Əli Şirin Şükürlü - "Sevginin əksi var özündə"

Tarix:20-04-2015, 11:10 Baxış Sayı:947

Əli Şirin Şükürlü - "Sevginin əksi var özündə"
Manera.az Əli Şirin Şükürlüdən yeni şeir-esseni təqdim edir

sevginin əksi var özündə


sevgi fədakarlıq tələb edir – çox eşitmişik. doğurdan da, hər cür
fərqli mənzərələrinə rəğmən fərqli təriflər verilsə də sevgiyə,
bütün sevgilərin bir kəsişmə nöqtəsi var
və bu kəsişmə nöqtəsi – fədakarlıq adlanır.

bir qədər lirik-sentimental alındı, lakin həqiqət ölçüsü böyükdü bu təyinatda.
həqiqət ölçüsü dedik – niyə? – axı deyirlər mütləq həqiqət yoxdu həyatda;
həqiqət var, yarımhəqiqət var, yarımyarımhəqiqət var...
heç mütləq yalan da yoxdu, hər yalanda az da olsa həqiqət var,
hər həqiqətdə bir az yalan.

sevgi də elədi, hər sevgidə sevginin bir az tərsi olur; çox zaman
çoxalır getdikcə və vaxt ötdükcə azalır, bəzən də tükənir sevgi.
ya da tərsinə, vaxt sevgi gətirər, ya da sevgi qoyar sevginin üstünə.
lakin vaxt daha çox sevgi aparar – bilirsiniz hər halda,
xanımlar və cənablar, çətin olsa da gülümsəyin o zaman!

məsələn:

hər dəfə sarıldıqca bir-birinə Məhəbbət ilə Sevda
gedirlər bir-birindən. daha çox gedirlər və anlayırlar
bu, ötəri sevgi imiş, ehtiras nə qədər böyük qüvvə ilə
çəksə də onları bir-birinə.

hər uzaqlaşdıqca bir-birindən Dəyanət ilə Sədaqət
gedirlər bir-birinə. daha çox gedirlər bir-birinə və anlayırlar
uzaqlaşdıqca sevgi böyüyərmiş uzaqlıqlar içində.

yaxınlıq itələyər, uzaqlıq çəkər hər şeyi bir-birinə.
axı hər şeyin tərsi var. hər şey öz əksini saxlayar özündə həmişə;
ağ qaranı, qara ağı, pis yaxşını, yaxşı pisi, qadın kişini, kişi qadını,
sevgi nifrəti, nifrət sevgini...
hər yaxınlıq uzaqlığı yaşadar özündə,
hər uzaqlıq yaxınlığı.

xanımlar və cənablar, fədakarlığı unutmayağın amma,
xüsusilə də sevgi məsələsində, unutmayağın – qoy fədakarlıq
bütün ötəri ehtirasları yensin, mikroskoptək böyüdsün azalan sevgiləri,
bilsək də əsl həqiqəti,
bilsək də bu qədər şərtilik və nisbiliklər axınında
varolan nə varsa tərsini gəzdirər özüylə daima.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ