Mən zamanı zamanında yaşadım - Zəlimxan Yaqubun şeirləri

Tarix:21-01-2019, 21:57 Baxış Sayı:244

Mən zamanı zamanında yaşadım - Zəlimxan Yaqubun şeirləri
MANERA.AZ Xalq şairi Zəlimxan Yaqubun doğum günü münasibəti ilə şeirlərini təqdim edir:

Köç mənim

Aldanmışam sərvətinə dünyanın,
Ömrüm-günüm, yalan mənim, puç mənim.
Nahaq yerə yaxasından yapışdım,
Taqsır mənim, günah mənim, suç mənim.

Beş-altı gün yas paltarı geyəllər,
Hərdən yaxşı, hərdən yaman deyəllər.
Ehsanımı şirin-şirin yeyəllər,
Qırxa qədər yeddi mənim, üç mənim.

Qələm alsın başdaşımı yazanlar,
Bel götürsün məzarımı qazanlar.
Ay Zəlimxan, ağı desin ozanlar,
Kəfən mənim, karvan mənim, köç mənim

Mən zamanı zamanında yaşadım

Mənim ömrüm təbiətin ömrüdü,
Damlasında, ümmanında yaşadım.
Zirvələrin çiskinində, çənində,
Yağışında, dumanında yaşadım.

Sular kimi hey töküldüm çarxa mən,
Boş gəlmədim otuza mən, qırxa mən.
Əlli yaşda oldum elə arxa mən,
Ümidində, gümanında yaşadım.

Dərd ürəkdə, əsrin yükü çiyində,
Ağrı başda, qasırğalar beyində.
Aha döndüm ürəklərin heyində,
Kədər oldum, kamanında yaşadım.

Ürəyində buz yaşamaq – faciə,
Yarasında duz yaşamaq – faciə,
Çox yaşamaq, az yaşamaq – faciə,
Mən zamanı zamanında yaşadım.

Yavaş yeri

Ay bulaq başına tələsən gözəl,
Ağlımı başımdan al, yavaş yeri.
Tərpənər yerindən dağların mehi,
Sürüşər başından şal, yavaş yeri.

Ötüşən aylara, illərə yalvar,
Gəzməyə nə qədər çiçəkli yal var.
Laləyə bənzəmə, bağrında xal var,
Düşməsin bağrına xal, yavaş yeri.

Zəlimxan özünü bəxtəvər sayır,
Sənin şöhrətini aləmə yayır.
Qara saçlarından üçcə tel ayır,
Sevdiyim havanı çal, yavaş yeri.

Çəkər

Görüş var bir ömrü versən də azdır,
Görüş var getməyə adam can çəkər.
Görüş var şadlığı sığmır illərə,
Görüş var fərəhi bircə an çəkir.

Yaşasan ən şirin arzuyla kamla,
Sevincin sel olar,dərdinsə damla.
Ürəkdən verilən xoş bir salamla
Əli əl isidər,qanı qan çəkər.

Ayrılıq həyatda hər şeydən çətin,
Min bir əzabı var bir məhəbbətin.
Gəlməzsən yandırar məni həsrətin
Gələrsən nazını Zəlimxan çəkər.

Vəfalıymış

Nə vaxta arxalan, nə baxta aldan,
Nə dövran, nə də bir çağ vəfalıymış.
Min bir daşürəkli dostdan, tanışdan
Bir daşlı, qayalı dağ vəfalıymış.

Nə toxa bel bağla, nə aca söykən,
Nə şaha arxalan, nə taca söykən,
Özün basdırdığın ağaca söykən,
Bağbandan min dəfə bağ vəfalıymış.

Zəlimxan dilində min dürlü dastan,
Gah toydan söz açır, gah da ki, yasdan.
Bahalı köynəkdən, əlvan libasdan
Kəfən etibarlı, ağ vəfalıymış.

Gözəldir

Payız kövrəldəndi, bahar coşduran,
Məni sərt eləyən qış da gözəldir.
Ürəyin daşdımı, demə, ay insan,
Duymağı bacarsan, daş da gözəldir.

Bir gözəl çıxanda çəmənə, düzə,
Fikir ver yanağa, nəzər sal üzə.
Gözəllik baxarmı əyriyə, düzə,
Demə ki, əyridi, qaş da gözəldir.

Zəlimxan, olmasın nə ah, nə aman,
Ağrıdan ağlamaq yamandır, yaman.
Sevincin qəlbini dolduran zaman,
Yanaqdan süzülən yaş da gözəldir!

Arılar

Arılar, gül mənəm, qonun üstümə,
Məndən nə çəksəniz, saf çəkərsiniz.
Başına götürər ətrim dünyanı,
Sözün gülşənində kef çəkərsiniz.

Durnalar, yerləri göylərə qatdım,
Sizinlə uçmağa hər gün can atdım,
Elə ki, torpağın altında yatdım,
Məzarım üsründə səf çəkərsiniz.

İnsanlar, ürəyim quzu tək mələr,
Başım nələr çəkdi, dünyada, nələr,
Hansı gün Zəlimxan ölüb desələr,
O gün, bircə dəfə “of” çəkərsiniz…

Belə dünya

A bostançı, bostanına güvənmə:
Dünya özü bostan əkən Dünyadı.
Ağlar qoyub anasını torpağın
Bərəkətini göyə çəkən Dünyadı.

Əyrisidə, doğrusuda yalandı,
Yolu kəsib, bəxti əldən alandı,
İlan kimi qıvrılandı, çalandı,
Leylək kimi tez-tez səkən dünyadı.

Sən ğöynəmə, özü çəksin dərdini,
Şeş versədə, gəl oynatma mərdini,
Yaşatmadı Nəsimi tək mərdini,
Baş aparan, zəhlə tökən Dünyadı.

Soraq itər, sirr gizlənər, söz batar,
Günəş doğar, əzizlənər – tez batar.
Ay Zəlimxan, diş tökülər, üz batar,
Qurduğunu bir-bir sökən Dünyadı.

Qalardım

Dağlar mənə gəl-gəl desə ürəkdən,
Gəlib, elə bu yerlərdə qalardım.
Təbiətlə sevincimi, dərdimi,
Bölüb, elə bu yerlərdə qalardım.

Nəfəsimdə yaşadardım ətrini,
Əzizlərdim çiçəklərin xətrini.
Ömrün-günün qiymətini, qədrini
Bilib, elə bu yerlərdə qalardım.

Ne gözəldi bu dağların talası,
Mən getsəm də, könlüm burda qalası.
Sevsə məni bir zalımın balası,
Ölüb, elə bu yerlərdə qalardım.

Məzar

Məzar insanların döş nişanıdır,
Yazılır daşlara ünvanı, adı.
Kim qəbir yerinə evim demədi,
Kim qara torpaqda dəfn olunmadı?

Uçmağa, qucmağa, qucaqlamağa,
Qanad yoxdu daha, qol yoxdu daha.
Məzar insanların son dayaq yeri,
Burdan o tərəfə yol yoxdu daha.

Məzar insanların sükut evidir,
Orda nə qapı var, nə pəncərə var.
Qəbiristan deyilən bir məmləkətdə,
Keçilməz uçrum var, dərin dərə var.

Hamının dərdini çəkən mən oldum,
Hamının ağrısı, azarı məndə.
Başdaşım əyilib köksümə sarı,
Dünyanın ən dərdli məzarı məndə.

Bircə təsəllim var

Yüz ildən sonranı düşünürəm mən,
Min ildən sonranı düşünürəm mən,
Bu qoca dünyada nələr olacaq.
Yenə də beləcə axşam düşəcək,
Yenə də beləcə səhər olacaq.

Yenə də arılar bal daşıyacaq,
Yenə də ilanda zəhər olacaq.
Əslimiz, nəslimiz yaşamaq üçün,
Yenə kənd olacaq, şəhər olacaq.

Şəhər var, açılıb gülə dönəcək,
Şəhər var, qovrulub külə dönəcək.
Kənd var, çiçək açıb gözəlləşəcək,
Kənd var, göz yaşları selə dönəcək.

Dünyada heç kəsin boş qalmır yeri,
Gedənlər getsə də, gələnlər gəlir.
Ömrünü torpaqla, atəşlə, suyla,
Yağışla, havayla bölənlər gəlir.

Yenə göy güləcək yağışlarıyla,
Yenə yer güləcək naxışlarıyla.
Bu dünya həmişə gözəl olacaq,
İnsanın dünyaya baxışlarıyla!

Yüz ildən sonranı düşünürəm mən,
Min ildən sonranı düşünürəm mən,
Bu qoca dünyada nələr olacaq.
Yenə oynadacaq sevinc atını,

Yenə daşürəkli kədər olacaq.
Torpağı su basıb, sel aparanda,
İnsanın zəhməti hədər olacaq.
Bu dağlar yenə də çiçəklənəcək,
İgidlər yenə də igidləşəcək,
Göyçəklər yenə də göyçəklənəcək.

Mən də qarışacam qara torpağa,
Sellər aparacaq, bəlkə qəbrimi,
Məzarım hardadı, bilinməyəcək.
Bircə təsəllim var, eşqim ürəkdən,
Adım yaddaşlardan silinməyəcək!

Bu dünyanın hər üzünü görmüşəm

Mənim yaşım uşaq yaşı deyil ki -
Hər ağacın meyvəsini dərmişəm.
Allah mənə nə veribsə əzəldən,
Mən də onu bu dünyaya vermişəm.

Baxmamışam şeytanların sözünə,
Düz baxmışam həqiqətin gözünə.
Ömrüm boyu sevənlərin üzünə,
Ürəyimi süfrə kimi sərmişəm.

Bu yollarda kim ayılan, kim yatan,
Arzulara kim çatmayan, kim çatan.
Nə ölənəm, nə itənəm, nə batan,
Qızıl sözdən qızıl divar hörmüşəm.

Çox sonalar uçurmuşam gölümdən,
Alov çıxır içərimdən, çölümdən.
Qorxum yoxdu ayrılıqdan, ölümdən,
Bu dünyanın hər üzünü görmüşəm.

Sevərmiş

İnsan oğlu vurulanda dünyaya,
Yeri-göyü, dağı-daşı sevərmiş.
Zaman onu ağlatsa da, gülərmiş,
Gözlərindən axan yaşı sevərmiş.

Eşq adama göydən nazil olarmış,
Kimi xoşbəxt, kimi rəzil olarmış.
Biri yaqut, biri qızıl olarmış,
Qaş üzüyü, üzük qaşı sevərmiş.

Alışarsan, eşq içini ovanda,
Qapılardan səhralara qovanda.
Hünərin var, dəli olma sevəndə,
Leyli gedib ağlı çaşı sevərmiş.

Canlar gedib bir cananın yolunda,
İllər qurban bircə anın yolunda.
Ay Zəlimxan, hər sevdanın yolunda
Dərd ürəyi, ağrı başı sevərmiş.

Sevgi adlı şaha qurban

Mən insanam - Allah mənim,
Adəm mənim, Nuh mənimdi.
İşıq məndə, səhər məndə,
Könül mənim, ruh mənimdi.

Yaradan bir, tanrı birdi,
Birin işi bağlı sirdi.
Hamının sonu qəbirdi,
Bir qəbir də eh...mənimdi.

Güc, təpər dizdən ötrüdü,
Gözəllik gözdən ötrüdü.
Hər nə var bizdən ötrüdü,
Gah sənindi, gah mənimdi.

Mələk mənəm, fələk mənəm,
Qanad mənəm, lələk mənəm.
Çöldə bitən çiçək mənəm,
Üstündəki şeh mənimdi.

Açılan sabaha qurban,
Tükənməz iştaha qurban.
Sevgi adlı şaha qurban,
Mən şahınam, şah mənimdi.

Zarafat gəlməsin sənə bu dünya

Zarafat eləmə, qurbanın olum,
Bu dünya zarafat meydanı deyil.
Qarışqa yerişi rahat yerişdi,
Bu meydan köhlən at meydanı deyil.

Oynadıb çox şeyi umar, oynama,
Etsə də ruhunu xumar, oynama.
Sən bu qumarbazla qumar oynama,
Zarafat gəlməsin sənə bu dünya.

Çox yerdə qəbrini qazan olacaq,
Başın qaynamaqdan qazan olacaq.
Sanma yaşamağın asan olacaq,
Zarafat gəlməsin sənə bu dünya.

Yoxsulluq yoxsulun bağrına oxdu,
Mədəsi toxların məzəsi toxdu.
Fil var qarışqaca hörməti yoxdu,
Zarafat gəlməsin sənə bu dünya.

Çox yerdə məkrli oyun olacaq,
Şir, pələng çevrilib qoyun olacaq.
Hələ neçə dəfə toyun olacaq,
Zarafat gəlməsin sənə bu dünya.

Ömrünü qar yeyib, qış aparacaq,
Xırmandan dənini quş aparacaq.
Dünyadan əlini boş aparacaq,
Zarafat gəlməsin sənə bu dünya.

Qeybətin quyusu, hiylənin toru,
Sənə diri-diri göstərər goru.
Başın var, başsızdan başını qoru,
Zarafat gəlməsin sənə bu dünya.

Şeytan dura-dura şərlənər dəvə,
Qatır quyruğunda hərlənər dəvə.
Kinindən yıxılar, tirlənər dəvə,
Zarafat gəlməsin sənə bu dünya.

Muğamı ağlamaq, valı ağlamaq,
Valın da qırılmış halı ağlamaq.
Fışqırıq çalmağın dalı ağlamaq,
Zarafat gəlməsin sənə bu dünya.

Yasın yeddisi var, üçü, qırxı var,
Qəbir yerinin də haqqı, nırxı var.
Ölümdən sonra da min cür qorxu var,
Zarafat gəlməsin sənə bu dünya.

Ürəyə çəkilən dağdı, düyündü,
Hər gün xırdalanan ömürdü, gündü.
Gör bu dəyirmanda kimlər üyündü,
Zarafat gəlməsin sənə bu dünya.

Zəlimxan, günahın yeddi qat olar,
Həyatın qan dolu bir həyat olar.
Zarafat eləsən, şahın mat olar,
Zarafat gəlməsin sənə bu dünya.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ