"Dədə Qorqud" boylarında bəzi qaranlıq motivlər

Tarix:10-12-2018, 12:10 Baxış Sayı:112

"Dədə Qorqud" boylarında bəzi qaranlıq motivlər
Muxtar Kazımoğlu,
Akademik


I YAZI

"Dədə Qorqud" boylarında qaranlıq motivlərdən biri Dəli Domrulun quru çay üzərində körpü salmasıdır. Bu məsələyə həm çağdaş düşüncə, həm də arxaik düşüncə baxımından aydınlıq gətirmək mümkündür. Çağdaş düşüncə baxımından yanaşsaq, quru çay üstündən körpü salmaq əhvalatını dəlisov igidin çılğın təbiəti, qayda-qanun gözləməməsi, normadan kənar addım atması ilə izah etməliyik.

Nəzərə almalyıq ki, "Dəli Domrul" boyunda əhvalatların bir çoxu baş qəhrəmanın təbiətinə və davranışına uyğun olaraq, yarızarafat-yarıciddi məzmun daşıyır, ozan yeri gəldikcə təhkiyəyə duz-məzə qatmağı yaddan çıxarmır. Məzəli əhvalatı ozan bizə məzəli bir dillə çatdırır. Dəli Domrulun tərsinə iş tutub, axar çayın yox, qurumuş çayın üstündən körpü salması, körpüdən keçəndən otuz üç, keçməyəndən döyə-döyə qırx axça alması eposdakı məzəli əhvalatların lap birincisidir. Xalq gülüş mədəniyyətinin poetikası baxımından tərsinə iş tutmaq, anormal hərəkət etmək kimi qiymətləndirilən bu məzəli əhvalat arxaik düşüncə baxımından özündə inisiasiya ritualının izlərini yaşadır. Arxaik düşüncəyə görə, qurumuş çay yatağı neofiti (ölüb-dirilmə ritualından keçən yeniyetməni) rəmzi olaraq udan əjdahanın bir işarəsidir. Dünyanın bir çox xalqlarında inisiasiya ritualı məhz quru çay yatağında keçirilir.

Məsələn, Avstraliyada quru çay yatağı ilana bənzər bir şəkildə qazılır ki, neofit məhz o ilan vasitəsilə müvəqqəti ölüm mərhələsindən keçib yenidən doğula bilsin. Niyə məhz ilan? Çünki mifoloji təsəvvürə görə, o dünya ilə bu dünyanın sərhədində sehrli çay, çayın üstündə isə körpü var. Körpünü ilan qoruduğuna görə ordan keçib getmək müşkül işdir. Əgər belədirsə, o dünyaya qədəm qoymaq ilandan keçməklə mümkündürsə, onda inisiasiya ritualının izlərini axtararkən ilan obrazına diqqət yetirməli oluruq. "Dəli Domrul" boyunda ilan obrazı yoxdur, amma həmin boyda ilan obrazının mifoloji işarəsi olan quru çay yatağına istinad edib arxaik düşüncə baxımından bəzi mülahizələr irəli sürə bilərik.

Mülahizələrdən biri "Dəli Domrul"da mifoloji ilan obrazından gəlmə əlamətlərin özünü göstərməsi ilə bağlıdır. Əvvəla, onu xatırladaq ki, ilan-əjdaha heç də "Dədə Qorqud" eposu üçün yad obraz deyil. Yad obraz olsaydı, eposda Qazan xan yeddibaşlı əjdaha ilə vuruşmasından danışmazdı. Konkret olaraq Dəli Domrul obrazına gəlsək, qeyd etməliyik ki, digər baş qəhrəmanlar kimi, Dəli Domrulda da ozanın öz dinləyicisinə çatdırmaq istədiyi başlıca məsələ yenilməz bahadırlıqdır. Ozan, Salur Qazan bahadırlığının bir əlamətini onun əjdaha ilə vuruşmasında gördüyü kimi, Dəli Domrul bahadırlığının da bir əlamətini onun sehrli əjdaha funksiyası daşımasında görür. Məsələ burasındadır ki, sakralcasına əjdaha bətnindən keçən neofitin yenidən doğulması əjdaha gücünü qazanmaqla mümkün olur.

Əjdaha funksiyasını daşımaq isə, təbii ki, əjdaha gücünə yiyələnməkdən başlayır. Dəlisovluğu, çılğın təbiəti ilə neofiti xatırladan Dəli Domrul boyun lap başlanğıcından yenilməz bahadır kimi özünü göstərir və gücünü-qüdrətini sınaqdan keçirməyə meydan axtarır. Qurumuş çayı dastanda əjdahanın rəmzi saymaqla belə güman etmək olar ki, o biri dünya sərhədində əjdahanın körpünü qorumaq vəzifəsini Dəli Domrul öz üzərinə götürür. Başqa sözlə desək, ölüb-dirilmə motivinin müəyyən cizgiləri "Dəli Domrul" boyunun lap əvvəlindən müşahidə edilir. Boyun sonrakı hissələrində isə ölüb-dirilmə motivinin fərqli detalları ilə qarşılaşırıq.

Tədqiqatçılar oğuz eposunda ölüb-dirilmənin yuxu, can əvəzləmə, buta, qaranlıq, gözəgörünməzlik, oğurlama, qaçırma, musiqi, qurban kimi müxtəlif vasitələrini aşkara çıxarırlar. Bu vasitələrdən "Dəli Domrul" boyu üçün daha çox səciyyəvi olanı can əvəzləmədir. Özündə əjdaha gücünün olduğunu hiss edib igidlərə meydan oxuyan Dəli Domrul dastandakı digər qəhrəmanlar kimi yalnız bir qüdrət - "ucalardan uca" Tanrı qarşısında müti quldur. Dəli Domrul ölüm mələyi ilə toqquşub Tanrı qəzəbinə tuş gəldikdə ölüb-dirilmənin ən ağır sınağından məhz "can yerinə can bulmaq" hesabına çıxa bilir.

Əgrəyin - əyri, Səgrəyin - ağıldan seyrək demək olduğunu, yəni Əgrəyin tərsinə iş tutduğunu, Səgrəyin ağlasığmaz addım atdığını nəzərə alıb "Dədə Qorqud"dakı bu qardaşları da ipə-sapa yatmayan dəlisov igidlər sırasına daxil etmək təbiidir. Səgrəyin atdığı ağlasığmaz addımlardan biri Oğuz elinin adət-ənənəsinə məhəl qoymayıb toy gecəsi "murad verib murad almamış" gərdəkdən çıxması, birbaşa tövləyə gedib bir şahbaz ata minməsi və dustaq qardaşı Əgrəyin dalınca getməsidir. Bu öz yerində. Amma ozanın "dəli yigit" kimi təqdim etdiyi Səgrəyin ritual-mifoloji baxımdan aydınlaşdırılmalı hərəkəti yataqda "yavuqlu"su ilə özü arasına qılınc qoymasıdır.

Çağdaş düşüncə baxımından yanaşsaq, Səgrəyin bu hərəkətində qaranlıq bir şey yoxdur: Səgrək böyük qardaşını düşmən əsirliyindən qurtarmayınca "yavuqlusundan murad verib murad almaq" istəmir. Necə ki Beyrək də otuz doqquz silahdaşını dustaqlıqdan azad etməyincə on altı il həsrət qaldığı Banıçiçəklə bir gərdəyə girmək istəmir. Toy gecəsində Səgrəyin izdivacdan imtina etməsinə arxaik düşüncə baxımından yanaşdıqda isə inisiasiya ritualının dərin qatlarına gedib çıxmalı oluruq.

Saysız-hesabsız folklor nümunələri, xüsusən də sehrli nağıllar göstərir ki, folklorda "ağır toy gecəsi" motivi var. Sehrli nağıllarda həmin motivin səciyyəvi süjet variantlarından biri belədir: Kim padşahın qızı ilə evlənirsə, toy gecəsi qızın ağzından çıxan ilan onu (təzəbəyi) sancıb öldürür. Nağıl qəhrəmanı da padşah qızı ilə evlənmək fikrinə düşür. Qəhrəmanın sehrli köməkçisi işə qarışır və padşah qızına elçiliyə gedir. Padşah bu dəfə öz qızını nağıl qəhrəmanına verir. Toy gecəsi sehrli köməkçi bəylə gəlin yatan otaqda özünə yer salır. Gecə qızın ağzından çıxan ilan oğlanı sancmaq istəyəndə sehrli köməkçi ilanı öldürür və oğlanı xilas edir. Bu süjetdən də göründüyü kimi, ölülər səltənətinə səfər edib qayıdan qəhrəmanın qarşılaşdığı son çətinliklərdən biri məhz zifaf gecəsindəki çətinlikdir. Həmin çətinlikdən qalib çıxandan sonra qəhrəman nəinki evlənmək istədiyi qıza qovuşur, hətta onun üzərində hakimi-mütləq olmaq statusu qazanır.

Toy gecəsi təzəbəylə gəlin arasında qılınc qoyulması məsələsinə qayıdaq. Yalnız "Dədə Qorqud" dastanında deyil, dünyanın müxtəlif xalqlarına məxsus folklor örnəklərində rast gəldiyimiz bu detalın "ağır toy gecəsi" motivi ilə hansı əlaqəsi var? Həmin detalın qorxunc gəlindən qorunmaq məqsədinə xidmət etdiyini düşünmək düzgün olarmı? Başqa qəhrəmanlar bir yana, gəlindən qorunmaq məsələsini dəlisov Səgrəyə aid etmək qətiyyən mümkün deyil. Adaxlılar arasına qılınc qoyulmasının Səgrəyə uyğun arxaik semantikası doğru-düzgün tapılmalıdır. Belə semantikanı tapmaqda ölüb-dirilmə inancı ilə bağlı qədim adət-ənənələr açar rolu oynayır. Həmin adət-ənənələrdən biri araşdırdığımız məsələ baxımından xüsusən əhəmiyyətlidir: Toy gecəsi oğlanla qız arasına əcdad rəmzi olaraq bir ağac-fiqur qoyulur. Ağac-fiqur bir tərəfdən, inanca görə, oğlanla qızın o gecə qovuşmasını yasağa çevirirsə, digər tərəfdən, adaxlıların cinsəl gücünün artmasına magik təsir göstərir. Əcdad ruhunu əks etdirən, izdivaca magik təsir göstərən ağac-fiqur zaman keçdikcə dəyişir və folklor mətnlərində siyirmə qılıncla əvəz olunur.

Qəhrəmanın yenilməzliyini ana xəttə çevirən folklor nümunələrində, xüsusən də "Dədə Qorqud" və "Koroğlu" kimi qəhrəmanlıq dastanlarında qılıncın müqəddəsləşdirilməsi təbii haldır. "Koroğlu"da Misri qılıncın ildırım parçası sayılıb göylərlə əlaqələndirilməsi, söz yox ki, "Dədə Qorqud" boylarında qılınca xüsusi münasibətdən keçib gəlir. "Dədə Qorqud" dastanında Oğuz igidləri (o cümlədən Səgrək) "qara polad üz" qılınca tapınırlar, and içəndə "Qılıncıma doğranayım!" şəklində and içirlər. "Basat" boyunda Təpəgöz kimi qeyri-adi varlığın başını kəsə bilən sehrli qılıncdan bəhs olunur. Əgər belədirsə, onda "Səgrək" boyunda da qılıncın müqəddəsləşdirilməsi təbii hal sayılmalıdır. Nəzərə alınmalıdır ki, bu boyda adaxlılar arasına qoyulan qılıncın birbaşa yox, dolayı mənası, üzdə yox, alt qatda əksini tapan semantikası Səgrəklə "yavuqlu"suna sakralcasına güc-qüvvət bəxş etməkdən, onların oğul-uşaq sahibi olmasına magik yardım göstərməkdən ibarətdir../edebiyyatqazeti.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ