Tanpınara məktub - Zahid Sarıtorpaq yazır

Tarix:5-12-2018, 21:35 Baxış Sayı:256

Tanpınara məktub - Zahid Sarıtorpaq yazır
Salam, Ustad.

Doğum-ölüm tariximiz ayrı olsa da, biz sizinlə bir ağacın eyni fəsildə dünyaya gəlib, eyni fəsildə də köç edən yarpaqları kimi yaşıdıq. Yəni artıq mənim də yaşım 61.


...Xatırlayıram, ilk dəfə dənizi görəndə, yeniyetməydim. Tez-tez yalqızca sahilə gedib, başını daşlara çırpan dalğaların nə istədiyini bilməyə çalışırdım. Bir gün yenə daşlı, qumlu sahilə getdim. Dəniz uzaqlarda qapqaraydı. Ayaqlarım altında ölümə yürüyən dalğaların dodaqları ağappaq köpüklənmişdi. Suallar yağdırırdım sulara, suallar... Amma cavab ala bilmirdim. Soruşduqlarım cavabsız qalınca boğulmaqda olan kiçicik bir dalğanın dodaqlarından köpükləri ovuclayıb götürdüm, dedim, qoy nəfəs alsın, ölməsin, bəlkə nəsə deyəcək. Elə bil dalğa dirildi. Geriyə dönəndə ovcumu açdım... Ovcumda o köpükdən cəmi bir-iki damla, göz yaşı kimi dupduru su qalmışdı. Onu üzümə çəkdim və bu günəcən bütün vücudum sirli bir işıq içində gizildəyir... Bunu ancaq özüm hiss eləyirəm... Onda nədənsə hönkürdüm. Gözümdən yaş gəlmədi. Əvəzində isti nəfəsimdən sözlər töküldü. Hə, sözlər səpələndi, amma yerə yox, – vərəqlərə... Sonralar bildim ki, Siz hardasa o köpükdən qalan bir-iki damla suyun şeir olduğunu demisiniz... Bunu mən çox sonralar bildim.
Onda hələ ölməmişdim... Ölüm sonra gəldi...

Hər gün o kiçicik dalğa kimi çırpınırdım, amma nəfəsimi mənə qaytaran yox idi. Bu, bir Gerçək idi, Ustad. Gerçəkdən ayrı yaşayanlar ölür deyirlər. Yəni balıq dəryasız neylər? Ölər, təbii. Gerçək hara, Şeir hara? – bunlardan biri olan yerdə o biri olmamalıdı zatən. Amma Ustad, Siz bilirsiniz, Sözün işığında da, kölgəsində də qorxu itir, tamam yox olur, çünki zikr sahibləri Söz Gerçəkdi deyiblər.

Yəqin Siz bilirsiniz, Ustad, balıqlar ölüm ayağında da gözlərini qırpmır, qırpmır gözlərini... Söz də Şeirə baş vuranda qırpmır gözünü, ölsə də qırpmır...

Onda mən də qırpmırdım gözlərimi. Ölümü duysam da qırpmırdım. Dünyanın Söz adlı Gerçəyi içindəydim...

Onda hələ ölməmişdim...

Heç mənim yurduma gəldinizmi, Ustad? Kimi deyir bu yurd qartala, kimi deyir soyulmuş aslan dərisinə oxşayır xəritələrdə. Mənsə qayıbdan gəlmiş bir uçağa bənzədirəm. Əslində o, ruhumuzun şəklidi. Heç gəldinizmi? Məni bir zərrə toz kimi udmuş yurdumun torpağı qu tükündən yumşaq. Lap uşaqlıqdakı kimi arxası üstə sərilib qalmışam eləcə... Yenə göy üzündə bir Quş belədən-belə uçub keçir. Caynağında da bir daş... Fikrimdə – Ölüm ayağında gözünü qırpmayan balıqlar, ruhumda – Şeirə baş vuran Sözlər... Üzü göylərə sarı nədirsə, bilmirəm, bir ağımı, ya şərqimi puçurlayır içimdə: Göydə uçan quşa bax, quşa bax, zalım fələk... Caynağında daşa bax, daşa bax, zalım fələk... Ah, asanmı o daşa, Baxa-baxa yaşamaq, yaşamaq, zalım fələk...

O daş sonralar düşdü deyəsən...

Ustad, neyləməli? İndi bir səs mənə deyir ki, guya ölməmişəm. Deyir, gəl keç Gerçəyin içindən. Deyirəm axı mən onun içində çoxdan ölmüşəm. Sözün içində – Gerçəyin içində çoxdan ölmüşəm axı. Şeir yazanlar ölmür deyir o səs. Axı Şeir yazmışamsa, Sözün cəngəlliyində azmışam demək. Necə sağ qala bilərəm axı? Deyir: sən qorxma, gəl keç, keçirkən öz qəbrinə də bir baş çək, salavat çevirməsən də olar. Çünki o qəbir görüntüdü sadəcə, Gerçək deyil. İnanmırsansa, Ustadından soruş deyir.

Acizəm, Ustad, aciz... Çünki mənə qaranlıq qalan şeylər çoxdu...

Düşünürəm: yəqin o Quş o Daşı caynağından buraxıb artıq. Yəqin Balıq dediyimiz ölüm ayağında gözünü qırpıb artıq... Yəqin köpüyünü üzümə çəkdiyim Dalğa ölüb artıq, – mənsə diri qalmışam... Olarmı heç? Necə ola bilər axı, Ustad. Mən ki, Şeir yazmışam... Şeir hara, Gerçək hara? Balıq hara, Ölümdən qorxub gözünü qırpmaq hara? Mən hara, bu Dünya hara?.. Nə isə... Söz, Gerçək və Mən çalpaşıqlı bir dənizin dalğalarına dönmüşük. Aramızda başını ruhumun sahillərinə döyüb imdad diləyən, dodaqlarında ağappaq köpük olan bir Ölüm... Hər gün ovcumda bir-iki damla göz yaşı kimi suya çevrilən dalğanın köpüyü... Aləm bir-birinə qarışıb. O Quş göy üzündə qayb olub. O Daş düşüb-düşməyib – bilmirəm. İndi Sağ nədi, Ölü nədi – bir sirr... Bilirəm, sualım cavabsız qalmayacaq. Siz daha gözəl bilirsiniz: Ölmüşəmmi? Ölmüşəmsə, bəs bu məktub nədir, Ustad?

P.S. Bu gün qar yağmalıykən gün doğub. İndi mən bir dalğanın dodağndan götürülmüş köpük kimiyəm yəqin Tanrının ovcunda... Neyləyəcək məni bəs?
Cavab verin, lütfən, gözləyirəm...
Sayğılarla...
2018, mart.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ