci kursundan, qızı Şəhla xanım isə Bakı Dövlət Universitetinin kimya fakültəsinin 2-ci kursundan qovulur.

Şəhla xanımın oğlu, Salman Mümtazın nəvəsi Urxun Qalabəyli şərşünasdır və Salman Mümtaz irsinin tanıdılmasında xeyli zəhmətlər çəkib.

Şəhla xanım da atasının haqları üçün şox əziyyət çəkib, hətta Xruşşova müraciət edib. Bu müraciətlərin nəticəsi olaraq Salman Mümtazı tamamilə unutdurmaq mümkün olmayıb.

Daha bir maraqlı fakt araşdırmaçı Rasim Tağıyevlə bağlıdır. O, Salman Mümtazın məqalələrindən ibarət maraqlı bir kitab dərc edib.

Daha bir ilginc fakt

Mircəfər Bağırov Salman Mümtaza müraciət edərək, ondan bir əlyazma hədiyyə istəyir. Nə qədər inanılmaz olsa da, S.Mümtaz “Əlyazma hara, Bağırov hara?” – deyə, sərt cavab verərək, bu hədiyyəni verməkdən imtina edir. Ancaq qızıl pula aldığı Nəsimi Divanını təmənnasız olaraq “Ermitaj”a bağışlayır. Məhz buna görə də bu qiymətli xəzinə 30-cu illər repressiyasından salamat çıxa bilir.

Bu fakt bir daha sübut edir ki, S.Mümtazın topladığı əlyazmalara münasibətində əsas amil bu idi: onları gələcək nəsillərə çatdırmaq!

Sonluq

Şübhəsiz, kiçik bir yazı ilə Salman Mümtaz şəxsiyyətini, həyatını və onun geniş yaradıcılığını əhatə etmək qeyri-mümkündür. Biz sadəcə olaraq özünü Azərbaycan ədəbiyyatına fəda etmiş bu böyük insan barədə ən vacib məqamlara qısa şəkildə toxunmağa çalışdıq..

Onu unutmaq olmaz!

Ədalət TAHİRZADƏ
Qiymət MƏHƏRRƏMLİ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ