Rəssam şair Əlizadə Nuri - Rəşid Bərgüşadlı yazır

Tarix:28-12-2018, 13:16 Baxış Sayı:399

Rəssam şair Əlizadə Nuri - Rəşid Bərgüşadlı yazır
Bir yandan boşalıb bir yandan dolan Feyzbuk dostluğumda olanların doğum günləri barədə hər səhər xəbərdarlıq alanda, baxıram, üzdən tanış deyilsə, fəallığı və ya Sözlük abırı yoxdursa uslufca dostluqdan çıxarıram. Yox, əgər, tanımasam da belə, mənimçün dəyərli biridirsə “dostluğa davam” deyirəm. Bu gün də feyzbuk xatırlatdı ki, Əlizadə Nurinin ad günüdür.

Çoxdan beynimin bir küncündə bu imzaya yer eləmişəm, dupduru zövqünü hər zaman bəyənmişəm. Kim olursa olsun, sözü əzizləyən, ona yanaşmanın yönünü-yöntəmini bilən insanların suyu uzaqdan da şirin gəlir adama. Belə adamlar sözüylə tanınır, yaddaşalara hopur. Adətən “laməkan” olur belə adamlar, dünyaya sığmırlar, başları göyə dəyir belələrinin. Elə dilimə düşən misraları da bunu deyirdi Əlizadə Nurinin: “Yaxşı ki, o göylər çox hündürdədi – başını dik tutub gəzə bilirsən!”.

Haqqında nələrsə bilmək istədim, – Aa.., bu da Cəlilabaddan imiş ki! – yenə o sual dikəldi qarşımda... Sizə elə gəlmirmi ki, muğam-Qarabağ, saz-Qazax, lətifə-Şəki, rəqs-Qusar cütləşmələrinin bir növü də Cəlilabada uyur – ədəbiyyat-Cəlilabad?.. Bəlkə də ustadım Şakir Paşayevin işığıyla birlikdə gəliblər və dostluğumda bu qədər çoxluq təşkil edirlər, amma bir şey dəqiqdir ki, bu elin damarlarında ədəbiyyat sevgisi axır. Şeir, nəsr bu bölgənin həyat tərzi kimi bir şeyə çevrilib deyəsən...

Tanımadığın, üzünü görmədiyin söz adamının ancaq yaratdıqları və onun yaradıcı imkanları haqda nəsə yazmaq daha rahatdır. Onda sərbəst, bitərəf olursan, məhz hiss etdiyini və gördüyünü yazırsan. Əlizadənin şeirlərində məni cəlb edən xüsusi elementlər var. Nədir bunlar? 1. Şeirlərinin qısalığı – sanki pərdəni ani qaldırır və arxasındakı zəngin tablunu göstərib dərhal da üstünü qapadır. Oxucunun yaddaşında qalan pərdəarxası rənglər onu uzun zaman tutub buraxmır. 2. İnsan halının təbiət mənzərələrilə əsrarəngiz bənzətmələri – tablolar. 3. Rənglərin oynaqlığı – tablodakı hər şey canlıdır, yeriyir, danışır, düşünür. 4. Sözü enerjilidir, bənzərsizdir, heç kimi təkraralamır, yamsılamır, bişmiş sözdür, nüfuzetməsi kəskindir. 5. Fikri, ideyası fəlsəfidir, düşündürücüdür.

Canım şirin-şirin acını çəkir.
Ölümdü– kəfənin ucunu çəkir...
...Bu söyüd nə yaman içini çəkir,
O da mənim kimi yalqızmış, Allah.


Söyüdün salxım saçlarını nə qədər qadın zülfünə oxşatmaq olar? Bir də barsız (dölsüz) söyüdün dərdini dinləmək, başıaşağı halını duymaq varmış sən demə...
və ya

Mən payız adamam, sən gənc bir bahar,
Getsən, gözlərimi özünlə apar.
...Sən bir nar çiçəyi, mən çatlamış nar...
Məni payız doğub anamdan qabaq.


Əslində özünüdərk özünüinkardan başlar, həyatın mənasına vaqif olmaqdan keçər və ölümün bir nicat olduğu fikrinə qovuşar. Başqaları üçün belə insan sözsüz ki, payız kimi soyuqdur, solğundur, adamayovuşmazdır. Beləsi hər şeyə burun soxmaz, təmkinlidirlər, susmağı bacararlar. Amma o demək deyil ki, lal-kardırlar:

Səndə hal qalmadı, ay halal adam,
Havan çatmasa, bir hava çal, adam...
...Dinə bilməsən də, sən, ey "lal" adam,
Sən də bu dünyada nəsə bilirsən...


Bu dünyada darıxmayasan, neyləyəsən... Bəzən insanın iç dünyası fani olan bu dünyanı üstələyir, zorlayır. Şair deyən kimi, – deyəsən haqq-ədalət elə göylərdədir, yer təkcə əzab məkanıdır:

Ürəyim körpə uşaqdı,
Ağladı, kirimək bilmir.
Mənim ruzum qar altında,
Qar da ki, ərimək bilmir.

Qalmışam ahu əlində,
Ah-dad bu ahın əlindən.
Tutun Allahın əlindən,
O yerdə yerimək bilmir.


...və ya

...Nə yaman dadlıdı bu yağış belə, –
yoxsa gözlərinin suyudu, Allah?!


Nasir öz qələmini itiləmək üçün müntəzəm olaraq şeir, nəzm mütaliə etməlidir. Çünki sanballı şeirdə canlı sözün cilalanması prosesi var. Ağlın varsa, bir sözdən on söz qazana bilirsən – söz baqajını istədiyin qədər doldura bilirsən. Şeir həm də nasirlərə fikir mənbəyidir, ideyanın enerjili şəkildə ötürülməsi üçün metodik vəsaitdir. Etiraf edirəm ki, Əlizadə şeirindəki insan hisslərinin təbiət pərdələrindəki əksi mənim bir neçə dəfə dadıma çatıb. Onun söz ehtiyatı çox zəngindir və şeir yazmaq üçün heç zorlanmır. Əlizadə Nuri bilir şeiri necə və nə üçün yazmaq lazımdır, – “Hər nəğməyə qucaq açmaz göy üzü, bir sözünün yüz məcazı yoxdusa”...Elə ona görə də onun paylaşdığı şeirlərdə çiy söz tapmazsan, bişməmiş şer görməzsən. Sözü bəzən bıçaq kimi kəskin olur, bəzən qəmli, bəzən ümidli, bəzən də uşaq kimi sevincək. İnsanın bütün halları var onun misralarında.

Əlim hər gün oynayırdı ələmnən...
Bir ləl tapıb böldüm onu Lələmnən.
...O, özünü bir gün vurdu qələmnən,
– Neynəyəydi, tapançası yoxdusa?!


Çox şair qorxmalı, utanmalı, çəkinməlidir Əlizadənin qələmindən. Gördüklərimizin içinə, dibinə baxan adamdır, gözüitidir, hissi duyumu çox dərindir. Biz ağlayan qadın görürürük, o isə qadının yanağında ağlayan gözyaşlarındanyazır, qadının saçını darayan darağın ağladığını eşidir, biz soyuqdan donan ağac haqqında düşünürkən, o, ağacın budağından ikiəlli yapışıb çığıran yarpağın dərdini anladır. Sadəcə ədəbiyyatımız çox hay-küylüdür. Ortada tozanaq qoparanları yox, hərdən künc-bucaqda işinin dəyərini anlayan, dəyər yaradan tərəfə boylanmaq lazımdır, it hürən tərəf yox, işıq gələn tərəflərə boylanmaq lazımdır. Onda Əlizadə kimi təvazükar söz adamları aydın görünücəklər. Onların özlərini göstərmək üçün çox şeylləri var, amma səssiz-küysüz bir ortam lazımdır ilk növbədə. Əks halda onların yaratdıqlarının üstünü toz basacaq, itəcək səssiz-səmirsiz. “Dünya boyda imarəti neynirəm, sənə baxan bir bacası yoxdusa” – bunu Əlizadə yazır...

...Çərpələng düzəltdim, o da uçmadı,
Bu ömür islanmış kağızmış, allah...

...ağır dərddir!

Bu dünyanın cəfası da, səfası da özü boydadı. Allahın verdiyi ömür payıdır – pis-yaxşı – yaşayırıq, yaşamaq zorundayıq. Amma gözümüz göylərdədir, başqa dünyalarda

Boyunu görməyə boylanmışam mən, -
boyun bu dünyanın boyudu, Allah!


Allahın “Ol!” sözü bəşəri yaratmağa qadirdirsə, şairin sözü də Allahın min bir cəlalını yaratmaq gücündədir. Şairlər Allahdan qorxmazlar. Çünki Allaha qəlbən ən yaxın bəndələrdir. Allahdan ən çox küsənlər, Ona ərklə üsyan edənlər də şairlərdir. Güvəndikləri isə Sözdür.

İlahi, ruhumun təknəsi boşdu,
İlahi, ruhumun acan yeridi.
Göy üzü quşların məskənidirsə,
söz dəşairlərin uçan yeridi.


Şairin qanadı ikicə sözdü,
sözdü gün işığı, bu gecə sözdü...
Bəlkə buludlar da gizlicə sözdü,
yağışlar bu sirrə açar yeridi?!


Nəsrə nə var ki, bir-iki yazı maneran olsun, üsluba yiyələn, al qələmi əlinə. Amma şairlik zülmdür. Min il də çalışsam mən şair yerişini yeriyə bilmərəm. Hər oğulun işi deyil sözlə rəsm çəkmək. Söz ki yerinə oturmadısa, qalacığın öz başına uçacaq. Amma sözü öz ürəyinin cızdağıyla bir-birinə hörəndə möhtəşəm Söz qalası ucalır qarşında.

Kim çəkə bilərsə dərdin rəsmini
O yetim uşağın əlini çəksin…
O yetim uşağın əlini çəksin, -
Ancaq elə çəksin, əllərindəki
O xırda pulları utandırmasın.

Kim çəkə bilirsə dərdin rəsmini,
Qırılmış eynəyin rəsmini çəksin,
Cırılmış köynəyin rəsmini çəksin…

Saçını oxşasın bir əli ilə,
Uşağın rəsmini bir əllə çəksin.
Sonra da fələyi tapıb, danlasın,
Fələyin üzünə bir sillə çəksin!..

…Kim çəkə bildisə, dərdin rəsmini,
Versin, canımdakı sərgiyə qoyum…

... adam cingildəyən o xırda pulların arasında hiss edir özünü...

Rəşid Bərgüşadlı
28 dekabr 2018

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ