Ömrüm söz əlində əsirmiş - "ƏYYUB QİYAS - 50"

Tarix:14-12-2018, 12:47 Baxış Sayı:249

Ömrüm söz əlində əsirmiş - "ƏYYUB QİYAS - 50"
MANERA.AZ tanınmış yazıçı, şair, tərcüməçi, publisist Əyyub Qiyasın 50 illik yubileyi münasibətilə şeirlərini və hekayəsini oxuculara təqdim edir:

50 yaşa elegiya

Daha nə söyləyim, nədən danışım?
Ömür vədəsinə çatdı, yetişdi.
Yaşaya bilməkçün gəldim dünyaya,
Gördüm ki, yaşamaq çox çətin işdir.

Duydum pıçıltısın qumun, daşın da,
Harayım, çığırtım eşidilmədi.
Allah bəndəsiydim, mən də bir cürə
Çağırdım, səsimi eşidəmmədi.

Baxdım, ürəyimdə neçə dağ gördüm,
Gözümün içində dəfn etdim dərdi.
Elə taleyimi ağ varağ gördüm,
Allah qismətimi dümağ göndərdi.

Beləcə bu ömrü yaşadım, yozdum,
Beləcə həyatı görüb-götürdüm.
Oturub Tanrıya bir məktub yazdım,
Onu da mələklər salıb itirdi.

Daha bu ömürdən şikayətim yox,
Adi pıçıltıdır, quruca səsdi.
Adam yaşamaqdan doyunca ölür,
Bu qədər yaşayıb öldümsə, bəsdir....

Ana

Ağ saçları dağlar qarıdır - zirvədə parlar,
Xoş sözləri dağ müjdəli sellər kimi gurlar,
Bir dəm yola çıxsam diləyər həmdü-uğurlar...
Bir dəm gözünün nuru olar yolda çırağım.
Şükr eylə, sənin şükrün olur indi dayağım.

Mən dərd ilə möhnət gətirən bir bəla oldum,
Sən dərdimi çəkdikcə ona mübtəla oldum,
Neynim, ay ana, mən də səninçün bala oldum.
Qoydum səni dərdlər qucağında gözü yaşla.
Rəhm eylə, İlahi! Anacan, bircə bağışla...

Düşsəm ayağın altına qumlar kimi tək-tək,
Qoyma ki, yanım həsrətinə, sənsə sitəm çək.
Mən sevgin ilə sevgini duydum sevilən tək.
Sənsə bil, Ana, bircə tarım Tanrıdı, sənsən.
Mən aşiq olub sevdiyimə, qəm deyəcəksən!

Tanrım yaradıb insanı, çün O yaradandır!
Sonra yaranan varsa da bətnindəki qandır!
Ondan o yana varsa nəsə tozdu, dumandı!
Bircə nəfəsin bəsdi evim nura boyansın.
Sən bolca nəfəs al, evimin şamları yansın.
Sən bolca nəfəs al, evimin şamları yansın!


***
Mən kövrək adamam, Qarışıqa,
baxa bilmirəm çiynindəki
dağdan ağır yükə.
Belə zülüm eləməzlər adama...
Səni görəndə qul bazarlarında qaynaşan
qardaşlarım düşür yadıma.

Mən kövrək, adamam, Qarışqa,
belə zülüm eləməzlər adama.
O gün metronun girəcəyində
bir dilənçi qadın gördüm,
anam düşdü yadıma...

Mən kövrək, adamam, Qarışqa,
belə zülüm eləməzlər adama.
Belim donqarlaşıb
sənin kimi özümdən ağır yük daşımaqdan...
səni bilmirəm, Qardaş,
amma mən yoruldum sənin kimi yaşamaqdan,
sənin kimi tapdanmaqdan yoruldum!
Əzilməkdən yoruldum, Qarışqa!...


***
Necə arzularım öldü içimdə,
Çox şeyi dəfn etdim gözümdə - qaldı.
Arzu adamıydım, arzularımla
Bir gün bu dünyanın düzündə qaldım.

Göylərə baxırdım - ağzmda dua,
Yerə boylanırdım möhkəm durmağa,
Mənim arzularım özündən baha
Dünyanın dörd arşın bezində qaldı.

Bazar köhnə bazar, dəllallar təzə
Dedim bəlkə gedər əlliyə, yüzə...
Satım arzuları dəyər-dəyməzə
Alan da olmadı özümdə qaldı.

Ümid dediklərim köhnəldi getdi,
Sən demə arzular köhləndi - getdi.
Hər şeyim əcələ kökləndi getdi
Əcəl ən sonuncu arzumdu - qaldı.


***
Ömrüm söz əlində əsirmiş, demə
Ömrümü-günümü söz aldadırmış.
Yaşadım - bircə yol duya bilmədim
Üzümə gülənlər göz aldadırmış.

Demə heçlik imiş bir ömrün sonu,
Nağılımış, nəğməymiş - gec duydum bunu.
Elə Keçəl Həmzə Qoç Koroğlunu
Belə götürəndə düz aldadırmış.

Çuğlayıb dünyanı yenə qalmaqal,
Deyən olmayacaq heç sorğu-sual.
Kimin dili pərgar, kimininki lal,
Kiminsə qəlbini üz aldadırmış.

Tarix yaşatsa da paşanı, xanı,
Hərdən soruşuruq Süleyman hanı?
Üç yüz il yaşayan qoca qarğanı
Ağacda bir çürük qoz aldadırmış

Bir can var atadan-anadan miras.
Doğuluş sevincdir, ölüm kədər, yas.
Diriykən bu canı bir ipək libas,
Ölüykən bu canı bez aldadırmış...

Adam yaşamaqdan doyunca ölür

Gedək, ver əlini, gəl çıxıb gedək,
Qoy qalsın bu sahil, bu qum, bu dəniz.
Onsuz da sirr qalır çox şey ömürdə,
Üç-beş adam bilir nə çəkirik biz.

Zülmətlə baş-başa qalsın qoy gecə,
Ayın bənizinə qonsun buludlar.
Biz də çıxıb gedək, səssiz, sakitcə
Qarşıda bir uzun dayanacaq var.

Gedək, gəl aparaq xatirələri,
Kimin nə vecinə kim harda qalır.
Adam var ürəkdə yaşayıb gedir,
Adam var eləcə yollarda qalır.

Bəzən uzun gəlir bu qısa həyat,
Bəzən qısa olur uzunca ömür.
Nə qədər istəsən yaşa, onsuz da
Adam yaşamaqdan doyunca ölür.

Elə sevgilər də ömür kimidir,
Ən tanış yolda da aza bilirsən.
Bu tanış yolarda son azanların
Qoy biri mən olum, o birisi sən..


***
Basdır ürəyində xatirələri,
Ən xoşbəxt gününü başdaşı elə.
Mənim xəyalımla qurduğun ömür,
İndi xırdalanır başqası ilə.

Yandır şəkilləri - bitsin bu zülüm,
Xatirə qalmasın bizdən dünyada.
Bir mən ürəyimdə qazım qəbrini,
Mənimçün yas saxla bir sən dünyada.

Sonra nə olacaq olsun, kimə nə,
Kim bilir kim harda nə yas saxlayır?
Hamı ilk sevgidən dad eləyir, dad,
Hamı ilk sevgini miras saxlayır...


***
Bu qədər adam içində
bu adam tənha yaşayır.
Yalandan alır nəfəsin,
alır, bir daha yaşayır.

Gözlərində qəm gəzdirir,
ovucunda dən gəzdirir,
əynində kəfən gəzdirir,
ağzında dua yaşayır.

Yaşayr yalquzaq kimi,
adamlıqdan uzaq kimi.
yaşayır, lap uşaq kimi
yaşayır, guya yaşayır.


İTVURAN

hekayə

Doqquzmərtəbəli binanın soyuq zirzəmisində əkizlərini başına yığıb uzanmışdı. Körpələr böyründə-başında oynaşırdılar. Yay olsa, nə vardı ki, balaları ilə çıxıb otluqda-zadda gəzişərdi. Qış idi, soyuq idi, qar yağırdı bayırda. Küçəyə çıxan kimi gözə girirdi, hamı ona baxırdı. O isə başını aşağı salıb sakitcə gəzir, balalarına yeməyə bir şey tapan kimi zirzəmiyə qayıdırdı.

Gecə idi – aylı, ulduzlu bir gecə. Zirzəminin balaca, dar pəncərəsindən Aya baxırdı. Ay gözəl idi, Aya baxmaq da gözəl idi. Ancaq balalarının yanında olmaqdan gözəl ola bilməzdi heç nə onun üçün... Nə vaxt yuxuladığını bilmədi.
Əkizlər daraşmışdılar ona, yəqin, ac idilər. Neçə gün idi özü də düz-əməlli bir şey yeməmişdi, bu qarda, çovğunda yeməyə nə tapmaq olurdu ki? Hiss etdi ki, döşləri ağrıyır. Döşlərində körpələrə veməyə bir şey olmadığından incidirdilər onu...

***
Səftər həmişəkindən gec qayıtdı evə. Yorğunluqdan gözləri qıpqırmızı qızarmışdı. Bir tərəfdən də soyuq... Adamın nəfəsi kəsilirdi. Külək əsməsə, yenə soyuğa birtəhər dözmək olardı. Bu Abşeronun küləyi olmaya da... Yayda da, qışda da külək ki, külək...
Tamara Səftərin yolunu gözləyə-gözləyə divandaca yuxulamışdı. Heç maraqla izlədiyi türk serialına düz-əməlli baxa bilməmişdi, yuxu imkan verməmişdi. Səftərə deməsə də, həmişə özü-özündən soruşardı: “Bu evin içində daş daşımıram, odun doğramıram, a balam, bə niyə belə yorğun oluram, yuxulu oluram axı?”
Səftər evə qayıdanda uşaqlar yatışırdı. Tamara yuxulu gözlərini ovuşdura-ovuşdura:
–Bir şey eliyə bildin? – soruşdu.
–Yox ey, heç nə... Elə bil hər işimiz daşa dirənib. Gecə yarıya qədər gözlədim, axır ki, gəlib çıxdı, özü də, deyəsən, kefi kök idi, vurana oxşayırdı. Dedim, kefi yaxşıdırsa, sözümü yerə salmaz. Cumdum üstünə, salam-kalamdan sonra dərdimi açdıb danışdım, o da başını tutdu. Dedi:“İş nə gəzir? Nə olsun, “icrada” işləyirəm, vəziyyət xarabdı, iş yoxdur”. Mən də suyum süzülə-süzülə gəldim evə. Çayın olar?
–İndi dəmləyərəm.
Tamara mətbəxə çay hazırlamağa, Səftərsə hamamxnaya əl-üzünü yumağa getdi.
Səhər yuxudan duranda evdə hamı yatırdı. Uşaqları, Tamaranı oyatmamaq üçün pəncələrinin üstündə qalxıb qapıya yaxınlaşdı. Tamaranın səsinə dayanıb geriyə çevrildi:
–Sən niyə elə gəzirsən?
–Dedim, narahat eləməyim də...
Səftər özünə çay süzəndə Tamara da gəlib mətbəxdə oturdu. Qadın gözlərini pəncərəyə dikib durdu. Qar şiddətlə yağırdı, hava küləkli idi, çovğun idi.
–Çay süzüm sənə də?
–Yox, ay Səftər, əl-üzümü yumamışam... Özüm süzərəm.
Ani sükut çökdü. Sükutu Səftərin ağzına atıb dişlədiyi qəndin şaqqıltısı pozdu.
–O boyda adam dedi, iş məsələsi çətindir, hə?
–Hə...
–O dedi, sən də inandın? Qələt eləyir. İşə nə gəlib?! Aparıb qabağına beşdən-ondan qoysa idin, qaça-qaça iş düzəldərdi sənə. Yadından çıxardıb ey, köpək oğlu, qapımızda heyvan otarmağını. Sənin dədənin süfrəsinin artığı ilə böyüyüb o. İndi gör özünü necə çəkir? Çox böyük adammış.
Səftər mətbəxin qapısına tərəf baxanda dörd yaşlı oğlunun alt tuman-köynəkdə dayanıb onlara baxdığını gördü. Uşağın görkəminə gülməyi gəldi, uşaq da nə üçünsə atasına baxıb gülümsədi. Sonra yenə qaçıb itdi.
–Başqa heç nə danışmadınız, söbhət eləmədi səninlə?
–Niyə ki, dədəmi soruşdu, sizi soruşdu... Cibimə pul da basmaq istəyirdi, götürmədim. Nə illah elədisə, götürmədim.
–Gərək götürə idin. – Elə o andaca fikrini dəyişdi qadın. – Yaxşı ki, götürməmisən. Özü dilənçi oğlu dilənçidir, elə bilir, hamı onun kimidir”.
Səftər çayını içməyə davam etdi. Ev isti olsa da, pəncərədən baxıb yağan qarı görəndə, qəzəblə pəncərəyə çırpılan küləyin səsini eşidəndə adamın canına üşütmə düşürdü.

***
Fikirləşdi ki, gərək gecənin qaranlığında çıxıb yeməyə bir şey axtara idi. Boylanıb zirzəminin balaca pəncərəsindən bayıra baxdı. Adamalar küçə ilə ora-bura tələsirdilər. Başa düşə bilmirdi, nə baş verir. Ancaq güllələnən tanışlarının aqibəti heç də işlərin yaxşı olduğunu demirdi. Neçə dəfə hiss etmişdi; bayıra çıxan kimi, küçə ilə gəzməyə başlayan kimi hamı ona baxırdı. Hər baxışdan bir soyuqluq, bir nifrət oxunurdu. Əkizlər olmasa idilər, çıxıb gedərdi uzaqlara. Amma bilirdi ki, bu soyuqda, özü də ac-yalavac heç yerə gedə bilməyəcək.
Əkizlər onun döşlərini dartışdıra-dartışıdra yuxuya getdilər.
Daş zirzəmi sıxırdı onu.

***
Günortaya yaxın Səftər divanda oturub diqqətlə televizorda gedən hind filminə baxırdı. Mətbəxdən otağa doluşan kələm dolmasnın ətri birbaşa onun mədəsini hədəf alırdı. Hər nəfəs aldıqca mədəsi oyulurdu.
–Bişmədi sənin dolman?!
Tamara Səftərin səsini eşitsə də, cavab vermədi. Qadın telefonla bacısı ilə danışırdı:
–Ay Samaya, heç bilmirəm, neynəyək? Üç gündən sonra tətil qurtarır, məktəb başlayır. Hava da belə. Bilmirəm, qızı dərsə necə göndərim.Ayağına geyməyə ayaqqabısı, əyninə geyməyə paltosu yoxdur... Səftər kişidi ki? Bir uşağı da məktəbə göndərə bilmir...”
Telefonla danışan qadının səsi ucaldıqca Səftərin ürəyi sıxıldı. Bekarçılıqdan nə fikirləşdisə, qalxıb yan otaqdan ov tüfəngini, ov çantasını götürüb qonaq otağına qayıtdı. Çantanı açıb dəm-dəsgahı masanın üstünə düzdü. Əvvəlcə tələsmədən, səliqə ilə tüfəngi təmizlədi, yağladı. Sonra patronları bir-bir yoxlayıb, patrondaşa keçirtdi, lap axırda da boş gilizləri barıt ilə, güllə ilə doldurub hazırladı.
Tamara otağa girəndə Səftərin tüfənglə əlləşdiyini görüb dodaqlarını büzdü.
–Nədi, yoxsa ova hazırlaşırsan?
–Əşşi yox ey, nə ov? Dünən axşam İlqarla görüşəndə, tüfəngi xəbər aldı. Dedim, sənəddi-zaddı evdədi. Dedi, tüfənglik iş oldu, bəlkə. Alınsa, xəbər eləyərəm.
–Tüfənglik nə iş ola bilər? – Tamara nazik dodaqlarını büzüb salladı. Maraqla, sual dolu baxışlarını Səftərə zillədi.
–Bilmirəm, nə məsələdir... Dedi, birdən lazım olar, mən də hazırlıq gördüm. Onlara nə var, böyük adamlardı, birdən ova-zada getmək istəyərlər. Bu şəhərdə məndən yaxşı ovçumu tapacaqlar? İlqarın yadından çıxmaz mənim rayondakı ad-sanım... Hamı deyirdi, Səftər quşu gözündən vurur.
Heç bir söz deməyən Tamara əlindəki çörək qabını götürüb mətbəxə qayıtdı, gedə-gedə də:
–Gəl, dolma hazırdı – dedi.

***
Əkizlər onu əmməkdən döşlərini yara eləmişdilər. Hiss edirdi ki, özü də acından zəifləyir, arabir gözləri qaralırdı. Yox, çıxıb yeməyə nə isə tapmalı idi. Belə davam edə bilməzdi. Nə olursa olsun. Kim necə baxırsa baxsın. Yoxsa özü də acından öləcəkdi, əkizlər də...
Zirzəminin balaca pəncərəsindən bayıra baxdı.
Hava tutulmuşdu. Ay da, ulduzlar da gözə dəymirdi.
Yəqin, onlar da üşüyürdülər... Hava çox soyuq idi axı...
Qərara aldı ki, hava qaralandan sonra çıxsın küçəyə. Qaranlıqda ona bir o qədər də fikir vermirdilər. O, başını aşağı salıb, sakitcə zibillkdə-zadda eşələnir, bir şey tapan kimi də vaxt itirmədən əkizlərinin yanına tələsirdi.

***
Yeməkdən sonra otağa qayıdan Səftər tüfəngini, gülləsini yığdı, qaytarıb yerinə qoydu. Televizorda xəbərlər verilirdi. Aparıcı deyirdi: “Son bir həftə ərzində şəhərdəki sahibsiz itlər dəfələrlə şəhər sakinlərinə, əsasən də azyaşlı uşaqlara hücum ediblər. İt qapması ilə xəstəxanaya müraciət edənlərə ilk yardım göstərilib, quzduzluq əleyhinə iynə vurulub”.
Aparıcı sözünü bitirən kimi Tamaranın səsi otağı başına aldı:
–Görüm onların kökü kəsilsin, kökü.Yenə çoxala-çoxala gedirlər. Adam küçəyə də çıxa bilmir qırılmışların əlindən...
Tamaranın sözləri ev telefonunun çingiltisində əriyib itdi. Bir an sonra qızı Səftəri telefona çağırdı:
–Səni istəyirlər, – dedi, – bir kişidir.
Səftər telefonla bir xeyli danışdı, lap axırda da:
–Baş üstə, yarım saata yanındayam – deyib, dəstəyi qoydu. O dəqiqə də maraqla ona baxan Tamaraya, qızına və burnunun fırtığı dodağının üstündə sallanıb qalan dörd yaşlı oğluna baxdı.
–İlqar idi...
–Hə...
–Dedi ki, gəl idarəyə...
–Həəə...
–Hə, hə də... İş tapıb mənə... Hələ ki, gündəlik işdir. İşəmuzd. Nə işlədimsə, onu alacağam. Ola bilər, günə yüz manat, ola bilər, beş yüz manat alaram. Hər günün axırında sayıb pulumu verəcəklər... Özü də dedi ki, şəhər əhəmiyyətli işdir.
–Allah avand eləsin! Qızın əyin-başının pulunu düzəldə bilsən, yaxşı olar.
Səftər tez-tələsik əyin-başını geyinməyə başaldı. Geyinib qurtarandan sonra da yan otağa keçib brezent torbanın içində olan tüfəngini, patronla dolu çantasını götürüb qapıya yaxınlaşdı. Onu belə görən Tamara qaşlarını çatıb xəbər aldı:
–Olmaya müharibəyə gedirsən?
–İlqar dedi ki, tüfəngi də, patronları da götür, gəl.

***
Hava qaralırdı. Bayırdakı səs-küy də azalırdı. Qar da kəsmişdi. Elə bil havanın soyuğu da səngimişdi bir az. Əkizlər oynaşırdı. Bir az əvvəl zirzəmidən çıxıb ətrafa boylananda gözünə dəyən zibil torbasını ağına-bozuna baxmadan sürüyüb zirzəmiyə gətirmişdi. Bir qazan sıyıq... Südlü sıyıq idi. Qatılaşıb torbanın içində donmudu. Nəfəsi ilə bir müddət isidəndən sonra sıyığın donu yavaş-yavaş açılmışdı, əkizlər doyunca yalamışdılar sıyığı... Özü də yemişdi, canına güc gəlmişdi... Döşləri isinmişdi, ağırlaşmışdı... İndi də əkizlər doyub onun məmələri ilə oynaşırdılar. O da ləzzət alırdı... Amma gecənin qaranlığından istifadə edib səhərə bir şey tapmaq lazım idi. Gedəcəkdi. Əkizləri bu soyuq, daş zirzəmidə qoyub gedəcəkdi. Hər gün bir qarın çörəyin imtahanı, hər gün yaşamaq üçün ölümlə üz-üzə gəlmək... Bu artıq onun taleyinə yazlmışdı...

***
Gecənin qaranlığında atılan güllə səsləri şəhərin buz soyuğunu qan ilə isidirdi. Səftər növbəti patronları qoşalüləyə doldurub tüfəngi hazır saxladı. İşə İlqargilin məhəlləsindən başlamışdı. İlqarın dediyinə görə, hər şey yaxşı olmalı idi. Vurulan hər itə görə on manat. Az deyildi ki...
Vurduğu itləri sürüyüb yaxınlıqdakı zibilxananın yanında qalaqladı. Saydı, altı it leşi hazır idi. “Altmış manat – ürəyində fikirləşdi: – Qıza isti bir palto, ya da qalın bir gödəkcə almağa bəs edər. Qaldı ayaqqabılar”.
Əlindəki fənərin işığını it leşlərinin üstünə salıb bir də saydı. Sonra yavaş-yavaş məhəllənin içinə doğru addımladı. Hava soyuq idi. Şaxta hər tərəfi dondurmuşdu. Soyuqdan vurduğu itlərin də hərəkət etməyə taqəti olmurdu. Elə ölümü gözləyirmişlər kimi durub Səftərin üzünə, əlindəki tüfəngə baxırdılar.
Səftər binanın tinindən burulub həyətə girəndə üç dənə itin bir torbanı dartışdırdığını gördü. İtlər Səftərin addım səslərini, qarın xışıltısını eşidib, bir anlıq dayandılar. Sonra yenə torbanı dartışdırmağa davam etdilər. Səftər bir qədər də yaxınlaşdı. İtlər ona əhəmiyyət vermədən torbanı dartışdırır, burunlarına dolan yemək qoxusundan uzaqlaşmaq istəmirdilər.
“Otuz manat – Səftər ürəyində fikirləşdi: –Biri də olsa idi, olardı on dənə, cəmi yüz manat. Tamara, al, bu da sənə ayaqqabı...”
Qoşalülədən çıxan güllələr eyni vaxtda açıldı. İtlərin ikisi eyni vaxtda zingildədi. Güllənin biri itin alnının ortasından dəymişdi, o dəqiqə çabalayıb öldü. O biri yaralı it isə iyirmi metr gedəndən sonra yıxılıb qaldı, başladı zingildəməyə, çabalamağa.Üçüncü it isə ağzındakı torbanı dişlərinin arasında rahatlayıb Səftərə baxırdı. Düz gözlərin içinə. Həyətdəki iri işıq dirəyindən ətrafa səpələnən buz bağlamış işıq itin gözlərinə düşürdü. Onun gözlərində qəribə bir ümidsizlik, dəhşət doğuran bir ağrı var idi.
Səftər tələsmədən tüfəngdəki boş gilizləri çıxarıb çantasına qoydu, sonra çantadan götürdüyü növbəti patronları tüfəngə doldurub silahı bağladı.
İt yazıq-yazıq baxırdı ona.
–Dədəmin canıyçün, vuracam. Sən it döyürsən ki... Sən on manatsan, on manat.
Səftər itlə danışırmış kimi pıçıltı ilə dedi. İt Səftərin səsini eşitdi. Onun səsindəki hökmü, soyuqluğu, etinasızlığı və qansızlığı hiss etdi. Başını qaldırıb səmaya baxdı. Ulamaq istədi. Ay, ulduzlar... gecə... gecənin mürgüsündə isti yatağında büzüşən adamlar... elə bil hər şey buz bağlamışdı.
“Bəs mənim əkizlərim?” Səsi boğazında ilişib qaldı, ulaya bilmədi... Nə fikirləşdisə, qəfildən yerindən götürülüb qaçdı. Səftər çaşqınlıqda onun arxasınca: –İt oğlu, it! – deyib bir güllə atdı və fənərin parlaq işığını sürətlə qaçan itin arxasınca saldı. İt ani bir zingilti ilə qaçıb doqquzmərtəbəli binanın zirzəmisinə açılan balaca pəncərədən içəri atıldı.
“Heç eybi yoxdur...” Səftər əsəbiliklə yerdə qalan və beyni dağılan birinci itin ayağından yapışıb bir qədər aralıda qalan o biri itə tərəf çəkdi. Sonra itlərin iksini də sürüyə-sürüyə zibilxananın yanında qalaqladığı leşlərin üstünə atdı.
–Səksən manat. Yüzü düzəltməsəm, əl çəkən deyiləm ey...”
Səfətər pullara – leşlərə baxıb köks ötürdü. Tüfəngini yoxlayıb, fənərin işığını yoluna salıb, asta-asta bayaq itin girdiyi zirzəmiyə tərəf addımladı. İşıqlarını düz gözlərinin içinə salan polis maşını sürüşə-sürüşə onun yanında dayandı.
–O nə tüfəngdir, ə? Kimsən sən? – serjant kobudluqla xəbər aldı.
–İtvuranam... Nədi bəyəm? – Səftər serjantın kobudluğuna zarafatla cavab vermək istəyirdi ki, serjant səsini qaldırdı:
–Kəs ə... İtvuran... Sənədin var?
–Niyə qışqırırsan? Niyə yoxdu ki? Sənədə nə gəlib?
İlqar arayışı ona verəndə xəbərdarlıq etmişdi ki, polis onu görsə, maraqlana, sənəd tələb edə bilər. O da əlcəyini çıxarıb sırıqlısının döş cibindəki arayışı götürüb serjanta uzantı. Serjant ani bir nəzərlə arayışa baxıb gülümsədi:
–İlqar müəllimin dediyi adam sənsən?
–Mənəm.
Maşının işığı qalaqlanmış leşlərin üstünə düşürdü. Serjant leşləri görüb irişdi:
–Çörək var, deyəsən?
Səftər cavab vermədi.
–Bəlkə, bizə də bir çaypulu verəsən...
–Vallah, pulum yoxdu...
–Yaxşı-yaxşı, and içmə... Sən belə elə də... Bir-ikisini də bizimçün vurarsan... Olar?
–Olar, niyə olmur ki?
–Dil oldun ha...
Serjant qapını çırpdı... Maşın sürüşə-sürüşə uzaqlaşdı.
Səftər arayışı cibinə qoyub, əlcəklərini taxdı. Fənərin işığnı binanın zirzəmisinə – itin girdiyi pəncərəyə tuşlayıb, iti addımlarla irəlilədi. Fənərin işığını balaca pəncərədən içəri salıb ətrafa baxdı. Bir şey görə bilmədi.

***
Əkizlər analarının ayağından axan qanı yalayırdılar. Sümüyü iki bölünmüşdü, ağrı onun bütün bədənini sızladırdı. Zirzəminin balaca pəncərəsindən dolan işığı görəndə ürəyi də sancdı. Əkizləri altına salıb qucaqladı. Ürəyində fikirləşdi ki, əgər onu axtaran adam zirzəmiyə girəsi olsa, əkizləri də görəcək. Əgər onun zirzəmiyə girməyini hiss etsə, qaçacaq bayıra, qoy nə olacaqsa, bayırda olsun. Onu axtaran adam əkizləri görməsin. Əkizlər də onun ölümünü görməsinlər.

***

Səftər dikəldi. Fənərin işığı ayaqlarının altına düşdü, qarın üstündəki qan ləkələrini görüb gülümsədi.
–Deyirəm axı, mənim gülləm boşa çıxmaz... Burdadı... Özü də yaralı.
Səftər yavaş-yavaş binanın alaqapısına tərəf addımladı.

***
O, əkizlərə baxdı. Əkizlər onun döşündən ayrılmaq istəmirdilər. Ölüm isə addım-addım ona yaxınlaşırdı.
Ayağının ağrısını unutmuşdu. Ürəyinin sancısı yaddan çıxmışdı. Əkizlərin dünyadan xəbərsiz oyununa son dəfə baxdı, ona, daha doğrusu, onlara doğru gələn ölümü qabaqlamaq üçün əkizləri yaladı, sonra üç ayağı üstə, canını dişinə sıxaraq, bacardığı qədər sürətlə pəncərəyə tərəf yox, bu dəfə qapıya tərəf qaçdı.

***
Səftər əl atıb zirzəminin qapısını açmaq istəyəndə qapının yarığından sıyrılıb çıxan it onu necə hürkütdüsə, kişi arxası üstə yerə dəydi. İt isə qaçıb alaqapının önündə dayandı.
Səftər iti söyə-söyə qalxıb tüfəngi qapıya tərəf tuşladı. İt yenə qaçdı. Qaçdı və bir qədər gedib dayandı. Səftər dayanıb tüfəngini ona tuşladı. Bunu görəndə it qaçıb tini buruldu.
–Lənətə gəlmiş ha!
Bayaq yıxılanda ayağını əzmişdi, axsaya-axsaya itin dalınca düşdü. Tini burulanda fənərin işığını salıb ətrafa diqqətlə baxdı. Gördü ki, ondan qaçan it vurub qalaqladığı leşlərin yanında, zibilliyin yaxınlığında dayanıb.
Səftər ayğını çəkə-çəkə tələsdi. İt daha qaçmırdı. Elə bil durub Səftərin yolunu gözləyirdi. Səftər lap yaxınlaşdı ona, aralarındakı məsafə beş-altı metr ancaq olardı. Səftər qoşalüləni qaldırıb itə tuşladı. Ay daha da parlaq idi, daha çox işıq saçırdı. Bəyaz qarın üstünə düşən ay işığı ətrafı da bəyaz bir nura qərq etmişdi. Səftər tüfəngi itin iki gözünün arasına tuşladı. Barmağını çaxmağa çəkmək istəyəndə itin gözlərini gördü. Ona elə gəldi ki, itin gözlərində yaş gilələnib. İstədi, barmağını tüfəngin tətiyindən çəksin, qəfildən qulağında Tamaranın səsi uğuldadı:“Səftər kişidi ki? Bir uşağı məktəbə göndərə bilmir...”
Udqundu. Kürəyinin ortasında nə isə sancdı. Başını qaldırıb itə baxdı, yenə baxışları itin gölzərinə sataşdı. Ona elə gəldi ki, it nəsə deyir, yalvarır. Tüfəngi çiyninə aşırıb getmək istədi. Bayaqkı serjantın səsi uğuldadı qulaqlarında:
“Bir-ikisini də bizimçün vurarsan... Olar?”
İlk dəfə idi gözlərini yumub güllə atırdı. Və barmağı tətiyə sıxıldıqca Allaha yalvarırdı ki, güllə açılmasın.
Güllənin səsinə özü də diksindi. İtin səsi də çıxmadı. Güllə sinəsinə dəymişdi, amma qan üzünə sıçramışdı.
İt yerdə çabalayırdı, sonra haradansa güc tapdı özündə, qalxdı, yenə yıxıldı... Sonra yenə qalxdı, bir-iki addım atıb bir də yıxıldı və daha qalxa bilmədi...

***
Gözlərini yummuşdu, amma hər şeyi görürdü. Ona doğru gələn adamı da, gözlərinə düşən fənərin işğını da, zirzəmidə tək qalıb oynaşan əkizləri də... ölümü də...

***
Səftər doqquzuncu leşi də o biri leşlərin üstünə qoyub belini dikəltdi.
Yorulmamışdı, ancaq içində yorğunluğa oxşar bir şey var idi.
Hava yavaş-yavaş işıqlanırdı. Asta addımlarla binanın qarşısında saxladığı köhnə “Niva”ya yaxınlaşdı. Maşının köhnəliyindən, üstündəki çapıqlardan cin hürkürdü. Bu maşında alababat olan bircə təkərlər idi. Təkərləri də dünən günorta ona İlqar vermişdi. Öz qarajından götürüb sürücüsü ilə göndərmişdi. Yoxsa Səftər səkkiz ay idi ki, maşını sürmürdü. İlqarın təklif etdiyi iş olmasa idi, maşın satışa çıxarılacaqdı. Beşcə yüz dollar verən olsa idi, satacaqdı maşını. Amma itlər girdi “Niva”nın qanının arasına. Maşını işə salıb qızdırdı. Sonra Tamaranın onun üçün termosda qoyduğu çaydan termosun qapağınaca töküb qənddən bir dişləm aldı, ayaq üstəcə çay içməyə başladı. Saat səkkizi gözləyirdi. Səkkizdə İlqarın adamları gəlib leşləri saymalı, Səftərəin pulunu verib getməli idilər.
Saata baxdı... Səkkizə işləyirdi hələ... Ağzındakı qəndi dişlərinin arasına alıb xırçıldada-xırçıldada doxsan manatın istisinə qızınırdı. “Tamaranın ağzı bugünlük yumulacaq. Sabaha Allah kərimdir! Sabah da serjantın haqqını verərəm...”
Səftər çayını içib termosu səliqə-səhmanla çantaya qoydu. Sonra tüfəngi və patronları maşının yük yerində yerbəyer elədi. Maşın da qızmışdı, peçi yandırdığından salon od kimi idi. Oturub asta-asta zibilxanaya – leşlərin yanına sürdü maşını. Zibilxanadan bir qədər aralıda saxlayıb düşdü. Gərnəşdi. Birdən gözləri leşlərin yanında atılıb-düşən küçüklərə sataşdı. İki balaca, toppuş küçük idi. Leşlərin üstünə dırmaşıb lap üstdəki itin döşlərini əmirdilər. Dartışdıra-dartışdıra, əzab verə-verə.
Səftərin əti ürpəndi. Yaxınlaşdı. Küçüklər zingildəşirdilər, oynaşırdılar, sonra yenidən tərpənməz qalan, yavaş-yavaş qaxaca dönən iti əmməyə girişirdilər. Səftər küçükləri də götürüb maşının yük yerindəki qutunun içinə qoydu. Küçüklər zingildəyə-zingildəyə durmuşdular.
On dəqiqədən sonra İlqarın adamı zibil maşını ilə gəldi. Leşləri sayıb, İlqara doxsan manat verdi, sonra da çıxıb getdi. Leşləri zibil maşınına yükləyib uzaqlaşdı. Küçüklər qutudan boylanıb zibil maşınının arxasınca baxırdılar.

***
Səftər evə gəlib doxsan manatı Tamaraya verəndə qadının gözləri işıqlandı. Tamara yoldan gələn, işdən gələn ərinin qabağına bir stəkan çay da qoymadı, tez-tələsik paltarlarını geyinib qaçdı dükana.
...Uşaqlar həyətdə qartopu oynayırdılar. Səs-küyləri almışdı həyəti başına. Səftər də qızı və balaca oğlu ilə bir yerdə həyətə düşmüşdü ki, həm uşaqlar oynasın, həm maşını yerbəyer eləsin, həm də maşındakı küçükləri. Balacalar küçükləri görəndə çox sevindilər. Hərəyə bir küçük götürüb,oynatmağa başladılar. Bayaqdan qartopu oynayan, qar adamı düzəldən uşaqlar da onların başına toplaşdılar. Uşaqlardan biri evə qalxıb süd, bir başqası sosiska, biri şirin çörək gətirib küçüklərin qabağına tökdü. Həyətin oğlanları evin qabağındakı bağçada küçüklərə yer də düzəltdilər. O gündən məhəllədə o küçüklərə “Səftərin yetimləri” deməyə başaldılar.
Səftərin qızı qış tətlindən sonra anasının aldığı təzə ayaqqabıları, isti gödəkcəni geyinib sevinə-sevinə dərsə gedirdi. Qız dərsdən qayıdanda atası ilə anasının həyətdə, küçüklərin yanında olduğunu görüb onlara doğru addımladı.
–Yaxşı, vururdun-vururdun, elə bunları da vuraydın da, – Tamara küçükləri göstərib Səftərə dedi.
–Bunlar bu gün heç nədir, iki aydan sonra isə iyirmi manat olacaqlar. O vaxta qədər də uşaqlar yemdən-zaddan verib böyüdərlər də bunları. Elə ki, böyüdülər, iki güllə də bunların alnının ortasından, iyirmi manat cibə. İndi gecə-gündüz Allaha yalvarıram ki, bunlar doğanda on-on, on beş-on beş doğsunlar. Daha görürsən də bizim çörəyimiz, nədən çıxır?”
Səftər qızını görüb qəfildən söhbəti kəsdi. Tamara da qızın başını sığallamağa başladı. Amma qız onlara baxmır, gözlərini küçüklərdən çəkmirdi. Uşaq doluxsunmuşdu, gözlərindən muncuq-muncuq yaş axırdı. Tamara qızını belə görəndə çaşdı, tez əyilib uşağın üzünə baxdı:
–Nə olub sənə? – həyəcanla xəbər aldı.
–Bu küçüklər böyüyən kimi atam onları öldürəcək?
Səftərlə Tamara bir-birlərinə baxdılar.

***
Gecə idi. Aylı, ulduzlu gecə. O daha nə gecəni, nə Ayın bərq vuran parlaq işığını, nə də göydəki muncuq-muncuq ulduzları görə bilirdi. O qalaqlanıb qalmış leşlərin arasında sıxılır, bircə an əkizlərini görmək üçün boylanmaq istəsə də, gücü çatmırdı. Hiss edirdi ki, döşləri ağrıyır, hiss edirdi ki, döşləri südlə doludur... hiss edirdi ki, əkizləri acdır... Hiss edirdi ki, Tanrı var... Hiss edirdi ki, Tanrı hər şeyi görür, elə onu da...

***
Səftərin qızı hamının yatmağını gözlədi. Evin səsi-küyü kəsildi, atasının xorultusu, anasının mırıltısı, balaca qardaşının mışıltısı divarlara toxunub əks-səda verməyə başlayandan sonra qız sakitcə yatağından qalxdı. Anasının aldığı təzə gödəkcəni geyindi, yavaş-yavaş evin qapısını açıb pillələrlə həyətə endi. Bağçadakı balaca it damına yaxınlaşdı, küçükləri ehtiyatla kürkükün altında gizlədib dikəldi, iti addımlarla bu həyətdən – qana həris atası, pula həris anası yaşayan həyətdən, bu küçüklərin böyüməyini gözləyən, onlar üçün iki güllə saxlayan atasının varlığı olan yerdən uzaqlaşmaq istədi.
Gecənin şaxtası yolları şüşə kimi sürüşkən etmişdi. Qızcığaz qoynuna sıxdığı küçüklərin istisinə isinirdi. Onun sevgi dolu uşaq ürəyinə xilaskarlıq arzusu dolmuşdu. O, bu küçükləri atasından, ölümdən xilas etmişdi... O, bu küçükləri onun üstünə şığıyan işıqdan xilas etmişdi...
Maşın sürüşüb-sürüşüb dayandı... İlqar içkili gözlərini açıb sürücüyə baxdı:
“O nə səs idi ə?”
Sürücü qapını açıb maşından enmək istəyəndə arxa şüşədən geri boylanan İlqar əlini sürücünün çiyninə qoydu:
“Sür, küçük idi...”

***
Səftər yuxuda güllə atırdı. Nəyə atdığını, kimə atdığını bilmirdi, amma atırdı...
Tamara yuxuda boğulurdu... üstünə o qədər onluq səpələnmişdi ki, tərpənə, nəfəs ala bilmirdi...
O, leşlərin arasından boylanıb göyə baxırdı... Göyün üzü çox işıqlı idi...

***
Maşın sürüşkən yollarla uzaqlaşıb gözdən itdi.
Səftərin qızı buz bağlmış yolun ortasında tərpənmədən uzanmışdı... Anasının bir neçə gün əvvəl aldığı təzə gödkçənin içi yavaş-yavaş qanla dolurdu. Balaca küçüklər isə qızın gödəkcəsini dartışdıra-dartışdıra durmuşdular...
23 noyabr 2015.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ