Ədəbiyyatın payız fəsli

Tarix:7-12-2018, 21:49 Baxış Sayı:307

Ədəbiyyatın payız fəsli
(Tofiq Nurəlinin yaradıcılığı haqqında)

Azərbaycanda dövlət müstəqilliyinin bərpasını XX yüzilin sonu, XXI yüzilin əvvəllərində baş vermiş siyasi hadisələrin yekunu kimi dəyərləndirsək, bu illərin xronikasında daha hansı əlamətdar hadisələrin qeydə alınacağı maraq doğuran məsələdir.

Ona görə ki, müstəqillik mühitinin ölkə vətəndaşının dünyagörüşünə etdiyi və ya edəcəyi təsirlərin miqyası çox genişdir. Azərbaycan xalqının taleyini dəyişən bu möhtəşəm olayın – müstəqilliyin baş verdiyi ərəfədə dünyanı lərzəyə gətirən texnoloji inqilabların keçmiş sovet məkanına sürətlə daxil olması yazı və oxu mədəniyyətinin ənənəvi qaydalarını az müddətdə sıradan çıxartdı. Daha nə baş verdi? Ədəbiyyat, incəsənət hərəkatlarının ərazi, sərhəd koordinatları yüz səksən dərəcə altında virtual genişliyə doğru dəyişməyə başladı. Yazının, onun yayımının, paylaşımının ən müasir cihazlar vasitəsilə asanlıqla reallaşdığı bir şəraitdə ədəbi əsərin ciddi keyfiyyət problemləri gündəmi məşğul etməyə başladı. Ən əsası, yeni çağda həyatın, fəaliyyətin ədəbiyyat düşərgəsinə yaxınlığı ilə seçilən tərəfi istisna olmaqla xalq şeirdən, poeziyadan xeyli uzaq düşdü. Yaxud dünənəcən kitab oxuyanların da zövqü və maraqlarının fənaya uğramağının bir çox səbəbləri var. Bir səbəb, məncə, daha çox sözün üslub və estetikasına bağlı ciddi problemlərin meydana gəlməsi ilə əlaqədardır.

Dünyada baş verən siyasi olaylar SSRİ-nin dağılması fonunda şüurlara daha ciddi təsir bağışladı və demokratiya dalğası ilə çoxlu sayda üslub və cərəyanları təmsil edən ədəbiyyat dərnəkləri, qurumları yaranmağa başladı. Bu çox qütblü ədəbi təmayüllərin bir neçə onillik boyu davam edən cəhdləri, çalışmaları böyük islahatların baş verməsi ilə nəticələnmədi. Çoxlu eksperimentlər, nəşrlər, çaplar, sosial şəbəkədə yayımlanan şeir, nəsr nümunələri ədəbi prosesin varlığının göstəricisi kimi yadda qaldı. Modern ədəbiyyat adı altında ürəyə yatmayan saysız-hesabsız şeir nümunələrinin bolluğu ilə müqayisədə uğurlar, yeniliklər az oldu. İntellektuallıq, innovativlik az hallarda şeir, ədəbiyyat faktına çevrilə bildi. Bu dönəm üçün, ədəbiyyat tarixinin bu hissəsi üçün daha xarakterik, daha əlamətdar hadisə məşhur səksəninci və daha öncəki illərə mənsub yazarların və bir az sonra irəliləməyə start götürənlərin yaradıcı enerjisini yeni ədəbi prosesə qatması oldu. Hər hansı üslub və metodologiyanın öyrənilməsi, janr və dizayn axtarışları, qlobal düşüncənin axınında yeni poetik kəşflərin sayəsində bir xalqın ədəbiyyatının simasını müəyyənləşdirmək və prinsiplərini elan etmək və s. söz yaradıcılığının tərkib hissəsi sayılsa da, yenilik adı ilə qondarma, saxta çap məhsullarını cəmiyyətə təqdim etməklə oxucunun ədəbiyyatdan gözləntilərinə zərbə endirmək mümkündür. Mütaliə vərdişlərinə hələ sovet dövründə yiyələnmiş bir nəslin də fiziki cəhətdən yoxluğu kitab abonementlərinin sayını azaltdı. Yəqin, buna görədir ki, bu illərin ədəbiyyatşünaslığında “şeirin öldüyü” barədə fikirlər meydana gəldi. Həmin bu axtarış illərində -- əslində axtarış ədəbiyyatın bütün illəri və zamanları üçün prioritet məsələ sayılır – hələ sovetlər dövründən öz dəst-xəttini tanıtmış istedadlı şairlər yeni kitablarını çap etdirərək, poeziyanın ölmədiyini, çox ciddi xalq və ölkə mədəniyyətinin tərkib hissəsi olduğunu sübut etmiş oldular. Belə sönməz ədəbiyyat ocaqlarından biri hələ ilk kiçik həcmli kitabları ilə çoxsaylı və mötəbər oxucu auditoriyasını qazanmış Tofiq Nurəlinin adı ilə bağlıdır. Başqa sözlə desək, milli və qlobal düşüncənin əhatə dairəsində doğma yurdun poetik mənzərəsini yaradan bir doğma şairimiz Tofiq Nurəlidir.

Həyatının bir hissəsi sosialist mədəniyyəti və həyat tərzi ilə üst-üstə düşənlərin az qismi tarixin ağır sınaqlarından üzüsulu çıxa biliblər. Böyük zamanın ədaləti onun sözü gələcəyə ötürmək istəyənlərə yol yoldaşlığı etmək missiyası ilə ölçülməlidir. Bu baxımdan, sosializmin bir çöpünü də tərənnüm etməyən Tofiq Nurəli kimi şairlərə aid olan ədəbi kursun öyrənilməsinə hər zaman ehtiyac vardır. Məsələn, Tofiq bəyin yardıcılığında patetikaya, vətən barədə gözəlləmələrə, hər hansı şüarçılığa ya tarixdən, qəhrəmanlıqdan sitatçılığa, mövzu istismarı ilə gündəmə gəlmək cəhdlərinə rast gəlinmir. Amma şairin “belinin qırılmış yeri” vətəndir. “Özünün yoxsa da bir qarış yeri, Üzündə dərdlərin min qırış yeri... Ağrıyır belinin qırılmış yeri – Vətən şairindi, Vətən şairin”. Vətən də, tarix və mərdlik də onun qələminin daxili qatını təşkil edən maddə kimi əhəmiyyət daşıyır. “Mamont” şeirində bu barədə yazır: “Orbitindən çıxmış zamanın uzaqları içində, o tindən, bu tindən axışan zəmanə uşaqları içində Mən bir MAMONT kimi yaşayıram”. Tofiq Nurəlini və o nəsli, nəsilləri, ya o tip ədəbi estetikanı təqdim etmək, ədəbi həyatın mənzərəsini konkret təsbit etmək baxımından bu misraların əhəmiyyəti çoxdur. Zamanın övladı olmaqla zəmanə uşağı olmağın fərqlərini anlamaq çox asan şeydir. “Gecikmək və ya nəsillər qatarı” şeirində mənzərə tam və aydın əks etdirildiyinə görə həmin şeiri kiçik ixtisarla təqdim etmək istəyirəm:

“Bizim biletimiz o qataraymış,
Boş getdi yerimiz..
Xoş getdi yerimiz –
bilmirəm.
Mən gördüm o qatar
elə bil həvəssiz -
lap yavaş getdi,
Tamburda beş-altı sərxoş getdi..,
Bizim biletimiz o qataraymış –


Yanıqlı bir mövzunun damarı dəqiq tapılıbdır. “Qatarın” “hərəkət cədvəllərini tərtib etmək” sahəsində ədəbiyyatşünaslıq elmimizin etdiyi qələtləri hələ də düzəltmək istəyən yoxdur. Gələn qatarların yadlığını artıq keçib gedən həyatımızla duymaqdayıq, yaşamaqdayıq.

Bu gələn qatardan gözlərini çək,
Bu qatar bizləri götürən deyil,
Bizim biletimiz yanıb, əzizim...
Çırpıb yumruğumu vaxtın üstünə
elə boş-boşuna əlimi əzim?!
Bizim biletimiz o qataraymış..,
Bizim biletimiz yanıb, əzizim!..
Bir az az, bir az çox..,
nə fərqi axı,
onsuz da çatmadıq
getdi o qatar...


Gələn qatarların sərnişini kimi yola çıxmağın üzüntüsü başa düşülən olsa da, vaxtın etibarına güvənməkdən başqa çıxış yolu qalmır.

Böyük bir zamanı verdik küləyə –
qatarı vaqonu düz tanımadıq...
Bizi kim aldatdı, heç bilirsənmi?!


Yuxarıda qeyd etdiyimiz həmin ictimai-siyasi dönüşmələrin və qalmaqalların nəticəsində “boş yerlər”, “yanmış biletlər”, “aldanışlar” müvəqqəti də olsa, həyatımızın bir əlamətinə çevrilmiş oldu.

Lap elə birtəhər minək bu dəfə –
Hərə bir tərəfdən lağ eyləyəcək...
Axı hər qatarın öz sərxoşu var..,
Gördün ki biri lap ağ eyləyəcək –
Götürüb qatardan atacaq bizi...
Bir yaxşı fikirləş indi, əzizim...
Bizim biletimiz o qataraymış,
Bizim biletimiz yanıb əzizim...
Amma
Bu gedən qatarlar bir üzə gedir..,
Qayıdan deyildir bizim də qatar...
...Boş qalan yerlərə baxıb gizlicə
Bir az xoflanır da qatardakılar:
– bəlkə qabaqkına minib gediblər,
Bəlkə hər qatarda onlara yer var?!!”


Bu misraların yazılmağı ədəbi aləmdə görünən və görünməyən həqiqətlərə tapınaqçı olmağın və böyük səənət yolunu tutanların narahatlıqlarının əlamətidir. “Keçid dövründə” baş verən çox qütblü, “çox seriyalı” əhvalatlar, “toqquşmalar” (“zamanın toqquşan yerinə düşdük”) mühitinin dəqiq diaqnozu burada yazılıbdır. Əsil poeziyanın keçib getmiş və gələcəyin ən prestijli sürət qatarlarına biletsiz əyləşməyə haqqı vardır. Sosial fəaliyyətin və ədəbi həyatın müəyyən kriteriya və prinsiplərə əsaslanmamağı dünyanı ağzına alan sürətli çoxçeşidli, çoxsəviyyəli informasiya axınları üzündən xaos və nizamsızlığın artmasına görədir. Söz provayderlərinin və analitiklərinin günahı ücbatından baş verən xeyli məsələnin həllinə ehtiyac yaranıbdır. Məsələn, eşidilən səslə deyilməlidir ki, Azərbaycanda poststruktural proyektlərin nümunələri ötən yüzilin, bəlkə, daha əvvəllərin estetikasından törəyibdir.

“Şərq – Qərb” şeirində bundan bəhs olunur və həmin şeir mətni yeni üslubun bir nümunəsidir. “Qəzəl, qoşma, qafiyəli şeirlər Nizamlı, hərbi qiyafəli şeirlər... Xristian məzarlığına da oxşayır Uzaqdan baxanda: Cərgə, sıra, dümmdüz... Bircə artıq heca buynuz çıxarmış adam kimidi... Beytlərin qafiyədən qarnı şişib-dam kimidi, hamilə qadın kimidi. Yüz illərdi Şərq şaqraq qafiyələr içində yazır! Yazıq! Min yazıq Şərq şairləri Bu mizansız döngəli, dar dalanlı, Xaos içində itib-batan (küçələdə içib-yatan bomj günündə) Şərq obalarında mizanlı şeirlər yazdılar, Axırda da obalarına bənzər qəbristanlıqda yatdılar yerləri də bilinmədi. Mizan Şərqin şeirində qaldı eləcə həyatına keçmədi, Şərq yerində qaldı eləcə. Mizan Şərqin şeirindən- doğulduğu yerindən Qərbin həyatına getdi! Bitdi, elə burada da Şərq batdı, qurtardı Şərq! İndi qara qatırdı Şərq! O qədər üzgün, ya da o qədər körpə ki, altına batırıb kimi. Xaotik, səntirli, “gəzəyən”. təngnəfəs, mizansız, Şərqə bənzəyən, şeirlər yazır Qərb şairləri yüz illər boyunca...” Qərbi mütaliə edibən, Şərqin yeniliklərindən xəbərsiz olmağın suçunu da üstündən atanların səmimiyyəti çox bayağıdır. Öz çanağı ilə “sağollaşmadan” vidalaşanların ədəbiyyat yaradacağı barədə yaxşı siyasi əhvalatlar quraşdırmaq mümkündür. Belə durumda sosial-psixoloji münasibətlərin doğurduğu fəlakətlərdən yaxa qurtarmaq olmur, xaotik prosesin miqyası o qədər böyüyür ki, müvəqqəti də olsa, dəyər antidəyərə uduzur. Ədəbiyyatda, məsələn, bir istedadlı nəsil “unudulur”, onun yeni estetikalar müstəvisində restavrasiya prosesi uzun çəkir, antiədəbiyyata izmlərin “havadarlığı” ilə haqq qazandırılır.
Ədəbiyyatın payız fəsli
Bu üzdən, Tofiq Nurəlinin öz əsərlərində “fələk dövranı”nın (M.Füzuli) analiz edilməyinə haqq qazandırmaq lazım gəlir. Xüsusən, 2014-də çap etdirdiyi “Yarpaqlarım ağrıyır” kitabında şair vaxtın və mühitin dəqiq təhlillərinə geniş yer ayırır. Ola bilsin, tarixin bu cür dönəmlərində hər şeyi keçid hadisəsi hesab etmək təşəbbüsləri çox olsun, lakin qarışıqlıqdan bəhrələnib yenilik bayrağı adı altında irəli keçənlərin bəxtgirliyi haqqında nəsə söyləmək də müvəqqəti söhbətdir. Çünki qəlp sözün istisi olmur. Soyuq nəfəslə əlini hovxura bilməzsən. Şair “Havadayam” şeiri ilə bir incə məqama da toxunur və şeirdən çıxan ideya bundan ibarət olur ki, qabağa düşənlər işbazlardır. O sırada ədəbiyyat cəfakeşlərinə yer yoxdur, prinsipsizlik, ideyasızlıq, miyanə mühit ölkə boyu bütün dəyərləri gözdən salır. “Bomboşdu hər yan: həyat, hava, iş yeri, dostlar, kitablar. İçimdə külək yeriyir -- əsmir, heç yana tələsmir... Bu “vəzifəsizlik”, lazımsızlıq, gərəksizlik girdabında hər şey havada qalır.

Özüm də havadayam:
ölçüsüzlük,
çəkisizlik,
çarəsizlik içində
boş-boşuna,
o baş-bu başa...
gedən kartejlərə,
yerə düşməyən,
havada veyillənən
damcılara – yağışa...
hətta
yellənən bayrağa
Bumbuz və bomboz
Təbəssümlə baxıram...


Beləliklə, yeri-göyü tək-tənha gəzib dolaşmağın qayğıları ilə yanaşı, səbəbləri də illərin, günlərin mənasını, məzmununu ifadə etməyə başlayır. Ətrafda baş verənlərə şairin tənhalıq rakursundan nəzər yetirməyinin səbəbi ədəbiyyatın tənhalığı anlamı ilə bağlıdır. Müasir ədəbi proseslərin içərisindən öz ittihamçı mövqeyini qılınc kimi sıyırıb, oxucuya qınaq və təhdidlər yağdıran bir qrup gəncin “həryerədəbiyyat” refleksiyasında, heyif ki, təkcə ədəbiyyatın özünə yer azdır. Çünki böyük ədəbiyyat təklik, tənhalıq yarlıkı ilə bütün zamanların fövqündən boylanmaqdadır. Kütləviliyi, həryerdəliyi isə az tapılan kamil ədəbiyyat nümunələrinin “alıcısı” olmağa layiq oxucu auditoriyalarında axtarmaq lazımdır.

Tofiq Nurəlinin poetik mətni bütöv bir parafraz kimi səciyyələnə bilər. Bir xalqın havada qalmağı barədə verilən informasiyanın alt qatında düzgün olmayan yaşayış tərzinə, itirilmiş zamana, kəmfürsət siyasi idarəçiliyə eyham edilir. Ədəbiyyat iflic olmuş varlığın həssas nöqtələrini dilləndirib onun hərəkət qabiliyyətini bərpa etməklə məşğul olur. “Təmənnasız bir ağac qalmayıb – kölgəsinə sığınmağa, kipriyimə enməyə yuxum qalmayıb, talanıb, talanıb, aldanıb, söndürülüb, öldürülüb e, öldürülüb – ruhum qalmayıb! Orda məni sevindirəcək nə bir çiçək var, Nə də ümid verən bir gələcək var... Havadayam Baxıram biganə-biganə.., görürəm, havaya qalxır bir-bir anlayanlar divanə-divanə... Bunları “zəmanədən şikayət” adlandırmaq, əlbəttə, düz olmaz. Bunları tariximizin ədəbiyyatımızdakı əks-sədası kimi qiymətləndirmək doğru olar. Tənha qüssələrin poetik təsvirində əla bir ədəbi xammaldan istifadə olunduğunu ayırd etmək olur.

Ədəbiyyatçı tənhalığının üstünə ictimai təkliyin bəlalarını da gələndə qələmin işə qarışmağı təbii qarşılanır. Halımızın, güzəranımızın bir yerini ifadə edən bu misralar mənəviyyat faktının faciəvi cəhətlərini dəqiq əks etdirir. Burada insanın, bir toplumun düşdüyü vəziyyətin konturları göstərilib. Bu yolla topluma təsir etmək məqsədi güdülür. Publisistikaya uduzmadan cəmiyyət faktını aktivləşdirmək bədii sözün qüdrəti ilə mümkündür. Məsələn, azadlığın, müstəqilliyin yürüşlərində fərdin, vətəndaşın oyundankənar duruma necə düşdüyünü şair ən təbii üsullarla, ən sadə misallarla adamın diqqətinə çatdırır, yaxud yadına salır. Yəni həyatda insanının öz başına gələnləri ona xatırladır. Onu ittiham etməkdənsə, mövcud durumunu ona anlatmaq daha faydalıdır. İctimai neqativlər ürəyi ağrıdır. Məsələn, azadlıq, ədalət axtarışında, ya vicdan savaşında adamın öz əli ilə özünə etdiklərini etiraf etmək ağırdır, ağrılıdır. Şeirlərində tez-tez ağrılardan söz açılır. Ağrı sindromu təbabətdə mühüm amil sayılır, sosial mühitin də ağrısını tutmadan, ona əlac etmək olmur. Şair hər zaman poetik düsturları işə salır. “Dişi ağrıyan külək və içi ağrıyan şəhər” - şeirin adı olaraq ideyanın tapılmasına bədii ipucu vermiş olur.

Gözəl tapntıdır və şeir yazılmasa da, oxucunu zövqlü düşüncələrə qərq etməyə səbəb olur. Külək Bakı şəhəri üçün xarakterik olduğuna görə ad çəkməyə ehtiyac qalmır. Ağrının ictimai xarakterli olduğu ifadənin ikinci hissəsində təsbit olunubdur. Adamın İÇİ ağrıyırsa, bunun tiblə əlaqəsi olmadığı bilinir. “Qorxulu xəbərlər yazır ∕ səhər qəzetləri – ∕şəhər qəzetlərdə ∕həmin külək kimidi, ∕İnternet dolub-daşır ∕həmin küləklə: ∕saytları, ∕xəbər agentliklərini ∕dolaşır həmən külək indi...” Küləyin xüsusiyyətləri ictimai vəziyyətin təsviri üçün yada salınır. Bu yeni “küləyin” əsməyindən nəsə hasil ediləcəyinə ümid yoxdur. “Mən nə külək həkimiyəm, ∕ nə şəhər həkimi, ∕Amma ovcumun içi kimi ∕ bilirəm ∕ Ağrılar sağalmaq istəməyin əlamətidir...” Şairin öz nəzəri-estetik mülahizələrini poetik qəlibdə bəyan etdiyini nəzərə alsaq, bu və digər bir sıra qeydlərimi T.Nurəli yaradıcılığından çıxarışlar kimi, xülasələr kimi də qəbul etmək olar.

T.Nurəlinin ədəbi dünyagörüşündə bəzən işlərin, olub-keçənlərin, həyatın gedişatı, yekunu barədə məlumatlara, təsvirlərə yer ayrılır. Bu, sənət adamının dünya ilə təkcə fəlsəfi kontekstdə qaynayıb-qarışmağı ilə bağlı olmayıb, materiyanın, həyatın metafizik qavrayışları ilə bağlı olmayıb, dünyanın genetik şüurda əksi ilə bağlıdır.

“İnana bilmirəm məndən sonra da
Bu dağlar beləcə qala yerində..,
Tükü tərpənməyə bu qayaların...
Torpağın altında dözəmmərəm mən,
Gedib bitəcəyəm lalə yerində
Pozub o dünyanın hər qaydaların...

Unikal bir dirilmədən söhbət gedirsə, bu, həzin bir lirikanın və onu ərsəyə gətirən sönməz ihamın sayəsində mümkündür. Fəhmin, eyhamın “diribaşlığı” üzündən oxucu şaşırmır, yayınmır, fikri yolunu azmır. Topluma, bir də əlahəzrət zamana güvəncin bu şəkildə ifadəsi qeyri-adi təsir bağışlayır. “Dağ”, “qaya”, “lalə” obrazı yenidir. Və incə bir reverans: “Pozub o dünyanın hər qaydaların...”. “Hər qaydaların” poeziya torpaqlarıının tən orta qatından götürülüb. M.P.Vaqif belə yazır: “Qaydasını billəm hər üsulların”.

İnana bilmirəm məndən sonra da
Saz belə göynəyə, tar belə dinə...
Torpağın altında dözəmmərəm mən
Gedib bitəcəyəm qamış yerinə -
Səsimi balaban səsinə qatım..
Səsimi balamın səsinə qatım...


Şeirin mayası insan ruhuna bağlıdır. “Qamış”ın, “balaban”ın, “balam”ın şirinliyi şeirin tamını müəyyən edir. Sözün qədir-qiymətini bilmək xüsusunda əvəzsiz fikir söylənibdir, improvizə edilibdir. Sözün, misranın arı şanı kimi şirin-şirin toxunuşu oxucunun ağlını başından alır. İnandırıcı hiss düşüncədə qamışın, balaban səsinin vasitəsilə möhkəm yer tutur. “Səsimi balamın səsinə qatım”da şübhə tamamilə aradan qalxır və “yarıoyaq vəziyyətdəki” əsər qəhrəmanının haqlı olduğunu etiraf edəsi oluruq.

Eh, yox, əfsanədi bunlar hamısı..,
Dünya dağılmadı anam gedəndə...
Atamı sakitcə uddu bu torpaq...
...Bəlkə də atamdı bu sal qayalar...
Bəlkə lap anamdı bu yaşıl yarpaq...
Yaxşısı ulduza dönməkdi bəlkə -
Baxmaq narın-narın göylər tağından...
...Mən bu ağrını da çəkib gətirdim
Qəlbin əl çatmayan uzaqlığından...
Mənim deyilməmiş sözlərim qaldı..,
Qardaşa qıymadım, demədim yada.
Həmin o sözlərdi lalə şəklində,
Balaban dolusu nalə şəklində..,
Ulduzlu göylərdi.., qalır dünyada...
Əlvida..,
əlvida..,
bir də əlvida!”

Göründüyü kimi, “inana bilmədiyimiz həqiqətlər” orada böyük ilahi ağrıların cərəyan etdiyini göstərir, bu hal ilə deyilməmiş sözlərin möcüzəsinə dərin ümidlər nümayiş etdirilir. Yer üzünə ulduz qatından boylanmaqda dünyaya söz kimi qovuşmağın ayrıntıları bəlirlənir. Ulduzlu göylə sözlü ömür asan assosiasiya olunan əlamətlər kimi şüurda xülya yaratmır, “canlı” fəaliyyətin cizgilərini həkk edir. Burada poetik qəhrəmanın qərarlılığını, söz sənəti üçün nə qədər vacib və dadlı hislərə çulğaşdığını nəzərə almaq lazımdır. Baxın, ardınca nə yazır: “Qeybdən gələn bir səsin Nə köhnəsi, nə təzəsi?! Dünya malının əvəzi Sözü mən geydim əynimə. Heç nə ilə ölçülməyən Yeyilməyən, içilməyən Heç vaxt güllə keçirməyən Sözü mən geydim əynimə”. Sözün zirehi mətnin istedadla qələmə alınmağı ilə bağlıdır. Zamana münasibətdə bu yazıların müəllifinin uzun yolçuluq təcrübəsi olduğu da göz qabağındadır. Təvazö və nigarançılıqla “Nə gətdim ki, zamanların dışından, Tofiqlərin gətirdiyi nə ola?” deyir.

Onun estetik dünyagörüşündə paradiqma, zənnimcə, iki əsas mövzuya sərf olunur. Sevgi və həyat T.Nurəli poetikasının ayrılmaz tərkib hissəsidir. Bu keyfiyyət “böyük məhəbbətin kədəri” formatında əks olunubdur. İnsanın həyat qabiliyyətini stimullaşdıran, ağlı, şüuru heç vaxt tərk etməyən bu ilginc yaşantıların ifadə priyomları daim yeniləşsə də, oxucunu inandıra bilmək üsulu ilə işləməyin rolu xüsusi qeyd olunmalıdır. Görünür, zamanın hadisələri sırasında şeirin məqamının bir qədər daralması həm də bu əlamətin, mətnin inandırıcılıq xassəsinin olmamasıdır. Problem aktuallığı ilə yanaşı, müəllifin sözün, nitqin məhrəm qatlarına enmə bacarığı, qabiliyyəti gərəkdir.

Tofiq Nurəli kimi qanımız qaynayan, könlümüzə mizrabzən şairlərin sayı çox deyil. Bu cür üslubları üstələyən torpaq, kənd, meşə, çay şairləri yeni çağın bir çox bayağı iqlim-cərəyanlarına təbii havası ilə qarışaraq ədəbi həyatın havalandırma sistemini yaradırlar. Arif oxucuya işarə lazımdır. Ədəbiyyatın hər şeyi işarə, eyham ilə anlatması təbii məsələdir. Ezop dili ilə adama nəyisə anlatmağın bir qaydası şeir yazmaqdır. Bu mənada T.Nurəlinin yazı üslubunda fikrin dolayı ifadə qaydası geniş yer tutur. Məsələn, dilimizdə kökü rəvayətli bir “oxlov” ifadəsi var. İndi elə vəziyyət yaranıb ki, qələmə sarılan insanların yaratdığı tünlük, çap imkanlarının genişliyi ədəbi oğurluqların baş alıb getməsinə səbəb olur. “Anamın oxlovu” şeirində T.Nurəli bu problemdən söz açır. Lirik qəhrəmanın dilindən deyilir ki, bir vaxt qonşunun bağına girdiyinə görə anası onu oxlovla döyərdi. İndi ana da qocalıb əldən düşüb, oxlovun da yerini bilmir, qonşu da bağını satıb. Ancaq şeir yazmaqla məşğul olan qəhrəmana “kiminsə bağına girdiyi” barədə xəbərdarlıq edirlər. Bax onda ananın həmin oxlovu gözünə görünür.

“Şeirlər yazıram, olur ki bəzən
Kim isə “bağlara girmisən” deyir,
Anamın oxlovu durur gözümdə
Canımda oxlovun yeri görünür”.

Bu da bir örnəkdir, həm də maarifçilik missiyasıdır. Yaradıcılıq məsuliyyəti, şairin öz ədəbi kredosuna sadiqliyi anlamında cavabdehlik daşımaq var. “Oxlov” milli təfəkkürdə qəlibləşmiş tənqid, cəza rəmzidir. Həmin oxlovu yaddan çıxaranlar nə ədəbiyyatçı olub əsər yarada bilər, nə xalqçı olub xalqa gün ağlaya bilər. Bir sözlə, öz ədəbi xarakteri ilə heç kəsə bənzəməməkdə Tofiq Nurəli yaradıcılığı əlahiddə statusa layiqdir. Ədəbiyyat təəssübkeşliyi və hadisələrin proqnozlaşdırılması xüsusunda şairin dəqiq müşahidələri nə qədər faydalıdırsa, bu mülahizə və qənaətlərin düzgün ədəbi təqdimatı da lazımdır. “Söz uğrunda savaşda Başda şairlər gəlir, Bir yandan qırılırlar, Bir yandan başqa şairlər gəlir”. Şair qırğınından bəhs etmək şeirin, sənətin tənəzzül və uğursuzluqlarının miqyasını ifadə edir. Burada nə baş verirsə, vaxt çərçivəsində gedən proseslərlə ilgilidir. Şairin sınaqdan keçirilməsi zamanın sınaqdan keçirilməsi qədər ciddi bir məsələ sayılır. “Nizədən, kəndirdən, oxdan keçirilib, Zindandan, güllədən, vaxtdan keçirilib...” Bu ağır sınaqlardan keçməmək zamana layiq əsərlərin yazılmaması deməkdir. Hər bir halda yazarın və ədəbiyyatın çətin işdə ağır itkilərə məruz qalması qaçılmazdır.

Şair nə yazsın gərək ki, oxucu hər zaman “bu, mənə aiddir” deyə bilsin? Sözün nəyə istinad etməsindən – təbiətə, sevgiyə, ictimai problemə istinad etməsindən – asılı olmayaraq orada insan obrazı və onun “gəzib-dolaşdığı doğma yerlər” və adamlar olmalıdır. Şəhərdirsə -- şəhər, kənddirsə -- kənd tikildiyi, salındığı ərazidən insana görükməlidir. İnsan – oxucu o yerləri özünə doğma hesab etməyi şeir vasitəsilə də “dərk etməlidir”. Tofiq bəyin “Ata yurdlarına ağılar deyən Son kəndli şairi mənəm, bəlkə də” yazmağından meydana çıxan həqiqət budur ki, “ata yurdu” adı ilə məktəbdə tarix dərsləri tədris etmək olar, ancaq millətə, bəni-adəmə dərs olsun deyə, bizim hələ ki yerdən, torpaqdan ağılar, elegiyalar yazmağa haqqımız, ixtiyarımız, borcumuz çoxdur. Bu məqamda özünü kəndli şairi adlandırmaq yerinə düşür. Tofiq Nurəli sevgi şeirlərində ola bilsin, yüksək romantik, bir qədər sentimental hislər yaşaya, lakin sosial-siyasi mövzulu şeirlərində realistdir. Öz poeziya təsərrüfatını yaratmış əsil şairlərin mətləb və məramlarını həyata keçirməsi üçün irəliyə çıxış nöqtəsi olmalıdır.

Tofiq Nurəli üçün həmin nöqtə kənddir. Kənd realizmi dünyanın əhvalatlarını “qələmə almaq” üçün ən yaxşı üslub və metodologiya hesab edilməlidir. Çünki kənd Yer kürəsinin dayaq nöqtəsidir. “Ölkənin ərzaq planı” kəndin estetikası ilə bağlıdır. Yeməsən, acından ölərsən. Şair “kəndli şairi” olmaq xüsusunda doğru mülahizələr söyləyir. Bu kənd üstü hələ beton və hündür binalarla örtülməmiş, altı qazıq-qazıq edilməmiş bir ərazidir. Bu ərazinin adı Yer kürəsidir. “Damı çöküb tövlənin, Tir çatlayıb, deyəsən. ...Hərdən bu köhnə yurda Gərək gəlib dəyəsən”. At minib atlanan kişilərlə ən yeni model avtomobildə atılıb-düşənlərin “yerində-yurdunda” nə varsa, şairlər daha yaxşı bilirlər. Bir də baxırsan ki, çatıltı gələn, ya “qapısı cırıldayan” tərəfdə qələbəlikdir. Şeir yazan kim, mədəniyyət himni oxuyan kim.

Müasirləşən, qloballaşan, bir sözlə, çox tühaf nəsnələrlə əlləşən toplumla üz-üzəsən. Yeri gəlmişkən, qiobalizmin bu əsrin, bundan əvvəlki əsrlərin hadisəsi olmayıb, çox qədim zamanların mahiyyət və məqsədlərində yer tutmuş olduğunu düşünürük. “Cırıltılı qapıdan Keçirəm mən birtəhər. İlişir ayağıma cındırı çıxmış yəhər”. Sözün cındırı çaxanda nə edəcəksən! Təbii göndən düzəlmiş, dəmiri, qayışı möhkəm at yəhərindənmi davamlı olacaq, etibarlı olacaq? “Burda zaman ölüdü Hər şey donub üşüyür. Bu heçlikdə saatım Çaqqaçaqla işləyir”. Bircə zamana zaval yoxdur. Zaman elə bir hərəkət cihazıdır ki, istəsə adamı atın üstündən elə yəhərqarışıq hara gəldi ata bilir. Ta burda kəndin, ya şəhərin bir suçu olmaz. Çünki indiki zamanada şəhərdə də, kənddə də oxşar olaylar baş verir. “... Bir gecə alaf vaxtı Çıxıb qaçdı bir quzu. Səhər gördük, qurd yeyib... Nə idi bu kor arzu?” Bir vaxtlar Sabir Mirzə Ələkbər ixtiyar da yazıb ki, “quzu-keçiyiz biz”. Şəhərdə də qoyun-quzu saxlayan kişilər var. Bakının Binəqədi qəsəbəsində naxırın axşam şər qarışan vaxt dönüb evə qayıtmağını gözümlə görmüşəm. Naxıra, ilxıya nə var, kənd oldu, şəhər oldu. Otdacaq olsun, dalınca düşən olsun. Şair həmin şeirin axırını belə yazır: “Sənin yerin buraydı, Binəva, bəxtsiz davar... Bayırda azadlıqlar, Bir də canavarlar var”. Məsələ aydın oldu. Dövrə qapanır və qlobal ideyanın nümayişinə səbəb olası sonluq uğurla qələmə alınır. Əsas məsələ o olur ki, çəkilən tablo ictimai varlığın hər üzünü nümayiş etdirir.

Qlobalizmin bir cəhəti, bir daha qeyd edək ki, internet üzərindən meydana toplaşmaqla bağlıdır. Burada ədəbi mühitin konkret ərazi ünvanı yoxdur. Ünvan, görüş yeri mətnin özüdür. Min il əvvəlin sənət nümunəsi ilə prosesə qatılmağın illəti, yeni çağın özəllikləri eyni ictimai-texnoloji ortaqlığa malikdir. Söz adamının qələmi ilə dünyanın işlərini yoluna qoymaq istəməsi ən ali məşğuliyyət hesab edilməlidir. Ağacdan, daşdan o qədər yeni əşyalar düzəltmək olur ki! Bunun üçün yaxşı usta, sənətkar olmalısan. Sözün hörgüçüləri də belədir. Amma burada vacib məqamlardan biri ürəyin dərinliklərinə nüfuz etmək qabiliyyətidir. T.Nurəli adamın ürəyini oxumağı bacarır. Onun kəndlə bağlı “xatirələrini” yada salmağımın mənası bu incə nöqtə ilə bağlıdır. O, elə ilginc təəssüratlarını paylaşır ki, oradan boylanmaq adama – oxucuya çox sərf edir. Necə deyərlər, 70 min il bundan əvvəl yaşamış ən qədim insan Homo sapiens kənd adamı olubdur. Kənd adamları gedib Rusiyanın, Amerikanın, böyük Avropa mədəniyyətinin intişar tapdığı böyük-böyük meqapolislərinin aparıcı isimlərinə çevriliblər.

Şairin multmedia daşıyıcısı oluban həyatın tük qədər incə, ürək qədər məhrəm qatlarına daxil olma səlahiyyəti vardır. Tibdə neyrocərrahiyyə əməliyyatı, musiqidə sarı sim kövrəkliyi ilə müqayisəyə gətirə biləcəyimiz əlahiddə bacarıqlar şairlərə aiddir. Tofiq bəyin dosdoğma qardaşının çərrah olduğunu bilirəm. Şəxsən tanıdığım çox adamın həyata davam etməsində onun xidmətlərindən xəbərim var. Tofiq bəyin isə bir ayrı cür cərrahlığının olduğunu burada təşbeh kimi işlətmək istərdim. O da ixtisasca həkimdir, bu sahədə çalışır, ancaq cərrah deyil. Ürəklərdə daşlaşıb qalmış və adamı adam olmağa qoymayan yad cisimləri kəsib-doğrayıb tərtəmiz ürəklə “get yaşa” deyən söz adamıdır. Mən bu frazanı işlədərkən onun ədəbi irsinin şərti olaraq vətən xatirələri adlandıra biləcəyimiz hissəsindən danışmağa üstünlük verirəm. O yerinə ki, orada hər kəsin xatırlayası və əzizləyəsi saf, təmiz keçmişi, nostalji həyatı vardır.

Özüylə söhbət edən, dialoq quran, həmsöhbətini cəmiyyət içrə deyil, torpaq içində axtaran ikinci belə bir şair tapmaq çətindir. Bəli onun yazıları yaşamaq üçün gərəkli olan ən unikal maddə kimi yüksək dəyərə layiqdir. Həssaslıq, zərif, kövrək ünsiyyətlər qurmaq, təbii, halal duyumların ifadəçisi olmaq onun qələminin əsas atributlarındandır. Təklik, tənhalıq, payız fəsli ilə daha artıq dərəcədə çulğaşmaq, nakam sevgilər, bir sözlə, qəm iksiri ilə cana gətirilən insan onun poetik təsvirləri üçün əsas predmetlər kimi görünür. Bu motiv kitablarının adında “tənha bir qüssə”, “tənha payız yarpağı”, “yarpaqlarım ağrıyır” şəklində ifadə olunubdur. Bunların ahu zar olmadığı təsvirə cəlb etdiyi əşya və predmetlərin və orada işlənmiş boyaların təbiiliyi, orijinallığı ilə isbat olunmalıdır. Axı uşaqlıq xatirələrinin cücərib boy atdığı ata yurdu, doğma kənd, o yerlərlə bağlı həyat və məişət lövhələri hamıya əziz, məhrəm, müqəddəs duyğularla bağlıdır. Keçmişi kədərlə xatırlamağın sonunda rahatlıq, təskinlik o zaman yer alır ki, o təsvirlərdə tanış, doğma notlar düzgün, dəqiq yazılsın. Keçmişi anma melodiyası musiqidə də, poeziyada gözəl səslənir.

“İndi damımız qar, həyətimiz qar,
Cığır da uzanmır doqqazımıza...
O yurdda nigaran bir tənhalıq var
Odur tab gətirən hər hoqqamıza.

Bom-boş ata yurdu, qar basmış həyət...
Bəlkə axtardığım həqiqət budur?...
Böyük peşimanlıqdır böyük məhəbbət
Mən nakam sevgiylə sevdim bu yurdu...”


Dil açıb danışmaqda təbiət hər zaman etibarlı müsahibdir. İnsan həyatda itirdiklərini onun timsalında tapmağa səy edir. Onun şeirində ay işığının, qar və yağışların, səslərin, iqlim və fəsillərin bolluğu həyatı çirkləndirən amillərdən uzaq olmaq istəyi ilə bağlıdır. “Canım ay işığı, dol bu gecəyə Tikanlı sözləri çək çıxart bir-bir, çıxart canımdan”. Tikan batıran cəmiyyətin ürəkdən tikan çıxaranı təbiətdir. İnsan özü də gerçək təbiət hadisələrindən biri olaraq ana təbiətin rəssamlığı, heykəltəraşlığı, bəstəçiliyi və ifaçılığını təqlid və təkrar etməklə məşğul olur və ən modern layihələrin həyata keçirilməsində əvəzsis işlər görür. İnsana rahatlıq gətirən şeyləri torpağın, suyun (“gecənin qaranlığında batan çay şırıltısının”), günəşin, ulduzların doğmalığında axtarmaq lazımdır. Xoş hissin, ovqatın mənbəyi olan bu tanış əşyalara tamarzı qalmağın ağır kədərini şair, yazıçı ifadə edir, ifa edir. T.Nurəlinin kədəri həyatın bu yerindən nəşvü nüma bulur. Onun şeiri adamı yenidən yağış sularında isladır, küləklərlə qabağına qatıb aparır, öz təbiri ilə desək, ömür-gün başdan-başa bir yelləncəyə dönür. Amma fəsillər içrə payıza köklənmək təkcə təbiətin xassələri ilə izah olunası məsələ deyil. Poeziyadakı fəsil problemi böyük ədəbiyyatın payız yetişkənliyi ilə assosiasiya oluna bilər. Fəsillərin harmoniyasından yaranan payız düşüncəsində ovqatın, hissin yox, ədəbiyyatın payızı yer tutubdur.

Poeziya böyüdücü şüşəyə bənzər. Cəlil Məmmədquluzadə dövrün ən aktual siyasi xəbərini məişət söhbətləri kontekstində topluma ötürməyi bacarırdı. Qloballaşmanın indiki mərhələsində yerli icmaların hansı problemlərlə üzləşə biləcəyi barədə ən səhih informasiyaları ədəbiyyat vaxtından qabaq bəyan etməklə məşğul olur. Məsələ burasındadır ki, hansı ad ilə, hansı kontekstdə yazılmağından asılı olmayaraq, şeir hadisəsi bütün başqa sosial əhvalatları əhatə etməklə maraq doğura, gündəmə gələ bilər. Məsələn, uzaq illərin birində bir yaz dumanında azmağın illəti ilə çox-çox sonralar böyük-böyük şəhərlərin rəngbərəng işıqlarının parlaqlığında, cürbəcür informasiyaların burulğanında, həyatın yalan-doğru namı ilə bəlirlənən dolanbaclarında, ya şeir-sənət yolçuluğunda azmağın müşkülləri bir ümumi dəyərə istinad edən həqiqətlərdir. “Axıb gedən yaz dumanı, məni sən azdırmısan, Düz dünyanın ortasında ilişdim qaldım sənə ömrün lap o başında. ... On dörd-on beş yaşında məni sən azdırmısan”. Vaxt duman kimidir. Adam çöl yerində dumanda necə azırsa, ömrün bir çağında hələ həyatın işlərindən xəbərsiz olmağı onun həyatının bir əlaməti kimi səciyyələnir. Dumanda azıb yol qət edənlər səmti tapmaq üçün, olduğu yeri təyin etmək üçün əvvəlki yerə qayıtmağı gözə alır, başlanğıc nöqtədən ətrafı fəhm etməklə hardan gəlib hara çıxdığını müəyyənləşdirir. Fərd ictimai proseslərin mühitindən də beləcə üzükvari yol keçib getməli olur. Duman təşbehini yaratmaqdan ötrü şair orijinal təsvirlər ərsəyə gətirir. “Ağardıqca saçlarım Ayazıyıb gedirsən”. “Kənd adamlarının” nəzərində tanış mənzərədir. Sosial izahı belədir: ömrün müdriklik çağında insan həyatı daha aydın dərk etməyə başlayır. Dağların təbiətinə xas unikal bir təbiət hadisəsi fonunda sosial sferaya keçid yaradılıb. Günlərlə çəkən, insanların səbrini daşdıran duman-çiskinin seyrəlib dağılmağı ilə üstünə qar, qırov ələnmiş dağ zirvələri dumandan sıyrılıb çıxır. Və bu təbiət parlaqlığının arxa qatında gah tutqun, gah aydın cizgilərilə yadda qalacaq insan ömrü, taleyi yada salınır. Saçın ağarmağı və yaşa dolmaq səbəbindən həyatı anlamaq mümkünləşir. Ömür yolunda baş ağartmadan dünyanın işindən baş çıxartmaq çətindir.

Bu “ayazıma” prosesi Tofiq Nurəlidə sistemli şəkildə baş verir. Onun gənclik illərində yazdığı şeirlərində, məsələn, “Şehli kəpənəklər” kitabında yağış obrazı qabarıq görünür. Yəni T.Nurəli göz yaşları axıb ədəbiyyat dəryasına tökülən şairlərimizdəndir. “Yağış” aktuallığı şəraitində onun axıtdığı sel kimi göz yaşları, yaxud əbəs yerə axıtmadığı göz yaşları nəticədə “qiymətli metala”, “zinət əşyasına” çevrilməli idi. Əslində, göz yaşlarına qarışaraq yeni məzmun çaları ilə yadda qalan həmin yağış damlaları şairin yaradıcılığı boyu işləklik səviyyəsini qoruyub saxlayır. Sevdiyi qıza etiraf edilən bir nakam eşqin, məhəbbətin yağışları və ya göz yaşları daha sonra, yaradıcılığının sonrakı mərhələlərində vətən yağışlarına dönüşür, daha sonra – texnoloji ixtiralar dövründə göz yaşı və ya poeziya yağışı modern üsullarla yenidən təşkil və tətbiq olunmağa başlayır. Söhbətimizin əvvəlində şairin doğma ata-baba yurduna ağılar deməyə, elegiya yazmağa məqdur olduğunu qeyd etmişik. Bu tema bir başqa zamanda “Ata yurdu” adı altında silsilə yazılar şəklində poetik həllini tapır.

Texnologiyaların həyatımıza sistemli olaraq daxil olduğu dönəmdə Tofiq Nurəli həmin mövzunu yeni metaforlarla işləməyi bacarır. “Kənddən gedərkən” şerini misal gətirə bilərik. Deməli, bir çox situasiyalarda doğulub böyüdüyü ata yurdunu tərk etdiyini seyr etdiyimiz lirik-epik qəhrəmanın günün bir vaxtında doğma yerlərə gəlmə, getmə səhnələri təsvir edilibən, motivasiya xatirələrin uyuduğu məkandan kor-peşman, kədər içində qayıtmağa bağlanır. Belə məqamların birində, müəllifin “son gecə” adlandırdığı vaxtda “havanın tutulduğunu” görürük. Təsvir belədir:

“Söndürüb maşını yolun içində
Başımı sükana söykəyib durdum,
Dağlar arasında bu tənhalıqda
Arxamca yürüyən qəhəri duydum”.

Bir daş diyirləndi çayın içinə,
Mən duydum o daşın iniltisini.
... Özüm də bilmirəm, niyə boş yerə
Işləyir maşının şüşəsiləni...”


Arxada nəyi, nəyi qoyub, qədri əziz olanları itirib gedirik. Ata-baba ocağından şirin şey dünyada nə var! Və bu şeirdə daha orijinal təsvirlərin olduğunu müşahidə edirik. Ağır bir tənhalığın qüssəsi altında yağan yağışın, diyirlənən daşın, ruhu sarmış qəhərin qəhrəmanı ötürmək təşbehlərinin sıxlığı oxucunu hələ diksindirə bilməsə də, söndürülmüş avtomobilin şüşəsiləninin işləməsi hadisəsi adamı heyrətləndirir. Məlum olur ki, nakam yurd üçün axıdılan göz yaşlarını silmək anlamında maşının şüşəsiləninin işləməsi olduqca böyük əhəmiyyət daşıyır. “Göz yaşını silməkdən ötrü” sınaqdan keçirilmiş çox çeşidli metafor və mübaliğələrin sırasında buradakı obraz yeniliyi ilə maraq doğurur. Ata ocağına qayıtmaq Tofiq Nurəli poeziyasında konseptuallıq təşkil edir və onun yazı manerasına uyğun olaraq kökə, kürəsəl başlanğıca enmək ideyasını bəyan edir.

Rus şairi M.Y.Lermontovun belə bir misrası var: “Yalnız rus qəlbidir vuran sinəmdə”. Qəlbi olmayanların əlindən bir şey gəlməz. Bu, robotun roman yazmağına bənzər. Böyük qəlblərin dərinliyində çox həssas mətləblərin uyuduğu bir keçmiş var. O keçmişin sorağını gedib, ya qayıdıb, Vətən torpaqlarından almaq mümkündür. Azərbaycanlı qəlbi azərbaycanlı şair üçün xoşbəxtlikdir. Böyük meydanlarda hərəkət üçün çıxış zolaqları yaradılır. Tofiq Nurəli poeziyasında dünyaya “meydan oxumağa” güclü bir istinad nöqtəsi nişan verilir. İstinad nöqtəsi uzaq yolun müsafirlərinə mütləq gərək olur. Lap Arximedin yeri qaldırmaq istəyində ifadə olunan dayaq nöqtəsində olduğu kimi. Azərbaycan mədəniyyəti, azərbaycanlı taleyi, milli ruh böyük dünya mədəniyyətlərinə qovuşmaq üçün həmin çıxış, uçuş zolaqları rolunu oynayır. Getmək amacı yayılmaq, genişlənmək anlamında hər nəsnədə doğrulur. Tofiq Nurəli böyüklükdə bir şairin yaradıcılığını başdan-ayağa izlədikdə bir söz adamının geniş bir ərazidə necə hərəkət etdiyini, necə genişləndiyini müşahidə edirik. Söz boyu genişlənmə demokratik fikrin hüdudlarını, əslində hüdudsuzluğunu görmək və göstərmək üçün çox lazımdır.

Zakir MƏMMƏD

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ