Çox yaşadım - 50 yaşın 50 şeiri

Tarix:23-01-2019, 12:30 Baxış Sayı:293

Çox yaşadım - 50 yaşın 50 şeiri
MANERA.AZ şair-publisist Ehtiram İlhamın 50 illik yubileyi münasibəti ilə 50 şeirini təqdim edir:

AVTOPORTRET

Bu adam sevmədi özünü,
Özgələrini sevdi amma…
Ömründə bir xoş gün görmədi,
Əzablı günlər gördü amma.

Başına uçuldu tikdiyi,
Fil çəkəmməyəndi çəkdiyi.
Tumurcuqlamadı əkdiyi,
Gül-çiçək açdı dərdi, amma...

Qaçmasa da bir yol sözündən,
Qaçdılar hər yerdə özündən...
Qarışqa idi öz gözündə,
Başqaları bir devdi amma.

Dözüb də hamının nazına,
“Hə” dedi hər şeyin azına.
Can deyib oğluna, qızına,
Çörək yox, ürək verdi amma.

Bəlkə də heç baxtlıq deyilmiş,
Bugünlük, sabahlıq deyilmiş.
Ölüb yaşamaqlıq deyilmiş,..
Bəlkə yaşayıb öldü amma.


***
Bir sərsəm, havalı könul istəyir –
Qoşa bu ömürün dəli şeirini.
Dagların dumanı qoynuna ala,
Oxşaya səhərin yeli şeirini.

Ağrı elə doğma, dərd elə şirin...
Hər yerdə, həmişə tutar bir-birin.
Torpağı yad əldə qalan şairin
Kim təpər təpər ölü şeirini?!

Baxtından yarıyan ozan olurmu?
Ozan söyləyəni yozan olurmu?
Bitdi... daha bir də yazan olurmu –
Akif Səməd, Şaiq Vəli şeirini.

Mən sözün rəngində, səsində azdım,
Qələmin ucuynan gorumu qazdım.
Yazdım – ürəyimin qanıyla yazdım,
Bu əlli yaşımın əlli şeirini.
01.01. 2019

AY VƏTƏN

Yenə ən yanıqlı bir nəğmə kimi
Adın dodaqlarda, Vətən, ay Vətən…
Səndə çörəyini tapa bilməyən
Gəzdi iraqlarda, Vətən, ay Vətən.

Olubsan çəkənə dərdi verən də,
Dərdə yuva imiş dərdli sinən də…
Bahara dönürsən adın gələndə,
Qarda, sazaqlarda, Vətən, ay Vətən.

Sən böyük ruhların savaşlarında,
Sevdalı canların təlaşlarında,
Yadıma düşərsən göz yaşlarında,
Höyüş yanaqlarda, Vətən, ay Vətən…

Göyləri alıbsan, tutubsan yeri,
Heç açan olubmu səndəki sirri.
Bir Vətən yaşadır orda hər biri, –
Səndən uzaqlarda, Vətən, ay Vətən.

Sən – azın çoxusan, sən – çoxun azı,
Tək sənə sarıdı hamının üzü.
Verdin Ehtirama ilhamı, sözü –
Qaldı varaqlarda, Vətən, ay Vətən.

BİR AZCA

Mən adam acıyam, dostum,
Gəl səndən dadım bir azca.
Bir azca savab eləyib,
Günaha batım bir azca.

Nə mübarək camalın var,
Al, məni dünyamdan qopar.
Haman dərdlərimi qaytar,
Qurusun matım bir azca.

Gəl, yenə düşüm azara,
Mən azarlı üzüqara.
...Başımı qoşum başlara,
Başımı qatım bir azca.

Hər saz xalında, gülündə,
Hər kəs yurdunda, elində.
...Bir halal adam dilində
Çəkilsin adım, bir azca.


***
Allah! Allah! Nə havadı –
Belə qaynayan qanımda?
Zamanmı mənimlə deyil,
Ya mən yoxam zamanımda.

Ora haradı – söz gedə,
Haqqı göstərə güzgüdə.
Gözüm dörd oldu... özgə də
Nə gördüm ki, dörd yanımda?

Kiməmsə, odur şeirim də,
Belə tanıyıb görün də.
...Canım ağrıyan yerimdə –
Ağrımın yeri canımda.

O DA MƏN YAŞDAYDI...

46 yaşımın tamamından bir neçə gün sonra oğlumun 11 yaşı olasıydı. Yadıma düşdü ki, atamı itirəndə mən oğlum, atam isə mənim indiki yaşımdaydı – 1980-ci ildə.

Mən də sən boydaydım o vaxtı, hələ
Ağlım da başdaydı baban gedəndə.
Gücüm çatannan da, çatmayannan da
Dava-dalaşdaydım baban gedəndə.

Yıxıldım, qalxmadım bir də heç zaman,
Qaldım boynubükük elə o vaxtdan.
Alnıma bir qara xətlə yazılan
Baxtnan barışdaydım baban gedəndə.

Bir də doğmayacaq xoş sabahlarda,
Qalxan nalələrdə, qopan ahlarda,
Yolunan saçlarda, nəm yanaqlarda,
Quruyan yaşdaydım baban gedəndə.

Mən onun yaşına yetişdim axır,
Beləcə, başladı təzə bir nağıl...
...Elə sən boydaydım o vaxtı, oğul,
Elə sən yaşdaydım baban gedəndə.
17.12.2014


***
Daha söyləməyə nəsə qalmadı,
Qoy bu sözümü də deyim müxtəsər.
Qələmi sınaydı yazı yazanın –
Nə yazı oxunur, nə də ki, dəftər.

Andıra qalmışlar birdi, beşdimi?
Daha gözlərimdə hər şey heçdimi?
Kiminsə yadına adım düşdümü,
Məni kimsələrdən aldımı xəbər?

Dərdləri it kimi düşüb dalımnan,
İstədi çıxarda məni halımnan.
Onu bacardım ki… ölüm-zulumnan
Çulumu çıxartdım sudan birtəhər.

Sazda inildəyib, göynədim neydə,
Xəlbirim ələnib, fırlanır göydə.
Daha o şövqündən düşüb ürək də –
Daha Ehtirama nə yol, nə səfər.


***
Şükür deyərsiniz – birtəhər çıxsam
Bu gündən fevralın onuna kimi.
Bir quru cəsədəm – uçmuş ruhumnan
Ağrıdan inləyən canıma kimi.

Fələkdən saymadım, fələk saymadı,
Mənə haqq elədi heç nə qıymadı!..
Aldı nəyim ki var, gözü doymadı,
Sordu iliyimdən qanıma kimi.

Nələr arzuladım, nəymiş qismətim,
Özümə çatmadı özcə söhbətim.
Mən daha kimnənsə barışam çətin –
Ərşin sultanından, xanına kimi.

Vaxtmı hesablayım, məqammı güdüm,
Hardan gəlmişdim ki, hara da gedim?
...Sonuncu sözümü birinci dedim,
Birinci sözümün sonuna kimi.

Alçaq könüllərdir ən uca yerim,
Nə yurdum bəllidir, nə sərhədlərim.
...Yanından yol alıb gedən dərdləri
Gələr Ehtiramın yanına kimi.


***
Yaman çox yaşadım mən bu ürəknən,
Sənə dağ çəkmişəm – duydum, ay canım.
Ağıl ucbatından kef eləmişəm,
Özüm öz ağlıma taydım, ay canım.

Hacdan, ziyatətdən gəlməmişəm ha,
Dünənim nə üznən çıxsın sabaha?
Savab eyləməklə batdım günaha,
Özümü adammı saydım, ay canım.

Küləyə sovurdum ömrü dən kimi,
Olmadım nəfsimin bir gün hakimi.
Düşmənin adama etmədiyini
Mən özüm özümə qıydım, ay canım.
18.10.2013

NƏDİSƏ

Səninki saz çalmaq deyil,
Ayrı aləmdi, nədisə.
Sinən üstdən qopan haray,
Dərddi, ələmdi nədisə.

Belə ürək ki, var səndə,
Alışıb yanarsan gündə..
Can ha qalmaz eşidəndə,
Haradı, kimdi, nədisə...

Nə güllüdü gülüstanın,
Baldı hər sözün dastanın.
O tufan qoparan canın
Eşqə həmdəmdi, nədisə.

Ax bu qara saz, qara saz...
Könüllər yaxmaqdan doymaz.
Ehtiramda təpər qoymaz,
Cadu, tilsimdi, nədisə.


***
Adam çağırıldı mənim də adım,
Mən bu adamlıqdan heç yarımadım.
Gəzdim qarış-qarış, addımbaaddım,
Adamdan bir xəbər alınca qaçdım.

Adam görkəmində, adam biçimdə,
Adam sevgisində, adam gücündə,
Adam axtarıram adam içində,
Adama həsrətli qalınca qaçdım.

Adam ki, gəlmirsə adam belindən,
Tutulub asılmaz adam dilindən.
Adam olammıram adam əlindən –
Bu daşı başıma salınca qaçdım.

Tamarzı qalsam da düzün dalınca,
Getmədim çörəyin, duzun dalınca.
Qaçmadım şeirin, sözün dalınca,
Mən adam olmağın dalınca qaçdım.


***
İçimə qorxu yeriyir,
Canımın yağı əriyir,
Qaçır, dalımca yürüyür –
Kor əcəl girləyir məni.

Ömrümə qənim ömrümə,
Dərd dolu mənim ömrümə,
Ələnir həmin ömrümə
Qar, əcəl girləyir məni.

Yaxşı bilmir, yaman bilmir,
Vaxt tanımır, zaman bilmir.
Rəhmə gəlmir, aman bilmir,
Bir əcəl girləyir məni.

Ötür həzin-həzin tütək,
Darayır saçımı külək.
Dur, yapış əlimdən bərk-bərk,
Yar, əcəl girləyir məni.

ANAMA YAZDIQLARIM

1.

Məni ən çox istəyənim,
Ən çox istədiyim adam.
Gözümü açıb dünyada
Ən öncə gördüyüm adam.

Evim, qalam, bürcüm, dağım,
Arxam, önüm, solum, sağım,
Mənim ən çox yaşatdığım –
Ən çox öldürdüyüm adam.

Qanadın üstümə sərib,
Nəyi varsa, mənə verib.
Dərgahı səcdəmin yeri –
Allahım dediyim adam.

2.

Məni ovudarmı xatirələrin –
Səni xəyallarda anıram indi.
Nəfəsin qoymazdı dərd mənə bata –
Dərdimnən canımı yenirəm indi.

Sən vardın, dünyada hər şeyim vardı,
Ömrüm də, günüm də güldü, bahardı.
İndi haman dünya ruhuma dardı,
Özümü kimsəsiz sanıram indi.

Sənsiz nə ünvanım, sənsiz nə adım...
Halıma acıyır uzağım, yadım.
Vaxtında başına dolanammadım,
Qəbrinin başına dönürəm indi.

3.

Bir ana yaşardı bir vaxt sən adda...
Nisgilin qaldımı görən həyatda?
Sızladı, göynədi qohum da, yad da,
Fəryad qopardılar ölümünə də.

Qapından girmədi nə haram, nə şər,
Nə küsüb incidi səndən bir bəşər.
Sağ ikən özünə həsəd çəkdilər,
Həsəd apardılar ölümünə də.

Nə qəfil yetişdi axır güzarın,
Son anda yenmədi yenə vüqarın.
Quş tək uçmasaydın, gül balaların
Əlac tapardılar ölümünə də.

4.

Üzümdə su yoxmuş, içimdə qəhər,
Qalmadı canımda nə güc, nə təpər.
Bu qansız dünyayla qaldım bərabər,
Yaşadım, ay Ana, səndən sonra da...

Yapışıb qolboyun dərdnən, amannan,
Qurtardım biryolluq dinnən, imannan.
Ağrıyan ürəknən, titrəyən cannan,
Yaşadım, ay Ana, səndən sonra da...

Elə dünənəcən Sən də vardınmı?
Oğlunla, qızınla bəxtiyardınmı?
Sən mənsiz bircə an yaşayardınmı? –
Yaşadım, ay Ana, səndən sonra da...

Sənsiz bu gündümü, bu həyatdımı?
Dözüb dayanıram, zarafatdımı?
Xəbərin oldumu… Ruhun şaddımı? –
Yaşadım, ay Ana, səndən sonra da...

ADAMAM

Fələk məni yenəmməzdi bu boyda,
Mən bu dərddən yaralanan adamam.
Dərd ömrümü dən yerinə üyüdüb,
Bu dərdimlə uralanan adamam.

Xoş gün məndən qaçaq düşüb, gizlənib,
Dərd içimdə əzizlənib, süslənib.
Qoşa dərdi düyünlənib, düzlənib
Sinəsində sıralanan adamam.

Bu nisgildən səssiz-səssiz ötürəm,
Bu qəmlərin çiskinində itirəm.
Bu kədərin kölgəsində bitirəm,
Bu dərdimdən havalanan adamam.


***
Dərddən yol aldı dünyaya,
Yaşamaq istədi guya.
Göz açdı Günəşə, Aya,
Boylandı-boylandı, gördü –

Bu Allah bəndəsi.
Baxmadı dayaz-dərinə,
Boyun əydi qədərinə.
Əzabına, kədərinə,

Ağladı, sızladı, güldü –
Bu Allah bəndəsi.
Canında qalmadı canı,
Olmadı bir sirr açanı.

Bir-bir əlinə keçəni,
Taladı, dağıtdı, böldü –
Bu Allah bəndəsi.
Nələr dolandı başında,

Üşəndi öz təlaşından.
Bir cavan oğlan yaşında,
Yaşadı, yoruldu, öldü –
Bu Allah bəndəsi.


***
Haçandı küsüb, inciyən,
İlhamım üzümə baxdı.
Şeir yazmaq istəmirdim,
Bir işdi əlimdən çıxdı –
Yazın ömrümə, qardaşlar.

Qanımı sümürüb içən
Fələklə öcüm çatmırsa,
Yetmirsə heç nəyə əlim,
Heç kimə gücüm çatmırsa,
Kəsin ömrümü, qardaşlar.

Mən elə Allah bəndəsi,
Tanrının xəbəri olmaz.
Nə gəlir, qoy mənə gəlsin,
Kimsəyə xətəri olmaz…
Yazıq ömrümə, qardaşlar.

Gördünüzmü hardan gəlib,
Yol aldı hara güzarım?
Qazdığınız quyu var ha
Qoy olsun axır məzarım, –
Qazın ömrümə, qardaşlar.


***
İlhamın başdaşındakı yazı

Atanı, ananı görmək istədin –
Atana, anana qurban olum mən.
Axır mənzilinə belə tələsən
Ömür karvanına qurban olum mən.

Olmadı çəkdiyin dərdin əlacı,
Sızladı qardaşın, göynədi bacın.
Sən idin bir nəslin başının tacı,
Adına, sanına qurban olum mən.

Şirin xatirəyə döndü hər anın,
Qurumaz göz yaşı o üç balanın.
Rahatlıq tapdımı ağrıyan canın?
Ağrıyan canına qurban olum mən.

İLHAMIN

Torpağın altına köçəndən bəri
Bağrımın başıdı yeri İlhamın.
Bu dünya boydadır, – bitib tükənməz
Adı, xatirəsi diri İlhamın.

Təpərdən, dözümdən qalmadı heç nə,
Ürəkdə arzumdan qalmadı heç nə.
Özümə özümdən qalmadı heç nə –
Yarı İlhamındı, yarı İlhamın.

Nə çəkdi, nə çəkdim bəxtin əlindən,
Ruhudur canından canıma köçən.
Daha iki ömrü yaşayıram mən –
Biri Ehtiramın, biri İlhamın.

YEDDİ OĞUL İSTƏYİRƏM…

Vuruşlarda keçdi cavan ömrü-günü,
Əzəl gündən yurda eşqi, haqqa yönü,
Millətinin bağrıyanıq dərdlərini
Haray çəkib bitdə-bitdə ötdü oğul.

Bir kor zülmət bürüsə də dörd bir yanı,
Bəbəyində işıqlanar sübhün danı.
Bir məsləkə qurban deyib şirin canı,
Bircə yolla addım-addım getdi oğul.

Nadanların əvəzinə ar etməyə,
Gen dünyanı yaltaqlara dar etməyə,
Millətini yaşatmağa, var etməyə
Yeddi oğul istəyirəm, yeddi oğul!


***
Nə oyunlar açdılar,
Başına bu Vətənin.
Yüz il qabaqkı xalqdı,
Durub, dayanıb həmin.

Bu sevdalı oğullar
Əzab çəkirlər yenə.
Nə yatanlar oyandı,
Oyaqlar qalxmadı, nə...

Burda həyat məhbəsdi,
Orda məhbəs həyatı.
Kimlərin əlindədi
Kimin müqəddəratı.

Nə millətdə insaf var,
Nə başçıda mürüvvət.
İmansızlar əlində
İnildəyir məmləkət.

Hələ harasıdı bu?
Hara üz tutub zaman?
...Könlümə nələr düşdü,
Yenə darıxdım yaman.


***
Olumlu dünyadan hər gün gedirik,
Ölümlü dünyaya gəlirik hər gün.
Hamı gördüyünü görə bilmirik,
Heç kəs görməyəni görürük hər gün.

Hər gün işlərimiz tərsinə dönür,
Hər gün işlərimiz avanda çııxır.
Yolumuz üstündə çıralar sönür,
Yolumuz dalınca balalar baxır.

Hər gün söz aldadır səni dünyada,
Hər gün can atdığım bir qara sazdı.
…Bəxtəvər başına, mən ağıldasan,-
Səngünlü Ehtiram, İlham Tumas


***
Çox da ki, çəməni çiçək-çiçəkdir,
Dərib qoxlamaram, gül orucuyam.
Elə odlandırıb közüm qalmayıb –
Bir ocaq yerində kül orucuyam.

Könlümə arzular dolandan bəri,
Bircə istəyimi görmədim diri.
Şeytanın əlinə verib günləri,
Mən ay tamarzısı, il orucuyam.

Yenə bürüyübdü dağlarını çən,
Torpağı tökülən qanla ölçülən,
Bütövlük istəyən bir halal Vətən,
Halallıq diləyən el orucuyam.

SİZƏ DOST DEDİYİM GÜNDƏN

Mənə hələ bu da azdı,
Kaş görməzdim, tanımazdım.
Yolumu-izimi azdim
Sizə dost dediyim gündən.

Səbir getdi, əsəb qaldı,
Ağrı gəldi, əzab qaldı,
Kin oyandı, qəzəb qaldı
Sizə dost dediyim gündən.

Sinəm oxlandı, dağlandım,
Yüküm yoxlandı, saxlandım.
Gözüm bağlandı, haxlandım
Sizə dost dediyim gündən.

...Bu da belə tale, gərdiş,
Qadanızı alım, dərdiş.
Mən sizə yol gedirəmmiş –
Sizə dost dediyim gündən.


***
Mən geyinə bilmədim
atamın paltarını,
Sən geyinə bilərsən…
üç-dörd il də sağ qalsam.
Eynimə almamışdım
heç vaxt dünya varını,
Tək bircə arzum vardı –
o da gözümdə qalan.

Mən onda balacaydım...
elə istəyirdim ki,
Böyüyüb onun təki
bir geyinəm-keçinəm.
Bir məni də çəkələr
yuxarı – atam kimi,
Oturub onun kimi
mən də bir yeyib-içəm.

Geyinmək istəyirdim
onun geyindiyitək,
Sadə, təmiz, ütülü,
şık boyuna yaraşan.
Vüqarlı, qaməti şax,
şah yerişli... və titrək –
İşi-gücü, qayğısı,
dərdi başından aşan.
Mən səndən balacaydım,
sən məndən böyüksən ta,
Ta atamın yaşını
keçib adlamışam mən.
Mən heç vaxt deyəmmədim:
– Qoy bunu geyim, Ata!
Sən rahatca deyərsən...
qismət olsa ömürdən.


***
Tanrım, kim imiş bu millət?
Nəymiş bu boyda rəzalət?
Yetişirmi son qiyamət? –
Yaxşı olmayacaq heç nə...

Hər zülmə boyun əyilib,
Hər zülmətə göz döyülüb,
Hər şeyə "şükür" deyilib,
Yaxşı olmayacaq heç nə...

O unudulan Allahnan,
Bu boyda qansız günahnan,
Bir belə nəfs-tamahnan
Yaxşı olmayacaq heç nə...

...Çörəyinin duzunnandı,
Torpağının üzünnəndi.
Xudam, rəhm özünnəndi –
Yaxşı olmayacaq heç nə?..

GEDİR

Çörəklə sınağa çəkirlər.... burda
Yaşamaq uğrunda bir savaş gedir.
Əli yer tutanlar dartır ayaqdan,
Hamı bir-biriylə başabaş gedir.

Yayı qış kimidir, qışdır yazı da,
Ötür kamanı da, dinir sazı da,
Gedir dəlisi də, ağıllısı da,
Kimisi bərk gedir, kim yavaş gedir.

Haqdan el çəkilir, eldən bərəkət,
Candan can ayrılır, candan hərarət,
Dildən söz tükənir, sözdən həqiqət,
Başçı oğru olur, oğru baş gedir.

Yenə qaynamada örtülü qazan,
Yenə qurulmada bir taxtı-divan.
...Bu fani ömürdən, bu boş dünyadan
Deyərsiz, Ehtiram əliboş gedir.

BİR “QARAÇI” ÇAL

Aşıq Xanlara

Dünyamı doğrudur, mənəmmi yalan?!
Bezimmi taledən, küsümmü baxtdan?
Toyu yasa dönən, vayda çalınan –
Toyum-düyünümdü, bir "Qaraçı" çal.

İndi səndən özgə kimdi pənahım?
Dünənin əlində yesir sabahım.
İçimdə boğulan fəryadım, ahım –
Səsimdi, ünümdü, bir "Qaraçı" çal.

Məni özüm boyda günahdan asın,
Sinəmin dağını sinəmə basın.
Bu "El havası"ndan el havalansın –
Qaraçı günümdü, bir "Qaraçı" çal.

Dərd kəsə danışır, sözü uzatmır.
Xoş gün ha əlləşir, ruhuma yatmır.
Daha "Baş Sarıtel" dadıma çatmır –
Ağrıyan canımdı, bir "Qaraçı" çal.
1994


***
Mənə söz ha qoymadın,
Çıxdı yadımdan adım.
...Axır arzuma çatım –
Qoy havalanım, dərdiş.

Şeirin əlimdən tutar,
Məni dartıb aparar.
Sökdün içimdə nə var,
Yandı hər yanım, dərdiş.

Eşq uca, ömür fani,
Səsin tutar hər yanı.
Eyy... Qayıblı Xaqani –
Qeybdən Xaqanım dərdiş.

Nə bəxtəvər adamam,
Dostun sözündə varam.
Bu İlhamsız Ehtiram
Olsun qurbanın, dərdiş!


***
Necə bəxtəvərdi, necə bəxtiyar...
Əl çatıb, ünyetməz bir aləmi var.
Sevən könüllərdə tufan qoparar,
Sənin əllərinlə yazılan şeir.

Şeirin də üzünə günəş doğarmış,
Şeirin də üstündə Allahı varmış.
Ürəkdən üzülüb, candan qoparmış
Sənin əllərinlə yazılan şeir.

Off... şeirin əlindən kimlər nə çəkdi.
Hələ bir kimlər də nə çəkəcəkdir?
Sənin əllərinə su tökəcəkdir
Sənin əllərinlə yazılan şeir.

Haqdan nazil olub, haqqa varmaqda,
Ad ilə güllənsin, sevinsin haqq da.
...Özünə oxşayıb göyçək olmaqda
Sənin əllərinlə yazılan şeir.


***
Sən məni bağışla çəkdiklərimə,
Mən dərdin, kədərin oğluyam, oğlum.

Alın yazımdadı bu can məmləkət,
Bir dağılmış yerin oğluyam, oğlum.

Gecələr beyqafıl zənglə çalınan
O qara xəbərin oğluyam, oğlum.

Bu miskin canımı çığnayıb keçən
Ruhu dərbədərin oğluyam, oğlum.

Gedirəm, az qalır mənzil başına,
Bir yorğun səfərin oğluyam, oğlum.

Niyə gözlərimə tor gəlir, mən ki,
“İşıq” Ələkbərin oğluyam, oğlum.
28.04.2018


***
O nə yazı idi, bu nə tale-baxt?
Bu yazını oxu, o qismətə bax.
Heç…nə yazdığımı bilmədim çox vaxt –
Hər dərdi içimdən keçirib yazdım.

Kor olmuş gözümlə hər şeyi görüb,
Beşəlli yapışdım...Şükür söyləyib.
Hər misradan ötrü canımı verib,
Hər sözə qanımı içirib yazdım.

Yersiz haytalanıb, haqsız çoşmadım,
Sözün hüzurunda həddim aşmadım.
Nağıl uydurmadım, dastan qoşmadım –
Başıma gələni köçürüb yazdım.

BƏSDİ

Bərəkətli olsun, a dərd paylayan,
Verdiyin doldurub odamı, bəsdi.
Mənim odlanmağım azdımı sənə?
Özgəsi alışır oduma, bəsdi.

Mən yaz görmədim ha… qış yaşadım, qış,
Üstümə qar döydü, çilədi yağış.
Nələri yadımdan çıxardammamış,
Gör kimləri saldın yadıma, bəsdi.

Könül həyanından bircə şey istə,
Şəhriyar saz çalsın aram, ahəstə…
Yanıqlı bir “Məmmədbağırı” üstə
Bircə şeir deyə adama, bəsdi.
27.02.2018

HEYRAN

Şeiri sən deyəndə müsibət olur,
Sən sözün dəlisi, söz sana heyran.
Haqdan oxuyursan, haqdan deyirsən –
Haqqın yolçusuyuq biz, sana heyran.

Səni hər görməyə içim atdanır,
Gözüm işıq görür, dilim daddanır.
O qara sazından bağrım oddanır,
Çatdığın o ocaq, köz sana heyran.

Bir toydu, bayramdı saznan hər görüş,
“Kişinin başına gələndi hər iş”.
Bəxtəvər başına, Elməddin, dərdiş,
Sən saza heyransan, saz sana heyran.

NƏSİR ƏHMƏDLİYƏ

Gözünə ağ salıb,
Gözə gələn kişi.
Gözünü bağlayıb,
Gözü görən kişi.

Sözünə düyülüb,
Sözündə döyülüb.
Sözündən öyülüb,
Sözü bilən kişi.

Üzünə baxmayıb,
Üzündən saxlayıb.
Üzündə ağlayıb,
Üzü gülən kişi.

Özünə qısılıb,
Özündə basılıb.
Özündən asılıb,
Özü ölən kişi.
26.06.2002

AYRILIQ

Axır gəlib yetişdi…
Bu da bir cür görüşdü.
Sevdan boyda, nə işdi –
Əzab verib ayrılıq.

Olacaqdı, ya nədi,
Qorxduğumuz əbədi –
Bir kövrək xatirədi,
Bir də qərib ayrılıq.

Daha hər axşam-sabah
Dilimi yandırar ah…
Mən indi gördüm, Allah,
Nələr görüb ayrılıq.

Azıb da izimizi,
İtirdik özümüzü.
Bu gəlirdi əlindən –
Axır ayırdı bizi,
Bu şoğərib ayrılıq.


***
Kimə istəyirsən özünü sırı,
Kimə qalacaq ki dünyanın varı…
Get tovla, yolundan çıxart dostları,
Mən səni itirmək istəmirdim, dost.

Çox dözdüm, mənimki keçib səbirdən,
Gözüm nurdan düşüb, canım təpərdən.
Göydə Allah bilir, yerdə isə mən –
Mən səni itirmək istəmirdim, dost.

İtir yaddaşından olub-keçəni,
Dostunu düşmən gör, dost bil düşməni.
Mən Vətən bilirdim az qala səni…
Mən səni itirmək istəmirdim, dost.

Bas-bağla, hər sözün əfsanə, nağıl,
Yalan söyləməkdən dillərin yağır.
…“Onsuz da hər şeyin itiyi ağır” –
Mən səni itirmək istəmirdim, dost.

OLURAM

Ta ağız açmaram dosta-qardaşa,
Şapalaq qızardan üzdən oluram.
Ağrılar başımı elə qatıb ki…
Oğuldan oluram, qızdan oluram.

Pozulub əhvalım, dönüb zamanım,
Nə hissim qalıbdı, nə həyəcanım.
Günün istisində titrəyir canım,
Üstünümü qış alır, yazdan oluram.

Şərin kandarına ayaq basmadım,
İçimdən gəlməyən kəlmə yazmadım.
Atalar demişdi… qulaq asmadım –
El üçün ağlayıb, gözdən oluram.
01.05.2018


***
Səni sevənlərin könlündə hər vaxt
Bir arzu kimisən, istək kimisən.
Başının tacıdır – öz dostlarına
Bir arxa kimisən, kömək kimisən.

Ağrıya-acıya sinə gərənsən,
Çətinə düşənə yol göztərənsən.
Çörəkli kişisən, çörək verənsən –
Halal duz kimisən, çörək kimisən.

Səndən nəsə demək gəlməsin asan,
Tanrıdan taleyə düşən paydasan.
Təpəndən-dırnağa ürək boydasan,
Sən başdan- ayağa ürək kimisən.

MƏNİ İSTƏMİRƏM BAĞIŞLAYASAN

…Özgələri biçdi mən əkdiyimi,
Əməlim qaradır üzümlə birgə.
Dağ da çəkəmməzdi mən çəkən dərdi,
Sənə də çəkdirdim özümlə birgə,
Məni istəmirəm bağışlayasan.

Çığıra-çığıra qalmışam daha,
Ortada dolaşan bir dəli kimi.
Qurban ürəyinə, batma günaha,
Bütün suçlarımın bədəli kimi
Məni istəmirəm bağışlayasan.

Hər yerdə özümü unutdum deyin,
Az qala yadımdan çıxmışdı adım.
Əzab yuvasıymış sənin ürəyin –
Sənə zulum verdim, əzabkeş qadın,
Məni istəmirəm bağışlayasan.

Sənə çəkdirdiyim ölüncə bəsdi,
Ölərsəm, dərd daşı, batsan da yasa.
Bunu son sözüm bil, həvəsdi-bəsdi,
Göydə Allahımız bağışlasa da
Məni istəmirəm bağışlayasan.

GÖZLƏYİR

Nədir aramızda bu dəli sükut?
İndidən gözünün yaşını qurut.
Səni irəlidə yalançı umud,
Məni qan tutacaq xata gözləyir.

Özünü yandırıb yaxma bu oda,
Ömrünü-gününü verərsən bada.
Məsum taleyini bəlkə dünyada
Haqdan veriləcək buta gözləyir.

Ən xoş vüsalın da bitən günü var,
Ayrılaq, özünü al məndən apar.
…Məni vağzallarda boş skamyalar,
Səni evinizdə atan gözləyir.


***
Anam kimi sevmişəm həmişə,
Balam kimi də sevimmi səni?
Bala baldan, şəkərdən şirin,
Balım kimi də sevimmi səni?

Qaldırmağa gücüm çatarmı görən,
Üzüqoylu yıxıldığın yerdən.
Bala başa bəla olur hərdən,
Bəlam kimi də sevimmi səni?

İsticə qoynunda məst olub, uzanıb,
Kim satıb, kim alıb səni, kim qazanıb…
Adam kimi sevməkdən usanıb,
Zalım kimi də sevimmi səni?

Adına duaçı dilim,
Göylərə dikili gözüm, açılı əlim.
Qucağında can verim,
Ölüm.
Qalım…
Həm də sevimmi səni?

ŞEİR

Mən elə beləcə yaradılmışam,
Əzəldəm ruhumun mayası şeir.
Elə çəkmişəm ki, ciyərlərimə –
Havasız canımın havası şeir.

Vüsala təşnədi, həsrətə həmdəm,
Sevincdən qaçanda yarışır qəmdən.
Həm könül həmdəmim olubdu, həm də
Olubdu başımın bəlası şeir.

Özümün özümə dediyim yalan,
Özümün özümdə qopduğu tufan,
Özümün özümə tutduğum divan,
Özümün özümdən qisasım şeir.

Bir yükdü çəkirəm alın çiynimə,
Heç nə gələn deyil daha eynimə.
Vədəm yetişəndə, axır əynimə
Torpaqdan biçilən libasım şei
23.03.2003

DOSTLARIM

Bürünüb düzlüyün ilıq ətrinə,
Dünyanı dağıdar mənim xətrimə.
Ömrümün-günümün qızıl sətrinə
Tale qismətini yazıb dostlarım.

Dözüb işvəsinə hər yarpağın da,
Gülü qoxladılar tər budağında.
Varlısı olmadı, bəd ayağımda
Tutdu əllərimdən kasıb dostlarım.

Durub sınamadım az dostlarımı,
Ürək dostlarımı, söz dostlarımı.
İtirə-itirə öz dostlarını
Neçə dost məzarı qazıb dostlarım.

Halalı harama qatmayanda da,
Sonsuz gecələri yatmayanda da,
Gücləri heç nəyə çatmayanda da
Özünü özündən asıb dostlarım.

…Sizin üstünüzdə əsəsiyəm mən,
Mələməmiş quzu kəsəsiyəm mən.
Hər dərdə, ağrıya dözəsiyəm mən –
Sizi öz bağrıma basıb, dostlarım.
Sizə qurban olum, kasıb dostlarım!

GET-GEDƏ

Atilay üçün

Ehtiyacdandımı, ya yaşdandımı,
Azalır başımda ağıl, get-gedə.
Mənim yaşadığım – cəhənnəm özü,
Bitir cənnət haqda nağıl, get-gedə.

Gözümü açandan gözüm yaşdadı,
İşim əl-amanda, qaçhaqaçdadı.
Nə ki, niyyətim var, zaman xışdadı,
Arzum uzaqlardan baxır get-gedə.

Dünyada qalası dünya malıdı,
Tanrı sevdasıdı, haqq amalıdı.
Oğul atasına oxşamalıdı, –
Sənə oxşayıram, oğul, get-gedə.


***
Səni gördüyümüz hər gün
Günlərin göyçək günüdür.
Sənin günü – sənin kimi
Hamını sevmək günüdür.

Yoğruldun şeirdən, sazdan,
Bir havalı xoş avazdan.
Alçaq könül, sevdalı can,
Bir dəli ürək günüdür.

Sözdən çələng hörə-hörə
Çiçək səpdin könüllərə.
Bu gün təkcə sənə görə
Dünyanın Çiçək günüdür.


***
Zaman tellərinə sığal çəkibdi,
Salıb bərkə-boşa dövran xanımı.
Tutduğu haqq yolda döndərəmməyib
Nə çovğun, nə də ki, tufan xanımı.

Ə boyda ürəyi göy boyda cahan,
Dönməz söz eşqindən, saz sevdasından.
Yaxşılıq etməkdən dayanmaz bir an –
Sevərlər köməyə çatan xanımı.

Bu dünya üzünə İncəlidən bax…
Ocağı gur yansın, şen olsun Qazax.
Gəzərgi Vətəndir, gəzərgi torpaq –
Qoy Tanrı qorusun Sultanxanımı!

ÇOX YAŞADIM

Nə qələt elədim,
gəlib görüb də,
Sürünə-sürünə ömür sürüb də.
Adı dünya olan bu şoğəribdə
Elə çox yaşadım,
çox yaşadım ki…

Məni istəyənlər çoxdan yoxdular,
Bu nadanlar içrə nə azarım var?
Axı deyirdilər axtaran tapar –
Elə çox yaşadım,
çox yaşadım ki…

Bir gün də görmədim təmtəraqları,
Duydum üzərimdə hər qınaqları.
Sinəmdə gəzdirib çarpaz dağları,
Elə çox yaşadım,
çox yaşadım ki…

Yaş elə alıbdı gözümü neynim,
Demədim bir ürək sözümü neynim.
Yaşada bilmədim özümü neynim,
Elə çox yaşadım,
çox yaşadım ki…

Təqdim etdi: Tural Adışirin
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ