"Kimə gülzar, kimə xəzəl dünyadı...” - İradə Tuncay yazır

Tarix:9-11-2018, 11:44 Baxış Sayı:153

"Kimə gülzar, kimə xəzəl dünyadı...” - İradə Tuncay yazır
Xalq şairi, unudulmaz Məmməd Arazın bu il 85 illiyi qeyd edilir. Manera.az Xalq şairi Məmməd Arazın qızı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın "Kimə gülzar, kimə xəzəl dünyadı" essesini təqdim edir:

***
– Mənə kağız ver!
–Nəsə yazmaq istəyirsən?
– Qələm də ver!
– İndi gətirərəm.
– Eynəyim hanı?

– Eynək burdadı, nə yazırsan?
– Ver!

Tələsik qələmi də, kağızı da gətirirəm. Çarpayısının yanındakı mizin üstünə qoyur. Sonra nə fikirləşirsə, kağızı bükür və üzümə baxır- yəni otaqdan çıx. Səhər otağı yığışdıranda oxuduğu kitabın içində gizlətdiyi kağızda yazdığını oxuyuram – "Sürünərəm dizin-dizin… "Bu nədi? Yeni şerin başlanğıcıdı? Neçə ildi heç nə yazmır. Amma yox, misra mənə tanış gəlir. Dərinliyinə varmadan kağızı öz yerinə qoyuram.

***

Pəncərənin qabağında oturub, gözlərini bir nöqtəyə zilləyib, yuxarı, buludlara baxır.
–Gəl, səni həyətə düşürdüm.
–Yox!
–Gör nə yaxşı havadı, bəlkə…
–İstəmirəm, mənnən işin yoxdu…

O, pəncərədən görünən buludlara baxır, mən də kirimişcə arxada oturub ona… Nə fikirləşir, ürəyindən nə keçir, bilməm ki… Heç heyi qalmayıb. On addımlıq yolu on dəqiqəyə gedir. Çox vaxt oturduğu stulu evin içində sürüşdürüb aparırıq. Əlil arabası barəsində nəsə danışanda çox əsəbi "Özüm gəzirəm" deyir. Amma gəzə bilmir, bilmir.

… "Sürünərəm dizin-dizin" – nə tanış misradı. Özünümü yazıb? Hər şeyi icad eləyiblər, amma danışa bilməyənlərin fikirlərini oxumaq üçün də bir aparat olsaydı – deyə düşünürəm.

***

– Nə çox adam var evdə?
– Qorxma, bir söz deyəcəm. Aqil avariyaya düşüb.
– Mənə yalan danışma, anana nəsə olub?
– Gəl bax, – əlindən tutub divana tərəf gətirirəm.
Üzü-gözü sarıqlı yaralıya baxır, adamlara baxır, mənə baxır.

Gecənin bir aləmi evdəki tünlük onu çaşdırıb. Sonrakı günlərdə də gələn-gedənlər məni çaşdırır. Bilmirəm evdəki xəstələrə baxım, ya qonaqlara diqqət göstərim. (Anam kəndə gedib, atamı min bir müsibətlə bizə gətirmişəm. Axır vaxtlar öz evindən kənarda qalmaq istəmir. Hətta qızlarının evində də. Və hər səhər o, evinə dönmək tələbini bildirir, mən də yalvar-yaxarla "bu gün də qal"- deyirəm, beləcə vaxtı uzadıram. Tərs kimi də bu qəza).

***

…Uşaqlığını xatırlayır:

– Çox çətin idi, müharibə, aclıq, yetimlik. Bir də görürdün dağda yağış tutdu, qoyun-quzunun altına girib daldalanırdıq. Nənəm çörəyi qoynunda gizlədib gətirirdi, çəpərdən verib qaçırdı. (Atasını 45-ci ildə xalq düşməni kimi tutmuşdular. Qohum-əqrəba, hətta əmilər də qorxudan onlara yaxın durmayıb. Bircə nənəsi üz döndərməyib. 55-ci ildə atasına bəraət veriblər. Bəraət veriblər ki, on il havayı yatmısan, get yaşa).

– Kolxozda işləməyə də qoymurdular. Bir erməni vardı, o zamin durdu ki, bu uşaq təxribat eləməz, qoyun-quzuya yaxın buraxdılar. O şeri də yalandan yazmışam ("Komsomola keçdiyim gün" şerindən söhbət gedir – müəllif), komsomola keçəndə dedilər atası xalq düşmənidi, elə ağlamışdım ki, katibin yazığı gəldi mənə (üzümdəki ifadəni görüb onun da mənə yazığı gəlir, söhbəti dəyişir). Hə… dünən gələnlər kim idi, biri əlimi öpdü.

– Nə bilim, ay papa. Dünən o qədər adam gəlib ki…

***

Bacım deyir ki, yuxuda həmişə cavanlığını görürəm. Mənim də gözümün qabağına həmişə o çağlar gəlir. Elə bil beynim özü məni ağrılardan qorumaq istəyir.

***

– Niyə sən hamını belə asan bağışlayırsan?
– Neynəyim, güllələyim?
– Sən də həmin adamdan yaza bilərdin. Elə yıxardın, bir də qalxa bilməzdi.
– Gəldi yanıma, "məni bağışla" – dedi, "səhv eləmişəm" – dedi, "sifariş idi"- dedi. Belə şeylər çox olur. Hamıya eyni ölçü ilə yanaşmaq olmaz. Zəifi var, güclüsü var.
– Hə də, hamı pislik eləsin, sonra tövbə eləsin, "bağışla" desin, olsun-bitsin?
Cavab vermir. Yenə baxışlar zillənir bir nöqtəyə.

(68-ci ildə yazılmış bir məqalədən danışıram. Həmin məqalədən belə çıxırdı ki, Məmməd Araz ümumilikdə Sovet ideologiyası üçün çox qorxulu adamdı. Əslində məqalə "Səməd Vurğunla söhbət" şerinə cavab olaraq yazılmışdı. Təbii ki, sifarişlə).

***

Yeməyini yedirirəm. Əziyyətlə yeyir, mən də ürəyimdə özümlə vuruşa-vuruşa, "niyə, nədən" sualları ilə əlləşə-əlləşə sifətimə yalançı təbəssüm taxmışam. Gözlərimdəki yaşı görür:

– Sən də mənim kimisən, ürəyinlə yaşayırsan. Çətin olacaq sənə.

Hə, çox çətindi. Amma mən bağışlaya bilmirəm, kinliyəm. Özümə olanları unuduram, ona olanları yox. (Bu günlərdə çox məşhur bir yazıçı gəlmişdi redaksiyaya, müsahibə alırdıq. Sözarası dedi ki, "Məmməd mənə çox yaxşı olub, evində qalmışam, əlimdən tutub. Sonralar onu narahat etməmək üçün evə gəlmirdim". Dilimin ucuna gələn sözləri zorla qaytarıram. – Yalan deyirsən, sən özünü narahat etmək istəmirdin. Amma onun gözləri qapıda qalmışdı, gözlədiyi adamlardan biri də sən idin. Heç bir dəfə telefonu götürüb zəng də eləmədin. Lənət şeytana, danışma, İradə, danışma.).

"Kimə gülzar, kimə xəzəl dünyadı...” - İradə Tuncay yazır

***

– İradə, filmi göstərirlər.
– Hə, papa, yaydı da, təkrar verilişlər gedir.

… Söhbət özü haqqında çəkilən filmdən gedir. O vaxt mən televiziyada işləyirdim və bu film çəkildi. İndi televizorun qabağında oturub baxır, gözündən də yaş süzülür. Çox kövrək olub. Ona baxıram və anlayıram ki, vaxta az qalıb, lap az. Bu bizim birlikdə keçirdiyimiz sonuncu yazımızdı.

***

Oktyabrın 14-də ad gününə yığışdıq, öz evində. Ailədən başqa "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, jurnalist Məlahət Rzayeva, adını unutduğum digərləri də var. Məmməd Arazın ad günündən yazı yazmaq istəyirlər. Çox sevinir. Son vaxtlar insanların diqqəti onu həyəcanlandırır. Deyirik, gülürük, böyük oğlumun nitqinə çox fəxrlə, qürurla qulaq asır. Dağılışırıq.

Noyabrın son günləri yaxın qohumumuzun toyudu. Çox ağır xəstələnmişəm. Toya da zorla gedirəm. Yanında oturdum, nəsə demək istəyirdi, onsuz da anlaşılmaz nitqi gurultunun içində itib-batdı. "Sonra deyərsən" – dedim. Amma elə qəribə hiss edirdim özümü. Elə bil havadaydım, elə bil həmişə gördüyüm yer deyildi, elə bil həmişəki adamlar deyildi. O hissiyatı təsvir edə bilmirəm. Xəstəyəm deyə, beləyəm – düşündüm. Başqa imiş səbəbi. Toyda az oturdu, evə qayıtdı.

Dekabrın 1-i. İşdən zəng elədilər, nə vaxt çıxırsan işə? Hələ halım yoxdu, sağalmamışam,- deyirəm. Evdə-eşikdə nə var, nə yox- deyirlər. Hər şey yaxşıdı- deyirəm. Evdə qonaqlar da var. Saat biri iyirmi dəqiqə keçir. Telefon zəng çalır. Götürürlər:

–Hə, bu dəqiqə, bu dəqiqə. İradə, anandı, deyir atanın vəziyyəti pisdi, boğulur.

Əynimə nəyi necə keçirirəm, bilmirəm. Nə qədər vaxt keçir bilmirəm.

İçəri girəndə anladım ki, bitdi. Evdə anama kömək edən qızı görürəm. Yerə çökmüş atamın başını qucağında saxlayır. "Nəbzi var" deyir. Anam "təcili yardım çağırdım"- deyib qışqırır. Beynim dumanlı olsa da təcili yardımın yardımı olmayacağını anlayacaq durumdayam. Gözləri açıqdı, əyilib üzümü dodaqlarına yaxınlaşdırıram, nəfəsi qalıbmı deyə. Dumanlı gözlərlə içəri girən oğluma baxıram. Heç bilmirəm ona kim xəbər verib. Yerdən qaldırıb divana uzadırıq. Anam qışqırır, "xəstəxanaya aparaq". Mənasız olduğunu bilsəm də heç nə demirəm. Yenə əlimizdə aşağı düşürürük, maşında başını qucağımda saxlamışam. Çağırıram hay vermir. Xəstəxanada xərəyi gətirib içəri salana qədər mənə elə gəlir ki, bir il keçir. (Bəlkə saniyələr idi). Həkim çox soyuqqanlı yaxınlaşır. Sonra birdən tanıyır. "Məmməd Arazdı"- deyir. Tələsik nə isə aparatı işə salırlar, gözlərinə baxırlar… Başını bulayır, üstünə ağ örtük çəkirlər. O biri tərəfdə stolda ağır xəstə var, sağdı. Qorxmasın deyə heç birimiz səsimizi çıxarmırıq. Örtüyü qaldırıb üzünü-gözünü, əllərini, ayaqlarını öpürəm…

Xəstəxananın həyəti adamlarla dolub, ay aman, nə tez xəbər tutdular. Hə, bir də dəqiq xatırladığım bir fakt da var. Evə qayıdanda "24 şirvan pul ödəməlisiniz" deyirlər. Məmməd Arazın bu xəstəxanada öldüyünü təsdiqləmək üçün…

Həyətdə də çox adam var, amma yadımda qalan Rəşadın (Rəşad Məcidin) baxışlarıdı. İkinci mərtəbəyə qalxıram, ancaq indi bütün donuşuğum açılır, xəbər tutub işdən hövlnak evə dönən bacıma sarılıb ulayıram. Sonralar bacım deyir ki, "sənə paxıllıq eləyirəm. Son dəqiqələrində yanında oldun". Eləmə, gözəlim, həmin dəqiqələr məni bir saniyə də rahat qoymur…

Evdəki saatı dayandırırıq. 2004-cü ilin sonuncu ayının birinci günü. Dekabr belə başladı. "Yazda ölüm asan olur, Allah, yaza çıxar məni" demişdi… Yazı masasına yaxınlaşıb kağızları yerbəyer eləmək istəyirəm. Gələn-gedən çox olacaq. Qarışıqlıqdı, heç nə it-bat olmasın. Hansı kağızı qaldırıram, bu misralar var:

Sürünərəm dizin-dizin,
Ölüncə gözlərəm səni.
Dərədə qan-yaş tökərəm,
Dolunca gözlərəm səni.

İndi yadıma düşür – Aşıq Alı. Niyə hər yerdə bunu yazıb, bilməm ki? Anadan-bacıdan gizlətdiyini kağızdan-qələmdən gizlətməyib. Onlar bilir yəqin. Bir də ki, "İki ocaq kimi sinə-sinəyə yandığı, yaza-yaza öldüyünü" görən yazı masası.

Ölümündən bir həftə sonra yeni çap olunmuş kitablarını gətirirlər. Təhsil Nazirliyinin çap elədiyi və prezidentin qərarı ilə latın qrafikasında çıxmış "Seçilmiş əsərləri". Özü yazmışdı ki, "məndən sonra qara cilddə çap eləyin kitabımı, tünd qara". Cildlər qara deyil…

…Kimsə məni qınamasın. Hüzr məclisləri əslində bir tamaşadı. Ağlın başında ola diqqət eləyəsən. Kim niyə gəlir, niyə bərkdən ağlayır, kimin yanında oturub nə xahiş eləmək istəyir. Ağlın başında ola televiziya kameralarına deyilənlərə qulaq asasan… Ağlın başında ola…

Qəribədir, elə ilk gün bir hadisəni xatırladım. Çox yaxın qohum qadınlar atasının cənazəsi ortalıqda ola-ola kişinin büküldüyu xalçanın davasını döyürdülər. Nə xoşbəxt adamlardı deyə düşündüm. Belələri üçün dünya gülzar olmasın, neyləsin…

***

Gərək ki, iki il əvvəl idi. Mixail Şoloxovla bağlı bir verilişə baxırdım. Qızı da danışdı. Yaşı 70-dən keçmiş ağsaçlı bir qadın. Olanları, keçənləri deyirdi və… ağlayırdı. O möhtəşəm, qüdrətli, sarsılmaz bildiyimiz Şoloxovun qızı ağlayırdı. 70 yaşlı qadın atası üçün ağlayırdı. Gözlərinə baxdım və dünyanı xəzəl gördüm…/Ədalət.-2011.-15 oktyabr.-S.6/

Dekabr, 2007Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ